"Talışların dilinə, mənafeyinə toxunulmayıb"
ANS TV-nin canlı efirində astaralı bir gəncin ləhcə ilə danışığına irad tutulmasına qarşı etirazlar artıq aksiya səviyyəsinədək çatıb.
"Xeberinfo.com": Bu gün bir qrup talış dilinə edilən həqarətə etiraz olaraq aksiya keçirməyə cəhd edib.
Məsələ ilə bağlı diktor Xalidə Əhmədova ilə əlaqə saxlamağa çalışsaq da, həmkarları onunla əlaqə yaratmaq cəhdimizi boşa çıxartdı.
Əməkdar jurnalist, teletənqidçi Qulu Məhərrəmli olanlara münasibət bildirib. Onun sözlərinə görə, hansısa qüvvələr məsələni şişirtməkdə maraqlıdırlar:
“Xalidə xanım həmin verilişdə aparıcı kimi deyil, qonaq qismində iştirak edib, yəni o, ANS TV-ni təmsil etməyib. Burda televiziyanın bir günahı olduğunu fikirləşmirəm. Sadəcə verlişi idarə edən adam həmin anda söhbətə qarışaraq bildirməliydi ki, bu qeyri-etik ifadədir. Yəni məsələn, qazaxlıı və yaxud şəkili kimi gəlib verilişdə iştirak edib öz ləhcəmdə danışıramsa buna heç kim irad tuta bilməz. Amma xəbər, şou tipli verlişlər aparırıqsa, normalara uyğun olaraq rəsmi Azərbaycan dilində danışmalıyıq. Bu sitiuasiyada da mənə elə gəlir ki, hansısa anda əsəbləri dözməyən bir adamın işlətdiyi bir ifadə TV-yə qarşı yönəlməməlidir. İndi çox süni və yalançı şəkildə adamları qızışdırmaq cəhdi var. Burda talışların dilinə, mənafeyinə toxunan heç bir məsələ yoxdur.
Rəhmətlik gözəl aktyorumuz Telman Adıgözəlov dəfələrlə talış, qazaxlı və yaxud şəkilini yamsılayıb və bu çox da gözəl qarşılanıb, qəbul edilirdi. Hesab edirəm ki, məsələnin süni şişirdilməsi kimlərinsə əli ilə yaradılıb və bunun heç bir əhəmiyyəti yoxdur. Belə bir ifadəyə görə kiməsə irad tutulmasınıda yanlış addım sayıram. Hesab edirəm canlı efirdə aparıcının da təcrübəsizliyi məsələnin bu yöndə inkişaf etməsinə təsir edib və yaxud başqa amillər də ola bilər. Sadəcə buna bir qədər biganə yanaşmaq lazımdır.
Ancaq yenə də deyirəm, bir cümlədən, bir ifadədən bu qədər istifadə edib məsələni bu səviyyəyə çatdırmaq yolverilməzdir. Üstəgəl bir şeyi də unutmaq olmaz ki, bu xanım talışların gəlinidir”.
Qeyd edək ki, bu günlərdə diktor Xalidə Əhmədova ANS-in efirində astaralı bir gəncin ləhcə ilə danışığına irad tutmuşdu. Buna qarşı sosial şəbəkələrdə müxtəlif etirazlar səsləndirildi. Bir sonrakı verilişdə Xalidə Əhmədova həmin şəxslərin ünvanına “it hürər, karvan keçər”, “biz o səviyəyə inmeyelim” kimi fikirlər deməsi məsələnin bir az da böyüməsinə gətirib çıxardıb. Bu səbəbdən bu gün "Tolışi Sədo" qəzetinin baş redaktoru Rafiq Cəlilov bir qrup talışla ANT TV-nin qarşısında aksiya keçirməyə cəhd göstərib. Polisin müdaxiləsi nəticəsində aksiya baş tutmayıb, Rafiq Cəlilov isə həbs olunub.