İKİ FƏRQLİ MƏTN, İKİ FƏRQLİ RUHANİ –İran prezidenti Əhli-Beytin qonşu barədə öyüdünü nə tez unutdu?
İran prezidenti Həsən Ruhaninin fevralın 11-də İslam İnqilabının 40 illik yubileyi ilə bağlı çıxışında qonşu dövlətlərə ərazi iddiası irəli sürməsi hazırda Azərbaycan KİV-lərində geniş şərh olunur.
Yenixeber.org: “Günaz TV”-dən Azərbaycan mediasına köçmüş məlumatı araşdırarkən, ilk cəhddə, sözün həqiqi mənasında çaşdım.
Təəccüb doğuracaq məsələlərdən biri Həsən Ruhaniyə aid iki elektron səhifədəki mətn fərqləridir. Sanki sağ əl sol əldən xəbərsiz iş görüb, ya da əksinə.
Belə ki ilk orijinal mənbə – Həsən Ruhaninin rəsmi saytı olan “Rouhani.ir”-dəki PDF (http://rouhani.ir/files/attachments2/Rouhani.ir_1392.11.22_%D9%85%D8%AA%D9%86%20%DA%A9%D8%A7%D9%85%D9%84%20%D8%B3%D8%AE%D9%86%D8%B1%D8%A7%D9%86%DB%8C%20%D8%B1%D8%A6%DB%8C%D8%B3%20%D8%AC%D9%85%D9%87%D9%88%D8%B1%DB%8C%20%D8%AF%D8%B1%20%D8%B3%DB%8C%20%D9%88%20%D9%BE%D9%86%D8%AC%D9%85%DB%8C%D9%86%20%D9%85%D8%B1%D8%A7%D8%B3%D9%85%20%D8%B3%D8%A7%D9%84%DA%AF%D8%B1%D8%AF%20%D9%BE%DB%8C%D8%B1%D9%88%D8%B2%DB%8C%20%D8%A7%D9%86%D9%82%D9%84%D8%A7%D8%A8%20%D8%A7%D8%B3%D9%84%D8%A7%D9%85%DB%8C.pdf?fbclid=IwAR31Y6bDhy6-lon_Jy7VMDVqFNUEjMCG1eOns7rQE0jvENfwQjBp5xkkOCY) “kamil mətn” kimi təqdim olunur və mövzu ilə bağlı iqtibas olunacaq bircə cümlə var: “Ölkəmiz 200 ildir ki, başqa ölkələrə təcavüz etməyib və yalnız təcavüzkarlara qarşı müdafə olunub” (کشور ما ۲۰۰ سال است که علیه کشوری تجازو نکرده و فقط در برابر متجاوزین دفاع کرده است)
Lakin İran İslam Cümhuriyyəti Prezientinin rəsmi saytında 22 Bəhmən (11 fevral 2019-cu il) çxışının mətni (http://president.ir/fa/107978?fbclid=IwAR1dblBoMpaESZ0Pug2zexbEvJBZPlbb2QMjPYr5sGkC24P-9nhFbExfeBY) tam fərqlidir və Azərbaycan mediasında tirajlanan iddiaların doğruluğuna zəmanət verir:
“Dr. Ruhani İslam İnqilabının İranın qorunması baxmından çox qiymətli olduğunu vurğulayıb: “İnsanlar yaxşı bilirlər ki, 205 il bundan əvvəl Şimali İran bölgələri və Qafqazın böyük bir hissəsi xain Qacar sülaləsi dövründə İrandan ayrı düşüb. 191 il əvvəl isə onlar Şimali İranın başqa bir hissəsinin Ana Vətəndən ayrılmasına bais olublar. Həmçinin, 172 il əvvəl şimal-qərbdə və 163 il əvvəl Şərqi İranın böyük bir hissəsini.
Prezident çıxışının davamında deyib: “138 il bundan əvvəl Şimal-Şərqi İranın bir hissəsi bu ölkədən qoparılıb, bundan 100 il əvvəl hazırda bir neçə ölkə şəklində mövcud olan Fars körfəzinin cənubundakı böyük bir hissə Cənubi İrandan ayırılıb, hətta 47 il bundan əvvəl, yəni İslam inqilabının zəfərindən yeddi il əvvəl mənfur Pəhləvi rejimi dövründə İranın 14-cü əyaləti adlandırılan, coğrafi olaraq Cənubi İranın mühüm bir hissəsi ondan qoparılıb.
Doktor Ruhani bildirib ki, Qacar və Pəhləvilərin bivec ünsürləri dövründə İran ərazilərinin üçdə ikisi ölkədən qoparılıb, bu da keçmiş rejimlərin dini, mədəni, sosial və s. ilə yanaşı, İranın ərazi bütövlüyünə də xəyanət etdiyni göstərir.
Prezident insanların 100 il əvvəl baş vermiş dünya müharibəsi tarixini və İranın şimalı, qərbi və cənubunun üç müttəfiq qüvvə tərəfindən necə işğal olunduğunu hələ də xatırladıqlarını qeyd edərək, bildirib: “77 il bundan əvvəl, ilk Pəhləvi şahının hökmranlığı dövründə, İkinci Dünya müharibəsində İranın bitərəfliyinə baxmayaraq, müttəfiqlər İranı şimal və cənub hissələrə böldülər və ölkəni idarəçiliyini mənimsədilər. Onlar şaha İranı tərk etməyi buyurdular və oğlunun növbəti şah olacağı şərti ilə o, müttəfiqlərin bütün şərtlərini qəbul etdi…”
Həsən Ruhaninin təxminən 45 dəqiqəlik çıxışının ilk dəqiqələrini (5-15) əhatə edən hissədəki ifadələrdə özlüyündə yeni bir şey yoxdur. Tarixi keçmişə səcdə, ucsuz-bucaqsız imperiya xatirələri bir çox xaqlara və ya onların təmsilçilərinə xas keyfiyyətdir.
Pişdadilərdən Pəhləvilərədək 2500 illik monaxiya silsiləsini tarixin tozlu rəfinə qoyub, respublika quruluşuna keçən İranda bu orta əsr düşüncəsini canından-qanından çıxara bilməmək eybi var. Az qala hər bir iranlının qulağına beşikdə “Azan” oxunduqdan sonra əzəmətli keçmiş, qüdrətli əcdadlar və “itirilmiş torpaqlar” barədə duyğular təlqin olunur, böyüyüb kamilləşənədək xarici və daxili düşmənlərə kin-küdurət aşılanır və o, “möhtəşəm yüzillik” xiffətini qəbrədək qafasında və qəlbində daşıyır.
Amma Konstitusiyasında “dünyanın hər yerində müsəlmanların müdafiəsi” vəzifə olaraq yazılmış İslam Respublikasının prezidenti, hər halda, çağın gerçəklərini qavramalı, tarixin qatlanış səhifələrinə geriyə çevirməməli, ən azı ona vurulan “islahatçı” damğasını şifahi və əyani doğrultmaldır.
Üstəlik, ötən yüzillklərin qatlanmış dövrləri ilə bağlı mübahsələr, əgər varsa, publik siyasətçlərin yox, tarixçilərin öhdəsinə düşür. Yəni Həsən Ruhani və ya eyni düşüncə daşıyıcısı olan istənilən digər iranlı siyastçi bu dairədə deyil.
Sadə bir sual: İran prezidentinin açıqlamaları ərazi iddiası kimi yozula bilərmi?
Şübhəsiz, Qafqazın üç dövlətindən – Azərbaycan, Gürcüstan və Ermənistandan başlayaraq, Mərkəzi Asiya dövlətləri, habelə Əfqanıstan, Pakistan, İraq və Körfəzin sahil dövlətlərinə qədər hər bir ölkə bu ifadələri bostanına atılmış daş kimi yoza bilər və bu təfsirdə onların hər biri haqlıdır.
Təəccüb doğuracaq mətləb Həsən Ruhaninin hazırkı məqamda “möhtəşəm yüzillik” xiffətinə qapılmasıdır.
Məntiqli sual doğur: İran ətrafında siyasi-diplomatik, maliyyə-iqtisadi və hərbi çəmbərin daraldığını nəzərə almalı olan rəsmi Tehran ona həmdərd, etibarlı arxa ola bilcək dövlətləri özündən niyə küsdürür?
Şəxsən mənim üçün İran siyasi elitasında praqmatik-mühafizəkar kimi səciyyələndirdiyim Həsən Ruhaninin 22 Bəhmən çıxışı gözlənilməzdir. Bir o dərəcə də məyusedici.
Azərbaycan Respublikaının suvereliyini və ərazi bütövlüyünü rəsmən tanıyan, ölkəmizlə bir sıra mühüm, o cümlədən Şimal-Cənub Nəqliyyat Dəhlizi və Xəzər dənizinin cənub hissəsindəki neft blokları ilə bağlı layihələrdə ortaq olan, Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə, keçmişin bir çox, açıq deyim, Qacar və Pəhləvi İranının varisi olan İslam Respublikası üçün rüsvayçı sənədlərin üzərindən qalın xətt çəkən ölkənin başçısı 22 Bəhmən çıxışı ilə, fərqindədirsə, etimadını da itirir.
Bəlkə, Həsən Ruhani Azərbaycan-İran Biznes Forumunda (29 mart 2018-ci l) söylədiklərini unudub?
Bu ki 200 il əvvəlin deyil, bir il əvvəl söylənən sözlərdir:
“Bizə keçmişdən və Peyğəmbərin məsumlarından qalan rəvayətlərdə deyilir ki, əgər yaşamaq üçün ev tikmək istəyirsinizsə, ilk növbədə, ətrafınızdakı qonşulara baxın. Yaxşı qonşu sizin onunla qonşuluğunuzu qiymətləndirəcək. O vaxt sizin eviniz təhlükəsiz və asayişdə olacaq.
Beləliklə, sizin də qonşunuzla münasibətləriniz sakit və rahat olacaq.
Əgər qonşunun qapısı açılarsa və siz orada gül-çiçək görərsinizsə, qonşunun bağçasından ləzzət alacaqsınız. Əgər qonşunuzun dediyi sözlər dostcasına deyilirsə, siz də rahat olursunuz.
Biz Azərbaycanın yanındayıq. İran təhlükəsiz olarsa, Azərbaycan da təhlükəsiz olacaq. Azərbaycan inkişafda olarsa, İran da inkişafda olacaq.
…Hər şey sədaqətdən başlayır. Bir-birimizə sadiq olaq, qardaş olaq, dost olaq. Ola bilər ki, mən sizinlə bir iclasda, ticarətdə, Allah eləməmiş, sizi aldatmış olam və bundan xeyir götürəm. Amma bu xeyir sonuncu xeyir olacaq və bitəcək.
Əgər hər ikimiz bir-birimizi fikirləşsək, düşünsək, qarşılıqlı mənafeyimizi güdsək, bu ticarət davamlı olacaq. Biz gərək faydalı münasibətlər barədə düşünək. Siz fayda götürün, biz də fayda götürək…”
Əziz Rzazadə: (strateq.az)