Proloq. Komandirin dəfnində iştirak etmək, ona son borcumuzu ödəmək imkanı olmadı. Səhər tezdən torpağa tapşırıldı. Hələ də məsələnin ciddiyyəti ya tam dərk olunmayıb, ya da nə baş verir, bilmirəm. Bu ölkə bir general yola salırdı… Şəhid kimi. Bunu dövlət törəni kimi keçirmək olardı. General-mayor Polad Həşimov yataqda deyil, döyüş meydanında, ön cəbhədə həyatı ilə vidalaşdı. Zabitin dəfni barədə sosial mediadan xəbər tutduq. Halbuki, ikinci Fəxri Xiyabandan birbaşa yayım olmalı idi. Televiziya kanalları susdular… Gözlənildiyi kimi. Yəqin ki, cansız xəbər buraxılışında 2-3 cümlə deyib keçəcəklər. Özünün də xasiyyəti belə idi: sevməzdi təmtərağı, kabinet yox, səhra zabiti idi. Məşhur bir fikir var, “əsgərlər bəzən üzlərini görmədikləri komandirlərə görə ölürlər”. Bu, Polad Həşimov haqqında deyilməyib.
General-mayor Polad Həşimov haqqında məqalə yazmaq təklif ediləndə tərəddüd göstərsəm də, razılaşdım. Mənim işim şəxsləri hadisələrin içərisində göstərməkdir. Amma generalın ölümü də hadisə oldu. Üstəlik, o, müasir tariximizdə səngərdə şəhid olan ilk generalımızdırsa, bunun özü böyük hadisədir.
Polad Həşimovu 2005-ci ildən tanıyıram. Xidmət etdiyim hərbi hissəyə qərargah rəisi vəzifəsinə təyin olunmuşdu. O vaxt 30 yaşı vardı, amma ona tapşırılmış vəzifə kifayət qədər ciddi və məsuliyyətli idi. Vəzifəsinin öhdəsindən həm layiqincə, həm də asanlıqla gəlirdi. Yaşı az olsa da, həyatın gərgin üzünü görüb gəlmişdi. Xidmət etdiyi məntəqə birbaşa döyüş bölgələrini əhatə edirdi. Təpədən-dırnağa hərbçi idi. Zabit kimi nə qədər sərt, zəhmliydisə, vətəndaş kimi bir o qədər sakit, həlim, yumşaq təbiətliydi.
2016-cı ilin aprel hadisələrinin əsas qəhrəmanlarından sayılırdı. O gün də döyüşdə ön sırada idi, əsgərlərin önündə gedirdi. Həlak olduğu gün eşitdim ki, dövlətin ona verdiyi evi şəhid ailəsinə bağışlayıb. Jurnalist həmkarlarımdan biri bu məsələyə münasibət bildirməmi istədi. Cavab verdim ki, “o, bunu edərdi, imkanı olsa, daha artığını edərdi”. Hər zaman deyirdi ki, əsgərlərə yaxşı baxmaq lazımdır, çünki əmr veriləndə döyüşə komandirlər deyil, əsgərlər gedir. Amma dediyinin əksini etdi, bu dəfə də irəlidə özü oldu.
Polad Həşimovun ölümü həm cəmiyyət, həm də ordumuz üçün böyük itkidir. Cəmiyyət keyfiyyətli insanını itirdi, ordu isə peşəkar zabitini. Ölümündən sonra haqqında yazılanlara, deyilənlərə baxmaq kifayətdir. Sosial şəbəkələrdə keçmiş əsgərləri onunla bağlı xoş xatirələrini paylaşırlar. Əsgərlik xatirələri bitib-tükənmədiyi kimi, əsgərin yaddaşı da itmir, həyatında çox şey unudulsa da, hərbi xidmət dövrü baş verən hadisələr silinmir. Polad Həşimovla bağlı bütün xatirələr pozitivdir, səmimidir. Ən əsası da, insanlar bu xatirələri könüllü paylaşır. Məncə, digər komandirlərə nümunə ola bilər.
Hərbi xidməti başa vurduğum gün qərargaha getdim ki, onunla sağollaşam. Bayırda gözləməyimi tapşırdı. 10 dəqiqədən sonra əlində barəmdə yazdığı və imzaladığı xidməti xasiyyətnamə ilə gəldi və kağızı mənə uzatdı. Gözucu baxdım, təşəkkür etdim. İstədim əlini sıxam, amma bacarmadım, zabit zəhmi gözlərində idi. Hərbi salam verdim, o da jestimə qarşılıq verdi. Əsgər və zabit kimi sağollaşdıq. Bir daha görüşmədik.
2018-ci ildə Talış yüksəkliyindəki “Polad postu”nda oldum. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etdiyinə görə onun şərəfinə belə adlanırdı. Bundan sonra onu ziyarət edəcəyimiz məkan dəfn olunduğu yer olacaq. Qismətdə onun dostu yox, ancaq əsgəri olmaq varmış. Ondan mənə qalan isə haqqımda yazdığı və imzaladığı xidməti xasiyyətnamədir.
(Fotolara görə hərbi bloger Tofiq Şahmuradova təşəkkür edirik)