Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

KRIM – GÖZƏL QARABAĞIN FÜSUNKAR OXŞARI ... +FOTOLAR

 

 

        Ermənilərin fəallığı və azərbaycanlıların təşkilatlanma problemi

Dünyanın ən füsunkar təbiətə malik guşələrindən sayılan Krım yarımadası öz təbii gözəlliyilə yanaşı siyasi taleyilə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə xeyli bənzəyir. Ancaq işğal olunmuş Dağlıq Qarabağdan fərqli olaraq, Krımda xeyli sayda azərbaycanlı yaşayır...

Krımın 2014-cü ildə Rusiyanın nəzarətinə keçməsindən sonra yarımadada kifayət qədər böyük dəyişikliklər baş verib. Krımda olan əməkdaşımızın söhbətləşdiyi həmvətənlərimiz bu dəyişikliklərin müsbət tərəflərilə yanaşı müəyyən çətinliklər yaratdığını da bildirirlər. Yarımadada böyük tikinti layihələri, dəmir yolu və avtomagistralların çəkilişi həyata keçirilir. 

Bu yollar xüsusilə Krımın paytaxtı Simferopoldan bütün dünyada ən gözəl istirahət bölgələrindən biri kimi tanınan Yalta şəhəri də daxil olmaqla Qara Dəniz sahillərindəki turizm ərazilərinə, həmçinin məşhur qəhrəman şəhər Sevastopola doğru uzanır.

 

 

 

Xüsusilə də Kerç boğazından keçən yeni inşa edilmiş avtomobil və dəmir yolu körpüsü yarımadanın nəqliyyat infrastrukturunun başlıca həlqəsidir. Bir neçə gün öncə sözügedən körpü üzərindən dəmir yolu xəttinin inşasının başa çatması isə təkcə yarımada deyil, ümumilikdə Rusiya üçün mühüm hadisə oldu. Bu münasibətlə Rusiya prezidenti Vladimir Putin özü Krıma gələrək, dəmir yolu xəttinin açılış mərasiminə qatıldı.

                                              İlk təəssürat- bahalıq...

İlk baxışdan insanların yaşayışında, həyat səviyyəsində ciddi təbəqələşməni müşahidə etmək mümkündür. Yerli əhalini ən çox narahat edən məsələlər iş yerlərilə yanaşı, əmək haqları və pensiyaların səviyyəsi ilə müqayisədə qiymətlərin həddindən artıq yüksək olmasıdır. Bəli, yarımadada ərzaqdan tutmuş müxtəlif xidmətlərə, əmlak bazarına qədər bütün sahələrdə müşahidə edilən qiymətlər Rusiyanın digər regionlarından bahalığına görə ciddi şəkildə fərqlənir.

Buradakı qiymətləri olsa-olsa paytaxt Moskvanın mərkəzi regionları ilə müqayisə etmək mümkündür. Bu da səbəbsiz deyil. Çünki hazırda Krım Rusiya kimi nəhəng ölkənin əsas və yeganə iri və populyar turizm bölgəsi sayılır. Buraya Rusiyanın bütün bölgələrindən maddi imkanı yüksək olan məmurlar və iş adamları axışmaqdadır. Bundan başqa, hökumət bir sıra iri müəssisələrin əməkdaşlarının məhz Krımda dincəlməsi üçün inzibati resurslarından istifadə edir. Bu isə bölgədə bütün sahələr üzrə təkliflə müqayisədə tələbatın artmasına, nəticədə də qiymətlərin bahalaşmasına gətirib çıxarır.

 

 

Qiymətlərdəki artımda həmçinin yarımadanın Ukrayna ilə əlaqələrinin kəsilməsinin də müəyyən rolu var. Doğrudur, rəsmi Kiyev Krımda yaşayan əhalini öz vətəndaşı hesab edir və bu insanların Ukraynaya giriş-çıxışına imkan verir. Hətta Krım əhalisinin əhəmiyyətli qismi hələ də Ukraynadan pensiya və müavinətlər ala bilir. Lakin Kiyevin Krımla sosial-iqtisadi əlaqələri bundan o tərəfə keçmir. 

Hazırda buraya demək olar bütün məhsullar Rusiya ərazisindən gətirilir ki, bu da yalnız Kerç boğazı üzərindəki körpü və gəmilər vasitəsilə həyata keçirilir. Nəticədə nəqliyyat xərclərinin yüksək olması da bir tərəfdən Krımdakı qiymətləri Rusiyanın digər regionları ilə müqayisədə xeyli bahalı edir.

Yarımadadakı qiymətləri Ukraynadakı qiymətlərlə müqayisə etmək isə ümumiyyətlə mümkün deyil. Bəzi pozisiyalar üzrə bu fərq faizlə deyil, bir neçə dəfə ilə ölçülə bilər. Rusiyanın verdiyi pensiya və müavinətlər Ukrayna ilə müqayisədə xeyli yüksək olsa da, qiymətlərdəki fərq bu ödənişlərin alıcılıq qabiliyyətini bir qədər zəiflədir.

                        Moskva oliqarxiyasının təsiri hər addımda hiss olunur...

Eyni mənzərə əmlak bazarında da müşahidə olunur. Yarımadada son illər tikinti bumu yaşanmasına rəğmən, qiymətlər heç də nəinki kasıb, hətta orta təbəqə üçün də məqbul sayıla bilməz. Belə ki, yeni tikilən mənzillərdə qiymətlər hər kvadrat metr üçün təxminən 1000(bir min) ABŞ dollarından başlayaraq, üzü yuxarı qalxır. Bu isə yarımadanın yerli əhalisinin böyük qismi üçün əlçatmaz rəqəmdir. Bu səbəbdən son illər Krımda yeni əmlak sahibi olanların böyük əksəriyyəti Moskva başda olmaqla, iri şəhərlərdən gələn imkanlı Rusiya vətəndaşlarıdır.

 

 

Bununla yanaşı, yarımadadakı ən iri və elitar turizm obyektlərinin də əksəriyyəti əsas etibarilə Moskvadan gələn oliqarxlara məxsusdurOnların arasında Azərbaycan əsilli rusiyalı milyarder Vahid Ələkbərov da var. Krımın füsunkar guşələrindən olan Aluşta şəhərindəki ən iri otellərdən birinin məhz ona məxsus olduğu bildirilir.

İstər paytaxt Simferopolun, istərsə də Yalta və Sevastopol kimi iri şəhərlərin küçələrində rast gəlinən ən bahalı, lyuks avtomobillərin də böyük əksəriyyəti Moskva nömrələrini daşıyır. Bir sözlə, Krımda nə gəlirli biznes, bahalı əmlak, avtomobil və s. görsəniz, bilin ki, böyük ehtimalla paytaxtdan gələn oliqarxlara və məmurlara məxsusdur.

                       Tatarlar azalır, ermənilərsə çoxalır...

Krımı əhalinin etnik tərkibinə görə beynəlmiləl bölgə saymaq olar. Yarımada Rusiyanın son illər əhalisi artan nadir regionlarından biridir. Ancaq bu göstərici, təbii artımdan daha çox Rusiyanın müxtəlif bölgələrindən buraya daimi yaşamağa üz tutan əhali hesabına əldə olunub.

Hazırda yarımada əhalisinin sayı təxminən 2.4 milyon nəfər təşkil edir. Bölgədə yaşayanların təxminən yarısı ruslardır. Əhalinin 20 faizə yayxını ukraynalılardan ibarətdir. Əhalinin etnik tərkibində bu torpaqların ilkin sahibləri, yerli xalqı olan Krım tatarlarının xüsusi çəkisi isə azalmaqdadır.

2014-cü ildə yarımadanın Rusiyanın nəzarətinə keçməsindən sonra müxtəlif hesablamalara görə, 25-30 min Krım tatarı öz vətənlərini tərk edərək, Ukraynada məskunlaşıblar. Rəsmi statistikadan belə aydın olur ki, hazırda yarımadada yaşayan tatarlar əhalinin təxminən 15 faizini təşkil edir. Hansı ki, 19-cu əsrin əvvəllərində burada yaşayan əhalinin 85-90 faizi Krım tatarlarından ibarət olub...

 

 

Qeyd edək ki, Rusiyanın bir çox digər bölgələrilə müqayisədə Krımda yaşayan azərbaycanlıların sayı elə də çox deyil. Əldə etdiyimiz məlumatlara görə, burada rəsmən təqribən 4 min civarında azərbaycanlı qeydiyyatda olduğu halda, reallıqda həmvətənlərimizin sayı on min nəfərə yaxındır. Bu isə, ümumilikdə 2.4 milyona yaxın əhalisi olan region üçün kiçik rəqəmdir.

Müqayisə üçün bildirək ki, buradakı ermənilərin sayı azərbaycanlılardan dəfələrlə çoxdur. Hazırda rəsmi statistikaya görə, Krım əhalisinin təxminən 0.5 faizini ermənilər təşkil edir. Rəsmi statistikada onların sayı 11 min nəfər göstərilsə də, reallıqda bu rəqəm xeyli daha çoxdur. Xüsusilə də yarımada Rusiyanın nəzarətinə keçəndən sonra ermənilərin Krıma axını daha da sürətlənib. Bu fakt Rusiya İmperiyasının 19-cu əsrin əvvəllərində Azərbaycanı işğal etməsindən sonra ermənilərin Qarabağda və İrəvanda məskunlaşmasını xatırladır...

Krıma köçən ermənilərin bir qismi Bakıdan, Gəncədən və digər Azərbaycan şəhərlərindən gələnlərdir. Regionun kifayət qədər aktiv icmalarından olan ermənilər Krımın biznes həyatında samballı yerə malikdirlər. Paytaxt Simferopolun mərkəzindəki bir neçə iri obyekt, ticarət və biznes mərkəzləri onlara məxsusdur. Eləcə də Qara dəniz sahilindəki istirahət mərkəzlərində də onların payı var.

Təəssüf ki, həm say, həm regionun idarəetmə strukturlarında təmsil olunma, həm də iqtisadi imkanlarına görə yarımadada yaşayan həmvətənlərimiz ermənilərdən geri qalır. Və bu fakt Krımdakı azərbaycanlıların yüksək səviyyədə təşkilatlanmasını olduqca vacib edir. Lakin əməkdaşımızın söhbətləşdiyi Krımda yaşayan bir çox həmvətənlərimiz təşkilatlanma, diaspor fəaliyyətilə bağlı vəziyyətin ideal olmadığını bildirirlər.

                 Krımda diaspor işini qurmaq asan deyil...

Burada da bir çox ölkələrdə, regionlarda olduğu kimi, diaspor fəaliyyəti, təşkilatlanma və aktivlik sarıdan problemlər mövcuddur. Doğrudur, yarımadada Krım Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti adlı təşkilat var və bu qurum həmvətənlərimizin təşkilatlanması üçün müəyyən işlər görməyə çalışır. Məsələn, bir neçə gün əvvəl bu qurum Krımdakı Azərbaycan cəmiyyətinin qurulmasının 30 illiyinə həsr olunan tədbir keçirib.

 

 

Buna baxmayaraq, reallıqda Krımın Azərbaycan icmasının ermənilərlə müqayisədə kifayət qədər zəif olduğu müşahidə edilir. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. İlk olaraq, hər yerdə olduğu kimi, burada da milli mental xüsusiyyətlərimiz müəyyən rol oynayır. Belə ki, təşkilatlanmaq, necə deyərlər, sözü bir yerə qoymaq, ümumi mənafelərə xidmət edən addımlar atmaq, fədakarlıq, aktivlik göstərmək və s. sarıdan hər zaman problemlərimiz olub. Digər tərəfdən, bu istiqamətdə iş görmək istəyənlərə də süni maneələr, intriqa, yersiz söz-söhbətlər yaradılması hallarına rast gəlinir ki, bu da əksər diaspor təşkilatlarımızda mövcuddur.

Həmçinin, Krımın hüquqi statusundakı qeyri-müəyyənlik, yarımadanın beynəlxalq birliyin böyük əksəriyyəti tərəfindən işğal olunmuş ərazi kimi tanınması Azərbaycanın rəsmi orqanları, o cümlədən Diasporla iş üzrə Dövlət Komitəsinin buradakı həmvətənlərimizlə əlaqələrinə, yardımına çətinliklər yaradır, hətta bunu mümkünsüz edir ki, bu da təbiidir.

 

 

Əldə etdiyimiz məlumatlardan aydın olur ki, Krım azərbaycanlılarının təşkilatlanmasında əvvəllər yarımadadakı diaspor işinə rəhbərlik edən Rəhim Hümbətovun xüsusi rolu olub. Onun dövründə icmamız daha fəal, təşkilatlanmış formada fəaliyyət göstərib və bir neçə əhəmiyyətli tədbirin keçirilməsinə, Azərbaycan mədəniyyətinin, Qarabağ həqiqətlərinin təbliğinə, eləcə də burada yaşayan həmvətənlərimizin bir sıra problemlərinin həllinə nail olub.

R.Hümbətov hələ 1991-ci ildə Krımda “Millət” qəzetinin çapına nail olub. Həmin qəzetin ilk nömrəsində 20 yanvar hadisələri və ermənilərin əməlləri, cinayətləri barədə yazılanlara görə, R.Hümbətov o vaxt Krımın rəhbərliyində təmsil olunan ermənilərin təzyiqinə məruz qalıb. Buna baxmayaraq, onun rəhbərliyi altında təşkilat son illərə qədər Krımın ictimai həyatında əhəmiyyətli rol oynaya bilib. R.Hümbətovun özü isə Krımdakı 40-dək milli azlıqların təmsil olunduğu asossasiyada sədr müavini olub.

 

Həmvətənlərimizin təşkilatlanmasına çalışan iş adamı...

 

Lakin son illərdə R.Hümbətovun və eləcə də Krımda kifayət qədər tanınan iş adamı, həmyerlimiz Oktay Ramazanovun müəyyən səbəblərdən bu işdən uzaqlaşmasından sonra diaspora fəaliyyətində bir qədər sönüklük, zəiflik müşahidə olunmaqdadır. 

 

 

Yeri gəlmişkən qeyd edək ki, bir müddət əvvəl Azərbaycandakı saytların birində guya Oktay Ramazanovun Krım Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti sədrinin müavini olmuş Arifə Muxtarovanın əli ilə təşkilatı parçalamağa çalışdığına dair yazı dərc edimişdi. Əməkdaşımızla söhbətləşən həmvətənlərimiz bunların cəfəngiyyat olduğunu söylədilər.

Söhbətləşdiyimiz Rəhim Hümbətov isə Oktay Ramazanovu hələ 1996-97-ci illərdən tanıdığını bildirdi. Həmçinin, Krımda kifayət qədər tanınan və yerli əhali arasında da ehtiramla qarşılanan O. Ramazanovun buradakı həmvətənlərimizin təşkilatlanması, aktiv fəaliyyəti üçün öz imkanlarını əsirgəmədiyini qeyd etdi. R.Hümbətov O. Ramazanovla yanaşı azərbaycanlıların təşkilatlanmasında, müxtəlif tədbirlərin keçirilməsində Meydan Şamilov, Əli Orucov və digər bir çox fəal həmvətənimizin də xüsusi rolunun olduğunu vurğuladı.

 

 

O da qeyd olunur ki, hər zaman O.Ramazanova məxsus Krımın ən gözəl və tanınmış iaşə obyektlərindən biri olan “Marxal” restoranında azərbaycanlıların müxtəlif mədəni tədbirlərinin keçirilməsinə şərait yaradılır. 

Elə bir neçə gün əvvəl, dekabrın 19-da həmin məkanda Krımdakı həmvətənlərimizin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə möhtəşəm tədbiri keçirildi. Azərbaycandan tanınmış musiqiçilərin də dəvət olunduğu tədbirin təşkilatçısı və əsas maliyyə dəstəkçisi də məhz O.Ramazanov və bir neçə digər azərbaycanlı iş adamları olublar.

 

 

Yuxarıda adı çəkilən və guya azərbaycanlıların cəmiyyətinin parçalanmasına çalışan Arifə Muxtarovanın isə çox fəal, savadlı və vətənpərvər xanım olduğu qeyd edilir. Məhz onun sayəsində Krımda yaşayan xalqlara dair dərc edilən jurnalda Azərbaycan icmasına, xalqımızın milli-mədəni tarixinə, adət-ənənələrinə xüsusi yer verilib və jurnalın birinci səhifəsi məhz Azərbaycana həsr olunub. Hansı ki, bu yerə ermənilər çox iddialı olsalar da, Arifə xanımın səyləri nəticəsində bizim icmaya üstünlük verilib. Ümumiyyətlə, bu xanımın Krımdakı fəaliyyəti və fədəkarlığı bir neçə cümlə ilə ifadə ediləcək qədər deyil və yəqin ki, bununla bağlı ayrıca yazı dərc edəcəyik.

 

 

Sonda onu deyə bilərik ki, əksər cəhətlərilə Dağlıq Qarabağı xatırladan Krımın bir parçasına çevrilən həmvətənlərimizin əksəriyyəti bu bölgənin yaşadığı bütün dəyişiklikləri öz həyatlarında hiss etməklə yanaşı, Azərbaycanı yüksək səviyyədə təmsil etməyə çalışırlar. Ümid edək ki, bu bölgədə də mövcud olan problemlər tezliklə öz həllini tapacaq və Krımdakı bütün xalqlar, icmalar kimi, azərbaycanlılar da bunun müsbət nəticələrindən bəhrələnəcəklər.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam