ALMANİYA ANTİ-RUSİYA CƏBHƏSİNİ DAĞIDIR! –ABŞ səfiri alman şirkətlərini necə hədələdi
ABŞ-ın Berlindəki səfiri Riçard Qrenellin hərəkətləri siyasi və KİV dairələrində hiddət dalğası yaradıb. Səfir bu yaxınlarda məktubunda Almaniya şirkətlərinin “Şimal axını-2” layihəsində iştirakdan uzaq durmaları barəsində yazıb.
Yenixeber.org: Onun bu sözləri təhdid kimi qəbul edilib. Belə ki, Qrenell şirkətlərə bildirib ki, Rusiyanın dövlət enerji konserni “Qazprom”a qarşı ABŞ-ın planladığı sanksiya onlara da toxuna bilər. Formal nöqteyi-nəzərdən səfirin hərəkətləri həqiqətən də diplomatik normalara ziddir. Bu hərəkətlər hətta qeyri-məhsuldar ola bilər, çünki Qrenellin təhdidedici davranışları ilk öncə “Şimal axını-2”-yə qarşı çıxış edən yerli skeptikləri qorxuda bilər. Onlar istəmirlər ki, ABŞ-ın işgüzar dairələrinin maraqlarına xidmətdə ittiham olunsunlar.
Amma bütün bunlar ABŞ səfirinin düz olduğu faktını dəyişmir. Almaniya “Şimal axını-2” layihəsinin reallaşdırılmasını inadkarcasına dəstəkləməklə böyük siyasi səhv edir. Bu səhv nəinki Almaniya-Amerika münasibətlərində, həm də Avropanın birlik nümayiş etdirməsi yolunda Almaniyanın avropalı tərəfdarlarının gözündəki reputasiyasına ciddi zərbə vura bilər.
Ona görə də, hətta əgər Qrenellin hərəkətləri bu cür nəticələrə gətirisə, onda Rusiya qaz kəməri mübahisəsində söhbət heç bir halda Amerika və Avropa arasındakı münaqişədən getmir. Lakin “Şimal axını-2”-nin tərəfdarları məhz bu yanlış təəssüratı həmişə ictimaiyyətə təlqin etməyə cəhd göstərirlər.
Məsələn, Almaniya xarici işlər naziri Hayko Maas Qrenellin çıxışına belə reaksiya verib: “Avropanın enerji siyasəti Amerikada deyil, Avropada həll edilməldir”. Amma burada Maas Polşa, Danimarka və Pribaltika dövlətləri kimi bir çox Avropa Birliyi üzvlərinin artıq çoxdan və həm də ardıcıl şəkildə “Şimal axını-2”-yə qarşı olduqları faktını hesaba almır. Hələ 2015-ci ildə bu layihəyə qarşı skeptik yanaşan on ölkə Avropa Komissiyasına məktub yazmışdı. Çünki Rusiya qazının əlavə idxalı nəinki təkcə təhlükəsizlik sahəsində problemlər yaradacaq, həm də Avropa Birliyinin 2030-cu ilə kimi faydalı qazıntılar mənbəyindən əldə olunan enerjinin kəskin azaldılması siyasətinin məqsədinə ziddir.
Dekabrda Avropa parlamenti “Şimal axını-2”-nin inşasının durdurulması tələbiylə qətnamə qəbul edib. Yüz nəfər avropalı parlament üzvü bundan bir qədər öncə məktubla Angela Merkelə müraciət edərək, onu “Şimal axını-2”-nin tərəfdarı kimi Avropanı parçalamaqda ittiham ediblər. Məktubda deyilib: “Hörmətli xanım federal kansler, ilk öncə Almaniya prinsipini yox, Avropa yolunu seçin”.
Belə alınır ki, məhz bu məsələdə Berlin özünü Avropadan təcrid etmiş olur. Sözdə multikulturalizmin qatı tərəfdarı kimi qlobal miqyasda özünün Donald Trampın millətçiliyinə qarşı dayandığını göstərməyə çalışan Berlin, Putin rejiminin əlavə qaz kəməri vasitəsilə Avropaya təzyiq göstərəcəyini deyən əksər avropalıların fikirlərinə ciddi yanaşmamaqla özünü gözdən salır.
Formal olaraq Almaniya hökuməti daima göstərir ki, “Şimal axını-2” xalis iqtisadi layihədir. Lakin ekspertlər artıq çoxdandır hesablayıblar ki, bu qaz kəmərindən əldə olunacağı gözlənilən iqtisadi fayda hədsiz şübhəlidir. Onların analızinə görə, artıq indi onun reallaşdırılmasına çəkilən xərc rəsmi smetanı üç dəfə ötür.
“Şimal axını-2” istismar müəssisəsi kimi nəhəng zərər verə bilər. Ancaq Kreml bu layihəni həyata keçirmək üçün bütün səyini qoyub. Bu isə Moskvanın Avropada öz təsir vasitəsini həyata keçirmək üçün həmin layihəyə vasitə kimi baxdığının daha bir sübutudur.
Berlin “Şimal axını-2”-ni dəstəkləməsinin səbəbi kimi Rusiyanın Ukrayna ərazisiylə tranzit qaz kəmərini davam etdirəcəyi vədini göstərir. Hal-hazırda Moskva Azov dənizində iqtisadi baxımdan Ukraynanın oksigenini kəsməyə çalışır. Ona görə də Almaniyanın Rusiya qaz sövdələşməsindən inadla əl çəkməməsi çox həyəcanlı siqnal kimi qəbul olunur.
İqtisadi cəhətdən faydalı olacağı dövrədək Rusiya qazının bir şaxəsinin Ukraynadan keçəcəyi barəsində Moskvanın şifahi sözündən başqa Berlin elə də əhəmiyyəti bir şeyə nail olmayıb. İqtisadi fayda kriteriyasına söykənmək isə göstərir ki, bu məsələ Moskvanın iradəsindən asılı olacaq.
Kremlin öz siyasi məqsədləri naminə istifadə etdiyi neft-qaz sənayesinə Qərb investorlarının pul qoymasına maneçılik törədilməsini ABŞ konqresindəki hər iki partiya dəstəkləyir. “ABŞ təhlükəsizliyinin Kreml təcavüzündən müdafiə aktı”nı qəbul etməklə müvafiq sanksiyaların tətbiqini nəzərdə tutan ABŞ konqresi, Trampın müstəqil şəkildə Putinlə Qərb müttəfiqlərinə ziyan vura biləcək hər hansı sövdələşmə bağlamasına imkan verməmək üçün xüsusi hüquqi əsas yaradıb. Əgər Almaniya Putinə qarşı formalaşmış vahid Qərb cəbhəsini dağıdacaqsa, onda bu Trampı yox, onun daxili siyasi rəqiblərini zəiflədəcək.
“Şimal axını-2” məsələsi ilə əlaqədar Trampın Moskvaya qarşı sərt xətt yürütməsinin səbəbi, əlbəttə ki, onun öz ölkəsinin iqtisadi mənfəəti barəsində düşünməsindən irəli gəlir. Sirr deyil ki, ABŞ Avropa enerji bazarında öz payını əhəmiyyətli dərəcədə artırmaq istəyir. Amma özünün bahalı sıxılmış qazını avropalılara sırımaq üçün “Qazprom”-un Avropadakı enerji hökmranlığına qarşı müqavimət göstərən ABŞ-ın zəhlətökən rəqib -Rusiyanı meydandan çıxarmaq istəyini önə çəkmək, problemin demaqoqcasına sadələşdirilməsi olardı.
O ki qaldı bu mübahisədə Vaşinqtonun təzyiqnə, bu heç də amerikalıların niyyətindən meydana gəlməyib.
Səbəb ondadır ki, Almaniya özünün uzaqgörənlikdən xəbər verməyən Rusiya tərəfdaşlığı ilə bir sıra Avropa partnyorlarını küncə qovmuş olur və indi onlar ciddi təhlükələr daşıyan “Şimal axını-2”-nin reallaşdırılmasını dayandırmaq üçün yalnız ABŞ sanksiya təzyiqlərinə ümid bəsləyə bilərlər.
(“Die Welt”-Almaniya)