Gürcüstan analitikləri: "Putinin söyülməsi ilə bağlı qalmaqal qəsdən şişirdilir"
Gürcü jurnalist və teleaparıcı Georgi Qabuniyanın müxalif “Rustavi-2” kanalıında Rusiya prezidenti Vladimir Putin haqqında səsləndirdiyi senzuradan kənar ifadələrlə bağlı qalmaqal hələ də səngiməyib.
Yenixeber.org: Vəziyyətdən ən çox Rusiyada və Gürcüstanın özündə Mixail Saakaşvili düşmənləri, onun siyasi rəqibləri yararlanmağa çalışırlar. Gürcüstan prezidenti, baş naziri, parlament sədri, daxili işlər naziri, hakim “Gürcü arzusu” partiyası, Rusiyapərəst siyasətçi “Birləşmiş demokratik hərəkat “partiyasının sədri Nino Burcanadze xorla M.Saakaşvilinin hadisəni qınaması barədəki sözlərinə rəğmən insidentin arxasında məhz onun dayandığı barədə bəyanatlar səsləndirirlər.
Lakin müstəqil ekspertlər Georgi Qabuniyanın sözləri səbəbindən yaranan mərəkənin şişirdilmiş olduğuna əmindirlər.
“Qabuniya hansısa qanunu pozmayıb. Sadəcə öz mövqeyini ifadə edb və bu da onun hüququdur. Teleşirkət də belə leksikaya qarşı olduğunu bildirib. Doğrudan da bu cür ifadələr nə televiziyaya, nə də şəxsi münasibətlərə sərf olunacaq sözlər deyil”,-deyə “Avropa dəyərləri institutu”nun nümayəndəsi Mamuka Jqenti “Kavkazski uzel” saytına bildirib.
Bununla belə, Mamuka Jqenti Gürcüstan xarici işlər nazirinin “beynəlxalq ictimaiyyəti baş verənlərə reaksiya vermək barədə çağırışının, habelə ölkədə sabiltiyin pozmaq cəhdlərinin olduğu barədə ifadələrin yer aldığı bəyanatını tənqid edib.
“Mənim başım çıxmır, hansısa jurnalistin dedikləri ölkədə niyə qeyri-sabitliyə səbəb olsun. Bir jurnalistin söyləmini qınamaq və ya buna görə üzr istəmək Xarici İşlər Nazirliyinin işi deyil. Baş verəni heç insident də adlandırmaq olmaz,”-deyə gürcü ekspert bildirib.
Gürcüstanın Beynəlxalq və strateji araşdırmalar fondunun rəhbəri Valeri Çeçelaşvili də hadisənin dövlətin ən yüksək pillələrindən gələn açıqlamalarla bitməli olduğunu düşünür. “Rusiya başqa nə istəyir. Hər halda onlar Qabuniyanın həbs edilərək məhkəməyə cəlb olunacağını gözləmirlər”,-deyə V. Çeçelaşvili bildirib.
“Gürcüstan iqtidarı az qala V.Putinin təxtribata uymaması və müharibəyə başlamaması üçün yalvarır. Doğrudan da onlar belə bir axmaq hadisəyə görə müharibənin baş verəcəyini düşünürlər”,-deyə Gürcüstanın “Kafkasiya” teleşirkətinin direktoru Nino Cangiraşvili “Rustavi-2” kanalının efirində bildirib.
Məsələ ilə əlaqədar Gürcüstanın Jurnalist etikası xartiyası bəyanat verib. Onlar bu cür məsuliyyətsiz davranışların iqtidarın əlinə mətbuat azadlığını məhdudlaşdırmaq üçün bəhanə verdiyini vurğulayıblar.
Təşkilatin icraçı direktoru Nata Cveleşvili də iqtidarın bu məsələdə həmrəylik nümayiş etdirməsindən ehtiyatlandıqlarını söyləyib.