LİVİYADA DÖNÜŞ ANI - Türkiyə Həftar ordusunun Tripolini ələ keçirmək cəhdinə qarşı nə edə bilər?
Şərqi Aralıq dənizində dəniz zonalarının demarkasiyası barədə saziş imzalamaqla, Türkiyə və Liviyanın legitim hökuməti Yunanıstanın, Cənubi Kiprin, İsrailin və Fars körfəzi dövlətlərinin «qəzəbinə» tuş gəlib. Bu ölkələr üsyançı marşal Həftara Liviya paytaxtını ələ keçirməkdə kömək edə bilərlər. Bəs, bunun qarşılığında Ərdoğan (Türkiyə) hansı tədbirləri görə bilər?
Yenixeber.org: Həsən Hız adlı müəllifin «Yeni Şəfəq» (Türkiyə) qəzetində dərc etdirdiyi məqaləsi məhz bu məsələrdən bəhs edir.
Türkiyə və Liviya arasında «Dəniz məkanının bölünməsi» barədə sazişin imzalanmasından sonra, Şərqi Aralıq dənizində yeni səhifə açılmış olub. Sazişi pozmaq arzusunda olan Yunanıstan, Cənubi Kipr, İsrail və Fars körfəzi ölkələri üsyançı marşal Həftarı açıq şəkildə dəstəkləməyə başlayıblar. Həftar isə Liviyanın legitim hökumətini yıxmağa çalışır.
Liviyada hadisələrin necə davam edəcəyi və saziş imzalandıqdan sonra, Tripolidə hökumətin legitimliyini sarsıtmaq cəhdlərinin tezləşəcəyi daha da ciddi əhəmiyyət kəsb etməyə başlayıb. Legitim hökumətə qarşı döyüşmək üçün Həftara dəstəyin güclənəcəyi məsələsinə diqqət yönəldən ekspertlər qeyd edirlər: «Bu sazişin üzərindən xətt çəkmək üçün bir sıra beynəlxalq təşkilatların (Avropa İttifaqı (Aİ), NATO və BMT) məsələyə cəlb olunması istiqamətində cəhdlər göstəriləcək».
Qəddafi devriləndən sonra (2011) Liviyada uzun müddətdir ki, qeyri-sabitlik qalmaqda idi, indi isə dönüş məqamı gəlib çatıb. Hamıya məlumdur ki, Türkiyə və Liviyanın imzaladığı «dəniz məkanının bölünməsi» barədə saziş hər şeyi alt-üst (başayaq) eləyib və bölgədəki enerji resursları ilə bağlı bir çox planları təhlükə altına alıb.
Tripolidəki legitim hökuməti devirməyə cəhd edən üsyançı marşal Həftarın gücləri uzun müddət Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Rusiya kimi dövlətlər tərəfindən açıq şəkildə dəstəklənib.
Sözügedən saziş Liviyada bundan sonrakı hadisələrin gedişinə necə təsir göstərəcək? Liviyanın legitim hökumətinin legitimliyinin pozulmasına cəhdlər arta bilərmi? Bu sazişə, Aralıq dənizi bölgəsinin açar ölkələrindən biri olan Misir necə yanaşacaq? «Yeni Şəfəq» qəzeti bu suallarla Yaxın Şərq üzrə ekspert Gokhan Bozbaşa müraciət edib.
“Saziş bağlanandan sonra, bölgədə ilk reaksiyaya diqqət yetirsək, görərik ki, mahiyyət etibarilə, söhbət dəhşətli nifrət oyunlarından gedir” - ekspert qeyd edib. O, diqqəti sazişi pozmaq itiqamətində Yunanıstanın ata biləcəyi addımlara yönəldib. “Tripolidə yerləşmiş və beynəlxalq ictimaiyyətin tanımış olduğu Liviya hökumətinin bu sazişi imzalaması beynəlxalq hüququn normaları ilə zidiyyət təşkil etmir. Bu zaman Yunanıstanın reaksiyasına mümkün olacaq ən sadə gediş kimi baxmaq olar.
Aydındır ki, bu saziş bağlanandan sonra, Tripolidəki hökumətə qarşı çox ciddi addımlar atılacaq - həm «döyüş meydanı»nda, həm də beynəlxalq səhnədə. Bölgədə onu zəiflətmək üçün Həftara dəstək güclənəcək. Beynəlxalq səhnədə isə Aİ, NATO və BMT məsələyə cəlb olunacaq ki, saziş sıfırlansın”.
Ekspert qeyd edir ki, «Şərqi Aralıq dənizi» termini, bu hövzənin enerji resursları barədə 2010-ci ildə yayılmış informasiyalarla bağlı meydana gəlib: “O vaxtdan üzübəri, bölgədə güclərin balansı daim dəyişib. Dəyişikliklər prosesində, «ərəb baharı» fonunda ilk mərhələdə baş verənlər Türkiyənin xeyirinə olub. Ancaq ilk növbədə, Misirdəki dövlət çevrilişi, «İslam Dövləti» terror təşkilatının güclənməsi, həm də Liviyada baş vermiş vətəndaş müharibəsinin gedişində Həftarın nəzarəti altında olan ərazilərin genişlənməsi müəyyən mərhələdə Türkiyəyə qarşı yönəlmiş olub (Buradan belə anlaşılır ki, bütün bu baş verənlər müəyyən dairələrin nəzarəti altında cərəyan edib - M.A.). Bununla əlaqədar olraq, Türkiyə bu sazişi bağlamaqla, bölgəsel balansın bərpası istiqamətində mühüm addım atmış olub. Həm də bu vəziyyət Liviyada münaqişəni bir qədər də qızışdıra bilər. Nədən ki, Türkiyəyə qarşı olan digər milli və beynəlxalq oyunçular Türkiyə ilə saziş imzalamış Tripolidəki hökumətə qarşı öz mövqelərini daha da sərtləşdirəcəklər”.
Bozbaş diqqəti ona yönəldib ki, bu sazişə cavab olaraq, Misir cavab gedişi edə bilər: “Bu sazişin sayəsində Türkiyə və Liviya özlərinin müstəsna iqtisadi zonalarını rəsmiləşirdikləri bir vaxtda, digər ölkələr əslində, bunu bir neçə il bundan əvvəl - Türkiyədən yan keçməklə - ediblər. İndiki sazişin analoqu olan sazişi Cənubi Kiprin yunan hakimiyyəti, Misir və İsrail hələ 2000-ci illərdə bağlayıblar və Şərqi Aralıq dənizi hövzəsini 13 zonaya bölərək, Türkiyənin etirazlarına baxmayaraq, bölədə qaz kəşfiyyatı işlərinə başlayıblar. Bu zaman, Türkiyənin Liviya ilə bağladığı indiki saziş zonanın qərb sərhədini rəsmiləşdirir. Liviya isə bu sazişlə ön plana çıxmış olub. Türkiyənin bu addımına qarşı Misirin növbəti mühüm gedişi isə yunan Kirpi ilə bağlana biləcək yeni oxşar saziş ola bilər”.
Hazırladı: Mirzə AĞ