KİM ÇEN İNDƏN İLK ADDIM VƏ TARİXİ BƏYANAT…-"Cənublu" rəsmiləri ilk dəfə qəbul edən Şimali Koreya lideri hansı vədləri verdi?
Martın 5-də Şimali Koreya prezidenti Kim Çen İn paytaxt Pxenyanda Cənubi Koreyadan gələn nümayəndə heyəti ilə bir masa arxasında nahar etdi. Son 6 ildə ilk dəfə idi ki, Kim Çen İnlə Seul rəsmiləri arasında birbaşa danışıqlar baş tutdu. Daha dəqiqi, Kim Çen hakimiyyətə gələndən (2011-ci il) bəri Cənubi Koreya yetkililəri ilə heç vaxt üzbəüz görüşməmişdi.
Yenixeber.org: Cənubi Koreya prezidentinin xüsusi nümayəndələri Şimali Koreyaya martın 5-də yollanmışdı. Səfərin əsas məqsədi Pxenyanla Seul, eləcə də Pxenyanla Vaşinqton arasında danışıqlar prosesinin nizama salınması idi. İki gün davam edən səfərin gedişində heyət üzvləri Şimali Koreyanın yüksək vəzifəli şəxsləri ilə danışıqlar aparıblar və Koreya yarımadasında nüvə silahından imtina məsələsini müzakirə ediblər.
Cənubi Koreya prezidentinin milli təhlükəsizlik üzrə baş müşaviri və Prezident Administrasiyası milli təhlükəsizlik idarəsinin rəisi Çon İy Enin rəhbərlik etdiyi nümayəndə heyətinə Kəşfiyyat Xidmətinin direktoru Su Xun, həmçinin bir sıra rəhbər şəxslər daxil idi.
Cənubi Koreyanın nümayəndə heyəti
CNN hesab edir ki, danışıqlarda Kəşfiyyat Xidmətinin rəhbərinin iştirakı Cənubi Koreya və Şimali Koreyanın prezidentlərin yaxın gələcək üçün görüşünəhazırlıq görməsi anlamına gəlir.
Nümayəndə heytəi ilə danışıqlar zamanı Kim Çen İn Şimali Koreya və Cənubi Koreyanın aprelin sonlarında birgə sammitinin keçirilməsinə razılıq verib. Və dərhal göstəriş verib ki, Seulun bu təklifi ilə bağlı hazırlıq işləri başladılsın.
Seulun məlumatına görə, Kim Çen Cənubi Koreyaya qarşı nüvə silahından istifadə etməyəcəyinə, həmçinin ABŞ-la müzakirələr müddətində nüvə və raket sınaqlarını donduracağına söz verib.
Çon İy En keçirdiyi mətbuat konfransında bildirib ki, Şimali Koreya özünə qarşı hərbi təhdid görməsə və təhlükəsizliynə təminat verilsə, nüvə proqramını işə salmayacaq.
Kim Çen Cənubi Koreyanın nümayəndə heyəti ilə naharda
Şimali Koreyanın dövlət informasiya agentliyinin məlumatında isə deyilir ki, Kim Çen İn Cənubi Koreya ilə sıx yaxınlaşma arzusunu dilə gətirib və iki ölkənin birləşməsi ilə bağlı yeni tarix yazmaq istədiyinə dair tarixi bəyanat səsləndirib. Agentliyin xəbərinə görə, Kim Çenin xanımı, həmçinin bacısının da iştirak etdiyi nahar yeməyi olduqca isti atmoferdə keçib.
Nümayəndə heyəti bu gün Cənubi Koreyaya qayıdan kimi ölkə prezidentini Mun Çje İni görüşlə bağl məlumatlandıracaq. Daha sonra da ABŞ-la Şimali Koreya arasında danışıqlar imkanının müzakirəsi üçün Vaşinqtona yollanacaq. Çon İy En və Su Xunun ABŞ-a səfəri bu həftəyə planlaşdırılıb.
Hələlik Birləşmiş Ştatlar Seulla Pxenyan arasında təmaslarla bağlı təmkinli mövqe nümayiş etdirərək bildirib ki, nüvə silahından imtina etməyənədək Şimali Koreya ilə Vaşinqton arasında birbaşa rəsmi danışıqlar olmayacaq.
Cənubi Koreya prezidenti Şimali Koreyanın yüksək rütbəli rəsmiləri ilə fevralda – Pxençan olimpiadasının açılış və bağlanış mərasimində görüşmüşdü. Həmin vaxt Kim Çen İnin kiçik bacısı Kim E Çen prezident Muna qardaşının (Kim Çen İnin) məktubunu çatdırmışdı. Məktubda prezident Mun Şimali Koreyaya dəvət olunmuşdu.
Ekspertlər deyir ki, Kim Çen İnin Cənubi Koreya nümayəndə heyəti ilə danışıqları olduqca vacib məqamdır. Onların fikrincə, Şimali Koreya liderinin məqsədi ABŞ-dan güzəşt qoparmaqdan daha çox, Cənubi Koreyanı Vaşinqton tərəfə baxmadan iki Koreya arasında münasibətləri inkişaf etdirməyə razı salmaqdır.
Koreya yarımadasında gərginlik ilin əvvəllərindən etibarən səngiməyə başladı.2017-ci ildə Pxenyan bir neçə raketi, həmçinin Alyaska ərazisinə və Quam adasındakı ABŞ aviabazasına qədər gedə biləcək ballistik raketi sınaqdan keçirdi. Bunun ardınca bütün ABŞ ərazisini əhatə edə bilən qitələrarası ballistik raket sınaqdan keçirildi.
Buna cavab olaraq BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı sanksiyaları gücləndirdi. Eyni zamanda ABŞ da bu ölkəyə tətbiq etdiyi sanksiyaları genişləndirdi. ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına 1 fiziki şəxs, 27 şirkət və 28 gəmi əlavə edildi. Bununla yanaşı, Vaşinqton qoyulan məhdudiyyətlərə nə dərəcədə əməl edildiyinə nəzarət etmək üçün Sakit okeanda ABŞ-ın hərbi iştirakını gücləndirməyə qərar verdi.
Yeni il barışıq addımları il başladı. Kim Çen İn yeni il müraciətində bəyan etdi ki, ölkəsi danışıqlara hazırdır və Olimpiya oyunlarında iştirak etmək istəyir. Yanvarın 9-da tərəflər milli birliyə məsul olan nazirlər səviyyəsində ilk görüşünü keçirdi. Danışıqların nəticəsində iki ölkə son 12 ildə ilk dəfə Olimpia oyunlarının açılış mərasimində bir bayraq altında çıxmağa razılıq verdi.
Martın 3-də Şimali Koreya bəyan etdi ki, Vaşinqtonla danışıqlara hazırdır. Lakin bu şərtlə ki, danışıqlar qarşılıqlı maraqlara cavab verməli, əvvəldən hər hansı şərt qoyulmamalıdır. Xarici İşlər Nazirliyinin bəyanatında o da qeyd olunurdu ki, Şimali Koreya dialoqa hazır olduğu kimi, hərbi müqavimətə də hazırdır.
Kim Çen yeni il çıxışında onu da bildirmişdi ki, nüvə düyməsi stolunun üzərindədir və Vaşinqton onlarla savaşa başlayarsa, bütün ABŞ ərazisi zərər görəcək.
Olimpiada zamanı ABŞ vitse-prezidenti Mayk Pens Şimali Koreyaya qarşı münasibətdə yeni taktikanı elan etdi. Pens "Washington Post"a müsahibəsində bildirdi ki, Şimali Koreya danışıqlar masasına əyləşmək istəyirsə, Vaşinqton buna hazırdır.
ABŞ danışıqlara başlamaq üçün Şimali Koreyaya raket-nüvə sınaqlarını dayandırmaq şərti qoymuşdu. Həmin vaxt – dekabrın sonlarında Pxenyan dialoqdan imtina edərək ABŞ-ı Şimali Koreyaya qarşı düşmənçilik siyasəti yürütməkdə ittiham etmişdi. Və bəyan etmişdi ki, Şimali Koreyanın nüvə arsenalı sövdələşmə mövzusu ola bilməz.
Ekspertlərə görə, Şimali Koreyaya ABŞ Maliyyə Nazirliynin sanksiyaları təsir edib. Həmçinin Pxenyan ehtiyat edib ki, Tramp savaşı başladacaq qədər çılğınlıq edə bilər.
Hələlik Şimali Koreya ilə Cənubi Koreya arasında buzlar əriməyə başlayıb. Vaşinqton-Pxenyan münasibətlərində isə gərginlik müəyyən qədər azalıb. Proseslerin sonrakı gedişini, tərəflərin hansı səviyyədə anlaşmaya varacağını isə zaman göstərəcək…