Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Elimiz.Günümüz” – ün itirdikləri...



 

 

 

       Tanınmış musiqi tədqiqatçısı Lətif Həsənlinin vəfatından 40 gün keçir...

 

   … 2-3 gün qabaq ev telefonumuza zəng gəldi. Dəstəyi götürdüm. Telefondakı qadın ahəstə səslə “Elimiz.Günümüz” ailəsinin mərhum üzvü Lətif Həsənlinin ömür-gün yoldaşı Sünbül xanım olduğunu bildirdi. Bizi el adəti üzrə fevralın 1-də təşkil olunacaq qırx mərasiminə dəvət edirdi. Qəzetimizin əməkdaşlarından Osman müəllimə, Təranə xanıma və digər dostlara da xəbər verməyimi təvəqqe etdi…

Bir anlığa gözlərim qaranlıq gətirdi. Sünbül xanımla necə və nə barədə danışdığımı belə unutdum. Heç bilmirəm, əhvalını soruşdum, soruşmadım… Qəhər məni boğdu. Dəstəyi tez yerinə qoymağa tələsdim. Yəqin ki, dəyərli Sünbül xanımın da əhvalı mənimkindən betər idi, bunu səsinin titrəyişindən hiss eləmək o qədər də çətin deyildi…

Demək, qəfil dünyasını dəyişmiş digər dostlarımız kimi, Lətif müəllimi də qara torpaq çox asanca öz ağuşuna çəkə bildi… Xanımının dilindən çıxan “qırx mərasimi” kəlməsi inanın, içimi param-parça etdi. Axı, nə qədər oldu ki, onun hüzür məclisinə getdiyimiz… Demək, 40-ı da çıxır Lətif müəllimin. Bir qədər də keçəcək – ili tamam olacaq, sonra… Sonra nə?! Yoxsa demək istəyirsən, sonra da başalayacaq unudulmağa… Axı, sən bilməlisən ki, Lətif müəllim o kəslərdən deyil, torpağa qoyulan kimi unudulsun. O uyuduğu torpağı belə ölümüylə şərəfləndirənlərdəndir! Cismən aramızdan getsə də, ruhən hər an sıralarımızda - bizimlə olacaq hər zaman! Allah rəhmət eləsin dəyərli Vətən övladına!

   

     …

 

     Lətif müəllimlə tanışlığımızın müddəti o qədər də çox deyil. 5 yaşı ötən ay tamam olmuş “Elimiz.Günümüz” qəzetinin redaksiyasında olub ilk görüşümüz, dostluğumuzun təməli də həmin o görüşdən başlayıb. İlk söhbətimiz o qədər səmimi, isti alındı ki… Hətta Lətif Həsənli adlı bu insanı böyük qardaşım Abbas müəllimə oxşatdığımı da söylədim və deyəsən bu sözlərim ona xoş gəldi: “Qiymət xanım, sizin, bizim kimi insanların hər biri bir-birinə qardaş-bacı deyillərmi?!” – deyə, gülümsünmüşdü o zaman.

     Çox səmimi, təpərli, ağır-ağayana, ciddi və ötkəm, eyni zamanda olduqca diqqətcil, dostcanlı bir ziyalıydı, dostdu, qardaşdı Lətif müəllim. Son dərəcə savadlı, dünyagörüşlü olmağı ona ətrafındakı insanlarla istənilən sənət və sənətkar barədə yetərincə həmsöhbət olmağa, belə demək mümkünsə, fikir mübadiləsi aparmağa geniş imkan verirdi. Heç kimsədən çəkinmədən həqiqətin müdafiəsinə qalxardı. İxtisasca tamam başqa sahənin mütəxəssisi olmasına baxmayaraq, ən savadlı musiqişünasla belə mübahisəyə girişə biləcək musiqi tədqiqatçısı və araşdırmaçı kimi tanıyırdım onu. Musiqi sənətimiz və ifa sənətkarlığı barədə yüksək səviyyədə qələmə aldığı tədqiqat xarakterli yazılarını bütün qəzetlər sevə-sevə dərc edir, həmin yazılarda qaldırılan problemlər oxucular tərəfindən razılıqla qarşılanır və geniş diskussiyalar doğururdu. Yazılarında müraciət etdiyi mövzuları elə diqqətlə araşdırır, elə səviyyəli təkliflərlə çıxış edirdi ki, deyirdin bəs, bu insanda musiqi sənəti barədə bu qədər bilgi hardandır, ilahi?! Qəlbindəki sənət sevgisi bitib-tükənmək bilmirdi, fəqət… xalqın, millətin bütün problemlərini ürəyindən, beynindən keçirən Lətif müəllimlə həyat elə sərt, gözlənilməz oyunlar oynayırdı ki!

Deyirlər, həyat cəsurları sevir. Bu gün az qalır ki, mən həmin deyimin doğruluğuna şübhə ilə yanaşım. Əgər həqiqətən də, həyat cəsurları sevirsə, bəs nədən Lətif müəllim kimi comərd insanla bu qədər təhlükəli oyun oynadı?!...  

   

    …

 

    Ayağı zədələnəndə biz dostları ona baş çəkməyə getmişdik. Sünbül xanımı da o zaman görüb-tanımış, sevmiş, dostumuz Lətif müəllimin məhz bu cür savadlı, ağıllı, ləyaqətli və mehriban can sirdaşının olmasına ürəkdən sevinmişdim də. Nə vaxt bizə zəng edərdisə, Sünbül xanımın da salamını yetirməyi unutmazdı Lətif müəllim: “İndicə sızdən danışırdıq Sünbül xanımla…Yeznəm necədi? (Həyat yoldaşıma belə müraciət edirdi)”  “Sünbül xanım belə dedi…Sünbül xanım elə dedi…” və s. Mən ona ikilikdə bizə gəlmələrini rica edəndə: “Gələcəyik, elə Sünbül xanımla biz də bu barədə danışıb razılığa gəlmişik. Hökmən gəlib sizin samovar çayınızdan içəcəyik!” – deyirdi bu əziz insan. Elə ötkəm, elə salğarlı danışırdı ki, inanmaqdan, ümid etməkdən başqa çarəmiz qalmırdı. Və… mən ona çox inanırdım. O dərəcədə çox inanırdım ki, elə bilirdim, onun dilindən heç vaxt yalan bir söz, bir kəlmə belə çıxa bilməz. Lakin sən demə… Lətif müəllim də yalan danışa bilərmiş. Axı, o, dostlarına hər zaman yaxşı olduğunu dedi, xəstəliyin onu yıxa biləcəyini söyləmədi. Ürəyindən ciddi şəkildə əməliyyat olunduqdan sonra xeyli müddət redaksiyamızdan aralı düşdü… Bir günsə… qapı yüngülcə döyülüb açılarkən, mən Lətif müəllimin saralmış bənizini görəndə, hətta şaşırdım da. Çünki xəstələnməyindən xəbərsizdim. “Sizə nə olub, Lətif müəllim?” – deyə soruşdum və bu yersiz sualı verdiyimə görə indi də özüm-özümdən xəcalət çəkirəm. Adam da adamın xəstəhal olduğunu bu cür üzə vurarmı? Sadəcə, özümü itirmişdim o zaman. “Heç nə! Heç nə olmayıb, ay Qiymət xanım! Bu təlaş nəyə lazım, yüngülcə zarafat edib ürəyimiz bizimlə, vəssalam!” “Belə zarafat olmamış olsun!” – deyə birtəhər gülümsədim onda. Və… tezliklə də əlavə etdim ki: “Osman müəllim də buradadır, qapıdan indicə çıxıb. 2-3 dəqiqəyə qayıdıb sizin əhvalınızı qaldırar!” “Düz deyirsən, ay Qiymət xanım, Osman qağamın bu işdə əvəzi yoxdur!” – deyə özünü şən göstərməyə çalışmışdı. Doğrudan da, beş-on dəqiqədən sonra redaksiyada elə xoş əhval-ruhiyyə yaranmışdı ki… Sanki Lətif müəllimin rənginin üstünə rəng gəlmişdi.

     Növbəti dəfə gələndə dostumuzu daha gümrah, daha şux görüb xeyli sevindik. Bunu ona deyəndə, “Sünbül xanım mənə yaxşı baxıb, ona görə belə tez sağalmışam”, - söylədi. Əziz dostumuzu, əvəzsiz həmkarımızı belə qısa müddətdə sıramıza qaytarmış Sünbül xanıma rəğbətimiz onda birə-beş artmışdı. İndisə Sünbül xanım da, onun övladları və doğmaları da, elə “Elimiz.Günümüz” ailəsi də  bu əbədi itkinin yanğısından heç cür qurtula bilmirlər. Artıq bu itkinin yerini heç nəylə doldurmaq mümkün deyil. Təəssüf, min təəssüf!!!

Lətif müəllimin həyatda görəcəyi çox işlər yarımçıq qaldı. Qanadlı arzuları xəşəm oldu. Lakin qəlbimizi bu nisgil dağım-dağım eləsə belə, yenə təsəlli tapmağa çalışırıq, çünki gözəl əməlləri və nəsillərə nümunə ola biləcək ərli-ərənlik ömrü yaşadığına görə, onu tanıyanların və sevənlərin qəlbində əbədi yaşayacaqdır bizim Lətif müəllim!  

Həyatda elə insanlar var ki, onların varlığı ilə yoxluğu o qədər də hiss olunmaz; necə deyərlər, dünyanı tərk etsə belə, bu dünya əslinə baxsan, heç nə itirməz. Lətif Həsənlinin Haqq dünyasına qovuşması isə, özünün o dünyadakı məkanını nura qərq etsə belə, bizləri hər zaman nisgil içində yaşamağa vadar etdi…

 

***

 

İtkilərim qazancımdan çox olub,

Tapdığımı itirirəm bir ucdan.

Baş götürüb gedəcəyim dünyaya

Mən özümü gətirirəm bir ucdan…

 

Məkanın cənnət olsun, əziz qardaşımız!

 

 

   Dərin ehtiram hissi ilə,      

 

 

      “Elimiz.Günümüz” kollektivi adından:    


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam