PUTİNİ TƏHQİR ETMƏYƏ GÖRƏ QİSAS CƏHDİ:Rusiya vətəndaşının həbsində bu motiv varmı?
Georgi Dvali
“Kommersant”, 15.06.2020
Yenixeber.org: Müxalif “Mtavari Arçi” (“Ana Kanal”) televiziya kanalının baş direktoru Nika Qvaramiya Tiflisdə qalmaqallı mətbuat konfransı keçirib. O bu yaxınlarda gürcü xüsusi xidmət orqanlarının həbs etdiyi İnquşetiya sakini, 38 yaşlı Vasambeq Bokovun guya ötən ilin yayında Rusiya prezidenti Vladimir Putin haqqında təhqiramiz ifadələr işlətmiş jurnalist Georgi Qabuniyanı cəzalandırmaq üçün Gürcüstana gəldiyini iddia edib. Təhlükəsizlik səlahiyyətliləri də Rusiya Federasiyası vətəndaşının muzdlu cinayətin hazırlanmasına görə tutulduğunu təsdiqləyirlər.
“Mtavari Arçi” şirkətinin baş direktoru Nika Qvaramiya xüsusi brifinq çağıraraq bir sıra gurultulu açıqlamalar verib. Üstəlik, bütün hallarda adı açıqlanmayan mənbələrə istinad edib. O cümlədən, cənab Qvaramiya bu yaxınlarda gürcü xüsusi xidmət orqanlarının yaxaladığı İnquşetiya əsilli şəxsin – Vasambeq Bokovun “həmkarımız, gözəl jurnalist, dostum Georgi Qabuniyanı öldürmək” məqsədi ilə Gürcüstana gəldiyini söyləyib.
Sonuncu şəxs, xatırladaq ki, ötən yay Rusiya prezidentinə ünvanlanan təhqiramiz ifadələr sayəsində məşhurlaşıb.
Sonra Nika Qvaramiya “Rustavi-2” telekanalında çalışarkən, Rusiya prezidentinə ünvanlanan sözlərin “səhv”, lakin “Abxaziya və Cənubi Osetiya mövzuları ilə bağlı “Rustavi-2″-nin redaksiya siyasətinə tam uyğun olduğunu” qeyd edib.
Bokovun tutulması barədə az şey məlumdur. Bunu bir neçə gün əvvəl Tiflisin mərkəzində saxta sənəd hazırlama şübhəsi ilə, xüsusi əməliyyat zamanı tutublar. Gürcüstan paytaxtına köçməzdən əvvəl, bəzi məlumatlara görə, Bokov əsasən çeçen əhalisi olan Pankisi dərəsində yaşayıb. Orada Əhməd adı ilə tanınıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin antiterror idarəsinin xüsusi təyinatlıları Pankisi dərəsində Bokovun yaşadığı evdə axtarış aparıblar. Bokov işi ilə bağlı Bazar ertəsi günü Tiflis şəhər Məhkəməsində xüsusi məhkəmə iclasının keçirildiyi də bildirilir. Yerli KİV-lər xəbər verir ki, o, ən azı avqusta qədər həbsdə qalacaq.
Telekanalın baş direktoru, həmçinin brifinqdə bildirib ki, mənbələrə görə, “ukraynalı həmkarları” bir neçə ay “Ukraynadakı çeçen qrupu”nu izləyib və guya Gürcüstanın xüsusi xidmət orqanlarına planlaşdırılan sui-qəsd barədə məlumat veriblər.
Cənab Qvaramiya Gürcüstan hakimiyyətini hazırlanan cinayət barədə məlumatı yaymağa çağırıb.
“Əvvəlcədən Qabuniyanı cəzalandıracağını açıq şəkildə bildirən Çeçenistan rəhbəri Ramzan Kadyrovun bu cəhdin sifarişçisi olması istisna deyil”, – deyə televiziya şirkətinin rəhbəri əlavə edib.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Rusiya Federasiyasının vətəndaşı Vasambeq Bokovun “muzdlu cinayətin hazırlanması faktı üzrə cinayət işi”nə görə tutulduğnu təsdiqləyib. Lakin jurnalist Georgi Qabuniyanın adı Dövlət Təhlükəsizlik Xidmətinin açıqlamasında qeyd edilmir və Vasambeq Bokova qarşı konkret ittiham açıqlanmır.
Nika Qvaramiya, öz növbəsində, “Kommersant”a gürcü xüsusi xidmət orqanlarına etibar etmədiyini söyləyib, telekanal jurnalisti “öz qüvvəsi ilə” qorumaq niyyətindədir.
“Mtavari Arçi” Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə yaxındır. Məhz bu kanalda eks-prezident tez-tez Kiyevdən və ya Odessadan canlı yayımla bəyanatlar verir və gürcüləri “rusiyapərəst oliqarx İvanişvilinin rejiminə son qoymağa” çağırır. O, hakim “Gürcü Arzusu” Partiyasının sədri, milyarder Bidzina İvanişvilini nəzərdə tutur.
Keçənilki hadisələr zamanı Tiflisdə izdiham “qonşu nüvə dövləti prezidentinə çirkin sözlər deməsinə” etiraz olaraq “Rustavi-2” binasını mühasirəyə aldıqda, bir çoxları Qabuniyanı “Saakaşvilinin əmrini yerinə yetirməkdə” günahlandırıb. Sonra jurnalist Qabunyanın hərəkəti həm də Gürcüstan prezidenti, baş naziri və sədri tərəfindən pislənib.
Qabuniya cəmi bir neçə həftəyə efirdən yoxa çıxıb, amma çox keçmədən etdiyi işdən peşman olmadığını söyləyərək yenidən proqramına rəhbərlik etməyə başlayıb.
Tərcümə: Strateq.az