Son zamanlar axından fərqlənmək istəyən bir çox gənc Oşo fəlsəfəsi ilə maraqlanır, onu özlərinə ustad sayırlar. Bəs kimdir Oşo? Peyğəmbər, yazıçı, filosof, yoxsa şarlatan?
Yenixeber.org: Bu yazıda Oşo haqqında bir çox faktların üstünü açırıq.
Oşo 1931-ci il dekabrın 11-də Hindistanın Kuşvade şəhərində doğulub. Onu ailədə hamı çox sevirdi. Xüsusən də babası ilə arasında çox möhkəm bağ vardı. Babası ona hökmdar mənasını daşıyan Rac adını vermişdi. Oşonun bütün uşaqlığı da babasının evində keçib. Yalnız sevimli babasının ölümündən sonra valideynləri onu öz himayələrinə götürürlər. Məktəb yaşı çatanda isə ona Racniş Çandra Mohan adını verirlər.
O, hələ erkən yaşlarından mənəvi tərəqqi yolunda bir sıra təcrübələr həyata keçirirdi, vücudunun imkanlarını bir sıra meditasiya üsulları ilə genişləndirirdi. Heç bir ənənənin arxasınca getmədən, ustad axtarmadan öz yolunu çizirdi. Həyatın ən gərgin, çətin düyünlərini çözməyə çalışırdı. O, heç bir nəzəriyyəyə güvənmirdi. Cəmiyyətin bütün qanunlarına qarşı çıxırdı.
1953-cü il 21 mart tarixində Oşonun 21 yaşı tamam oldu. Həmin gün onun başına qəribə hadisə gəlir. Sonradan bu hadisəyə o, belə aydınlıq gətirəcəkdi: “Həmin gecə mən ölüb-dirildim. Bu hadisənin ölüm ayağında olan insanla heç bir əlaqəsi yoxdur. O fasiləsiz bir şey idi. Çünki ölən insan bütövlükdə ölür. Onun nə kölgəsi, nə də oyaq hüceyrəsi qalır. Həmin gün bir çox həyat yaşayan, minilliklərdən keçən şəxs öldü. Tamamilə başqa, fərqli, öncəki ilə əlaqəsi olmayan varlıq doğuldu. Keçmişimdən qurtuldum. Avtobioqrafiyamı itirdim. Həmin gün Racniş Çandra Mohan öldü, yerinə aydınlanmış, eqosundan tam qurtulmuş biri gəldi”.
Bundan sonra Oşonun həyatı dəyişmədi. O Cabalpur kollecinin fəlsəfə bölümündə təhsilinə davam edir. 1957-ci ildə Sauqar Universitetinin magistr pilləsini qırmızı diplomla başa vurur. Tələbə yoldaşları Oşonun yumor hissinə və həqiqət sevdasına aşiq idilər. Bəzən Oşo ayın 15 gününü səyahətlərdə keçirər, bütün Hindistanı gəzib-dolaşardı. O, daim dindarları mübahisələrə və müzakirələrə səsləyərdi.
1966-cı ildə Oşo təhsilini atıb, özünü bütövlükdə meditasiyalara və incəsənətini yaymağa həsr etdi. O düşüncələrindəki yeni insan növünü təbliğ etməyə başladı. Zorba-Budda adı verdiyi yeni insan modeli özündə Şərqin və Qərbin ən gözəl cəhətlərini birləşdirir. Bu insan həyatın ən xırda bəxşişlərinə sevinməyi bacarır. Zorba-Budda insanın yetə biləcəyi kamilliyin ən uca zirvəsindədir.
Oşo heç bir dini qəbul etmirdi o deyirdi: “İstəyirəm ki, siz oynadığınız bütün oyunlara son verəsiniz. Bura həm dünyəvi, həm mənəvi, həm də insanlığın hələ oyanamadığı bütün oyunlar aiddir. Bu oyunlar sizin şüurunuza mane olur. İstəyirəm ki, sizi ləngidən bu zibildən azad olasınız. İstəyirəm ki, siz lap tək, tam yalnız qalasınız. O zaman heç bir peyğəmbərdən mədət ummayacaqsınız. Sonsuz tənhalığa qərq olmadan daxili mərkəzi tapmaq mümkün deyil. Müəllimsiz, öyrədənsiz, ustadsız... Mən səni bu yola yönəldirəm, çünki səni sevirəm. Hərəkətimi əsla qabalıq və kobudluq kimi qəbul etmə. Bu azadlığı əlindən alanlar səni sevməyiblər, heç vaxt da sevməyəcəklər. Onlar yalnız özlərinə aşiqdirlər. Ətraflarındakı kütlənin sayı artdıqca eqoları da bir o qədər qalınlaşır.
Ona görə mən aydınlanmaq adlı yalanı da sonuncu oyun sayıram. Bu oyunu nə qədər tez durdursanız, sizin üçün bir o qədər yaxşı olacaq. Sadəcə var olmaq istəmirsiniz? Bu mənasız şöhrətpərəstlik nəyimizə lazımdır?”
Oşonun yaratdığı yol (din) digərlərindən fərqli olaraq heç bir məcburiyyət daşımır, insanı bulunduğu andan zövq alıb yaşamağa sövq edir. Onun təcrübəsi xaotik hərəkət edən mozaikaya bənzəyir. Buddizmin elementlərindən tutmuş yoqa, qədim yunan fəlsəfəsi, Avropa psixologiyası, Tibet ənənələri xristianlıq, tantranın ən müsbət cəhətlərini özündə toplayır. Oşo deyirdi ki, onun yolunun sistemi yoxdur. Çünki sistem cansız əşya kimidir. Bizsə daim hərəkətdə olub, dəyişikliklərə uğrayan canlı orqanizmik, beyinik, ruhuq.
1968-ci ildə Oşo Bombeydə məskunlaşır. Az keçmir ki, dünyanın hər yerindən onun yanına mənəvi dinclik axtaran insanlar gəlməyə başlayır. Gələnlər arasında terapiya mütəxəssisləri, humanist hərəkatlarının üzvləri və digərləri də vardı. Oşo deyirdi ki, insanın mənəvi yüksəlişində növbəti pillə meditasiyadır. Meditasiyanın ilk qığılcımlarını o, hələ uşaq ikən özünü hündür körpüdən çaya atanda hiss etmişdi. Bir neçə dəfə ağlı sanki onu tərk etmişdi. Bu hal onu ətrafına tam başqa gözlə baxmağa vadar etmişdi. Elə bundan sonra Oşo meditasiya ilə dərindən maraqlanmağa başlamışdı. Məhz bu təcrübə sayəsində insan enerji selini doğru yönləndirməyə, yeri gələndə sükunətdə itməyə, bəzənsə ən çılğın hisslərin lap dibində batmağa nail olur. Artıq müdrik Oşo ənənəvi meditasiya üsullarından uzaqlaşıb, çağdaş insan üçün yeni daha hərəkətli, dinamik meditasiya növləri düşünüb, təcrübədən keçirdirdi.
Oşo öz meditasiya üslubunu ilk dəfə 1970-ci ildə Bombeydə qurduğu düşərgədə ictimaiyyətə nümayiş etdirdi. Həmin gün o məkana toplaşan insanlar heyrətdən donub qalmışdılar. Hind jurnalistlər qışqırıb-bağıran, geyimlərini cırıb atan, özlərini yerə vurub inildəyən iştirakçıları sonsuz maraqla müşahidə edirdi. Bu gərgin səhnə nə qədər hərəkətli və tələsik idisə ondan sonra gələn dərin sakitlik, rahatlıq da bir o qədər zövqlü idi. Sanki insan bu sükunət həzzinə gündəlik həyatda heç vaxt nail ola bilməz.
Oşo bu nəzəriyyəni belə izah edirdi: “Mən öncə Lao-Tsının üsulu ilə çalışırdım. Amma sonra düşündüm ki, bu çox sadə nəzəriyyədir. Anladım ki, insanın içərisində gərginliyin həddi nə qədər artarsa, sonda bir o qədər dərin rahatlığa qovuşar. Ona görə iştirakçıları dəlilik həddinə çatanadək coşdurub, sonra sakitləşdirdim”.
1974-cü ildə Oşo öz davamçıları ilə birgə Punaya yollanıb, orada öz aşramını (meditasiya və söhbətlər üçün məkan) yaradır. Hər gün yüzlərlə insan bu aşrama üz tutub, Oşonun meditasiya üslubunu sınaqdan keçirdirdi. Oşonun söhbətlərini dinləyənlər sanki yenidən doğulur, daxili azadlıqlarına qovuşurdular.
Oşo deyirdi ki, mən filosof deyiləm. İnsanlarla ünsiyyətim də sözlərdən ibarət deyil. Bu çox riskli təmasdır. Söhbət ölüb, dirilməkdən gedir. Mənimlə ünsiyyətdən çəkinməyənlər, bu yanar ocağa toxunanlar ən cəsarətli insanlardır.
Onun həyatında yüzlərlə, minlərlə qadın vardı. Hər biri də Oşo dünyasının heyranı idi. Qadınları Oşoda ən çox cəlb edən onun sonsuz enerjisi idi. Bir kəlməsi ilə yatağına girə bilərdilər. Oşo isə onlarla cinsi yaxınlıqdan həmişə qaçırdı. Deyilənə görə, onun gənclik illərində həyatında bir qadın olub. Hətta Hindistanın sərt qanunlarına rəğmən nikahsız birgə yaşayıblar. Lakin qızın vaxtsız ölümündən sonra Oşo qadınlarla cinsi münasibət yaşamayıb. Maraqlıdır ki, hind mədəniyyəti üçün təbii sayılan ruhun reinkarnasiyası, yəni köçürülməsi vasitəsilə o əbədi sevgilisinin ruhunu öz tələbəsi olan neo-sannyasa qızın bədəninə ötürür.
Oşo həmçinin, hinduizmdəki sannyasa anlayışına daha müasir ruh vermişdi. Əgər sannyasa adlanan rahiblər insanlardan uzaqlaşıb, məbədlərdə gizlənərdilərsə, neo-sannyasalar dünyadan təcrid olunmur, sadəcə müasir dünyanın gətirdiyi əqli şikəstlikdən uzaqlaşırdılar. Onlar ən xırda daxili və zahiri gözəlliklərin vəhdətindən yaranırdılar. Bu insanlar Zorba-Buddalar adlanırdılar. Oşo deyirdi ki, onlar sağlam gələcəyin yeganə təminatdırlar.
Oşo uzun illər şəkərli diabetdən və astmadan əziyyət çəkirdi. 1981-ci ildə o sükuta qərq olur və heç kimlə ünsiyyət qurmur. Həmin il həkimlər onu ABŞ-a müalicəyə yollayırlar. Amerikalı davamçıları sevimli ustadlarına böyük ərazi və ev alırlar. Oşo bu ərazidə yaşadığı müddətdə digər qitələrdən ora 15-dən çox insan axışır. 1984-cü ildə Oşo yenidən danışmağa başladı. O, durmadan qəddar dünyadan, meditasiyadan və təmiz eşqdən söhbət açırdı. Siyasətçiləri və dindarları insan qəlblərini ləkələdikləri üçün cəzalandırırdı. Ağ Ev də başda olmaqla bir sıra qurumlar onun sistemini də özünü də darmadağın etməyə çalışırdılar. 1985-ci ildə Amerika hakimiyyəti Oşo haqqında həbs qərarı çıxarır. Qolları qandallanır və 12 gün nəzarət altında saxlanılır. Bu müddət ərzində Oşo fiziki şiddətə məruz qalır. Deyilənə görə, həyat üçün təhlükəli dozada radiasiya və zəhərli qazların təsirinə dözməli olur. Elə həmin il Oşo immiqrantların hüquqlarından sui-istifadə etdiyi üçün Amerikadan çıxmalı olur. Bundan sonra ABŞ-dan başqa, digər 21 ölkə də Oşo və onun davamçılarının üzünə qapılarını bağlayır. O, 1986-cı ildə yenidən Bombeyə qayıdır. Davamçıları onu yalnız buraxmırlar.
1988-ci ildə Oşo yenidən xəstələnir. Sağaldıqdan sonra hər kəsi aşramında ətrafına toplayıb, yaponiyalı falçıdan gələn məktubu oxuyur. Qadın məktubunda Qautama Budda tanrının xəstəlik müddətində Oşoda yaşadığını deyirdi. Oşo öz növbəsində bu iddianı təsdiqləyir və deyir ki, Budda onun vücudunun qonağı olub. “Mən sahibəm, o, isə qonağım. O, məni çox gözləyib. Düz 25 əsr boyunca bulud tək uçub, özünə uyğun vücud axtarıb. Sonunda isə məni tapıb. Çünki mən buddist deyiləm, Buddanın özüyəm. Siz də belə düşünün. Biz hərəmiz bir tanrıyıq. Mənim insanlarım heç bir dinə aid deyillər. Onlar hamısı mənim dostlarımdır. Bizi din yox, dostluq birləşdirir. Hətta mən buna dostsevərlik deyərdim, çünki dost sözünün məsuliyyəti böyükdür. Dost sözünün əsas anlamı sonsuz azadlıq olmalıdır.
Oşo söhbət zamanı əlavə edir ki, Budda onun vücudu ilə indiki dünyamıza baxıb məyus oldu: Bunu təəssüf hissi ilə qeyd etməliyəm ki, o, daş kimi bərkiyib. Çox vaxt dinlər deyir ki, insan sağ tərəfi üstündə yatmalıdır. Axı niyə? Mən hər iki tərəfimi eyni dərəcədə sevirəm. Hər iki yanımı eyni dərəcədə işlədirəm. Ümumiyyətlə, yer üzündəki hər şeyə eyni məhəbbətlə yanaşıram. Bütün bunları Buddaya da danışdım.
O, gündə yalnız bir dəfə yemək yeyirdi. Acanda bunu məndən tələb edirdi. Özü də çeşidli yeməklər istəmirdi. Balaca bir kasada az miqdarda yeməklə doyurdu. Bir dəfə mən cakuziyə girdim. O, bunu çox bahalı həzz saydığı üçün imtina etdi. Ümumiyyətlə, gündə iki dəfə çimməyi artıq hesab edir. Bundan sonra mən ona dedim ki, daha bəsdir. İndi öz səmana qayıt. Məni anla. Azad insanam, özü də bu müddət ərzində sənə pis sahiblik etmədim. İndi sizə də deyirəm. Bu, artıq mən özüməm. Sadəcə mən...
Buddanın ruhu bədənindən çıxandan sonra Oşonun enerjisi ən yüksək həddə çatır. Onun söhbətlərinin müddəti də uzanır. Söhbətləri boyu Oşo Nitsşeyə də əsaslanır, siyasətçilərə də səslənməyi unutmurdu. Bəzən o 4 saat fasiləsiz danışa bilərdi. “Dzen manifesti” Oşonun son söhbəti olur.
O deyirdi: “Köhnə dinlər artıq darmadağın olur. Onlar tam məhv olmadan yenisinə can vermək lazımdır. Bu isə dzendir. Yeni evləri köhnələr çökmədən qurmaq lazımdır. Keçmişin səhvlərini təkrarlamayın. Bu günədək olmayan mənzillərdə yaşamısınız. Ona görə də soyuqdan, borandan, yağışdan və günəşin üzünüzü deşən şüalarından qoruna bilməmisiniz. Çünki həmin evlər sizin təsəvvürünüzdə olub. İndi isə bünövrəsi möhkəm olan evlərinizi tikməyin zamanıdır. Bu dəfə heç bir səhvə yol verə bilmərik. Türmələrinizdən qaçıb, sağlam təməli olan evlərinizə sığının. Yadda saxlayın siz əbədi və ölümsüzsünüz. Siz hamınız Buddasınız”. Bu, Oşonun son sözləri olur və o xəstələnir.
1989-cu ilin aprelində Oşo "daxili çevrə" qurur. Bu çevrəyə onun ən yaxın tələbələri yəni 21 nəfər aid idi. Çevrədə kimsə dünyasını dəyişsə, yaxud icmadan getmək istəsə, yenidən gizli səsvermə keçirdilir və yeni üzv dəvət olunurdu.
“Bəzən ənənələrə qarşı yürümək mümkün deyil. Öləndən sonra insanlar üzərində təsirin yavaş-yavaş itir. Ona görə tələbələrin eşidən qulağın, danışan dilin olmalıdır”, - deyə Oşo iddia edirdi. Oşo ölümünə bir müddət qalmış ətrafındakılara bildirdi ki, enerjisi günbəgün azalır. O deyirdi ki, insan ana bətnində keçirdiyi 9 ayla ölümdən öncəki 9 ay xaraktercə eyni anlam daşıyır. Məhz bu məqam səni digər dünyaya hazırlayır.
Oşo özünə mərmərdən otaq hazırlatdırır.1990-cı ilin 19 yanvarında isə ruh bədənini tərk edir. O, həkim müdaxiləsindən də imtina edərək, deyir: “Bəşəriyyət özü də zamanı gələndə məhv olur. Gözlərini rahatca yumaraq, bu dünyanı tərk edir. Bir gecə ərzində Oşunun cəsədi yandırılır. Külü mərmər otağa gətirilir. Oşunun külünün üzərinə qoyulmuş mərmərin üzərində öz istəyilə: “Oşo heç vaxt doğulmayıb, heç zaman da ölməyəcək”, - sözləri yazılır.
Artıq 30 ilə yaxındır ki, Oşo yoxdur. Sağlığında olduğu kimi, bu gün də onu sevənlər, ağılların terrorçusu kimi yanaşanlar, sırf fəlsəfəsinə heyran olub, kitablarını oxuyanlar var. Yalnız onu demək olar ki, Oşo bir yazıya sığacaq qədər sadə şəxsiyyət olmayıb. Onun düşüncələri, həyat prinsipləri günlərlə, aylarla uzanana müzakirələrin mövzusuna çevrilə bilər.(publika)
Leyla Sarabi