Yaponiya baş nazirinin qızı Moskvada DTK zabitini dartıb otağa salıb və... korsetini bağlatdırıb –Məzəli tarixi olay
Bəzən belə də olur, siyasi liderlərin görüşündə hər şey qarşılıqlı anlaşma və razılaşma yolu ilə yekunlaşsa da, onların ətrafında olanların, tərcüməçilərin, mühafizəçilərin və digər xidmət personalının arasında anlaşılmazlıqlar baş verir.
Yenixeber.org: Məhz belə anlaşılmaz hadisələrin biri ilə Kreml məmurlarının təhlükəsizliyinə cavabdehlik daşıyan SSRİ DTK-nın 9-cu idarəsinin əməkdaşı Vladimir Kuznetsov üzləşib. Özü də onun ilk xidməti tapşırığını yerinə yetirdiyi zaman.
1971-ci ildən Kreml mühafizəsində xidmət edən Vladimir Kuznetsova 1973-cü ildə yeni vəzifə həvalə olunub. Belə ki, SSRİ-yə rəsmi səfərə gələn siyasi liderlərin xanımlarının təhlükəsizliyi məhz leytenant Kuznetsova həvalə olunub. Yəni 27 yaşlı gənc zabit həmin şöbənin əməkdaşlarından biri olub.
Bu təyinatından bir neçə gün sonra Yaponiyanın baş naziri Kakauey Tanakanın SSRİ-yə rəsmi səfəri ilə bağlı Kremldə ciddi hazırlıq işləri görülüb. Vladimir Kuznetsova isə baş naziri müşayiət edəcək qızı Makiko Tanakanın təhlükəsizliyini təşkil etmək tapşırılıb. Həmin ərəfədə Yaponiyanın baş nazirinin həyat yoldaşı xəstə olduğundan o, Moskvaya məhz qızı ilə gəlməyi planlaşdırıb.
Nəhayət, zaman yetişib, Yaponiyanın nümayəndə heyətinin SSRİ-yə rəsmi səfəri başlanıb. Leonid İliç Brejnev yapon qonaqlarını böyük təntənə ilə qarşılayıb. Təbii ki, baş nazirin səfər proqramı onu müşayiət edən qızının səfər proqramı ilə fərqli təşkil olunub.
Səfərin səhərisi günü baş nazirin qızı Makiko Tanakanın Zaqorska, oradakı kilsələrə gəzintisi planlaşdırılıb. Brejnevin qonaqların şərəfinə verəcəyi ziyafət saat 14-də başlandığından Vladimir Kuznetsova tapşırılıb ki, gəzinti səhər saat 8-də başlanmalı, günorta 13.30-da bitməlidir. Buna görə də xidmət personalına göstəriş verilib ki, Makiko Tanakanı səhər saat 7-də yuxudan oyatsınlar.
Səhər tezdən saat 7-də Vladimir Kuznetsov qonaqların yaşadığı iqamətgaha gəlib. Yapon mühafizəçilərdən Makikonu yuxudan oyatmaqları ilə bağlı soruşanda, onlar bildiriblər ki, öz qayda-qanunlarına görə, bu, yolverilməzdir. Kuznetsov onlara anladıb ki, proqram pozulur, xanıma vaxtında xəbərdarlıq etmək lazımdır. Belə mübahisəli an yarananda Yaponiya tərəfinin mühafizə rəisi Kuznetsova təklif edib ki, xanımı yuxudan o oyatsın. Küznetsov heç bir tərəddüd etmədən razılaşıb. Üç nəfər, yaponların mühafizə rəisi, onlar tərəfdən olan tərcüməçi və Kuznetsov Makiko Tanakanın yataq otağına üz tutublar. Kuznetsov əvvəlcə qapını çox astadan döyüb. Bir neçə dəqiqə qapının arxasından səs gəlməyib. O daha sonra qapının daha bərkdən döyməyə başlayıb, yenə də heç bir nəticə alınmayıb. Üçüncü dəfə Kuznetsov qapını döyməklə yanaşı, həm də onu uca səslə çağırmağa başlayıb. Bu məqamda qapı yarımçıq açılıb və Makikonun yalnız başı görünüb, o, cəld hərəkətlə Kuznetsovun qolundan yapışaraq onu öz yataq otağına salıb və qapını arxadan bağlayıb.
Həmin gözlənilməz məqamı Kuznetsov sonralar belə xatırlayıb:
“Bu hadisə olduqca qeyri-adi idi. Makiko Tanaka qəfil qolumdan tutdu və məni yataq otağına çəkdi, sonra isə qapını arxadan bağladı. Mən ilk anda nə baş verdiyini anlaya bilmirdim. Amma bir şeyi dəqiq bilirdim ki, DTK sıralarından birdəfəlik qovulacağam və məni həbs edəcəklər. Makiko yarıçılpaq vəziyyətdə idi. Yapon dilində bilmirdim. Ona görə də o, məni ingilis dilində başa salmağa başladı. Anlatdı ki, atası baş nazir seçildikdən sonra idmanla məşğul olmağı ona qadağan edib və buna görə də o, çəki yığmağa başlayıb. Çəkili görünməməsi üçün isə o, xüsusi korsetdən istifadə edir. Onu da anlatdı ki, məni içəri ona görə salıb ki, korseti bağlamaqda ona kömək edim və korseti çılpaq bədəninə yerləşdirdikdən sonra məndən xahiş etdi ki, arxa tərəfdən onun iplərini bağlayım. İplər çox nazik idi. İpəkdən olduğuna görə əlimdən sürüşürdü və mən onları bağlamaqda çətinlik çəkirdim. Məsələnin digər tərəfini isə anlamaq çox da çətin deyil. Təsəvvür edin, 27 yaşlı gənc enerjili oğlan və 29 yaşlı gənc gözəl xanım... Korseti bağlamaq üçün 12 dəqiqə vaxt sərf etdim. Bu 12 dəqiqədə isə az qala bütün Moskva, Kreml, Xarici İşlər Nazirliyi, səfirliklər bir-birinə qarışmışdı. Mən içəridə olanda yaponların tərcüməçisi hadisə ilə bağlı əli çatan hər yerə məlumat vermişdi. Nəhayət, mən korseti bağlayıb qan-tər içində otağı tərk etdim. Görünüşüm başqa təəssürat yaradırdı, enerji itirmiş insan təəssüratı. Bu, yapon tərcüməçini daha da qıcıqlandırmışdı. Dərhal məni general rütbəli rəisimiz yanına çağırdı, sorğu-sual başlandı, mən isə “gedin özündən soruşun” deməklə izahat verməyə lüzum görmədim. Makiko Tanakanın 5 dəqiqəlik izahatından sonra hər şey qaydasına düşdü...”
Amma Kuznetsovun Yaponiyanın baş nazirinin qızı ilə problemi bununla bitməyib. Bu hadisədən düz 9 ay keçdikdən sonra general artıq baş leytenant rütbəsində olan Kuznetsovu yenə də “xalça” üzərinə çağırıb və bildirib ki, Makiko Tanaka ana olub. Kuznetsov rəisini çox çətinliklə əmin edə bilib ki, həmin uşağın atası o deyil.
Bu hadisədən illər ötdükdən sonra Kuznetsov Rusiya prezidenti Boris Yeltsinlə işlədiyi dövrdə Rusiya nümayəndə heyətinin Yaponiyaya səfəri planlaşdırılanda o bir neçə dəfə Yaponiyanın SSRİ-dəki səfirliyinə gedib. Kuznetsov Yaponiyanın SSRİ-dəki səfiri ilə görüşəndə söhbət əsnasında həmin hadisəni xatırlayıb. Səfir ona diqqətlə baxaraq soruşub:
- Siz həmin hadisəni dəqiqliyi ilə xatırlayırsınız?
Kuznetsov qətiyyətlə cavab verib:
- Əlbəttə, ən kiçik detallar belə yadımda qalıb
- O vaxt sizin yanınızda kimlər var idi?
- Baş nazirin mühafizə rəisi və tərcüməçi.
Səfir gülə-gülə bir daha əlini Kuznetsova uzadaraq cavab verib:
- Həmin tərcüməçi mənəm, hazırda Yaponiyanın sizin ölkənizdəki səfiri...(müsavat)
İlham Cəmiloğlu