“Elm və din” kitabının təqdimatı olubBSU-da
BSU-da “Elm və din” kitabının təqdimatı olub
Yenixeber.org: Bakı Slavyan Universitetinin prorektoru, professor, Pedoqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli alim Rafiq Novruzovun Maksim Tank adına Belorus Dövlət Universitetinin professoru Anatoli Antonoviç Girutski ilə birgə yazdığı və Moskvanın məşhur “Flinta” nəşriyyatı tərəfindən nəşr edilmiş “Elm və din” adlı dərs vəsaitinin təqdimatı olub. Kitab humanitar ixtisaslar üzrə təhsil alan tələbələr, o cümlədən digər elm sahələrində-fizika, riyaziyyat, biologiya, teologiya və s. çalışan mütəxəssislər üçün nəzərdə tutulub.
Təqdimatı Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva açaraq kitabda dinlərin tarixindən, fəlsəfi əsaslarından, sonuncu din olan islamın Allah tərəfindən bəşəriyyətə bir töhfə olaraq göndərilməsindən danışıb. O, bir çox Qərb ölkələrində yayılmış islamafobiyanın əslində heç bir əsasının olmadığını, islamın dünyanın ən tolerant dinlərindən biri olduğunu diqqətə çatdırıb. O, R.Novruzovun kitabında Allah sevgisinin insanları düz yola çəkməsinin, islamın sülh və barış dini olmasının real həyati faktlar və nümunələrlə izah edildiyini qeyd edib. N.Əliyeva sovet dönəmində, totalitar rejimin hər şeyi nəzarətdə saxladığı zamanda belə Azərbaycan xalqının öz dini inancından, əqidəsindən dönmədiyini vurğulayıb. O, bu inamın və əqidənin bütün zamanlarda azərbaycanlıların əxlaq və davranışını müəyyən etdiyini deyib.
BSU-rektoru professor Rafiq Novruzovun “Elm və din” kitabının Azərbaycan xalqının dini təsəvvürlərinin bütün tarixi mərhələlərinə işıq saldığını, dinin fəlsəfi mahiyyətini ciddi elmi əsaslarla şərh etdiyini bildirib. N.Əliyeva Rafiq Novruzovun dilçi, ədəbiyyatçı olmaqla bərabər, həm də görkəmli bir filosof olduğunu, bu əsərdə mütləq həqiqət, dünya, yaradılış barədə yeni yanaşma ortaya qoyduğunu vurğulayıb. O, R.Novruzovun bütün dinlərin vahid kökə malik olması barədə fikirlərinin Quran həqiqəti ilə üst-üstə düşdüyünü bir daha qeyd edib.
Filologiya üzrə elmlər doktoru, professor Rüstəm Kamal “Elm və din” kitabının son dərəcə aktual bir mövzuya-dinin insan həyatındakı yerinə, cism və ruh məsələsinin fəlsəfi əsaslar üzərində şərhinə həsr olunduğunu vurğulayıb. O, kitabdan gətirdiyi tezislər əsasında insan “Mən”inin birbaşa mənəviyyat və mütləq həqiqətə bağlı olması barədə qənaətlərini auditoriya ilə bölüşüb. O deyib: “Dörd yüz on altı səhifədən ibarət olan kitabda dini və elmi həqiqətlər barədə fundmental təsəvvürlər bir ümumi modeldə birləşdirilib. Kitabda eyni zamanda teologiyada və elmdə ikili həqiqətlər nəzəriyyəsi nəzərdən keçirilib, humanitar və təbii biliklər əsasında mütləq həqiqət rasional şəkildə əsaslandırılıb.
R.Kamal çıxışının davamında bütün dinlərin birinci məqsədinin insanın kamilliyə gedən yolunu işıqlandırılmaq olduğunu deyib. Müəllifin qarşısına son dərəcə mürəkkəb vəzifə qoyduğunu bildirən professor R.Kamal kitabdakı fikirlərin həm filosoflar, həm də ilahiyyatçı alimlər üçün maraqlı olacağını bildirib.
Tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Əsgər Əhməd kitabın dərslik olmaqdan daha çox, bir tədqiqat əsəri olmasını vurğulayıb. O, kitabda sakral mətnlərin kulturoloji aspekti barədə müəllifin tanınmış alimlərlə polemikaya girməsini və mövcud nəzəriyyələrə münasibətdə yeni mövqe sərgiləməsini əsərin ən uğurlu cəhətlərindən biri kimi dəyərləndirib. O, sakral mətnlərin interpretasiyasında əsas məqamın məhz ilahi ruhun qorunması olduğunu bildirib. Əsərin ən böyük əhəmiyyəti Allahın dərkində yeni biliklərdən istifadə perspektivlərinin nəzərə alınmasıdır.
BSU-nun prorektoru, fil.ü.f.d. Xanım Sultanova çıxışında əsərin linqivistik xüsusiyyətlərindən, multikultural dəyərləri əsaslandıran ideya-məzmun keyfiyyətindən danışıb. O, kitabda şərh olunan dünya ruhu barədə nəzəriyyənin insanları ayırmadığını, əksinə onları bir –birinə daha da yaxınlaşdırdığını qeyd edib.
Sonda əsərin müəllifi, professor Rafiq Novruzov çıxış edərək kitabın ərsəyə gəlməsi və nəşri barədə ətraflı məlumat verib.
BSU-nun Mətbuat xidməti