Yenixeber.org: Serbiya Ermənistana silah-sursat göndərib. Bununla əlaqədar həm Azərbaycanda, həm də Serbiyada araşdırmalar başlayıb.
Azərbaycanın Serbiyadakı səfirliyinin iyulun 21-də bu barədə yaydığı açıqlamada deyilir ki, bu ölkənin Prezident Administrasiyasına, Xarici İşlər Nazirliyinə rəsmi şəkildə müraciət olunub. Məsələ ilə əlaqədar izahat verilməsi, aydınlıq gətirilməsi istənilib. “Hazırda Serbiya rəhbərliyinin göstərişi ilə mahiyyəti üzrə ciddi araşdırmalar aparılır. Məlumat əldə edildikdən sonra ictimaiyyətə rəsmi açıqlama veriləcək”, – deyə səfirlikdən qeyd olunub.
Bundan öncə Serbiyanın Bakıdakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağrılıb. Onunla nazir müavini Xələf Xələfov görüşərək Ermənistana silah göndərilməsi ilə bağlı Bakının narazılığını çatdırıb. “Xələf Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən, Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla, böyük həcmdə silah-sursatın göndərildiyini qarşı tərəfə bildirib. Nazir müavini Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu deyib. 2013-cü ildə iki ölkə arasında dövlət başçıları səviyyəsində dostluq və strateji tərəfdaşlığa dair bəyannamənin, 2018-ci ildə strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planının imzalandığını müvəqqəti işlər vəkilinin diqqətinə çatdırıb”, – deyə nazirlikdən bildirilib.
Bu məsələdə Gürcüstanın da adı hallanır. Çünki silah-sursatın ermənilərə Gürcüstan üzərindən çatdırıldığı iddia olunur. Amma Gürcüstan tərəfi bu barədə yayılan məlumatları təkzib edib.
Azərbaycanla Serbiya arasında isti münasibətlər fonunda qarşı tərəfin Ermənistana silah-sursat göndərməsi gözlənilməz olub. Azərbaycan bu ölkəyə yol tikintisi üçün bir müddət əvvəl 300 milyon avro kredit ayırıb, müxtəlif biznes layihələrinə iri məbləğdə investisiya qoyub.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu məsələni saytımıza şərh edərkən bildirdi ki, məntiqlə Serbiya Azərbaycanla iqtisadi münasibətləri gözardı edib, işğalçı Ermənistana silah ötürməməliydi:
“Anlamalıydılar ki, bu, Azərbaycanla münasibətlərə mütləq təsir göstərəcək. Amma o da mümkündür ki, Serbiyada bunu gizli yollarla – hökumətdən xəbərsiz həyata keçiriblər. Hansısa şirkət varlanmaq məqsədilə Ermənistanla gizli “izdivaca” girib. Belə olubsa da, Serbiya hökumətinin qarşısında duran əsas iş bu məsələni araşdırıb, satanın kimliyini üzə çıxarmaq və bu cür halların təkrarlanmasının qarşısını almaqdır”.
Ekspert qeyd etdi ki, Belqradın Ermənistana silah satmaq hüququ var, amma bu, açıq şəkildə bildiriləcəksə, o zaman Azərbaycan da Serbiya ilə münasibətlərə yenidən baxmalı olacaq: “Düşmənə silah satan ölkəyə niyə yatırım qoyulmalıdır, niyə ortaq layihələr həyata keçirilməlidir?!”
Ermənistana silahların Gürcüstan üzərindən çatdırılması iddialarına gəlincə, E.Şahinoğlu bu məsələnin qaranlıq qaldığını deyir:
“Silahların Qara dəniz üzərindən ötürülməsi mümkündür. Amma Gürcüstan tərəfi təkzib edir, Azərbaycan da rəsmi şəkildə Gürcüstanın adını çəkməyib. Saytlara ötürülən materiallar isə başqa şey deyir. Hesab edirəm ki, həmin məlumatları da rəsmi strukturlar ötürüb. Gürcüstan da bu məsələni araşdırmalıdır. “Belə hal olmayıb” deməklə kifayətlənmək doğru deyil. Gürcüstan Azərbaycanın strateji tərəfdaşı sayılır. Görünür, Azərbaycan qonşu ölkə ilə münasibətləri gərginləşdirməmək üçün səfiri Xarici İşlər Nazirliyinə çağırmır. Amma məlumat mediaya ötürülübsə, deməli, Gürcüstanın roluna dair də məlumatları var”.
Siyasi təhlilçi Zərdüşt Əlizadə isə bəyan etdi ki, dövlətlər arasında iqtisadi əlaqələrin olması həmin ölkələrin bütün məsələlərdə bir-birinin maraqlarına uyğun çıxış etməsi anlamına gəlmir. Bu baxımdan Serbiyanın Ermənistana silah çatdırmasına təəccüblənmək lazım deyil.
“Rusiya Ermənistanı silahla təchiz edir. Amma Azərbaycan hökuməti bu barədə açıq şəkildə bir kəlmə demir. Yaxud, ABŞ Ermənistana gecələr müşahidə aparmağa imkan verən texniki vasitələr çatdırır. Deyə bilərlər ki, onlar böyük dövlətlərdir, ona görə söz deyə bilmirlər. Elə deyil. Biz kredit vermişiksə, investisiya yatırmışıqsa, təkcə Serbiyanın yox, həm də öz maraqlarımıza görə etmişik. Yəni bizim də iqtisadi maraqlarımız olub. Yatırımlar məsələsində dövlətin yox, məmur-oliqarxların maraqlarından söhbət gedir. Aramızda iqtisadi əlaqələr var deyə, biz də bütün addımlarımızı Serbiyanın maraqlarına uyğunlaşdıra bilmərik”, – deyə Z.Əlizadə bildirdi.(pressklub)
Gülər