“İşçimin əri şər atır, arvadı ilə əlaqəm olmayıb
”Şəmkir rayonunun Mahmudlu kənd orta məktəbində nəzarətçi işləyən Cəmilə Yusifova həyat yoldaşı Ramin Məmmədov tərəfindən bıçaqlanb
Nəticədə R.Məmmədov həbs edilib və hazırda həbsxanadadır.
"Xeberinfo.com":Mətbuatda C.Yusifovanın bıçaqlanma səbəbi kimi onun işlədiyi məktəbin direktoru Ramiz Cəfərovla intim münasibətinin olması göstərilir. Məlumatda bildirilir ki, 62 yaşlı Ramiz Cəfərov Cəmilə Yusifovaya sevgi mesajı göndərib. C.Yusifovanın əri R.Məmmədov qadının telefonundakı SMS-ləri görüb və bundan sonra həyat yoldaşı ilə arasında yaranan mübahisə zəminində onu bıçaqlayıb.
Yayılan xəbərlərdə bildirilir ki, bu hadisədən sonra kənd camaatı direktorun vəzifədən uzaqlaşdıırlmasını tələb edir.
Virtualaz.org saytı hadisənin təfərrüatlarını öyrənmək və səslənən iddialara aydınlıq gətirmək üçün məktəb direktoru Ramiz Cəfərov əlaqə saxlayıb. Məktəb direktoru haqqında yazılanlara münasibət bildirdi və hadisənin səbəblərini danışdı.
R.Cəfərovun sözlərinə görə, bu bıçaqlanma hadisəsinin onunla heç bir əlaqəsi yoxdur və C.Yusifova həyat yoldaşı ilə aralarında olan şəxsi münasibətlərə görə bıçaqlanıb: “Bu haqda yazılanları mən də mətbuatdan oxudum. Həmin xanım məktəbin uşaq təşkilatının rəhbəri deyil. Məktəbə texniki xidmət əməkdaşı kimi işə götürülüb. Ancaq əvvəllər başqa məktəbdə ibtidai sinif müəlliməsi kimi çalışıb. Cəmilə xanım bizim kəndə Bakıdan gəlin gəlib. Ailə həyatı qurduqdan sonra bizim kəndə köçüb. Həyat yoldaşı Ramin Məmmədov bizim kəndçimizdir. Kəndə köçəndən sonra Cəmilə xanım məktəbdə işə düzəldi. Cəmilə xanımın anası Təhsil Nazirliyində işləyir. O, əslində yuxarıdan tapşırıqla məktəbə işə götürülüb”.
Məktəb direktoru onun başını dərdə salan olaydan da danışdı: “Bıçaqlanma hadisəsi yayda olub. Bununla bağlı polisə gedib izahat da vermişəm. Cəmilə xanımın həyat yoldaşı çox problemli insan idi. İçki içir, narkotikdən istifadə edirdi. Həyat yoldaşını tez-tez döyürdü, işgəncə verirdi. Onların arasında dekabrda da münaqişə baş vermişdi. Cəmilə xanım ərinin işgəncəsindən bezib onu polisə vermişdi. Elə həmin gün Cəmilə xanımın anası Gülnaz müəllimə mənə zəng vurub xahiş elədi ki, gedib qızını polisdən götürüm. Mən də Cəmilə xanımı polisdən götürüb 3-cü sinifdə oxuyan oğlu ilə birlikdə Yetər adlı bir qohumugilə apardım. Həmin gün mən də polisdə izahat verdim”.
R.Cəfərovun dediyinə görə, Ramin Məmmədov onun yanına gələrək həyat yoldaşının işdən çıxarılmasını istəyib: “Məktəbə gəlib Cəmilə xanımı işdən çıxarmağımı istədi. Mən ona başa saldım ki, bu, mümkün deyil. Həm də Cəmilə xanım bizə işlərimizdə çox kömək edirdi”
Ramiz Cəfərov bildirdi ki, R.Məmmədovun bu istəyini yerinə yetirmədiyinə görəv təzyiqlərə və təhdidlərə məruz qalıb: “Cəmilə xanımı işdən çıxarmadığım üçün yoldaşı mənimlə intriqa aparmağa başladı. Məni öldürməklə də təhdid edirdi. Sonra Ramin Təhsil Nazirliyinə məktub yazıb ki, məni işdən çıxarmasalar, özünü öldürəcək. Nazirliyə də şikayətində mənimlə arvadının arasında münasibət olduğunu demişdi. Nazirlikdən məni də çağırdılar, Cəmilə xanımı da. Gedib məsələ ilə bağlı ətraflı məlumat verdik. Biz ailəvi yaxın olmuşuq, Cəmilə xanımın anasını da tanıyıram. Bunlar hamısı Ramin adlı şəxsin böhtanlarıdır. Mən Cəmiləni işdən çıxarmadım deyə Ramin də başladı şər-böhtan atmağa. Deyirlər ki, guya mən Cəmilə xanıma mesaj yazmışam. Mən heç telefondan mesaj göndərmirəm, göndərməmişəm də”.
Məktəb direktoru özünün hazırda vəzifəsinin başında, Cəmilə Yusifovanın isə anası ilə birlikdə Bakıda olduğunu dedi: “Belə hadisələri nağıllardan da oxumamışam. Mənim kiminsə xanımına, qızına yan gözlə baxmağım, söz atmağım şərdir, böhtandır. Kənd camaatının mənim işdən çıxarılmağımı istədiyini yazırlar. Kim istəyir gəlsin kəndə, camaatdan soruşsun. Bir adam mənim haqda bu cür fikir səsləndirsə, mən istənilən cəzaya razıyam. Bu cür yalan olmaz. Həmin adam manyakdır. Ramini kənddə yaxşı tanıyırlar. Bu adam özünə bıçaqla, ülgüclə xəsarət yetirir, içki içir, narkotikdən istifadə edir. Cəmilə xanım və anası hazırda Bakıdadır. Ramin Məmmədov həbsdədir. Mən də iş başındayam”.