Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Gürcüstan prezidentinin davranışı, yaxud bu təxribat kimə xidmət edir? -ŞƏRH

 

 

Torpaqlarının bir hissəsi işğala məruz qalan Gürcüstanın belə davranışı başa düşülən deyil

Yenixeber.org: Ailə və dövlət başçısının səhv etməyə, demək olar ki, haqqı yoxdur. Ailə başçısı və ya başçılarının səhvlərini tez aradan qaldırmaq olar. Amma dövlətə başçılıq edənin xətasını bəzən illər uzunu düzəltmək olmur. 

Qonşu Gürcüstanın prezidenti Salome Zurabişvili də seçildiyi altı ayda Azərbaycana qarşı təxribatçı davranışı və bəyanatı ilə yadda qalıb. Düzdür, o, ölkəsinin xarici işlər naziri vəzifəsində çalışanda da Azərbaycanın ünvanına xoşagəlməz çıxışları ilə sələflərindən fərqlənmişdi. Salome Zurabişvili bu vəzifədə 2004-cü il martın 20-dən 2005-ci il oktyabrın 19-dək işləyib. Onun bu vəzifədə 1 il 7 ay işləməsinə səbəb də Gürcüstanın o vaxtkı hakimiyyətinin, xüsusilə parlamentin sədri Nino Burcanadzeni təhqir etməsi olmuşdu. Onda indiki prezident Gürcüstan parlamentində çoxluqda olan Milli Birlik Partiyası Hərəkatını və şəxsən N.Burcanadzeni “klan diktaturası” yaratmağa cəhddə ittiham etmiş, rəqiblərini “kaci”, gürcü dilində “vəhşi”, “kəndçi” adlandırmışdı. Gürcü nağıllarında “kaci” həm də “şeytan” (“demon”) deməkdir. Belə çıxır ki, təxribatla məşğul olmaq Gürcüstanın dövlət başçısı üçün xarakterik cəhətdir.

Deməli, cari il yanvarın 20-də Azərbaycan və gürcü xalqının qanına əli batmış Mixeil Avayana Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində büst qoyuldu. Bu erməni silahlısı həm də Abxaziyada Gürcüstanın ərazi bütövlüyünə qarşı vuruşub. Bu tədbirin yanvarın 20-də keçirilməsi Azərbaycana və dünyadakı azərbaycanlılara qarşı atılan mənəvi-psixoloji təxribat sayıla bilər. Salome Zurabişvili seçkiqabağı kampaniyada Axalkalaki rayonunda erməni seçiçilərilə görüşdə onlara bir sıra vədlər vermişdi. Bu büstün qoyulması da həmin öhdəliklərdən sayıla bilər. Borçalı bölgəsində azərbaycanlıların Mixeil Saakaşviliyə səs verməsinin acığını xanım Zurabişvili belə çıxmışdı. Demokratik qüvvələrin və Gürcüstanın bütün vətəndaşlarının prezidenti sayılsa da, onun Azərbaycana və azərbaycanlılara qarşı kini hələ soyumamış görünür. 

 

Salome Zurabişvili bu günlərdə müsahibələrindən birində Gürcüstanla Azərbaycan arasında mübahisəli sərhəd məsələsinə birtərəfli mövqe bildirməklə qarşı tərəfi təxribata çəkməyə səy göstərib. O, Keşikçi Dağı Məbəd-Kompleksini ziyarət edib və atdığı yanlış addıma haqq qazandırmağa da səy edib: “Yeni bir şeyin baş verdiyini demək düzgün deyil. Mən məbədi əvvəllər də ziyarət etmişəm. Tarixi düşüncəli vətənpərvər olduqlarını iddia edən şəxslərin məbədə ziyarətimi müəyyən təxribatın tərkib hissəsi olduğunu bildirmələrinə çox təəccüblənirəm. Prezident ölkədə olan hər hansı bir yerə səfər etməməlidir?” Xeyr, xanım Zurabişvili! Bu ərazi mübahisəlidir. Gürcüstan konstitusiyasına əsasən, prezident dövlət başçısıdır. Prezident Gürcüstan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, beynəlxalq münasibətlərdə dövlətin təmsilçisidir. Onda mübahisəli bölgəyə səfər etmək beynəlxalq hüququn pozulmasıdır. Həmin əraziyə yalnız məsələ həll edildikdən sonra dövlət başçısı səfər edə bilər. Əks halda, bu, işğal kimi də dəyərləndirilə bilər.

Yeri gəlmişkən, bu ərazi barədə qısa məlumatı da diqqətinizə çatdıraq. Keşikçi Dağ Məbəd-Kompleksi (həmçinin Qaraca məbədi, David Qareci məbədi) Azərbaycanın Gürcüstanla sərhədində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədidir. Dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşən, böyük coğrafi sahəni əhatə edən məbəd-kompleksin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisindədir. Məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089-1125) ziyarət edilməyə başlanıb, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184-1207) gürcü kilsəsinin təsiri altına düşüb. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər. Bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərib ki, divarlarına çəkilmiş şəkillər və gürcü dilində yazılar məbədin yaşı ilə müqayisədə xeyli gəncdir.

Bu arada Gürcüstan Patriarxlığı da Salome Zurabişvilidən geri qalmayıb. Qurum mayın 2-də yaydığı bəyanatda bildirib: “Biz həmçinin bəyan edirik ki, bu məbəd-kompleks Gürcüstan mədəniyyətinin ən qədim abidələrindən biri və ziyarətgahıdır və gürcü kilsəsi onun müdafiəsi üçün hər şey edəcək”. Bununla belə, Gürcüstan Patriarxlığı qəti olaraq istənilən şəxsin Gürcüstan və Azərbaycan dövlətləri və xalqları arasındakı dostluq münasibətlərini gərginləşdirməyə yönəlmiş cəhdlərdən, həmçinin müsəlmanlara qarşı təhqiramiz ifadələrdən uzaq durmağa çağırıb: “Hesab edirik ki, həmin cəhdlər digər millətlərə, həmçinin Gürcüstan müsəlmanlarına qarşı düşünülmüş və ya düşünülməmiş təxribatlardır”. Bu baxımdan, Salome Zurabişvilinin təxribatla məşğul olduğunu patriarxlıq da təsdiqləyib.

Yeri gəlmişkən, Gürcüstan patriarxlığının Ermənistanla da kilsə məsələsində mübahisəsi yarımçıq qalıb. Qeyd edək ki, Ermənistanın Gürcüstanla sərhəd bölgəsində Axtala, Kobayr, Xnevank, Xuçap və Kiransə kilsələri var. Onların statusu iki ölkə arasında gərginlik yaradıb. Bildirilir ki, rəsmi Tbilisi Ermənistan-Gürcüstan sərhədi yaxınlığında yerləşən 5 kilsə üçün rəsmi status istəyir. Erməni Apostol Kilsəsi gürcü kilsəsinin statusu haqqında iddialarla razı olsa da, kilsələrə nəzarətin Gürcüstanın əlinə keçməsinə qarşı çıxır. Erməni tərəfi XI-XII əsrlərdə bu monastırların həqiqətən gürcü kilsələri kimi istifadə olunduğunu təsdiqləyib: “Ancaq onlar apostol kilsəsi kimi tikildiyi üçün bizdə qalmalıdır”.

Əslində, Gürcüstan prezidentinin heç bir icraedici funksiyası yoxdur. Bütün icraedici səlahiyyətlər hökumətə aiddir. Bu baxımdan, məsələyə hökumət üzvlərinin münasibəti daha maraqlıdır. Ölkənin xarici işlər naziri David Zalkaliani deyib: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələ həssas olduğundan biz buna ehtiyatla yanaşırıq”. Onun sözlərinə görə, yaxın günlərdə Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiya fəaliyyətini bərpa edəcək. D.Zalkaliani məsələ ilə bağlı azərbaycanlı həmkarı Elmar Məmmədyarovla daimi əlaqə saxladığını bildirib: “Biz Azərbaycan tərəfi ilə komissiyanın yenilənməsi ilə bağlı razılıq əldə etmişik”.

 

Bu günlərdə Gürcüstan parlamentinin binasında “Rusiya işğalçıdır” Vətəndaş Hərəkatının üzvləri Salome Zurabişviliyə qarşı impiçment tələbi ilə "Prezidentə qırmızı kart!” şüarı altında aksiya keçiriblər. Onlar bildiriblər ki, dövlət başçısının son bəyanatı ölkənin imicinə ciddi zərbə vurub. Bu aksiya barəsində danışdığmız məsələ ilə əlaqədar olmasa da, Salome Zurabişvilinin fəaliyyətinə qarşı Gürcüstan ictimaiyyətinin münasibətini əks etdirir. Təşkilatçılar prezidentin son bəyanatının dövlət əleyhinə olduğunu və Rusiyanın işğalçılıq siyasəti ilə üst-üstə düşdüyünü vurğulayıblar. Qeyd edək ki, S.Zurabişvili “Amerikanın səsi”nin gürcüdilli redaksiyasına müsahibəsində ABŞ-ın Gürcüstanda hərbi baza yerləşdirməsinin məqsədəuyğun olmadığını vurğulayıb.

 

Nəhayət, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaşayan erməni separatçılarına Gürcüstanın qucaq açması da Salome Zurabişviliyə başucalığı gətirmir. Cari ilin fevralında bu ölkədə keçirilən Uşu beynəlxalq turnirində Rusiya, Türkiyə idmançıları ilə yanaşı, Azərbaycanın işğal edilmiş torpaqlarından 12 “idmançı” da iştirak edib. Torpaqlarının bir hissəsi işğala məruz qalan Gürcüstanın belə davranışı başa düşülən deyil. Yoxsa, Salome Zurabişvili başda olmaqla rəsmi Tbilisi torpaqlarının itirilməsi ilə razılaşıb? Bu, onların öz işi olsa da, tutduqları mövqe yalnız beynəlxalq münasibətlər baxımından Azərbaycan üçün əhəmiyətli sayıla bilər.

 

 

Hər halda Gürcüstan prezidentinin Azərbaycana qarşı çıxışı, ermənisayaq ərazi iddiası köksüz deyil. O, 1952-ci il martın 18-də Fransada dünyaya gəlib. Bu ölkənin ictimai-siyasi mühitinin yetişdirməsidir. S.Zurabişvili 1974-2004-cü illərdə Fransa XİN sistemində çalışıb. 1980-84-cü illərdə Fransanın Strateji Planlaşdırma Mərkəzində fəaliyyət göstərib, 1990-93-cü illərdə Fransanın Çaddakı səfirliyində işləyib, 1993-96-cı illərdə Fransanın NATO-dakı daimi missiyasının birinci katibi olub, 1996-2003-cü illərdə Fransa XİN-in strateji şöbəsində işləyib. 2003-2004-cü illərdə Zurabişvili Fransanın Gürcüstandakı səfiri olub. 2004-cü ildən 2005-ci ilə qədər prezident Saakaşvilinin təklifi ilə Gürcüstanın xarici işlər naziri postunu tutub. Rus ordusunun Gürcüstandan çıxarılması prosesinə rəhbərlik edib. 2005-ci ilin noyabrında Zurabişvili müxalif Gürcüstan Yolu Partiyasını yaradıb. Ancaq anti-Rusiya olmaq ona Azərbaycan torpaqlarına iddia etməyə, yaxud iki ölkə arasındakı mübahisəli torpaqlar dövlət başçısı olaraq, səfər etməyə haqq qazandırmır.

Sonda ömür yoluna nəzər yetirəndə Salome Zurabişvilinin siyasi xadim kimi yetişməsində erməni izləri də görünür. Ermənilərə can yandırılması, onların uydurma tarixlərinin dəstəklənməsi Fransanın strategiyasının tərkib hissəsidir. Gürcüstanın indiki prezidenti isə Fransanın Strateji Planlaşdırma Mərkəzində fəaliyyət göstərib. Belə ehtimal etmək olar ki, aldığı təhsil onun gənc yaşlarından ermənisevər kimi formalaşmasında böyük rol oynayıb. Bu baxımdan, onun Azərbaycana qarşı davranışı gözləniləndir.(report) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam