Yenixeber.org: Ermənistan referenduma hazırlaşır. Ümumxalq səs verməsinə çıxarılan məsələ 2015-ci il konstitusiya islahatından əvvəl təyin olunmuş Konstitusiya Məhkəməsinin sədri və bəzi üzvlərinin səlahiyyətlərinin ləğv edilməsidir.
"Məxməri inqilab"dan sonra hakimiyyətə gəlmiş Nikol Paşinyan hakimiyyəti məhkəmə sistemində islahatlar məsələsində ciddi problemlərlə üzləşdiyini bildirib. Baş nazir Paşinyan dəfələrlə bildirib ki, hazırkı məhkəmə strukturlarını "xüsusilə, ali məhkəmə orqanlarında əksəriyyəti keçmış rejimlə bağlı kadrlar" təşkil edib.
Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan isə Serj Sarkisyanın rəhbərlik etdiyi sabiq iqtidar Ermənistan Respublikaçı Partiyasının son yüksək vəzifəli üzvüdür.
Hrayr Tovmasyan və Konstitusiya Məhkəməsinin 7 üzvü könüllü istefaları təqdirdə maaşlarını ömürlük pensiya şəklində almaq təklifindən imtina edərək istefa verməyəcəklərini bildirib.
Parlamentdə təmsil olunan keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçı Partiyası gözlənilən referendumu "konstitusiyaya zidd, qanunsuz və qeyri-demokratik" adlandırıb.
Hökumət sədrə qarşı
İndiki hakimiyyət Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanı Serj Sarkisyanın prezident vəzifəsində səlahiyyətləri bitdikdən sonra qeyri-məhdud müddət baş nazir vəzifəsində hakimiyyət başında qalmasını təmin edən 2015-ci il Konstitusiyasının hazırlanmasında xüsusi rol oynadığını qeyd edir.
Ötən il oktyabrda parlament səs çoxluğu ilə Tovmasyanın səlahiyyətlərinin ləğv olunması lehinə səs versə də, Konstitusiya Məhkəməsi parlamentin qərarını rədd etmişdi. Parlament isə qanuna görə, KM üzvünü vəzifədən azad etmək səlahiyyətinə malik deyil.
Bundan sonra Paşinyan hökuməti 2020-ci il 20 yanvara kimi könüllü istefa verən KM üzvlərinə hazırda aldıqları maaş ölçüsündə ömürlük təqaüd təyin etmək qərarını qəbul etdi. Lakin KM sədri və hakimləri buna da razı olmadılar.
Hətta Hrayr Tovmasyana qarşı, onun daha əvvəl ədliyyə naziri işləyərkən "yol verdiyi günahları" ilə bağlı cinayət işləri açılmışdı, lakin o, KM sədri vəzifəsini tərk etmək niyyətində olmadığını bəyan edib.
Nikol Paşinyan hesab edir ki, ölkənin məhkəmə sistemində yaranmış böhranın səbəbi hakimlərin, o cümlədən KM hakimlərinin əksəriyyətinin keçmiş hakimiyyət dövründə təyin edilməsi ilə bağlıdır.
"Bu Konstitusiya Məhkəməsi xalqı deyil, Serj Sarkisyanın korrupsiyaya batmış rejimini təmsil edir və ləğv olunmalıdır," - o deyib.
Paşinyanın sözlərinə görə, Tovmasyan Serj Sarkisyan üçün "ömürlük hakimiyyət başında qalmaq üçün konstitusiya yazıb," əvəzində 65 yaşına qədər KM sədri vəzifəsində qalmaq hüququ qazanıb. Paşinyanın tərəfdarları hesab edirlər ki, bu Konstitusiya Məhkəməsi ədalətli qərar qəbul etmək iqtidarında deyil və "devrilmiş keçmiş rejimin sifarişlərinə" xidmət edəcək.
Paşinyan bildirib ki, Hrayr Tovmasyanla Serj Sarkisyan arasında sövdələşmə nəticəsində Tovmasyan yeni Konstitusiya qüvvəyə minməmiş seçilib ki, əvvəlki Konstitusiyanın tələbinə əsasən, pensiya yaşına kimi KM sədri vəzifəsində qalsın. Cəmisi 20 gündən sonra qüvvəyə minən yeni Konstitusiya üzrə KM sədri hər 6 ildən bir seçilməlidir.
"Belə ki, erməni xalqı [məhkəmə sistemində dəyişiklik istəsə] 2035-ci ilədək gözləməlidir. Çünki Tovmasyan öz partiyasının köməyi ilə məhkəməni zəbt edib," - Paşinyan deyib.
İstənilən dəyişiklik üçün Konstitusiya Məhkəməsinə müraciət etmək lazımdır və onun qərarını nə mübahisələndirmək, nə də bu qərardan şikayət etmək mümkündür.
İndi əgər referenduma çıxarılan düzəlişlər bəyənilərsə, Hrayr Tovmasyan və daha 7 Konstitusiya Məhkəməsinin üzvünün səlahiyyətləri ləğv olunacaq. Onlar 2015-ci il konstitusiya islahatından əvvəlki qayda üzrə seçiliblər. Yalnız 2 hakim 2015-ci il Konstitusiyası qüvvəyə mindikdən sonra (9 apreldən sonra) təyin olunub və gözlənilən referendumun nəticələri onlara həvalə olunmur.
Müxalif fraksiyaların münasibəti
Parlamentdə təmsil olunan hər iki müxalif fraksiyalardan heç biri iqtidar fraksiyanın təşəbbüsünü dəstəkləməyib. Nə parlamentdə sayca ikinci olan Firavan Ermənistan Partiyası liderinin adını daşıyan "Qaqik Tsarukyan", nə də "Zəkalı Ermənistan" fraksiyaları referendumda iştirak edəcək və onun "əleyhinə" təbliğatını da aparmayacaq.
Firavan Ermənistan Partiyası Siyasi Şurasının iclasından sonra "Qaqik Tsarukyan" fraksiyasının katibi Naira Zohrabyan bəyan edib ki, "Firavan Ermənistan demokratiyanın önəmli vasitəsi olan referendum kimi tədbirləri həmişə dəstəkləyib, lakin hər necə olsa da, bu kimi siyasi baxımdan zəif bir prosesdə iştirak edə bilmərik".
Eyni zamanda partiya öz tərəfdarlarının seçiminə müdaxilə etməyəcək. "Kim istəyirsə, seçki məntəqəsinə gedib əqidəsinə görə öz rəyini israr edə bilər," - xanım Zohrabyan deyib.
Bununla belə, Firavan Ermənistan hesab edir ki, iqtidar bu məsələni [KM sədri və bir neçə üzvlərinin istefası referendumu ilə bağlı] "hüquqi müstəvidən siyasi müstəviyə köçürərək, məsələni "qara ilə ağ" arasında dağıdıcı münaqişəyə çevirib".
"Firavan Ermənistan üçün isə cəmiyyətin müxtəlif seqmentləri arasında ayrıseçkilik salmaq cəhdləri yolverilməzdir," - Naira Zohrabyan vurğulayıb.
Zəkalı Ermənistan Partiyasının parlament fraksiyası referendumu boykot etməyə çağırıb. Partiyanın lideri Edmon Marukyan bəyan edib ki, onun partiyası iqtidarın təşəbbüsü ilə keçirilən referendumu qeyri-qanuni hesab edir.
"Zəkalı Ermənistan Partiyası referendum əleyhinə təbliğat aparmaq niyyətində deyil, çünki bütün bu konstitusiya dəyişikliyi prosesini qeyri-qanuni hesab edir," - Edmon Marukyan deyib.
Marukyanın sözlərinə görə, "iqtidar əks-cəbhənin formalaşmasını arzulayır: onda bütün günahları müxalifətin üstünə tökmək olar... Seçkiqabağı təbliğat hakim qüvvəyə əl verir, biz buna imkan yaratmayacağıq," - Marukyan deyib.
O, siyasi qüvvələri prosesə etinasızlıq göstərməyə və "qapazaltı olmamağa və ölkədə nifrət ab-havasının yaranmasına yardımçı olmamağa" çağırıb.
"Konstitusiyanın dəyişməsinə ehtiyac var, bizə demokratik konstitusiya lazımdır. Lakin hər şey qanun çərçivəsində edilməlidir. İndi isə demokratiya adı altında bizə hüquqi özbaşınalıq sırımaq istəyirlər. Unudurlar ki, demokratiya qanunun aliliyini tələb edir," - Edmon Marukyan bəyan edib.
"Ölkə üçün təhlükəli avantüra"
Sarkisyanın istefasından sonra Milli Məclisdə və dövlət strukturlarında hakim mövqelərindən məhrum olmuş Daşnaksutyun və Ermənistan Respublikaçı Partiyaları Paşinyan hakimiyyətinin referendum təşəbbüsünü "ölkə üçün təhlükəli avantüra" sayır.
"Daşnaksutyun Erməni İnqilabi Federasiyası ölkə vətəndaşlarını iqtidarın növbəti qanunsuzluğuna qatılmamaq, aprelin 5-nə təyin olunmuş referenduma etinasızlıq göstərməyə çağırır," - partiyanın bəyanatında deyilir.
Daşnaksutyun, həmçinin siyasi partiya və vətəndaş cəmiyyətləri "konstitusiya düzəlişlərinin qəbul olunmasına qarşı qüvvələrini səfərbər etməyə" çağırır və bu məqsədinə nail olmaq üçün "zəruri tədbirlərə əl atmaq niyyətində" olduğunu bəyan edir.
Serj Sarkisyanın rəhbərlik etdiyi keçmiş hakim Ermənistan Respublikaçı Partiyası da referendumda iştirak etmir, əks-təbliğat üçün qərargah açmır, lakin referendum əleyhinə əks-təbliğat aparır.
Partiya gözlənilən referendumu "konstitusiyaya zidd, qanunsuz və qeyri-demokratik" adlandırıb.
Qurumun bəyanatında deyilir ki, "bu [referendum təşəbbüsü] avantüranın məqsədi Konstitusiya Məhkəməsini hakimiyyətə tabe etmək cəhdindən başqa bir şey deyil, dövlət quruculuğu və demokratiyanın möhkəmləndirilməsinə aidiyyəti yoxdur, nəinki Ermənistan vətəndaşlarının çoxsaylı problemlərini həll etməyəcək, hətta ölkənin dağıdılması istiqamətində növbəti addım olacaq".
Ermənistan Respublikaçı Partiyası əmindir ki, bu proses Ermənistanın beynəlxalq imicinə zərər vurur və rəsmi Yerevanın "milli gündəliyinin irəli sürülməsinə mənfi təsir edər, Qarabağ üzrə danışıqlarda erməni tərəfin mövqeyini zəiflədər".
Partiyanın bəyanatında deyilir ki, onlar Nikol Paşinyan və onun siyasi komandası tərəfindən başlanan "dağıdıcı cəmiyyətin parçalanma prosesinin" iştirakçısı olmaq istəmir və təbliğat kampaniyasına qatılmayacaqlar.
Beynəlxalq təşkilatlardan irad
Konstitusiya Məhkəməsi ilə Ermənistan hökuməti arasında yaranmış gərginlik Avropa Şurası Parlament Assambleyasının da diqqətini cəlb edib.
AŞPA Ermənistanı Avropa Şurasının konstitusiya hüququ üzrə ekspert orqanı olan Venesiya Komissiyasına məsləhət üçün müraciət etməyi tövsiyə edir.
"Biz hesab edirik ki, təcili prosedur vasitəsilə qısa müddətdə alına bilən bu [komissiyanın] rəy, referendum keçirilən təqdirdə, Ermənistan elektoratı da daxil olaraq, bütün maraqlı tərəflər üçün dəyərli olar," - AŞPA müşahidəçilərinin müraciətində deyilir.
Venesiya Komissiyası da hökumətin Konstitusiya Məhkəməsinin sədri və Məhkəməyə qarşı hərəkətlərinə "şək-şübhə ilə yanaşıb". Ötən ilin oktyabrında Venesiya Komissiyasının rəhbəri Gianni Buquicchio hökumətin hakimlərin erkən istefası fonunda maaşları ölçüdə pensiya almaq təklifindən narahat olduğunu bildirmişdi.
"Güman ki, bir neçə hakimin və hətta doqqusdan yeddisinin bir vaxtda istefa verməsi məhkəmənin səmərəli fəaliyyətinə mənfi təsir edə bilər," - Venesiya Komissiyasının bəyanatında deyilir.(BBC)