Hitlerlə bakılı səfirin dialoqu –Dekanozovu “Beriyanın adamı” kimi güllələyiblər
Yenixeber.org: Adolf Hitlerin hədsiz dərəcədə səliqəli adam olması, əsl almanlara xas olan dəqiqliyi onun siyasi fəaliyyətində də özünü biruzə verib. 3-cü Reyxin rəsmi tədbirlərinə, görüşlərinə, qəbullarına əvvəlcədən ciddi hazırlıq görülüb, ən kiçik detallar belə dəfələrlə götür-qoy edilib. Xarici dövlətlərdən gələn nümayəndə heyətləri və səfirlərlə görüşlərə isə xüsusi diqqət yetirilib.
19 dekabr 1940-cı ildə SSRİ-nin Almaniyadakı fövqəladə və səlahiyyətli səfirinin Hitlerə etimadnaməsinin təqdimat mərasimi də xüsusi təntənə ilə keçirilib. Yeni təyin olunmuş, əslən bakılı olan Vladimir Dekanozov fəxri karaul və təbil səsləri altında fürerin iqamətgahına daxil olub.
Adətən etimadnamənin təqdim edilməsindən sonra Hitler və yeni təyin edilmiş səfirlər ölkələr arasındakı münasibətlərdən, onların gələcək inkişafından, humanitar, mədəni, iqtisadi əlaqələrin növbəti mərhələlərindən söhbət açıblar. Hətta bəzi hallarda 3-cü Reyx səxavətini əsirgəməyərək səfirlər üçün ziyafət də təşkil edib. Amma bakılı səfirlə söhbətin məcrası başqa istiqamətə yönəlib.
Hitler Vladimir Dekanozovdan etimadnaməni qəbul etdikdən sonra ilk sualı belə olub:
- Siz Almaniyaya ailənizlə gəlmisiniz?
Yerinə düşməyən və gözlənilməz bu sualdan təəcüblənən Dekanozov Hitlerin sualını cavablandırıb:
- Xeyr, onlar hələ gəlməyiblər.
- Siz elə düşünürsünüz ki, sovet ailəsi üçün Almaniyadakı həyat tərzi uyğun deyil?
- Əlbəttə ki, yox. Mən yaxın günlərdə onları qarşılayacağam. Hazırda onların sənədləri hazırlanır.
Hitlerin növbəti sualı Dekanozovu yenidən təəcübləndirib:
- Siz Stalinlə eyni bölgədənsiniz?
- Mən Bakıda anadan olmuşam, Stalin isə Gürcüstanda, Qoridə.
- Amma yəqin ki, tanışlığınız çoxdandır və yəqin ki, birgə inqilabi fəaliyyətiniz də olub.
- Ən azı yaş baxımından bizim tanışlığımızın tarixi çox da uzaq ola bilməz, elə həmçinin birgə inqilabi fəaliyyətimizin də. Mənim 42, Stalinin isə hazırda 61 yaşı var.
Hitler yaş məsələsinə də münasibət bildirib:
- Siz digərləri ilə müqayisədə çox cavansınız. Əvvəlki səfirlərin yaşı adətən 65-dən aşağı olmurdu. Yəqin sovet rəhbərliyinin qarşısında xüsusi xidmətləriniz olub.
- Mən bu haqda heç nə deyə bilmərəm. Təyinat zamanı hansı xüsusiyyət və xidmətlərimizə görə vəzifəyə göndərilməyimiz haqqında bizə məlumat vermirlər.
Sonda Hitler Dekanozova Almaniyadakı fəaliyyətində uğurlar arzulayıb, qarşılıqlı münasibətlərdə bütün məsələlərin anlaşılan şəraitdə həll olunacağına ümid etdiyini bildirib.
Təbii ki, cəmi altı aydan sonra SSRİ-yə hücum planını gerçəkləşdirəcək Adolf Hitlerin işlətdiyi “anlaşılan şərait” ifadəsində heç bir səmimiyyətdən söhbət gedə bilməzdi. Qısa müddətdən sonra bakılı səfirin agentura şəbəkəsindən aldığı məlumatlar da 3-cü Reyxin gizli planlarının xəritəsini Dekanozova bəyan edib.
1941-ci ilin mart ayında Dekanozov Moskvaya, şəxsən İosif Stalinə Almaniyanın gələcək planları haqqında məlumat verib. Həmin ilin may ayında Dekanozov Almaniyanın xarici işlər naziri Ulrix Ribbentropla görüşüb, 19 apreldən başlayaraq Almaniyanın aviasiya qüvvələrinin 180 dəfə SSRİ-nin sərhədini pozmaq faktını rəsmi şəkildə bəyan edib. Sonralar Dekanozov bu görüş haqqında fikirlərini belə bölüşüb:
“Ulrix Ribbentrop mənim rəsmi bəyanatımı təəssüf hissləri ilə qəbul etdi. O, çox ikiüzlü və riyakar bir siyasətçi idi. Məni inandırmağa çalışdı ki, SSRİ ilə Almaniya arasında münasibətlər tənzimlənəcək. Bu görüşdən bir neçə həftə sonra, 22 iyun 1941-ci ildə, gecə saat 4-də mən Almaniyanın Xarici İşlər Nazirliyinə dəvət olundum. “Münasibətləri tənzimləyən” Ribbentrop mənə SSRİ-yə qarşı müharibə elan olunması ilə bağlı rəsmi notanı oxudu. Müharibə başlanandan sonra qarşılıqlı razılaşmaya əsasən mən və səfirliyin digər işçiləri SSRİ ilə Tükiyə sərhədində Almaniyanın SSRİ-dəki səfirliyinin əməkdaşları ilə heç bir insident baş vermədən yerdəyişmə etdik, biz SSRİ-yə, onlar isə Almaniyaya. Qarşıda isə hələ 4 il davam edəcək müharibə var idi...”
Qeyd edək ki, milliyətcə gürcü olan Vladimir Dekanozov 1898-ci ildə Bakıda anadan olub. Atası Bakıdakı neft sahələrində nəzarətçi işləyib. Ailə imkanlı olduğundan Dekanozovun təhsilinə xüsusi diqqət ayırıb. O, əvvəlcə gimnaziyada, daha sonra isə Bakı və Saratov universitetlərində ali təhsil alıb. Həkim ixtisasına yiyələnsə də Dekanozov gənc yaşlarından siyasi fəaliyyətə qoşulub, 1921-1931-ci illərdə Azərbaycanda və Gürcüstanda fövqəladə komissiyada (ÇK) işləyib. Bu ərəfədə Dekanozola Beriya arasında yaxın münasibətlər yaranıb. 1931-ci ildə Gürcüstanda kompartiyanın mərkəzi komitəsinin katibi vəzifəsinə təyin olunan Dekanozov 1938-ci ildə Beriyanın təşəbbüsü ilə Moskvaya köçüb və “NKVD”-nin 5-ci şöbəsinə rəis təyin edilib.
1939-cu ildə yenə də Beriyanın dəstəyi ilə Dekanozov SSRİ xarici işlər komissarının müavini (nazir müavini) təyin edilib, bir ildən sonra isə yuxarıda qeyd etdiyimiz kimi komissar müavini vəzifəsi saxlanılmaqla SSRİ-nin Almaniyadakı səfiri vəzifəsinə göndərilib. 1953-cü ilə qədər Dekanozov xarici işlər və dövlət təhlükəsizliyi nazirliklərində yüksək vəzifələrdə işləyib. Stalinin vəfatından sonra Beriya hakimiyyəti ələ keçimək məqsədilə mövqelərini möhkəmlədəndə Dekanozovu Gürcüstana daxili işlər naziri təyin etdirib. Dekanozov bu vəzifədə çox uzun müddət işləyə bilməyib. Beriyanın həbsindən sonra, ona ən yaxın adamlardan biri kimi Dekanozov da həbs edilib, 23 dekabr 1953-cü ildə, 55 yaşında ən ağır cəzaya, güllələnmə hökmünə məhkum olunub.(musavat)
İlham Cəmiloğlu