Bu gün Molla Pənah Vaqifin 298 yaşı tamam oldu
Bu gün XVIII əsrin qüdrətli Azərbaycan şairi, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri Molla Pənah Vaqifin anadan olmasının 298-ci ildönümü tamam olur
"Xeberinfo.com": Molla Pənah Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olub. Onun əcdadları Məhəmməd Füzulinin də mənsub olduğu Bayat tayfasından olub. Onun valideynləri haqqında çox az şey məlumdur. Bəllidir ki, onun babası Süleyman, atası Mehdi, anası isə Ağqız adını daşıyıblar.
Pənah yaxşı təhsil görüb. O, fars və ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi. O, Qazaxda tanınmış alim və pedoqoq Şəfi əfəndinin yanında oxuyub.. Bəzi salnaməçilər belə hesab edirlər ki, sonrakı təhsilini Gəncədə və yaxud Təbrizdə alıb. Vaqif təhsilini başa vurduqdan sonra əvvəlcə Qazaxda, sonra isə Qarabağda məscid nəzdində fəaliyyət göstərən mədrəsədə dərs deyib və elə burada da Molla Pənah adını alıb. Bu zaman onun alimliyi haqqında xəbərlər Molla Pənahın vətəninin hüdudlarından çox-çox uzaqlara yayılır. Hətta xalq arasında belə bir məsəl də yaranır: "Hər oxuyan Molla Pənah olmaz".
XVIII əsrin ortalarında Gürcüstan sərhəddində gərginlik yaranır və bir çox ailələr Qazaxdan Qarabağ və Gəncəyə köçürülürlər. Vaqifin ailəsi də köçkünlərin arasında idi. Bu ailə Qarabağın Tərtərbasar kəndində sığınacaq tapır. Vaqif burada da müəllimliklə məşğul olur. Kiçik bir kəndin mollasının aldığı cüzi maaş böyük ailənin maddi ehtiyaclarını ödəmir və Vaqifin ailəsi kasıblıq həddində yaşayır.
Qarabağa gəldikdən az sonra Vaqif Tərtərbasardan Şuşaya köçür. Burada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında həm gözəl müəllim, həm də istedadlı şair kimi tanınmağa başlayır. Şairin şöhrəti Qarabağ hakimi İbrahimxəlil xana çatır və onu saraya dəvət edirlər.
Vaqifin saraya gəlməsi barədə bir neçə rəvayət mövcuddur. Bunlardan birinə əsasən, Vaqif ayın tutulması və zəlzələ olacağı haqda əvvəlcədən dəqiq xəbər verir və bu xəbəri xana çatdırırlar. İbrahimxəlil xan bu bacarıqlı münəccimlə tanış olmaq istəyir. Vaqifin dərin ağıl və zəkasından heyrətə gələn xan ona sarayda qalıb işləmək təklifi verir. Başqa bir rəvayətə görə, hələ Gəncədə ikən Vaqif Gəncə xanı Cavad xana bir şikayətçinin dilindən ərizə yazır. Ərizənin üslubu xanı o qədər valeh edir ki, o, Molla Pənahı sarayına gətirdir. Lakin İbrahimxəlil xanın təkidli xahişi ilə şairin Qarabağa qayıtmasına icazə verir.
Vaqifin ömrünün son günlərinə qədər sarayda yaşaması məlumdur. O, əvvəlcə eşik ağası, yəni, daxili işlər naziri, daha sonra isə baş vəzir kimi fəaliyyət göstərib. Özünün yüksək savadı və elmi biliyi ilə o, burada da hamının rəğbətini qazanır.
Görünür, Vaqif astronomiya ilə ciddi məşğul olub, bu sahədəki biliklərini təcrübi olaraq gün tutulmalarının və bu qəbildən olan digər təbii hadisələrin müəyyənləşdirilməsi üçün istifadə edir, astroloji biliklərini isə sarayda özünün münəccim məsləhətləri ilə nümayiş etdirirdi. Ehtimal etmək mümkündür ki, Vaqif tətbiqi riyaziyyatı da yaxşı bilib. Belə ki, onun xan sarayının, yaşayış evlərinin, Şuşa qalasının divarlarının tikintisində dəqiq hesablamalar aparması da bəllidir. Vaqifin zəngin kitabxanası vardı və o, daim öz biliklərini artırmaqla məşğul olurdu. Saray əyanları və şəhər ziyalıları içərisində seçilib-sayılması onun özünə ədəbi təxəllüs götürdüyü Vaqif ("hər şeyi bilən") adını doğrultduğunu göstərir.
Vaqif yaradıcılığının tədqiqatçısı Əziz Şərifin də qeyd etdiyi kimi, Qarabağ xanlığının vəziri vəzifəsində Vaqif özünü layiqli dövlət xadimi, müdrik və uzaqgörən bir siyasətçi kimi göstərə bilir.
Vaqif iki dəfə evlənib. Birinci xanımının adı Qızxanım, digərininki Mədinə olub. Qızxanım Durbənd bəyin qızı idi və gənc yaşlarında özündən çox-çox yaşlı olan Vaqifə ərə getmişdi. Xalq arasında onun qeyri-adi gözəlliyi barədə rəvayətlər dolaşırdı. Vaqifin bir oğlu, iki qızı olub. Onların hamısı Mədinə xanımdan olmuş uşaqlardır. Oğlunun adı Əliağa idi, "Alim" təxəllüsü ilə şeirlər yazıb və yetkin çağlarında qətlə yetirilib.
Vaqif Molla Vəli Vidadi, Hüseyn xan Müştaq, Ağqız oğlu Piri kimi şairlərlə dostluq edib. Onun ən yaxın dostu isə heç şübhəsiz, həmyerlisi və bəzi mənbələrə əsasən, uzaq qohumu Vidadi olub. Vaqif öz qızlarını Vidadinin oğlanlarına ərə verib. Onların müşairəsi (şeirləşməsi) hər iki şairin yaradıcılığında mühüm yer tutur.
1797-ci ildə oğlu Əli bəylə birgə Cıdır düzündə edam olunur və külliyyatı yandırılır.
Ölümündən sonra Vaqifin evi talan olunur, əlyazmaları yandırılır. Şairin şeirlər "Divan"ı da bu səbəbdən bizə gəlib çatmayıb. İndi kitablarda nəşr olunan şeirlər isə şairin yaradıcılığının pərəstişkarları tərəfindən bircə-bircə toplanıb. Onun şeirləri aşıqların dilindən düşmürdü, xalq arasında əzbər deyilirdi. Bundan başqa şairin şeirləri bəzi adamlar tərəfindən yazıya da alınıb. Lakin bütün bunları bir yerə toplamaq, yazıya alıb, nəşr etdirmək heç də asan iş deyildi. Və ilk dəfə bu işi Mirzə Yusif Nersesov görür.
1856-cı ildə Teymurxanşurada Vaqifin ilk kitabı çap olunur. Sonra estafet Mirzə Fətəli Axundova keçir. O, çox zəngin bir material toplayaraq, məşhur şərqşünas Adolf Berjeyə verir. Berje isə bunları 1867-ci ildə Leypsiq şəhərində nəşr etdirir. Eyni zamanda Vaqifin irsi ilə Azərbaycan poeziyası nümunələrindən iri bir antologiya tərtib etmiş Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbov da maraqlanır. Hüseyn Əfəndi həm də Vidadinin uzaq qohumu idi. O öz əlyazmalarını dərc etdirməsə də, bir çox ədəbiyyatşünaslar həmin əsərə tez-tez istinad ediblər. Nəhayət, inqilabdan qabaqkı dövrdə Vaqifin əsərlərinin son nəşri "Yeni həyat" qəzetinin redaktoru Haşım bəy Vəzirov tərəfindən həyata keçirilib. İnqilabdan sonrakı dövrdə Vaqifin əsərlərinin toplanması və nəşri sahəsində Salman Mümtazın böyük xidmətləri olub.
Vaqifin şerini ilk dəfə rus dilinə XIX əsrin 40-cı illərində polyak şairi və tərcüməçisi Tadeuş Zabloski tərcümə edib.
Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə edib. O, qəzəl, təcnis, müxəmməs, müstəzad, müəşşərə, müşairə, məsnəvi və mərsiyələr yazıb. Ancaq onun yaradıcılığının böyük bir qismi, aşıq poeziyasından götürülmüş qoşma növündə yazılmış şeirlər təşkil edir. Həmin şeirlərin dili xalqın canlı danışığına çox yaxındır. Vaqif ərəb və fars mənşəli sözlərdən bacardıqca az istifadə edib. (aznews.az)