“5-Cİ KOLON”UN DAHA BİR TƏXRİBATI İFŞA OLUNDU –Gürcüstandan Ermənsitana silah ötürülməsi xəbəri kimin sifarişi ilə yayılıb…
Erməni ordusunun Tovuza hərbi təcavüzündən az sonra Haqqın.az saytı Serbiyadan Ermənistana Gürcüstan üzərindən minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla, böyük həcmdə silah-sursat ötürüldüyü barədə məlumat yaydı. Bu informasiya haqlı olaraq ölkə mediasında, eləcə də rəsmi dairələrdə böyük etiraza səbəb oldu. Təsadüfi deyil ki, dünən Serbiya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Respublikası XİN-ə çağırıldı və rəsmi Bakının notası təqdim olundu.
Yenixeber.org: Doğrudur, Serbiya nümayəndəsi ölkəsinin Ermənistana silah satmasından xəbərsiz olduğunu açıqladı. Amma nəzərə alsaq ki, diplomatiyada “xəbərsizəm” açıqlaması dolayısı ilə rəsmi etiraf anlamını daşıyır, hər halda rəsmi Bakının bu addımı təqdir olunmalıdır. Ən azı ona görə ki, Danitsa Veinoviç Azərbaycan XİN-ə nə üçün çağırıldığını əvvəlcədən yaxşı bilirdi. Çünki bir gün əvvəldən onun ölkəsinin Ermənistana silah satması xəbəri ölkə mediasında tirajlanmışdı. Bu baxımdan, Danitsa Veinoviçin Azərbaycan XİN-ə dəvət olunanadək bu informasiyanı dəqiqləşdirdiyi şübhə doğurmur. Üstəlik, rəsmi xəbərdalıqdan 24 saatdan da çox vaxt keçdiyini və qarşı tərəfin hələ də susqunluq nümayiş etdirdiyini nəzərə alsaq, ortada ciddi şübhəli məqamların olduğu istisna deyil.
Təbii ki, Serbiyanın Ermənistana silah satması bizim üçün üzücü məsələdir. Xüsusən də indiki həssas dönəmdə bu addımın atılması ikiqat üzücü olmaqla yanaşı, həm də toplumda haqlı olaraq qəzəb döğurur. Onu da qeyd edək ki, cəmi bir neçə həftə əvvəl Azərbaycanın koronavirusla əlaqədar yardım etdiyi ölkələr arasında Serbiya da var. Bu isə o anlama gəlir ki, ya rəsmi Bakı öz siyasətini düzgün qurmayıb, ya da Serbiya bizim düşündüyümüzdən fərqli olaraq, heç də yardımlaşmağa layiq bir ölkə deyil.
Əlbəttə, bir daha qeyd etməliyik ki, məlum informasiya rəsmi təsdiqini tapmadığından, istər Serbiyaya, istər də qonşu Gürcüstana qarşı qəzəbli bəyanatlar verməkdə tələskənliyə yol vermiş ola bilərik. Amma bu informasiyanın həqiqiliyi ortaya çıxarsa, əksər rəsmi şəxlərin də bəyan etdiyi kimi, Azərbaycan “dost xəyanəti”nə laqeyd qalmamalı, istər Serbiya, istərsə də Gürcüstan sərt şəkildə cəzalandırılmalıdır.
Yeri gəlmişkən, Serbiya ilə müqayisədə coğrafi baxımdan bizə qonşu olan Gürcüstanın belə bir addım atması daha üzücüdür. Ən azından ona görə ki, 2008-ci ildə Rusiya Gürcüstana hücum edən zaman qonşularından yalnız Azərbaycan, dövlət başçısı səviyyəsində, Gürcüstan dövlətinin və gürcü xalqının yanında olduğunu açıq şəkildə nümayiş etdirdi. Digər tərəfdən, unutmamalıyıq ki, bu iki ölkəni Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Türkiyədən sonra Azərbaycanın ən yaxın müttəfiq hesab etdiyi, qazla, yanacaqla, elektrik enerjisi ilə təchiz etdiyi, iqtisadiyyatına 3,2 milyard ABŞ dolları investisiya yatırdığı ölkədən belə bir zərbə almaq çox ağırdır.
İqtisadi məsələlərdən başqa, onu da nəzərə almaq lazımdır ki, Gürcüstan və Azərbaycan Rusiya təcavüzünə və Rusiyanın təzyiqi ilə torpaq itkisinə məruz qalmaqla eyni taleni paylaşırlar.
Bütün bunlar öz yerində. Bəs, rəsmi Tiflis baş verənlərə necə aydınlıq gətirir? Məlumat üçün bildirək ki, Gürcüstan XİN Haqqın.az saytında yayımlanan məqalənin qərəzli xarakter daşıdığını bəyan edib. Rəsmi Tiflis hesab edir ki, bu informasiya “iki strateji tərəfdaş ölkə arasındakı münasibətlərdə süni şəkildə ciddi problem yaratmağa yönəlmişdir”. Gürcüstan XİN-in bəyanatı bu sözlərlə davam etdirilir: “Təəssüf ki, guya ciddi olan Azərbaycan internet nəşri faktları obyektiv təsvir etmir, ictimaiyyəti çaşdırır və strateji Gürcüstan-Azərbaycan tərəfdaşlığına və dostluğuna kölgə salmağa çalışır. Bir daha vurğulayırıq ki, Gürcüstan və Azərbaycan bir-birinə iki xalq arasında uzun müddətdir ki, inkişaf edən və dərinləşən dostluqla bağlanır”.
Gürcüstan XİN-in bu açıqlamasından sonra ortaya çoxsaylı suallar çıxır. Məsələn, görəsən, bu informasiya iki qonşu dövlət arasındakı münasibətləri gərginləşdirmək üçün işlənib-hazırlanan təxribat deyil?! Xüsusən də, son vaxtlar Azərbaycanda “5-ci kolon”un fəallaşmasından sonra bu ehtimal daha inandırıcı görünür. Yəni, mümkündür ki, Haqqın.az saytı məhz “5-ci kolon”un sifarişi ilə bu informasiyanı gündəmə ötürərək, indiki həssas dönəmdə Gürcüstan və Azərbaycan arasındakı münasibətləri zədələməyə çalışıb. Nəzərə alsaq ki, bu iki dövlət arasındakı münasibətlərin kəskinləşməsi hazırda yalnız Rusiyanın maraqlarına cavab verir, şübhəsiz, burda Moskvanın, yaxud da Azərbaycandakı ruspərəst qüvvələrin əlinin olduğu ortaya çıxır. Haqqın.az saytının sahibi Eynulla Fətullayevin də zaman-zaman “5-ci kolon”a xidmət etdiyi haqda informasiyaların yayıldığını nəzərə alsaq, bu qalmaqalın necə və hansı məqsədlə meydan çıxdığı aydın olur…(hurriyyet)
Ülviyyə ŞÜKÜROVA