Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Paşinyana 4 həmlə - ümidsizliyə sürüklənən Ermənistan -ŞƏRH

 

 Yenixeber.org: Ermənistanda yeni müxalifət formalaşır. Koronavirusla bağlı tətbiq edilən fövqəladə vəziyyət rejimi isə hələlik Ermənistanın baş naziri Nikol Paşinyanın xeyrinə işləyir. Əks halda onu hakimiyyətə gəldiyi üsulla çoxdan devirmişdilər. Hökumət müxalifəti və bu düşərgənin təmsilçilərini fövəqəladə vəziyyət rejiminin qaydalarına uyğun cəzalandırır, onlara qadağalar tətbiq edir. Paşinyan hökumətə və vəziyyətə nəzarət etməkdə çətinlik çəkir. Bu baxımdan, son günlərdə rəsmi Yerevana qarşı əsasən 4 istiqamətdən həmlələrin edildiyi müşahidə olunduğunu demək olar.

Birinci istiqamət küçə etirazlarıdır. Bu aksiyalara “Adekvad” ictimai-siyasi təşkilatın üzvləri başçılıq edirlər. Qeyd edək ki, bu siyasi təşkilat ölkənin Soros Fondu tərəfindən idarə olunduğunu deyir, hakimiyyətdəkiləri isə “sorosçular”, “Sorosun övladları” adlandırır. Onlar özlərini Nikol Paşinyan hökumətinə qarşı müxalifət sayırlar. Onların keçmiş hakimiyyət nümayəndələri tərəfindən və xaricdən maliyyələşdiklərinə dair xəbərlər yayılır. Apreldə bu təşkilatın üzvlərilə Ermənistan parlamentinin sədr müavini Alen Simonyan arasında Yerevanda küçədə dava olmuşdu. “Adekvad”ın rəhbəri Artur Danielyanın burnu əzilmiş halda şəkli sosial şəbəkədə yayılmışdı. Bu yaxınlarda onlar Ermənistan Mərkəzi Bankının binası qarşısında maliyyə qurumunun fəaliyyətinə etiraz olaraq aksiya keçiriblər. Aksiya iştirakçıları bankın nümayəndəsilə görüş tələb ediblər. Aksiyaçılar bankın nümayəndəsinin onlarla görüşə çıxmasını istəyiblər. Bundan sonra polis etirazçıları aksiyanı dayandırmağa çağırıb. Asayiş keşikçiləri bildiriblər ki, komendantın qərarı ilə aksiyaya icazə verilməyib və onlar məsafəni qorumalıdırlar. Ancaq etirazçılar aksiya keçirmədiklərini və bankın nümayəndəsilə görüşmək istədiklərini söyləyiblər. Ermənistan polis rəisinin müavini Edqar Canoyan deyib ki, iki nəfər mərkəzi polis bölməsinə aparılıb. Onlar polis əməkdaşının qanuni tələblərinə əməl etməməkdə ittiham olunurlar. Hazırda Ermənistanda koronavirusla bağlı tətbiq edilən komendant rejimi küçə aksiyalarının keçirilməsinə mane olur. Müxalifət bildirir ki, Nikol Paşinyan fövqəladə vəziyyət rejimindən müxalifəti susdurmaq üçün istifadə edir.

 

 

İkinci istiqamət Nikol Paşinyanın keçmiş komandasının üzvlərinin təzyiqidir. Bu qüvvələrə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın başçılıq etdiyi görünən qədərdir. O, mayın 30-da Vətən Partiyasının təsis qurultayını keçirdi. Vanesyan 2019-cu ilin sentyabrında vəzifədən azad edilib, 5 ay sonra cari ilin fevralında isə siyasi partiya yaradacağını bildirib. Pandemiya ilə bağlı yaranan vəziyyət ona partiyasını elan etməyə imkan verməmişdi. Bununla belə, azsaylı iştirakçı ilə keçmiş direktor siyasi təşkilatını elan etdi. Vanesyan üzvü olduğu keçmiş komandanın liderini yalan danışmaqda, məsuliyyətsizlikdə, intizamsızlıqda, dağıdıcılıqda, səbatsızlıqda, xaos yaratmaqda, diletantizmdə, populistlikdə ittiham edib. O, qurultaydakı çıxışında Paşinyanaın “Facebook” səhifəsində “internet layvlar” rejimində işlədiyinə işarə edərək ölkəyə gerçək hakimiyyətin lazım olduğunu bildirib. Özünü dövlət başçısı kimi aparan Vanesyan deyib: “Bunları etməyə məni nə vadar edir? Bir sözlə, məsuliyyət. Mən dövlət, ictimaiyyət, gələcək nəsil qarşısında bu gün məsuliyyət daşıyıram”.

Artur Vanesyan Ermənistanda sosial vəziyyətin ağırlaşdığının davam etdiyini söyləyib: “Son aylar Ermənistanda hər kəs iqtisadi vəziyyət və idarə edilməsi mümkün olmayan iqtisadiyyatın yaratdığı problemlə üzləşir. Qərarların spontan qəbul edilməsi, çarəsiz fəaliyyət, birinci və ikinci dərəcəli məsələlər arasında fərqin qoyulmaması faktiki baxımdan hamıya bəlli ciddi təhdidlər yarandığını bir daha təsdıqləyib”. Onun sözlərinə görə, hazırda Ermənistan iqtisadiyyatı kollapsa doğru gedir: “Ölkə əhalisinin sosial vəziyyəti ağırlaşmaqda davam edir. İnsanlar üçün əsas problem əmək haqqıdır. Ermənistanda hazırda əhali pis yaşayır”. Qeyd edək ki, Artur Vanesyanın partiyasının təsis qurultayı koronavirusa görə təxirə salınmışdı. Xatırladaq ki, 1979-cu ildə anadan olan Artur Vanesyan 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin Yerevan idarəsinin rəis müavini, 2018-ci il mayın 10-dan isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyib. 1999-cu ildə Ermənistan Kənd Təsərrüfatı Akademiyasını, Sankt-Peterburq Xarici Əlaqələr İnstitutunu, sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını bitirib. Məşğul olduğu sahə üzrə Rusiyada təhsil almasına baxmayaraq, özünü Nikol Paşinyan hökumətinin ən sədaqətli üzvü kimi göstərməyə çalışmışdı.

 

 

Özünü hakimiyyət başçısı kimi görən Vanesyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi İttifaqı, Avropa Şurası Baş Assambleyası, Avropa İttifaqı və başqa beynəlxalq təşkilatlarla gündəlik işləməyin vacibliyini vurğulayıb. Keçmiş direktorun partiyasının 9 nəfərlik büro üzvləri keçmiş hakimiyyətlərdə müxtəlif vəzifələrdə işləyib. Ara Saakyan Ermənistan parlamentinin keçmiş sədr müavini, Arsen Babayan parlament aparatı rəhbərinin keçmiş müavini, Robert Arutyunyan Ermənistan xarici işlər nazirinin keçmiş müavini işləyiblər. 

Azərbaycan torpaqlarının işğal altında saxlanılmasına haqq qazandıran Vanesyan tutuquşu kimi özündən əvvəlkilərin söylədiklərini təkrarlayaraq münaqişənin mərhələli deyil, paket həlli olduğunu bildirib. O da bununla 30 ildir Ermənistanda siyasəti müəyyənləşdirən və hakimiyyəti dəyişdirən Qarabağ məsələsindən istifadə edəcəyinin anonsunu verib. Başqa sözlə, Nikol Paşinyana ölkə daxilində yaranmış ağır ictimai, iqtisadi vəziyyətlə yanaşı, Qarabağ məsələsi ilə də hücum olunacaq.

Üçüncü həmlə hökumət daxilindən ola bilər. Son zamanlar Paşinyanın müavini Tirqan Avinyanın adı siyasi qalmaqallarda daha çox hallanır. Onun tezliklə baş nazir olacağı ilə bağlı informasiyalar yayılır. Ermənistanda çıxan “Past” qəzeti hakim “Mənim addımım” parlament blokunun parçalanacağı və oradan çıxan deputatların yeni fraksiya yaradacağı barədə məqalə yazıb. Məqalədə qeyd olunub ki, Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri, hakim blokdan olan deputat Ruben Rubenyanın mandatını təhvil verəcəyi barədə yayılan xəbərlər doğru deyil: “O, “Mənim addımım” fraksiyasından çıxacaq. Ona hakim blokdan bir neçə deputat da qoşulacaq. Onlar qeyri-rəsmi olaraq müstəqil deputatlar qrupu yaradacaqlar. Bu qrup baş nazirin müavini Tiqran Avinyanın nəzarəti altında fəaliyyət göstərəcək”. “Past”ın qənaətincə, hakimiyyətin parlamentdəki Avinyan qanadı Ruben Rubinyanın rəhbərliyi ilə müstəqil “qrup” olaraq fəaliyyət göstərəcək. Ötən gün isə “Hraparak” qəzeti baş nazirin müavininin iyulun ortalarında istefa verəcəyini yazıb. Onun Paşinyanın sonuncu brifinqində iştirak etməməsi yavaş-yavaş “küncə sıxışdırılması” kimi təqdim edilib. Bundan başqa, səhiyyə naziri Arsen Torosyanın da istefası gündəlikdədir. Baş nazirin müavini və səhiyyə naziri koronavirusa qarşı mübarizədə yarıtmaz fəaliyyətlərinə görə “günah keçisi” ola bilər. Bu baxımdan, cari ilin iyulunda Ermənistan hökumətində yerdəyişmələrin olacağı ehtimal edilir. Nikol Paşinyanın "qara siyahısı"na düşən hakim komanda üzvləri və deputatlar yeni qrup və fraksiya yaratmağa cəhd edəcəklər. Hakim komandada təmsil olunub Paşinyana qarşı çıxanlar və yeni fraksiya yaratmaq istəyənlərə qarşı dosyelər hazırlanıb. Onların dələduz keşiş Varazdat, keçmiş prezident Serj Sarqsyan və qardaşı Viqen Sarqsyan, həmçinin başqaları ilə əlaqələrinin üzə çıxarılacağı bildirilir.

 

 

Paşinyana qarşı bu həmlələr həm də başçılıq etdiyi komandanın zəifliyindən və yekcins olmamasından irəli gəlir. Onun islahat apardığı sahələrdə də ciddi problemlər ortaya çıxır. “Joxovurd” yazıb ki, Ermənistan Hərbi Polisində qalmaqal böyüyür. Bildirilib ki, buna səbəb Ermənistan hərbi polis rəisi səlahiyyətlərini icra edən Aleksandr Ağacanyanın qanunazidd fəaliyyətidir. Məlumata görə, o, köhnə kadrları işdən çıxararaq onların yerinə yenilərini iri məbləğdə rüşvət qarşılığında işə götürür. Aleksandr Ağacanyan isə Ermənistanın müdafiə naziri David Tonoyanın sayəsində Hərbi Polisdə rəhbər işləyir.

Paşinyanın aciz qaldığı dördüncü hücum isə xaricdəndir. Bunun başında Serj Sarqsyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan durur. O, ölkənin baş nazirini mafioz sistem yaratmaqda və qanunsuz brilyant ticarətilə məşğul olmaqda ittiham edib. Mikael Minasyan Paşinyanın iki il ərzində xalqı aldatdığını vurğulayıb. Sarqsyanın kürəkəni deyib ki, xalq yavaş-yavaş Paşinyanın yalan bəyanatlarını başa düşür: “Xalq Paşinyanın şoularında iştirak etməkdən yorulub. Paşinyan konstitusiyaya dəyişikliklə bağlı keçiriləcək referendumda uduzacağını bildiyindən onun keçirilməsini təxirə saldı. Onun “köməyinə” əvvəlcə ələ saldığı koronavirus çatdı”. Ermənistanın Vatikandakı keçmiş səfiri brilyant alveri ilə bağlı məsələyə toxunaraq bildirib: “Brilyantı qanunsuz yolla Hindistandan gətirib Ermənistanda 2-3 tanınmış zavoda tədarük edirlər. Orada həmin brilyantları “Ermənistanlaşdırırlar”. Onları ölkədən gömrük rüsumu ödənilmədən ixrac edirlər”. Minasyan buna sübut olaraq bildirib ki, 2020-ci ilin birinci rübündə Ermənistan 40 mln. ABŞ dolları dəyərində brilyant ixrac edib: “Bu qədər brilyantı emal etmək üçün 1 400 mütəxəssisə ehtiyac var. Ermənistanda isə 400-ə yaxın belə zərgər qeydiyyatdan keçib. Başqa sözlə, Ermənistandakı mütəxəssislər fiziki olaraq bu miqdarda daş-qaşı emal etmək gücündə deyillər”. Qeyd edək ki, Mixail Minasyan 2013-cü ildən Ermənistanın Vatikandakı səfiri vəzifəsində çalışıb. 2018-ci ilin noyabrında Vatikanda, Portuqaliyada və Maltada səfir vəzifəsindən geri çağırılıb. Ona qarşı cinayət işi başlayıb. Sarqsyanın kürəkəninin irəli sürdüyü iddiaları Nikol təkzib etməyib. O, Minasyana qarşı başlayan cinayət işlərindən danışıb və s. Bununla da xaricdəki müxalifətin iddiasının əsassız olmadığını təsdiqləyib.

 

 

Ermənistanda hakimiyyəti idarə etdiyi iddia olunan “sorosçular”ın da öz maraqları olduğuna dair xəbərlər yayılır. Məlumata görə, onlar daha çox səfir vəzifələrinə “göz qoyublar”. “Sorosçular”, ilk növbədə, Rusiya, Fransa və başqa ölkələrdəki səfir postlarını öz adamlarının tutmasına çalışırlar. Onlar baş nazir və xarici işlər naziri vəzifələrinin tutmaq niyyətində deyillər. Məsələn, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Rusiyada səfir görməkdə maraqlıdırlar. Armen Qriqoryan isə rəsmi Moskva tərəfindən qəbul edilməyən şəxslərdən sayılır.

Beləliklə, Paşinyana qarşı yeni siyasi qüvvə formalaşıb. Perspektivdə bu dördə qüvvənin ona qarşı birləşəcəyi ehtimalı az deyil. Çünki bir müddət əvvəl Vanesyan Ermənistanı düşdüyü ağır vəziyyətdən müxtəlif siyasi qüvvələrin birliyinin xilas edəcəyini bildirmişdi.

Paşinyan hələlik öz rejimini qurmaq üçün rəqiblərinə qarşı cinayət işi başlayır. Cinyət işi başlayan və hazırda həbs olan keçmiş prezident Robert Koçaryan koronavirusla bağlı rejim bitənədək xəstəxanada saxlanılacaq. Bunu Paşinyanın keçmiş prezidenti dəstəkləyənlərə doğru addımı da saymaq olar. Bütün hallarda Paşinyanın hakimiyyətini pandemiyadan sonra çətin günlər gözləyir. Ölkədəki ağır vəziyyəti koronavirus bir az ağırlaşdırıb. Yaranmış vəziyyəti isə koronavirusun üzərinə yıxmaqla iş bitimir. Ermənistan əhalisi qarnının doymasını, soyuducusunun dolmasını istəyir. Başlayan bütün cinayət işləri, tutulanlar, siyasi rəqiblərin sıradan çıxarılması isə bunların öhdəsindən çətin gələ. Bunun öhdəsindən Vanesyanın və ya Mikaelyanın gələcəyi də gözlənilmir. Keçmiş direktorun xarici ölkələrdən birinə casusluq etməsi, keçmiş səfirin isə Sarqsyanın kürəkəni və komandasının üzvü olması onların da perspektivini azaldır. Ona görə də Ermənistanı bütün sosial-iqtisadi problemlərlə yanaşı, ümidsizliyin də bürüyəcəyi gözlənilir.(report)  




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam