Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

ƏRDOĞAN ÇƏTİN SEÇİM QARŞISINDA:Türkiyənin Rusiya ilə yaxınlaşmasına son vermə planı işə düşür - ARAŞDIRMA

Ergün Diler

“Takvim”, Türkiyə, 23 aprel 2019-cu il

 

Yenixeber.org: Məlumdur ki, CHP lideri Kamal bəy Qılıcdaroğlu təşkil olunmuş bir hücuma məruz qaldı. Unutmayın, bu torpaqlarda heç bir şey öz-özünə baş verməz. Bir şəhid yasında olmamalı olan hadisə idi, lakin oldu. İnşallah, təkrar olunmaz. Hadisə daha da böyüməz.

Ancaq hava dumanlıdır. Hesab edirəm ki, bunu məndən çox vurğulayan yoxdur. Çox açıq yaza bilməsək də, gəlin, müəyyən nöqtələrə toxunaraq gedək.

Qorbaçov ortaya çıxdı və 1991-ci ildə Sovet İttifaqını, son imperiyalardan birini dağıtdı. Ölkənin köhnəlmiş quruluşla artıq yola davam edə bilməyəcəyini bilirdi. Bunu açıqladı da.

Sonra Yeltsin səhnəyə çıxdı. Yəhudilər də Rusiyanın ən qiymətli sərvətlərini dəyər-dəyməzinə ələ keçirdi.

Daha sonra KQB dövrəyə girdi. Hərbçilərin rəhbərlik etdiyi qrup Putini başa keçirdi. Və verilənlər geri alındı. Bir balans yaradıldı.

Sovet İttifaqının dağılması türk cümhuriyyətləri ilə Ankara arasında mövcud olan bağın daha çox güclənməsinə yol açacaqdı. Təbii, izin verilsəydi.

Sovet İttifaqı dağılmışkən, böyük bir üfüq açılmışkən Türkiyənin daxili qarışdı. 1993-cü il Türkiyə üçün ən qaranlıq il idi. Türkiyə Orta Asiya və Avrasiya ilə deyil, öz daxili ilə əlləşsin deyə, Turqut Özaldan Uğur Mumcuya, Əşrəf Bitlisdən Cem Ərsevərədək çox əhəmiyyətli işlər görən çox önəmli şəxslər aradan götürüldü.

Elə də oldu. PKK və iqtisadi şərtlər Ankaranı sıxışdırırdı. Bu iqlim 28 fevraladək (1997-ci ildə hərbçilərin Nəcməddin Ərbakan hökumətinə qarşı verdiyi bəyanat nəzərdə tutulur – tərc.) uzanan yolu açacaqdı. ABŞ-a uyğun qurumların böyüməsi və yayılması istənilirdi. ABŞ həm daxildən, həm də xaricdən təzyiq edirdi. Həm də çox ciddi şəkildə.

Bu şəraitdə Abdulla bəy Gül və Tayyib bəy Ərdoğan AKP-ni qurdular. Abdulla bəy ABŞ-la birgə çalışmayacağını bu ölkə hərbçilərinin Türkiyəyə gəlməsinə razılıq verilməsini nəzərdə tutan TBMM qərarının səsverməyə qoyulması zamanı göstərmişdi. Tayyib bəy də balansları qoruyaraq hərəkət edirdi. Rəhmətlik Ərbakan xoca ABŞ əleyhdarı idi. Onun iki silahdaşı, ola bilsin, ABŞ-la birbaşa mübarizəni erkən hesab etdikləri üçün siyasi olaraq yollarını ayırırdı.Yollarına AKP ilə davam edirdilər. Bu, həm də doğru idi.

Əslində, lap əvvəldən AKP bir koalisiya kimi qurulmuşdu. Partiya daxilində çoxsaylı qüvvələr vardı. Bizlərin çoxu bunu bilmirdik.

Sovet İttifaqı dağılınca, ölkənin sükanını Rusiya, yəni Moskva ələ alınca, Avrasiya fəlsəfəsi yayılmağa başladı. Xatırlayın, ABŞ-ın məşhur strateqi Zbiqnev Bzejinski “Avrasiyaya hakim olan dünyaya hakim olar” deyirdi. Rusiyanın içindən yüksələn səslər Moskva-Tehran-Ankara üçlüyünün xəyalını qururdu. Bu üçlük bir araya gələrsə, böyük bir gücün ortaya çıxacağını və ABŞ-ın buralardan gedəcəyini proqnozlaşdırırdı. Haqlı idilər.

Kremlə yaxın ağıl sahibləri Avrasiya fəlsəfəsini yaymaq üçün hər ötən gün öz addımlarını sıxlaşdırırdı. Eyni zamanda Türkiyə daxil olduğu Qərb ittifaqı ilə, həm ABŞ-la, həm Avropa Birliyi (AB) ilə böyük problemlər yaşayırdı. Türkiyə canını yandıran məsələlərlə əlaqədar çox hallarda yalnız qalırdı. İstədiyi dəstəyi ala, yaxınlığı görə bilmirdi. NATOüzvü idi, lakin PKK ilə mübarizə apardığı halda, ABŞ, Fransa və Almaniyanın terrorun pərdə arxasında olduğunu görürdü. Canımız yanırdı, dostlarımız isə qarşımıza səmimi məyusluqla deyil, maskalarla çıxırdı. Çünki regionun dizayn edilməsi lazım idi. PKK bu məqsədlə qurulmuşdu. Ankara bu əməliyyata qarşı dirənirdi. Məsələ bu idi. Amma əsas məsələ ilə deyil, detallarla məşğul olunurdu.

2002-ci ildə AKP-nin səhnəyə çıxdığı vaxt, daha dəqiq desək, 07 mart 2002-ci il tarixdə Milli Təhlükəsizlik Şurasının Baş katibi ordu generalı Tuncer Kılınç öz çıxışında dedi: “Türkiyə milli maraqları ilə bağlı problemlərdə AB-dən dəstək görmür. Rusiya da bir yalnızlıq içindədir. Beləliklə, ABŞ-ı gözardı etmədən, İranı da içinə alan yeni bir arayışa girməyin lazım olduğunu düşünürəm”.

Hərbi akademiyada edilən bu çıxış həddindən artıq diqqətə səbəb oldu.

Yaxşı, general Kılınç bunu özbaşına söyləyə bilərdimi? Sanmıram. Türkiyə Silahlı Qüvvələri (TSQ) daxili iyerarxiyasına görə, bu, mümkün deyildi. Lakin bu, “dərin dəhlizlər”i sarsıdan bir çıxış idi.

Vaşinqtonu sarsıdan bu çıxışdan sonra İraq işğal edilir və hərbçilərimizin başına çuval keçirilirdi. Qarşı tərəf dayanmır, durmadan üstümüzə gəlirdi. Kipr“soyqırım” layihələri kimi Türkiyəni özlərindən uzağa itələyən addımlara imza atmaqdan da çəkinmirdilər. Baş verən onlarla hadisə TSQ-nin Avrasiya yönünü gücləndirirdi.

TBMM-in məlum qərarı (01 mart 2003-cü il – tərc.) və yaranan böhran ABŞ üçün böyük yara idi. İstədiklərini edə bilmirdilər. Türkiyə onlara “Dur!” deyirdi. Amma onlar durmayacaqdı. Gəldikcə gəldilər. “Ergenekon” əməliyyatı və onun bitməyən dalğaları ölkəni çaşdırmışdı. Hərbçilər həbs edilir, Baş qərargah rəisi olmuş şəxslər həbsxanaya göndərilirdi. Türkiyənin üzərinə gələnlər, əslində, Avrasiya fəlsəfəsinə dəstək verənləri toplayırdı. Dava-dalaş getdiyi vaxtda çox danışılmırdı, ancaq məqsəd NATO-dan, Qərbdən qopmaq istəyənlərə dərs vermək idi.

Təbii, biz bunu öz aramızda yaşayırdıq. Türklər gəlib türkləri aparırdı. Əməliyyatlar bir-birinin ardınca davam etdi. Sonda dönüb siyasətə sıçradı. İşlər əməlli-başlı qarışdı. Bu dəfə siyasət bu dalğalara “Dur!” dedi. Və MİT-dən XİN-ədək bütün dövlət qurumlarında gərginlik artdı. Durum doğum sancısı kimi idi. Hər kəs ağrı çəkirdi, heç kim nə olacağı ilə bağlı etibarlı bir fikrə sahib deyildi. Eyni fırtına bizi Gezi parkından 17-25 dekabra, oradan da 15 iyul hadisələrinə aparırdı. Nəticədə böyük qırılma baş verirdi.

Bu arada Rusiyanın Ankaradakı səfiri Karlov öldürülür, rus təyyarəsi düşürülür və gərginlik tavana qalxırdı. Ayrıca, Rusiya həm Suriyada, həm də öz sərhədləri daxilində hücuma məruz qalırdı. Qızıl Ordunun xor ansamblını daşıyan təyyarə Qara dənizə gömülürdü. Bir qüvvə Rusiya-Türkiyə yaxınlaşmasına şiddətlə etiraz edirdi.

İranla isti münasibətlərin qurulması isə, onsuz da, istənmirdi.

15 iyulun nəticələrinə baxdıqda isə görünür ki, NATO-ya yaxın duranlar ya həbs edilir, ya da qaçırdı. Gedən gəlmirdi. Hələ bu gün belə NATO-ya, ABŞ-a yaxın şəxslər tapılaraq həbs edilməkdə, əməliyyatlar davam etməkdədir.

Hərbçilər ortaya mövqe qoyurdu. Xatırlayırsınızsa, ordu generalı Kıvrıkoğlu “ABŞ Konqresi “erməni soyqırımı” layihəsini qəbul edincə səfərimi ləğv etdim” deyirdi. Bu mövqe yeni deyildi. Baş verən hadisələr tərəfdaşlıqla bir araya sığmayınca, Ankara yeni yol arayışına girirdi.

Ankara elə bu yola girərkən iqtisadi əməliyyata start verildi. İllərdir böyük şəhərlərdə seçkini udan AKP bu şəhərləri itirdi. Bu, seçkilərin ruhuna uyğun idi. Lakin artıq burada heç bir şey təbii baş vermədiyi üçün ağıllarda“Görəsən, niyə belə oldu?” sualı vardı. Çünki hər kəs şübhə ilə baxırdı. F-35S-400 böhranları hələ canlı idi. S-400-lərin alınması Avrasiya ilə nəhəng bir bağın qurulması demək olurdu. Bunu ən yaxşı bilən ABŞ idi. Və biz görsək də, görməsək də gərginlik artırdı. Artmağa davam edəcəkdi. Bunu bilmək üçün kahin olamağa ehtiyac da yoxdur.

Çinlə yaxınlaşma, Kobani hadisələri və itirilən 50 can hələ yaddaşlarda təzəliyini qoruyurdu.

Adlar çəkmək istəmirəm. Elə bir niyyətim də yoxdur. Məqsədim hadisələrin inkişafının gedişini xülasə etmək və anlaşılmasını təmin etməkdir.

Ərdoğan həm AKP daxilindən, həm də xaricindən hədəf olaraq seçildi. Yəni onlar üçün artıq Ərdoğan istənməyən şəxsdir. Çünki belə böyük bir seçim edilərkən, yəni Avrasiya seçimi gündəliyə gətirilərkən Qərblə ittifaq içində olanlar hər yerdən özlərini göstərəcəklər. Bu da başadüşülən hadisədir. Belə ki, bir qrup hələ Qərblə münasibətlərin düzələ biləcəyini düşünməkdədir. Təbii, bu düşüncə siyasətə daşınınca qarşımıza bölünmə olaraq çıxacaqdır. Həm də yaxınlarda çıxacaqdır. Çünki ortada Koreyaya hərbçi göndərən Türkiyədən Avrasiyaya keçmək istəyən bir Türkiyə vardır. Siyasətdə, bürokratiyada və iş dünyasında buna qarşı olanlar da vardır. Mübarizənin səbəbi budur.

Türkiyənin ən dəyərli şeyi mövqeyidir. Bunu min dəfə yazdım. Amma durum budur. İki qüvvə Türkiyənin yönü uğrunda mübarizəyə başladı. Həm də elə belə deyil, əməlli-başlı.

Adlar çəkmirəm, doğru hesab etmədiyim üçün çəkə bilmirəm. Amma hər kəs ortaya çıxacaqdır. Bu, elə bir mübarizə deyil ki, kimsə kənardan, bir bucaqdan izləsin. Kimin qalib gələcəyini, kimin uduzacağını bilmirəm. Baş verənləri yaxından izləsəm də, bilmirəm. Lakin gördüyüm odur ki, ən çətin durumda olan Ərdoğandır. Ya mövcud güc balansları içində tarazlıq tapacaq, ya da yeni tarazlıq quracaq. Bu, asandırmı? İnanın, heç də asan deyil. Çox şey, çox hadisə baş verəcək. Qılıcdaroğluna hücum başlanğıcdır. Mövcud tarazlığın hər iki ucunda olanlar tarazlığı dəyişdirəcək həmlələr edəcəklər. Bu, dəqiqdir.

Qeyd: Edilən duada Atatürkün adının çəkilməməsini görən polkovnik Öndər İrevül din xadiminin yanına gedərək, “Sən Atatürk adlı bir adam tanıyırsanmı?” deyərək sual etdi. Mən bunu görər-görməz, mesajı anladım. Qarşıdakı günlərdə daha yaxşı anlaşılacaqdır.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam