Ermənistan Nikol Paşinyanın idarəçiliyi altında ciddi sıxıntılar yaşayır.
Yenixeber.org: Serj Sarkisyanın xunta rejimini devirən və böyük vədlərlə küçədən siyasətə gələn Paşinyan verdiyi vədləri əməl etmədi. Onun korrupsiya ilə mübarizə istiqamətində atdığı addımlar isə daha çox keçmiş rejimdən, yəni vaxtilə onu həbsə atan, təqib edənlərdən qisas almaq istəyindən irəli gəlirdi.
Ermənistan bu gün ciddi problemlərlə üz-üzədir: Paşinyan əmək haqları və pensiyaların artımı ilə bağlı verdiyi vədlərə əməl etmədi; böyük miqdarda investisiya ölkədən çıxarılıb; işsizlik pik həddindədir;
Paşinyanın hakimiyyətdə olduğu 8 ay ərzində Ermənistan bir az daha uçuruma doğru yuvarlanıb.
Serj Sarkisyan rejiminin əsas sözçülərindən olan, parlamentin keçmiş vitse-spikeri, Respublika Partiyasının mətbuat xidmətinin rəhbəri Eduard Şarmazanov Fysbuk səhifəsində 8 ay ərzində Ermənistanda baş verən 10 neqativ hadisəni açıqlayıb.
Doğrudur, Şarmazanovun neqativ məqamlar üzərində dayanması daxili siyasi mübarizə fonunda başa düşüləndir, lakin faktlar onu haqlı çıxarır.
Şarmazanov: - İlk dəfə Diaspora Nazirliyi bağlanacaq.
Nikol Paşinyanın yeni sistemində bir sıra nazirliklər kimi, Diaspora Nazirliyinin də bağlanması qərara alınıb. Bu nazirliyin səlahiyyətlərini Xarici İşlər Nazirliyi həyata keçirəcək. Bu qərardan sonra Diaspora Nazirliyinin əməkdaşları, eləcə də Suriya, Livan kimi ölkələrdən Ermənistana köçürülmüş ermənilər hökumət binasının önündə aksiya keçirib. Ermənilər dünyanın müxtəlif ölkələrində də bu qərara etiraz aksiyası təşkil ediblər. Diaspordakı ermənilər hesab edirlər ki, haqqında danışılan nazir dünyadakı ermənilər arasında yeganə tənzimləyici qurumdur, onun ləğvi diaspor fəaliyyətinə zərbə olacaq.
Ekspertlər Paşinyanın ciddi etiraz doğuran bu qərarını bacarıqsız idarəçilik olduğunu bildiriblər. Diaspor ermənilərin əsas silahıdır, görünür, yeni hakimiyyət bu silahı aradan çıxarır.
Şarmazanov: - İlk dəfə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş katib postundan məhrum oldu.
KTMT-nin erməni baş katibi Yuri Xaçaturov haqqında “1 mart” işi üzrə cinayət açıldığı üçün postundan istefa verdi. Ermənistan onun əvəzinə başqa erməni nümayəndəni təyin etmək istəsə də, KTMT dövlətləri buna qarşı çıxdı. Son nəticədə Ermənistan KTMT-da məğlub oldu.
Şarmazanov: - İlk dəfə minlərlə vətəndaş Yeni İli işsiz statusunda qarşılayacaq.
Paşinyan hakimiyyətinin apardığı ixtisarlar Ermənistanda işsizlik problemini ikiqat artıb. Yeni hakimiyyət əmək haqlarının artırılması vədini yerin yetirmək üçün ixtisar siyasətinə başlayıb. Belə ki, əmək qabiliyyətli işçilərin ixtisar ediləsi digərlərinin əmək haqlarının artırılması üçün lazımi vəsaitin əldə edilməsi ilə nəticələnə bilər. Bu ilin statistikasına görə, Ermənistanda yoxsulluq 25 faiz həddini keçib. Hər 4 vətəndaş biri yoxsul sayılır. Bununla yanaşı, ölkədə əmək qabiliyyəti olan vətəndaşların yarıdan çoxu işsizdir. Məlumatlara görə, Paşinyan hakimiyyəti yeni ildə 150 minə yaxın iş yerini yenidən ixtisar etməyi planlaşdırır.
Şarmazanov: - İlk dəfə “Qarabağ qəhrəmanı” həbs edilib.
Burada söhbət keçmiş prezident, Qarabağ müharibəsinin hərbi cinayətkarı Robert Koçaryanın “1 mart” işi üzrə həbsindən gedir. Koçaryanın həbsi Ermənistanda ciddi qarşıdurma yaradıb, lakin Paşinyan geri çəkilməyəcəyini bəyan edir. Bəzi məlumatlara görə, o, Koçaryanı köhnə haqq-hesaba görə - 1 mart hadisələrindən bir gün sonra onu həbs etdirdiyi üçün barmaqlıqlar arxasına göndərib. Ümumilikdə isə Paşinyan siyasi rəqiblərini bir-bir gün üzünə həsrət qoyur.
Şarmazanov: - İlk dəfə “Qarabağ mübarizəsi” hakimiyyətin tutulmasından aşağı səviyyəyə qoyuldu.
Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş sazişi” partiyasının idarə heyətinin sədri Sasun Mikaelyan aprel inqilabının Qarabağ müharibəsindən daha üstün olduğunu bildirdi. Onun bu bəyanatı Ermənistan daxilində ciddi qarşıdurma yaratdı. Mikaelyan hesab edirdi ki, keçmiş hakimiyyət Qarabağ müharibəsi üzərindən iqtidara gələrək, ermənilərin “qanını içib”. Əslində işğalçı siyasətin Ermənistana aclıq və səfalətdən başqa heç nə vermədiyini nəzər alanda, Mikaelyanın haqlı olduğu ortaya çıxır.
Şarmazanov: - İlk dəfə Ermənistan müxalifətsiz parlamentə sahib olacaq.
Dekabrın 9-da Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” 70 faizdən çox səslə qələbə qazandı. Parlamentdə inqilab vaxtı Paşinyanı dəstəkləyən “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyalarından başqa heç bir partiya düşmədi. Xüsusilə əsas müxalifət hesab olunan Respublika Partiyası 4,7 faiz səslə baryeri aşa bilmədi. Hazırda Ermənistan parlamentində Paşinyana qarşı olan heç bir deputat yoxdur.
Şarmazanov: - İlk dəfə Eçmiədzin kilsəsinin dəftərxanaları tutuldu.
Bu ilin iyun ayında II Qareginin Ali patriarx və Bütün ermənilərin katolikosu titulundan imtina etməsini tələb edən “Yeni Ermənistan, yeni patriarx” hərəkatının fəalları Eçmiədzin kilsəsinin dəftərxana binasına zorla daxil oldular.
Məlumatlara görə, bu hərəkat Nikol Paşinyan tərəfindən dəstəklənir. Paşinyan ona qarşı çıxan II Qaregeni və kilsələri bu yolla zərərsizləşdirməyi planlaşdırır.
Şarmazanov: - İlk dəfə bütün ermənilərin katolikosuna hücum edildi.
“Yeni Ermənistan, yeni patriarx” hərakatının üzvləri yeni hakimiyyətin tapşırığına əsasən II Qareginə hücum ediblər. Məqsəd onun istefasına nail olmaqdır. Paşinyan bu məsələdə israr edir. II Qareginin yaxın dövrdə, güman ki, gələn ilin əvvəlində istefa verəcəyi deyilir. “Joxovurd” qəzeti yazır ki, II Qaregin istefası ilə bağlı hökumətlə razılaşıb. Yaxın dövrdə xəstəliyini səbəb göstərərək istefa verəcək.
Şarmazanov: - İlk dəfə homoseksuallar polisə hücum etdilər.
Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda homoseksuallar “zirzəmidən gün üzünə” çıxmağa başladılar. İrəvanda homoseksuallar forumu keçirildi, həmçinin, erməni homoseksuallar ümidlərinin Paşinyan olduğunu bəyan etdilər.
“Oteldə bir gey mənə...” – Paşinyandan ŞOK ETİRAF və İrəvanda homoseksual İNQİLABI
Paşinyanın özü də homoseksualizmə loyal yanaşdığını, Avropada otellərin birində qarşılaşdığı erməni “gey”in gözlərini unuda bilmədiyini açıqladı.
Şarmazanov: - İlk dəfə ölkə başçısı öz xalqını ağ və qaralara böldü.
Paşinyan küçədən hakimiyyətə gələndən sonra erməni cəmiyyəti “inqilabçı” və “əks-inqilabçı” olaraq bölündü. “İnqilabçılar” “əksinqilabçıları” təqib edir, onları sosial şəbəkələrdə təhqir edir və digər cəza metodlarına əl atırlar.
Faktlar 8 ayda Ermənistanın Paşinyanın rəhbərliyi ilə əvvəlki dövrlərlə müqayisədə daha da pis vəziyyətə düşdüyünü göstərir.(publika)
Asif