RUHANİNİN ƏTRAFINDAKI ÇƏNBƏR DARALIR–"Hökumətin qorxduğunu və istefa verəcəyini düşünənlər səhv edirlər" - TƏHLİL
Ruhullah Fəqihi
“Əl-Monitor”
İqtisadiyyatın ağır vəziyyəti nəzərə alınmaqla, prezident Həsən Ruhaniyə ictimai təzyiqlər artdığından və seçicilər arasında etibarlılığını itirdiyindən İranın sərt tənzimçiləri coşqudadır. Ancaq bu vəziyyət bir gecədə ortaya çıxmayıb, daha doğrusu, ABŞ prezidenti Donald Trampın siyasəti ilə Tehranda Ruhaninin qatı rəqiblərinin yaxşı hazırladığı planın birləşməsinin nəticəsidir.
Yenixeber.org: Bu dəfə mühafizəkarlar mötədil prezidenti yalnız zəiflətmək yox, həm də kürsüsünü altından çəkmək istəyirlər. Mötədil mühafizəkar Abbas Salimi Naminin sözlərinə görə, bu prosesi Ayətullah Məhəmməd Təqi Misbah Yəzdi idarə edir. Amma Salimi Namin, həmçinin mayın 20-də Ali Rəhbər Ayətullah Əli Xamnəinin hökumətin vaxtından əvvəl kənara atılmasının əleyhinə çıxdığını söyləyib.
Tramp mayın 12-dək nüvə razılaşmasında qalıb-qalmağa qərar verməyə yaxınlaşdıqca, iranlı sərt tənzimçilər Ruhaninin istefası və ya impiçmenti üçün öz sxemlərini hazırlamağa davam ediblər. 2017-ci il dekabr ayında başlayan etirazlar bu səylərin bir hissəsi sayıla bilər. Həmin nümayişlər əvvəlcə şimal-şərqdəki Məşhəd şəhərində meydana gəlib. Amma hadisələr nəzarətdən çox tez çıxıb. Xorasan-e Rəzəvi əyalətinin paytaxtı Məşhəd – imam-cüməsi Əhməd Aləmül-Huda və kürəkəni İbrahim Rəisinin – 2017-ci il prezident seçkilərində sərt tənzimçilərin əsas namizədinin strateji qalasıdır.
Dekabr ayındakı etiraz aksiyaları zamanı, daha doğrusu, yanvarın 1-də Tehran Universitetinin bir sıra mühafizəkar tələbələri Ruhaniyə açıq məktub yazaraq, işsizliyin azaldılmasında uğurlu olmaması və müxtəlif məsələlər üzrə seçki vədlərinin yerinə yetiməməsinə görə istefasını tələb edib. Eyni zamanda, ölkə daxilində etirazlar davam edərkən, millət vəkillərinin də Ruhanidən istefa verməsini tələb etdiyi barədə şayiələr yayılıb.
Tehran Universitetinin tanınmış mühafizəkar professoru İbrahim Fəyyaz, öz strategiyasına uyğun olaraq, Ruhaninin prezidentlik müddətinin 2021-ci ildə başa çatmayacağını söyləyib. “Ruhaninin hökuməti… depressiyaya uğrayıb. Ölkənin və xalqın təhlükəsizliyi yalnız onun qaçaraq istefası ilə mümkündür”.
Trampın nüvə razılaşmasında qalıb-qalmamasına dair son tarix yaxınlaşdıqca, İranın milli valyutası da dəyərinin üçdə birini itirib və sərt ictimai tənqidlərə və Ruhaninin istefa verməsi üçün kiberməkanda müxtəlif çağırışlara səbəb olub. Bu arada sərt tənzimçilər Ruhanini Məclisdə dalana dirəmək üçün 100 deputatın impiçment tələbnaməsi imzaladıqlarını iddia edib.
Bundan sonra Trampın ABŞ-ın nüvə sazişindən çıxacağını bəyan etməsi ilə, Ruhaninin Qərb və ABŞ-la danışıqları sərt tənqidlərə yol açıb. Nəticədə, bir sıra mühafizəkarlar erkən prezident seçkiləri və hərbçi-prezidentə çağırışı etməyə başlayıb və belə bir siyasi fiqurun İranın üzləşdiyi xarici və daxili çətinlikləri aradan qaldıracağını söyləyib.
Mayın 8-də Tramp rəsmi olaraq nüvə razılaşmasından çəkilib. Nəticə İranda öncədən bəlli idi. Mühafizəkarlar qaçaraq Ruhanini “tələyə” salıb, sazişin ölkəyə əsla fayda vermədiyi rəyini yaymağa başlayıb.
Ruhaninin Avropa ilə əməkdaşlıq sayəsində müqaviləni qurtarma səylərini xatırladan Ammar Kibernetika Bürosu mayın 10-da “Telegram”da bəyan edib ki, nüvə razılaşmasının nəticəsi ölkənin elmi və sənaye qabiliyyətinin itirilməsidir; düşmənə etibar etdiyinə görə “insanları xilas etmək” üçün hökumətin impiçment zamanıdır.
“Ənsar-e Hizbullah” qrupunun tanınmış üzvü Hüseyn Allahkərəm isə mayın 18-də parlamentdən Ruhanini vəzifəsindən uzaqlaşdırmasını tələb edib.
Bu tendensiyaya müvafiq olaraq, iyunun 15-də Qəzvin əyalətinin imam-cüməsi Ayətullah Əbdülkərim Abidini Ruhaniyə dolayı yolla hücum edərək, prezident Əbülhəsən Bəni-Sədrin impiçmentinin ildönümü olduğunu xatırladıb. “Biz Allahdan şəhidlərin qanını yerdə qoyan və İslam Respublikasını qorumaq üçün gücü və cəsarəti olmayan səlahiyyətləri bütün İslam sistemindən uzaqlaşdırmasını diləyirik”, – Abidini bildirib.
Bəni-Sədr 1979-cu il İslam inqilabından sonra İranın ilk prezidenti olub, 1981-ci il iyunun 20-də Məclisdə impiçmentə məruz qalıb. Məhkəmə onu qanunsuz “Mucahidin-e Xəlq” təşkilatı ilə əməkdaşlıqda və 1980-də başlayan İran-İraq müharibəsi zamanı düşmənə yardım göstərməkdə ittiham edib.
Bu arada, yazıçı Kamran Qəzənfəri bir onlayn kitab nəşr edib. Həmin kitabda Ruhani şahın gizli xidmətləri ilə əməkdaşlıq etməkdə, həqiqətən müsəlman səviyyəsinə çatmayan və İslam ölkəsini devirmək üçün işləyən saxta alim-müctəhid olmaqda ittiham edilir. Qəzənfəri, həmçinin Ruhaninin nəyə görə impiçmentə məruz qalmağa layiq olduğuna dair audio faylları internetdə yerləşdirib.
İranda davam edən iqtisadi və siyasi böhran nəzərə alınaraq, mühafizəkarlar erkən seçkilərə çağırış edirlər və belə bir atmosfer yaradıblar ki, hətta bəzi islahatçılar qismən ictimai fikirdə nüfuzlarını saxlamaq və seçki itkilərindən yayınmaq üçün Ruhanini istefaya çağırırlar. Prezidentin Məclisə gəlməsi üçün islahatçıların və deputatların birliyi faktı da bu qəbildəndir. Ruhanidən daha da uzaqlaşdığını göstərən islahatçı Məhəmməd Təqi Kərrubi iyunun 24-də bildirib ki, əgər prezident sərt tənzimçilərə müqavimət göstərmək niyyətində deyilsə, o, istefa verməlidir.
Bundan başqa, Ayətullah Hüseyn Musəvi Təbrizi iyunun 26-da bildirib ki, əgər Ruhani son dövrdə baş verən iqtisadi böhranın arxasında kimin olduğunu bilirsə, o, xalqı xəyanət etməmək üçün adları açıqlamalıdır.
Ruhani və onun ətrafı nə baş verdiyini yaxşı bilir. Prezidentin aparat rəhbərinin baş məsləhətçisi Əli Cənnəti iyunun 10-da bildirib ki, Ruhani təzyiqlərə görə istefa verəcək şəxs deyil. Mühafizəkarlar üçün ən mühüm xəbərdarlıq xarici işlər naziri Məhəmməd Cavad Zərifdən gəlib. O, adətən, ictimai müzakirələrdən kənarda qalır. Lakin iyunun 24-də Zərif bildirib ki, Ruhaninin ofisdən ayrılması və mühafizəkarların iqtidara gəldiyi təqdirdə, “müvəffəqiyyət qazanacaqlar”. “İndi düşmənlərin məqsədi nə İranın nizamı, nə də Ruhani hökumətidir… Hədəf – İrandır, onlar İranı məhv etmək istəyirlər”.
Uzun sükutdan sonra Ruhani iyunun 27-dəki nadir, açıq nitqində artan xarici təzyiqlər qarşısında milli birliyə çağırış edərək, rəqiblərinə müqavimət göstərmək qətiyyətini nümayiş etdirib. O, mühafizəkarlara dolayısı ilə müraciət edərək deyib: “Administrasiya dirənəcək. Hökumətin qorxduğunu və istefa verəcəyini düşünənlər səhv edirlər”.
Ruhaninin mövqeyinə daha çox sabitlik gətirə bilən Avropa ilə nüvə sazişini xilas etmək üçün olardı. Belə bir razılaşmanın möhkəm zəmanəti varsa, İrana və onun iqtisadiyyatını lazımi ümid və sabitliklə təmin edə bilər. Əgər bu baş tutmazsa, prezidentə təzyiq hər istiqamətdən artacaq və bu cür ssenaridə qalib gələnlər ifrat mühafizəkar düşərgə olacaq.
Tərcümə: Strateq.az