QAÇILMAZ SAVAŞ VƏ QƏLƏBƏ ÜÇÜN LAZIM OLANLAR –Ermənistana sarsıdıcı zərbə nə zaman və necə vurulmalıdır?
Ermənilərdən bizə qarşı bir alət kimi istifadə edilməsi 200 ildən artıqdır ki, davam edir və bu proses artıq silsilə xarakteri alıb. İndi baş verənlər də həmin prosesin davamıdır. Və o da gün kimi aydındır ki, gec və ya tez Ermənstanla iri miqyaslı müharibəyə başlamalı olacağıq. Çünki bu, tarixin tələbidir və bundan qaçmaq olmaz.
Yenixeber.org: Ermənistan güclü, sarsıdıcı zərbə almasa, işğal etdiyi ərazilərimizdən çıxmayacaq. Artıq birmənalı olaraq bilməliyik ki, bundan sonrakı dövr öncəkilərdən tamamilə fərqlənəcək. Yəni, hadisələrin ən gərgin və drammatik səviyyəyə qalxacağı istisna edilmir.
İndi Azərbayacan və Ermənistan ordularının silah-sursat cəhətdən müqayisə edilməsinə böyük ehtiyac da yoxdur. Düzdür, təbii ki, Ermənistan da silahlanıb, daha doğrusu silahlandırılıb. Amma bizimlə müqayisədə onlar canlı qüvvə, maddi texniki təminat, müasir silah arsenalı baxımından çox geridədirlər. Digər tərəfdən, ən əsas məsələ şəxsi heyətin döyüş qabiliyyəti və psixoloji hazırlığıdır. 2016-cı ilin aprel döyüşləri Azərbaycan ordusunun daha güclü olduğunu əyani surətdə göstərdi.
Bu münaqişə lokal görünsə də, əslində onun miqyası regional çərçivəni xeyli aşır. Ona görə də ölçülüb-biçilmiş şəkildə Vətən müharibəsinə hazırlığa başlamaq lazımdır. Xalqın səfərbər edilməsi təkcə hərbi səfərbərlik kimi anlaşılmasın. Ölkənin bütün iqtisadi, maddi-texniki, informativ, təsərrüfat və insan resursları bu istiqamətə cəlb olunmalıdır.
Məlum məsələdir ki, müharibə təkcə ön cəbhədə aparılmır. Bunun arxa fonu da çox mühümdür və resurslar xüsusi önəm daşıyır. Qarşısındakını məğlub etmək taktikasına görə daha az insan resursuna malik olan tərəf, öz imkanlarını lokal məkanda və qısa müddət ərzində reallaşdırmaq istəyəcək.
Ermənistanın bizimlə uzun müddətli və bütün sərhəd perimetri boyunca döyüşmək imkanının məhdud olduğu heç kimə sirr deyil. Onlar həmişə dar meydanda döyüşmək taktikasına üstünlük veriblər. İndi də düşmən istəyir ki, bundan sonrakı bütün döyüşlər cəbhə xəttinin yalnız 15-20 kilometrlik hissəsində getsin, gücünü başqa yerə yox, məhz həmin istiqamətə cəmləyə bilsin. 2016-cı ildə bizim ordu təmas xəttinin bir neçə istiqamətindən hücuma keçəndə, ermənilər əvvəllər gözləmədikləri vəziyyətlə qarşılaşmışdılar. Onlar iki şeydən bərk qorxurlar. Birincisi, iri miqyaslı və bütün sərhəd perimetri boyunca savaşmaqdan, ikincisi isə bu cür döyüşlərin uzun müddət sürməsindən. Belə ki, müharibə uzandıqca Ermənistan daha tez taqətdən düşəcək. Onların uzun sərhəd zolağını qorumaq imkanları həm texnika, həm də canlı qüvvə sarıdan kasaddır.
Əlbəttə, müharibə aparan ölkə daxili təhlükəsizliyi də yaddan çıxarmamalıdır. Ölkə içərisində təxribatçılar, diversantlar, casuslar şəbəkəsi zərərsizləşdirilməlidir. Diplomatik yol intensiv şəkildə davam etdirilməli, sülhün şərtləri irəli sürülməli, Ermənistana konkret vaxt verilməlidir. Beynəlxalq hüquq normaları bizim tərəfimizdədir və bu üstünlükdən hərtərəfli yararlanmaq gərəkdir.
Bunlarla yanaşı, dünya siyasəti və Rusiyanın imkanları düzgün analiz edilməlidir. Dünyada cərəyan edən iqtisadi və siyasi proseslərin hansı istiqamətə yönələcəyi düzgün dəyərləndirilməlidir. Lokal məkana diqqət ayıran zaman yaddan çıxarmayaq ki, qlobal siyasi-iqtisadi oyunların arxasında böyük güclər dayanır. Və bu səbəbdən də elə siyasət qurulmalıdır ki, neqativ nüanslar neytrallaşdırılsın.
Ermənistanın son hücumunun arxasında Rusiyanın dayanmasından çox danışılır. Bu, həmişə belə olub. Rusiya qonşumuzdur və güclü hərbi–texniki və kəşfiyyat imkanlarına malikdir. Aldığımız silahların böyük əksəriyyəti SSRİ və Rusiya istehsalıdır. Rusiyanın maraqları düzgün dəyərləndirilməli, məsələyə geosiyasi və tarixi kontekstdən yanaşılmalıdır.
Heç şübhə yoxdur ki, Rusiyasız Ermənistan adlı dövlət mövcud ola bilməz. Biz Rusiyanı düzgün və dərin analiz etsək, onda ortaya daha maraqlı mətləblər çıxar və aydın olar ki, dünyanın ən böyük ərazisinə malik olan şimal qonşumuz, maliyyə-valyuta baxımından sərbəst deyil. Əlbəttə, bu, onun siyasi-hərbi və kəşfiyyat əməliyyatları aparmasına birbaşa mane olmur. Lakin Rusiyanın bir dövlət kimi ayaqda durmasının və hətta beynəlxalq arenada son zamanlar SSRİ kimi davranmasının pərdəarxasına nəzər yetirməkdə yarar var. Bəli, belə görünür ki, bizi irəlidə daha mürəkkəb geosiyasi proseslər gözləyir.
Bizi gec-tez gözləyən savaşa hazır olmamız üçün vətənpərvərlik hissinin və döyüş ruhunun yüksək olması çox mühüm amildir. Bu istiqamətdə də KİV-lərin üzərinə xeyli iş düşür. Bəzən internet televiziyalarında, yazılı mətbuatda bayağı, qeyri-peşəkar fikirlərlə və populist çağırışlarla rastlaşırıq. Bir çox məsələlər var ki, onların açıq şəkildə mətbuatda səsləndirilməsi və diskusiyaya açılması heç də məqsədəuyğun sayılmır. Lüzumsuz, səs-küylü şüarlar səsləndirmək, əsassız təkliflər irəli sürməklə müharibə udulmur. Təmkinli, tədbirli və ən kiçik detalların hesablanması şərtiylə böyük plan hazırlanmalıdır. Döyüş və vətənpərvərlik ruhu yüksək səviyyəyə çatdırılmaqla yanaşı, onun məcrası idarə edilən hala gətirilməlidir.
Nəhayət, Ermənistanın arxasında hansı qüvvənin dayanmasından asılı olmayaraq, bilməliyik ki, geostrateji baxımdan biz daha əlverişli mövqedəyik. Və qələbə çalmaq üçün bu geosiyasi mövqenin imkanlarından məharətlə istifadə etmək qabiliyyəti ortaya qoyulmalıdır.(azpolitika)
Vaqif Nəsibov