İNSANLIĞIN GÖRÜNƏN ÜZÜ
"Xeberinfo.com": Həkimlər və xəstələr İnsanın öz qəlbini dinləyə biləcək sükut. Musa Nağıyev adına dövlət xəstəxanası, qaranlığın zəhrini yaran səssizlik. Bəhmən həkim bu gecə növbətçidir. Bütün xəstələr gecənin bir aləmində öz həyatlarını Bəhmən həkimə etibar edərək uyumuşlar. Onu qeyd edim ki “Semaşko” xəstəxanasının dördüncü mərtəbəsində əməliyyat keçirmiş xəstələr müalicə alırlar. Bizim də xəstənin vəziyyəti ağır olduğundan gecələr anası ilə bərabər mən də növbə çəkirdim. Nəzərimdən qaçmayan həkimin bir dəqiqə belə vaxtının olmaması oldu. Yuxumu qaçırmaq üçün nə vaxt dəhlizə çıxdımsa, gecə gələn ağır xəstələri əməliyyat etmək üçün Bəhmən həkimin tələsdiyini görürdüm. Yazar olaraq bütün gördüklərim nəzərimdən qaçmırdı və öz-özümə düşünürdüm: “Görəsən Azərbaycanda belə həkimlərdən barmaqla sayılacaq qədər varmı”? Hətta mən xəstəxanada qaldığım müddətcə Bəhmən həkimin əleyhinə ətrafında işləyən kollektivdən heç pis söz eşitmədim. Hər kəs Bəhmən həkimin xasiyyətini, sadəliyini, xəstələrə can yandırdığını söyləyirdilər. Xəstəmizin yanında qaldığım vaxtlarda bütün yazdıqlarımın şahidi olmasına baxmayaraq xəstəxanada tibb işçiləri arasında sorğu keçirdim. İlk olaraq gecə növbəsini qəbul edən tibb bacısı Yeganə Qasımovaya müraciət etdim ki, Bəhmən həkim haqqında bildiklərini desin. Yeganə xanımın simasında səmimi təbəssüm yaranaraq ağızdolusu Bəhmən həkimdən razılıq etdi. Beləliklə, Bəhmən həkimlə çiyin-çiyinə çalışan çox sayda tibb bacılarına müraciət edərək düşüncəmdə yanılmadığımın şahidi oldum.
Əslində Bəhmən həkim kim idi?
Mahmudzadə Bəhmən Qədir oğlu 1951- ci il fevralın 21-də İran İslam Respublikasının Mahabat şəhərində anadan olmuşdur. Bir müddət İranda yaşadıqdan sonra 1958-ci ildə İraqa köçürlər. Atası siyasi mühacir olduğundan, 1959-cu ildə SSRİ- nin Xarici işlər nazirinin razılığı ilə siyasi sığınacaq alaraq Moskva şəhərində məskunlaşırlar. O, 1960-cı ildən 1969-cu ilə kimi Beynəlxalq İnternatda təhsilini davam etdirmişdir. Bəhmən Mahmudzadə təhsilini davam etdirərək, zavodların birində əmək fəaliyyəti ilə də məşğul olmuşdur. Sonradan Azərbaycanda məskunlaşdıqdan sonra Bəhmən Mahmudzadə təhsilini davam etdirmək üçün 1971 ci ildən 1977cu ilə kimi N.Nərimanov adına Tibb Universtetinin Müalicə işi və Profilaktika fakultəsini bitirmişdir. Bəhmən Mahmudzadə öz həyat tarixcəsində bu mərhələləri arxada qoyaraq 1978 ci ildən indiyə kimi Musa Nağıyev adına 1 sayli Kliniki Tibbi Mərkəzdə həkim, yəni ümümi cərrah işləmişdir. Beləliklə, Bəhmən həkimin həyat yoluna diqqət etdikdə necə də ağrılı olduğu nəzərə çarpır. Demək, Bəhmən həkim uşaqlıqdan Vətən həsrəti nə olduğunu başa düşür. Bütün bu deyilənlər isə böyük kollektiv arasındakı iş fəaliyyətində öz əksini tapır. Bunların əyani olaraq başımıza gələn hadisədə şahidi olduq. Fevral ayının 18-də bacımdan tükürpədici xəbər aldım. Söylədi ki,tez özünü “Musa Nağıyev”adına xəstəxanaya çatdır bəs Ceyhunu(ad şərtidir) 6 yerdən bıçaqlayıblar. Mən bu xəbəri eşidər-eşitməz özümü xəstəxanaya çatdırdım. (Ümumiyyətlə xəstəxanada cərəyan edən hadisələr başqa bir yazının mövzusudur) Tez həkimlərlə əlaqə yaradaraq vəziyyətin nə yerdə olduğunu anladım. Əli Səmədov və Bəhmən Mahmudzadə qarşıdurmasından sonra zor- güclə xəstəmizi baş həkimin müavini Salahov Adil müəllimə müraciət edərək cərrah ( belə demək mümkünsə) Əli Səmədovun tabeçiliyindən alıb Bəhman həkimə həvalə edə bildik.Və mən Bəhmən həkimlə daha yaxından tanış oldum. Nə isə qələmə alınası çox nüanslar var. Mənim istədiyim isə Bəhman həkimi sizlərə,( həkimliyi öz yerində) bir insan kimi tanıtmaqdır. Son vaxtlar səhiyyədə həkimlərlə bağlı mövzu mənim ən ağrılı yerim olub. Çünki diqqət edən olsa nəinki təhsilimizdə, hətta səhiyyədə də savadlı həkim qıtlığı baş alıb getməkdədir. Bəlkə də Bəhmən kimi həm savadlı, həm də insanlığı olan həkimlər barmaqla sayıla biləcək qədərdir. Mən xəstəxanada olduğum müddətcə Bəhmən həkimin kimsəsizləri öz hesabına müalicə etdirdiyinin də işlədiyi kollektivdən eşitdim. Xəstəxanada olduğumuz müddətcə onun xəstədən umacağı olduğunu heç hiss etmədik. Bəhmən həkimlə söhbət edən zaman soruşdum ki, sizin özünüz kimi savadlı və xaraktercə sizin kimi, yəni gözü-könlü tox davamçılarınız varmı? Sualıma bəli var, deyərək Ayvazov Ceyhunun və Vaxluşina İnnanın adlarını çəkdi. Beləliklə biz xəstəxanada olduğumuz vaxtlarda çox hadisələr baş verməsinə baxmayaraq Bəhmən həkimdən çox razı qaldıq. Nə yaxşı ki səhiyyə tənəzzülə doqru getsə də, belə həkimlərə rast gələ bilirik. Bəhmən həkim istər gecə, istərsə də gündüz növbəsində xəstələrinin tez sağalması üçün əlindən gələni əsirgəmir. Bizim xəstəmiz də baxmayaraq altı bıçaq yarası almışdı, Bəhmən həkim öz insanlığı və savadı ilə tez bir vaxta müalicə edə bildi. Mən jurnalist olaraq Bəhmən Mahmudzadəyə ürəkdən təşəkkür edirəm. Allah ona can salığı versin! Bəzi həkimlərə tövsiyəm bu olardı ki, gedin insanlığı Bəhmən həkimdən öyrənin! Elmi , biliyi oxumaqla əldə etmək mümkündür, lakin İNSANLIĞI yox....!!!!
P.S Hörmətli oxucular Musa Nağıyev adına Dövlət xəstəxanasında şahidi olduğum hadisələri qəzetin və saytın növbəti saylarında kiçik məqalələrimlə sizlərə çatdıracam. Səhiyyədə açıq bazarın olduğunu öz gözlərimlə gördüm. İnanın çox düşünürəm: Görəsən bizim yolumuz hara gedir və harda qırılacaq?
TƏRANƏ ŞƏMS.