“HADİSƏLƏR QORXUDUCU HAL ALIB…” –Rusiya və NATO-nun əzələ nümayişləri
Norveç Xarici Siyasət İnstitutunun (NUPI) əməkdaşı xanım Yulie Vilhelmsen hesab edir ki, nəhəng “Üçdişli əsa” hərbi təlimləri Rusiya ilə ABŞ arasındakı yeni soyuq müharibənin bir həlqəsidir.
Yenixeber.org: Vilhelmsen deyir: “Heç kim soyuq müharibənin bu cür uzağa, şimala qədər gəlib çıxacağını güman edə bilməzdi, lakin o, rekord sürətli templə hərəkət edir, hərbi təlimlər yalnız buna nümunədir”.
“Üçdişli əsa” soyuq müharibənin qurtarmasından indiyədək NATO-nun keçirdiyi ən iri miqyaslı hərbi təlimlərdir. Startı verilmiş bu təlimlər həmçinin 1980-ci ildən bu günə kimi Norveç ərazisində keçirilən ən böyük təlimdir. Bu təlimlərin ssenarisinə görə Norveçi şərti adı Murinus olan dövlətdən qorumaq üçün 50 min NATO əsgəri səfərbər olub.
Vilhelmsen hesab edir ki, “Üçdişli əsa” təliminə Norveç və Rusiya münasibətlərini gərginləşdirən çoxsaylı faktorlardan biri kimi baxmaq lazımdır. Belə faktorlardan sonuncusu ABŞ-ın orta və qısa mənzilli raketlərin ləğvi müqaviləsindən çıxması xəbərdarlığıdır.
Vilhelmsen bu barədə bildirib: “2008-ci ildən başlayaraq Norveç NATO-nun şimala diqqət ayırması və blokun buradakı hərbi iştirakını artırması üçün əlindən gələn hər şeyi edir. Rusiya və Qərb arasındakı münasibətlər gərgin olmadığı vaxtlarda Norveçin bu cür təşəbbüslərinə Rusiya normal yanaşırdı”.
İndi Rusiya Norveçin təşəbbüslərinə çox şübhəli yanaşır. Rusiya hakimiyyəti Vernesdə yerləşdirilən Amerikan qarnizonuna və NATO-nun təlimlərinə qarşı kəskin mənfi münasibət bildirib. 2012-ci ildə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Arktikanın militarizasiyasına qarşı çıxaraq bildirmişdi ki, bu ərazilər hərbi alyanslardan azad zonalar olmalıdır. 2014-cü ildə Rusiya Krımı ilhaq etdi. Bu hadisədən sonra NATO-nun geniş miqyaslı hərbi iştirakı arqument qazandı və eyni zamanda da Rusiya da öz hərbi gücünü artırmağa başladı.
- Narahatçılıq üçün əsas
Vahid “Üçdişli əsa” təlimləri hələ 2014-cü ildə planlaşdırılmışdı. Lakin bu təlimlərin başlanmasından bir qədər öncə Norveçin Torms quberniyasında min nəfər amerikalı hərbçinin iştirakıyla ABŞ Hərbi Hava Qüvvələrinin Northern Screen (Şimal ekranı) başladı. Hal-hazırda isə Amerikanın “Harri Trümen” atom aviadaşıyanının da bu ərazilərdə fəaliyyətə keçməsi barədə məlumatlar verilir.
Vilhelmsen hesab edir ki, Norveç hakimiyyətinin özü ənənəvi siyasi təhlükəsizlik davranışlarından vaz keçir. “Tarazılıq siyasətininn yaranmasına yönəlmiş sıx əlaqələrin qurulması və hərbi fəaliyyətlərin məhdudlaşdırılması artıq prioritet sayılmır. Hadisələr qorxuducu hal alıb, ona görə də narahatçılıq üçün hər cür səbəb var. Hərbi təlimlər münasibətlərin ümumi gərginləşməsi prosessinin yalnız br parçasıdır”.
- Rusiya təbliğatı
Vilhelmsenin həmkarı Yakub Qodzimirski onun narahaçılığını bölüşmür. Y.Qozimirski deyir: “Üçdişli əsa” təlimlərinin keçirilməsi hələ öncədən elan olunmuşdu və bütün təhlükələrin əbəs olduğuna inanmaq üçün Rusiyanın bu təlimlərə öz müşahidəçilərini yollamağa kifayət qədər vaxtı olub. Moskva bu tədbirləri anti-Rusiya fəaliyyəti hesab edir və bununla da onlar öz reaksiyalarını lüzumsuz yöndə göstərirlər. Rusiyalı diplomatlar çox bacarıqla çoxgedişli partiya oynayırlar. Amma Amerikanın orta və qısa mənzilli raketlərin ləğvi müqaviləsindən çıxması göstərir ki, soyuq müharibə dövrünün qayıtması ilə razılaşmaq olar. Ola bilər ki, bu, rəqibdə dialoqa meyl oyandırmaq məqsədiylə edilir. Biz bu tərz taktikanı soyuq müharibə zamanı dəfələrlə müşahidə etmişik. Deməli yenidən bu metoda qayıdılır”.
- Qətiyyət nümayişi
Norveçin “Heyre” partiyasının müdafiə məsələləri üzrə nümayəndəsi Harek Elvenes deyib: “Hələlik yeni soyuq müharibədən söhbət getmir, amma biz görürük ki, Rusiya özünü xeyli əmin aparır. Onlar şimaldakı hərbi potensiallarını artırırlar. Rusiya özünün şimal sərhədlərinə xüsusi diqqət ayıran yeganə dövlət deyil. Həmçinin, NATO da öz gücünü artırır. NATO bu bloka daxil olmayan İşveç və Finlandiya kimi ölkələrlə də intensiv əməkdaşlıq edir. NATO-nun əzələ nümayiş etdirməsində təəccüblü heç nə yoxdur. Hərbi-siyasi blok kimi NATO özünün qətiyyətini göstərir və əgər o özünü başqa cür aparsa, onda bu zəiflik kimi qəbul olunar. Bundan isə istifadə etməyə çalışarlar”.
“Qırmızılar partiyası”nın lideri Byörnar Moksnes onunla razı deyil. B.Moksnes bildirib: “Norveç kiçik ölkədir. BMT kimi beynəlxalq təşkilatların köməyilə münaqişələrin dialoq yoluyla həll olunması və sülh bizə sərf edir. Əgər Norveç nəhəng dövlətlərin mübahisə meydançası olacaqsa, onda sadə norveçliləri nə ruslar, nə də amerikalılar müdafiə edə bilməyəcəkər”.
- “Vahid üçdişli əsa” təlimi
Bu, soyuq müharibə dövründən ən böyük NATO hərbi təlimləri və 1980-ci illərin başlarından indiyədək Norveçdə keçirilən ən iri miqyaslı təlimdir. Bu təlimlər müdafiə məqsədli adlandırılır, müttəfiqlər NATO-nun nizamnaməsinin kollektiv müdafiə barəsindəki 5-ci bəndinə müvafiq olaraq müştərək təlimlər həyata keçirirlər. Təlimlər 25 oktyabrdan 7 noyabradək keçiriləcək və ən böyük kontingent kimi ABŞ (18,5 min əsgər), Almaniya (9 min əsgə) və Norveç (6,8 min əsgər) iştirak edirlər.
“Vahid üçdişli əsa” cənubdakı Rena ərazisindən şimaldakı Trondxeymə kimi uzanır. 30 oktyabrda Byünestdəki əsas təlimlərdə 500 nəfərlik yüksək vəzifəli qonaq müşahidəçi kimi iştirak edəcək.
(“Klassekampen”-Norveç)