Telekanalların dili, şousu ikrah və etiraz doğurur
Son zamanlar Azərbaycan televiziyalarında yayımlanan verlişlərdə qeyri-etik ifadələr və hərəkətlər baş alıb gedir. Aparıcılar nitqlərində məişət, küçə jarqonundan daha çox istifadə etməyə üstünlük verir, bədii cümlələrə isə demək olar ki, rast gəlinmir. Bu azmış kimi canlı yayımda söyüş söyülür, efirə yaraşmayan hallar yaşanır.
"Xeberinfo.com": Məlumata görə, “Yeni Müsavat” daha çox reytinq qazanan verlişlər barəsində kiçik araşdırma aparıb. Məlum olub ki, daha çox elə həmin verlişlərdə etik qaydalar pozulur. Məsələn, Mətanət Əliverdiyevanın təqdimatı ilə canlı yayımlanan verliş öz qalmaqallı hadisələri ilə tez-tez gündəmə gəlir. Veriişdə aparıcı gah şpaqat açır, gah yıxılır və yaxud qonaq qismində gələn aparıcının qucağında əcnəbi müğənni xanım oturur (qeyd edək ki, bu kadr Türkiyə mətbuatında dəfələrlə nümayiş olunub), rəqqasə canlı efirdə demək olar ki, lüt halətdə oriental rəqs edir və s.
Bir müddət bundan öncə "Mədəniyyət" telekanalında yayımlanan “Gürzə” serialı qalmaqalla qarşılanmışdı. Səbəb isə serialın bir epizodunda aktrisanın açıq-saçıq geyimi idi. Lakin bu gün canlı efirdə əndazədən çıxan hərəkətlərin tənqid edilməsinin xeyri yoxdur - dəyirman öz işindədir. Bəlkə də artıq tamaşaçıların gözü bu cür hallara adət etdiyindən heç kimə təəcüblü gəlmir. Əgər əvvəllər Azərbaycan telekanallarının efirində müğənniləri yarıçılpaq görməyə adət etmişdiksə, indi artıq bir çox aparıcı xanımlar bu estafeti öz əllərinə alıb. Sanki aparıcılar yarıçılpaq geyinməkdə rəqabətə giriblər. Cəmiyyət də artıq bu cür halları etirazla qarşılamağa tələsmir.
Xeyli tamaşaçı izləyicisi olan "Xəzər TV"-nin də adı bu cür qalmaqallarda hallanmaqdadır. Televiziyanın təcrübəsiz aparıcılarının canlı efirdə Azərbaycan manatnı cırması, ardınca Balakən rayonunun Naxçıvan zonasında yerləşdiyini demələri müzakirə obyektinə çevrilməsinə səbəb oldu. Bu azmış kimi kifayət qədər tanınmış aparıcı Zaur Kamalın “5/5” verlişində efir etikası pozuldu. Verilişin formatına uyğun olaraq kiçik səhnəcik nümayiş etdirən müğənni Niyam Salami və Səidə Sultan efirdə qeyr-etik və efirə yaraşmayan ifadələr işlətdilər.
Tamaşaçılarla apardığımız sorğudan məlum olub ki, etirazla qarşılanan verlişlərdən biri də ANS TV-də yayımlanan “Adam içində” verlişidir. Verlişin aparıcısı Elgiz Əkbər dəfələrlə canlı yayımda tamaşaçıları efirdən qovur, onlara öz məsləhətlərini verir, özünü sanki verlişin sahibi hiss edir, istədiyi sözləri canlı efirdə danışmaqdan çəkinmir.
Azərbaycanın əməkdar jurnalisti, mütəxəssis Qulu Məhərrəmli bununla bağlı “Yeni Müsavat”ın əməkdaşına bildirmişdi ki, bu cür hallar insanları fəlakətə doğru aparan hadisələrdir:
“Təəssüf ki, tamaşaçıların istəyi, zövqü də artıq elə bir mərhələyə gəlib çatıb ki, aparıcının müəyyən məsələdə səhv etməsi, normadan kənara çıxması şou kimi qəbul edilir. Hesab edirəm ki, tamaşaçını buna biz alışdırmışıq və fəlakətdən xəbər verir”.
Xalq artisti Flora Kərimova bu haqda danışmaqdan artıq yorulduğunu dedi:
“Mən hər gün belə şeylərə qarşı etrazımı bildirməkdən yorulmuşam. Artıq heç nə deyə bilmirəm. Bu iş indi siz mətbuat nümayəndələrinin, jurnalistlərin üzərinə düşür. Olanlara güzgü tutub öz baxışınızla, qələminizlə bunu etməlisiz. Yalnız sizin bu barədə nəyisə dəyişməyə, düzəltməyə ixtiyarınız və iqtidarınız var”.
Müğənni və veriliş aparıcısı Könül Kərimova vəziyyətin bu həddə gəlib çıxmasından kədərləndiyini bildirdi:
“Çox pis dövrə gəlib çıxmışıq. Belə şeyləri görəndə şəxsən mən efirə çıxmaq istəmirəm depressiyaya düşürəm. İnsan öz sənətinə, düşdüyü mühitə nifrət edir. Biz neyliyə bilərik, əlimizdən nə gəlir ki?..Çox təssüflər olsun ki, vəziyyət bu yerdədir. Mənim aləmimdə bu faciədir”.
Müğənni bildirdi ki, günahı tək aparıcının boynuna atmaq doğru deyil:
“Bu məsələdə günah hər kəsin payına düşür. Verlişə dəvət olunan qonaq və verlişi tərtib edənlərdə də günah axtarmaq lazımdır. Əgər hesab etdək ki, əksər verlişlər canlı yayımlanır, bu zaman yaranan qalmaqallı hadisələr də aparıcılar üçün də gözlənilməz olur, onlar da çıxılmaz vəziyyətdə qalır”.
Könül Kərimova əməkdaşımıza sevdiyi verlişlərdən də danışıb:
“Dedi-qodusuz, səviyyəli, mənalı musiqilər səsələnən verlişləri çox sevirəm. Bir sözlə, zövqlə tərtib olunan xoşməramlı verlişlərə hər kəs rəğbətlə baxır, izləyir”.
Müğənni Əli Mirəliyev efirlərdə baş verən qeyri-etik hərkətlərdən hiddətləndiyini deyib:
“Mətanətin verlişində oriental oynayan rəqqasəyə baxıb dedim, ilahi, mən niyə ölmədim?! Oriental oynamağa nə var ki, yalandan ora-burasını fırladıb deyir, bu rəqsdir. Varlı kişilər, məmur adamların “ax, ox” edib baxması həmin rəqqasəyə xeyir edir, çoxlu pul verib efirə çıxır ki, sonradan “yağlı kişi” tuta bilsin. Əvvəllər göbək rəqsi oyanayanlar xanların, sultanların saraylarında olurdu, onlar mərasimlərdə, tədbirlərdə əyləncə üçün oyun nümayiş etdirirdilər. İndi efirlərə baxanda görürsən ki, verlişi təşkil edənlərin ağlı çaşıb. Belə şeyləri efirə çıxartmaq olmaz. Kütləni korlayan elə bu verlişlərdir”.
Müğənni bəyənmədiyi digər verlişlərdən də danışıb:
“Elgizin verlişinə baxıb lap çaşıb qalıram. Dinimiz, qeyrətimiz, namusumuz, hamısı yox olub gedib. Canlı efirə çıxardırlar ki, kim kiminlə yatıb, kim kimin arvadını qaçırdıb, sevib və s. Əvvəllər belə hadisələri efirə verməzdilər. 65 yaşılı kişi kimi deyirəm ki, bu gün Azərbaycanı tanıya bilmirəm. Televiziya bu cür verlişləri ilə insanları uçuruma aparıb”.
Mətanət Əliverdiyevanın adının hallanmasını istəməyən həmkar dostu da bu məsələyə öz münasibətini bildirib:
“Bəzilərinə efirə çıxmaq bir şans olub. Lakin hər şey aparıcıdan aslıdır. Aparıcının intellekti hansı səviyyədədirsə, verlişini də o tərzdə idarə və təşkil edir. Efirdən atmacalar atmaqla qisas alan aparıcılara da tez-tez rast gəlirik. Tele-aparıcı kimi bildirirəm ki, bu cür hallar qəbuledilməzdir”.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, tarixçi Dilavər Əzimli bildirdi ki, Televiziya Şurası məsələyə ciddi yanşmasa vəziyyət daha da ağırlaşa bilər:
“Bu gün televiziyaya toyxana rəqqasələrini çıxarırlar. Onlar da çılpaq halda bədənlərini ora-bura əsdirir, aparıcı da onlara qoşulur. Bunları idarə edənlər bilirlər ki, bu cür siyasətlə bu milləti mənəviyyatsız burulğanına salmaq mümkündür.
Doğrudan da bu çox ciddi bir məsələdir. Tariximizin mədəniyyətimizin və əxlaqımızın üzərinə eyni vaxtda hücuma keçirlər. Bu gün efirimizdə baş verənlər daha çox bu millətin əxlaqının korlanmasına yönəldilib. Mənim müxtəlif təbəqələrin insanları ilə ünsiyyətim olur. Onların hamısı narazılıq edir. Hüquq-mühafizə orqanlarında çalışan dostlarım da narazılıq edirlər. Bəs onda bu adamların havadarları kimdir? Onlara bu tapşırığı kim verir? Özünü və ailəsini tanımayan müğənnilər xalqın qəhrəmanına çevrilir. Onlara xalq artisti adını verirlər. Onları efirə çıxaranların televiziya rəhbərləri də kimlərdənsə tapşırıq alırlar. Kimdir bunlar?
Ölkə başçısı çıxışlarının birində dedi ki, tariximizi, mənəviyyatımızı aşağılamaq olmaz, amma edirlər. Təəssüf ki, ziyalılarımızın bu məsələdə mövqeyi yoxdur. Millətin şairi, mənəviyyatı təhqir olunur, tarixi təhriff edilir, ziyalılar isə susur. Millətin təlim-tərbiyəsində, eyni zamanda mənəviyyatının süqutunda televiziyanın müstəsna əhəmiyyəti vardır. Təəssüf ki, bizimkilər ikinci yolu seçir”
Tarixçi bildirdi ki, bütün bunlara baxmayaraq ruhdan düşmək olmaz:
“İctimai televiziyanın efirində belə hallara rast gəlinmir. Orada qoyulan məsələlər millətin maraqlarına xidmət edir. Adını çəkdiyimiz bədnam əl bura girişə bilmir. Azərbaycan Dövlət televiziyası da bu mənada yaxşı vəziyyətdədir. Digərləri haqqında isə bunu demək olmur”.
Kifayət qədər tanınan prodüser və aparıcı Təranə Səmədova verlişlərdə baş verən qeyri-etik hərəkətlərə görə bəzən aparıcının günahı olmadığını deyir: "Verlişə dəvət olunan qonaqdan bəzən gözləniləmz söz eşitmək olur, bu məqamda aparıcı məsuliyyət daşımır. Bəzən fikirləşsək ki, olanlar şou xətrinədir, bunu o qədər də ciddi tənqidlə qarşılamaq doğru deyil. Lakin hər bir halda efirdə qeyri-etik hərkətlər doğru deyil, verliş tərtib edənlər və yaxud aparıcılar hər zaman maariflənməyə üstünlük verməlidir”.
Prodüser xanım daimi izlədiyi verlişin olmadığını bildirir:
“Görəndə ki, aparıcıların etdiyi hərəkətlər hansısa şou xətrinədir və.s o verlişlərə baxmaqdan qaçıram. Vaxtilə “Milyonçu”, “Zəif bənd” şou verlişləri var idi, hansı ki, mən də iştirakçısı olmuşam. Belə verlişlər intellktual verlişlərdir və maraqlıdır. Çox təəsüflə qeyd etməliyəm ki, mənasız verlişlərin sayı çoxaldıqca bu cür səviyyəli, maarifləndirici verlişlərin reytinqi azalmağa başladı və yavaş-yavaş sıradan çıxdı”.
Efirlərdə baş verən olaylar təkcə böyüklərin deyil, uşaqların, yeniyetmələrin də psixologiyasına öz mənfi təsirini göstərməkdədir. Reytinqinə görə öndə olan verlişlərdə uşaqların da hüquqlarının pozulduğunun dəfələrələ şahidi oluruq. Xatırladaq ki, “Azərbaycan Uşaqlar Birliyi”nın rəhbəri Kəmalə Ağazadə bir müddət bundan əvvəl uşaqların hüquqlarının davamlı olaraq pozulması hallarından ciddi narahatçılıq keçirərək "ATV" telekanalında Xoşqədəm Hidayət qızının apardığı "Səni axtarıram", Zaur Baxşəliyevin "Ümid var" verilişlərinə etiraz etmişdi.