Cəzasız qalan sadist “ölüm həkimi” –Yozef Mengele əsirlər üzərində dəhşətli sınaqlar aparırmış
“Ölüm həkimi” – Adolf Hitlerin böyük rəğbət bəslədiyi Yozef Mengeleni belə adlandırıblar. Yüz minlərlə insanın həyatına son qoyan Mengele ən qəddar nasist cinayətkarlardan biri olub. Bəzi mənbələrə görə, iki milyonadək insan “ölüm həkimi”nin qurbanına çevrilib.
Yenixeber.org: Yozef Mengele 1911-ci ildə Bavariyada anadan olub. Onun atası “Karl Mengele və oğulları” şirkətinin yaradıcısı və sahibi olub. Şirkət böyük torpaq sahələri və kənd təsərrüfatı avadanlıqları istehsal edən müəssisələri ilə tanınıb. Ailə kifayət qədər zəngin yaşayıb. Hitler bu ailəni şəxsən tanıyıb, Mengelelər öz şirkətlərinin gəlirlərindən nasist partiyasına mütəmadi olaraq ianələr ayırıb, pul vəsaiti ilə yardımlar ediblər.
Yozef Mengelenin özündən böyük iki qardaşı atasının işini davam etdirsə də, o, fərqli bir sahəni seçib, Bonn, Vyana və Münxen universitetlərində yüksək ali tibbi təhsil alıb.
1938-ci ildə Yozef Mengele nasist partiyasına və SS-ə daxil olub, 1940-cı ildə tank diviziyasında hərbi həkim kimi xidmətini davam etdirib. 1942-ci ildə şərq cəbhəsində ağır yaralanan Mengele xidmətdən tərxis olunub.
Qısa müddətli müalicədən sonra Yozef Mengele 3-cü Reyxin təşəbbüsü ilə Osvensim düşərgəsinə həkim göndərilib. O, bu ölüm məkanının baş həkimi olub.
Yozef Mengelenin Osvensimdə əsas fəaliyyəti düşərgədə saxlanınanlara tibbi yardım göstərmək deyil, onların üzərində sınaq aparmaqdan ibarət olub. Mengele insan ağlına sığışmayan “sınaq”larını məhz bu düşərgədə həyata keçirib.
“Yeni kəşflər qurbanlar tələb edir və bizim insanlar üzərində keçirdiyimiz sınaqlar tibb elminin inkaşafı naminədir, bu işlərdə heç bir günah əməl yoxdur” deyən Mengele sözün əsl mənasında ağxalatlı cəlladı xatırladıb.
Mengele insan orqanizminin ağrılara dözümlük dərəcəsini “müəyyənləşdirmək” üçün düşərgədə saxlanılanlar üzərində əməliyyatlar aparıb, onların aşağı və yuxarı ətraflarını kəsib, qarın boşluğunu yararaq daxili orqanlarını çıxarıb və əməliyyatlar narkozsuz, ağrıkəsicisiz aparılıb.
İnsan gözünün rənginin dəyişdirilməsi üçün Mengele xüsusi kimyəvi maddələr hazırlayıb, həmin məhlulları düşərgədə saxlınılan qadınların gözlərində sınaqdan keçirib.
Mengelenin əsas təcrübələri əkizlər üzərində olub. O, alman qadınlarının daha çox əkiz uşaqlar dünyaya gətirməsi üçün bütün bilik və bacarığından “istifadə” edib, bu sahədə təcrübə toplamaq məqsədilə düşərgə sakinlərini amansızcasına məhv edib. Belə ki, Osvensimdə fəaliyyət göstərdiyi illər ərzində Mengele 1500 əkiz cütlüyün üzərində sınaqlar keçirib, onların orqanlarını və qanını dəyişib, cütlüyün birinin bütün orqanlarını çıxarıb, onları bir-birlərinə tikərək iki orqanizmin bir orqanizmdə yaşamasını yoxlayıb.
Uşaqlar Mengelenin sınaqları üçün əsl xammala çevrilib. Cibində konfet gəzdirən “ölüm həkimi” sadist xarakteri ilə əvvəlcə onları konfetlə sevindirib, sonra azyaşlı uşaqların bir litr qanla yaşamasının mümkün olmasını öyrənmək üçün onların ölüm həddinə çatana qədər qanlarını alıb.
Osvensimdə Yozef Mengele söz sahiblərindən biri sayılıb. Düşərgəyə yeni gətirilənləri qatar qarşısında o, şəxsən qarşılayıb. Məhz onun sözü ilə kimin düşərgəyə buraxılması, kimin isə yerindəcə öldürülməsinə qərar verilib.
300-500 nəfərin saxlanıldığı baraklarda əgər bir nəfər adi yoluxucu xəstəliyə tutulubsa, Mengele barakda olanların hamısının qaz kamerasında öldürülməsinə göstəriş verib.
Beləliklə, hər gün saysız-hesabsız insanlar Yozef Mengelenin “həkimlik fəaliyyəti”nin qurbanı olub.
Almaniyanın məğlubiyyətindən sonra Yozef Mengele onu nə gözləyəcəyini yaxşı anlayıb. 1945-ci ilin aprel ayında Mengele qanlı xalatını sıravi əsgər forması ilə dəyişərək Bavariyaya qaçıb. O, burada ad və soyadını dəyişərək yeni pasport almağa müvəffəq olub. Hər an tutulmaq təhlükəsini nəzərə alan Mengele 1949-cu ildə Argentinaya qaçıb.
“Ölüm həkimi” Argentinada bir neçə il qeyri-qanuni həkimlik fəaliyyəti ilə məşğul olub. Abort üzrə mütəxəssis kimi “tanınan” Mengele 1958-ci ildə gənc bir qadını abort edərkən onun ölümünə səbəb olub. Bu hadisə ilə bağlı o, istintaqa cəlb olunub, amma cəzası çox da ağır olmayıb.
Osvensimdə daha çox yəhudiləri məhv etdiyindən İsrailin xüsusi xidmət orqanları Mengelenin axtarışı ilə ciddi məşğul olublar. Onlara Yozef Mengelenin Argentinada başqa ad altında (o, özünə başqa bir faşist cəlladı Adolf Eyxmanın ad-soyadını götürüb) yaşadığı məlum olub. Bundan xəbər tutan Mengele Brazilyaya qaçıb.
35 il ərzində törətdiyi cinayətlərdən yayınan Yozef Mengele 1979-cu ildə Brazilyada insultdan vəfat edib. Ancaq axtarışlar bütün Cənubi Amerika ölkələrində davam etdirilib. Mengelenin Bavariyada ad və soyadının dəyişməsi aşkar ediləndə axtarışlar öz nəticəsini verib. 1985-ci ildə, ölümündən 6 il sonra Yozef Mengelenin, daha dəqiqi, Adolf Eyxmanın dəfn olunduğu yer tapılıb.
Dəfn olunan şəxsin kim olduğunu dəqiqləşdirmək üçün eksqumasiya qərarı verilib, cəsədin qalıqları ekspertizaya göndərilib. Ayrı-ayrı bir neçə ekspert qrupu eyni rəyi verib – cəsədin qalıqları “ölüm həkimi”nə, Yozef Mengeleyə məxsus olub.
Yozef Mengelenin sümükləri San-Paulu Universitetinin tibb fakültəsinə verilib. Hazırda bu fakültədə təhsil alan tələbələr onun sümüklərindən təcrübə və sınaq üçün istifadə edirlər. Yəqin ki, cəzasız qalan Yozef Mengele üçün ölümündən sonra olsa da, ən böyük cəza elə budur...(müsavat)
İlham Cəmiloğlu