Ermənistanda kütləvi bahalaşma- düşmən fəlakətlə üz-üzə
Yeni ildən Ermənistanda və separatçı bölgədə 800-dən çox adda məhsulun, o cümlədən benzinin qiymətinin artacağı gözlənilir; erməni siyasətçi: “Sərkisyan apreldə baş nazir olsa, yeni qanlar töküləcək...”
Yenixeber.org: Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində olan-qalan erməni əhalinin güzəranı nəinki ildən-ilə, aydan-aya pisləşir. Xarici aləmə yeganə quru çıxışı blokada şəraitindəki Ermənistana olan bölgədə hansısa iqtisadiyyatdan danışmağa isə təbii ki, dəymir. Əgər Ermənistanın öz iqtisadiyyatı dərin böhran içindədirsə, separatçı rejimin hansısa iqtisadi göstəricilərindən danışmaq absurd olar.
Ancaq bu da hələ son deyil. “Yeni Müsavat” erməni qaynaqlarına istinadən xəbər verir ki, axır vaxtlar Dağlıq Qarabağda yeni bahalaşma dalğası başlayıb. Söhbət gündəlik tələbat mallarından, ələlxüsus ərzaq məhsullarından gedir. Bunun əsas səbəbi də Ermənistandakı bahalıq göstərilir.
Gələn xəbərlərə görə, erməni dramının dəyər itirməsi nəticəsində sürətlənən inflyasiya dərhal Dağlıq Qarabağda da əks-səda verib. Çünki burda yaşayan erməni əhali müstəsna olaraq Ermənistanın hesabına öz mövcudluğunu saxlayır. Ermənistanın illik büdcəsində Dağlıq Qarabağın xərcləri ayrıca maddə ilə göstərilir.
Ancaq xarici borcu (5 milyard dollar) illik büdcəsini (3 milyard) üstələyən Ermənistan heç öz əhalisini dolandıra bilmir. Bundan əlavə, işğalçı ordunu saxlamaq, yeni-yeni silahlar almaq və Azərbaycanla silahlanma yarışında ayaqlaşmaq zərurəti təcavüzkar ölkənin iqtisadi-maliyyə durumunu ildən-ilə bir az da pisləşdirməkdədir. Bu da öz növbəsində Dağlıq Qarabağdakı əhalinin iqtisadi vəziyyətinə dərhal və adekvat neqativ təsirlər göstərməkdədir.
****
Gələn xəbərlərə görə, artıq separatçı bölgədə bir sıra zəruri tələbat malları bahalaşıb. Musavat.com-un məlumatına görə, bununla bağlı qondarma qurumun qondarma parlamentinin “deputatı” Ayk Xanumyan 1 in.am saytına müsahibəsində deyib: “Belə qiymət artımı gözlənilirdi. Ona görə ki, ”Arsax" (dırnaqlar bizimdir - red.) Ermənistanla eyni iqtisadi müstəvidədir. Odur ki, orada malların bahalaşması “Artsax”a da aiddir. Bura infrastruktur və logistika ilə bağlı problemləri də əlavə eləsək görərik ki, Xankəndində qida məhsulları İrəvan mağazalarındakından daha bahadır".
Xanumyan deyir ki, mövcud situasiyadan çıxmaq yönündə yerli hökumət eynilə Ermənistan hökuməti kimi heç bir addım atmır və tam olaraq özünü hərəkətsiz və qabiliyyətsiz aparır.
Qeyd edək ki, 1 yanvar 2018-ci ildən Avrasiya İqtisadi Birliyinə görə Ermənistanda 800 addan çox məhsulun bahalaşması gözlənilir. Yanvarda həmçinin benzinin, spirtli içkilərin və sıxılmış qazın qiyməti qalxacaq. Xanunmyanın sözlərinə görə, bu bahalaşma dərhal Dağlıq Qarabağda da özünü göstərəcək. Yəni əslində separatçı rejimdə ümidsizlik qarışıq, bir panik ovqat yaşanır.
“İqtisadiyyata təsir edən neqativ faktorlara gəlincə, mən burada Ermənistanda mövcud olan monopoliyanı qeyd eləmək istəyirəm - hansı ki, yekun etibarilə ”arsaxlıların" da güzəranına dağıdıcı təsir göstərir", - deyə o, təəssüflə əlavə edib.
*****
Lakin problem tək Ermənistandakı monopolistlərdə olsaydı, nə var idi ki. Artıq vurğulandığı kimi, Ermənistan və onunla birgə Dağlıq Qarabağ bölgəsi həll olunmamış münaqişə üzündən xarici aləmdən, əsas qonşular kimi Türkiyə və Azərbaycanla normal iqtisadi-ticari, kommunikasiya əlaqələrindən məhrumdur, təcrid vəziyyətindədir. Bu vəziyyət isə yalnız işğal rejimi sona yetdikdə düzələ bilər.
Ermənistandakı ictimai-siyasi xadimlər də həyəcan təbili çalırlar. Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, “Demokratiya naminə əməkdaşlıq” ictimai təşkilatının sədri Stepan Danielyan yuxarıda adı çəkilən erməni nəşrinə müsahibəsində son 20 ildə Ermənistanda iqtisadi durumun stabil ağır olaraq qaldığını deyib və bunun da əsas səbəblərindən biri kimi, ölkədə effektli idarəçiliyin olmamasını göstərib.
“Partiyalar həmişə xalqı aldadıb. Təbii ki, insanlar artıq ağıllanıb və partiyalara etimad bəsləmirlər. Müxalifətlə hakimiyyət - eyni şeydir. Ermənistanda hələlik ağıl çatmır. Bizə yalan danışmaq adi haldır - istər hakimiyyət olsun, istərsə də müxalifət. Və idarəçilik mexanizmi də yoxdur. Hakimiyyət uğrunda mübarizə müxtəlif oliqarxik qruplar arasında gedir. Müxalifət isə bu və ya başqa qrupun maraqlarına xidmət edir. Köhnə bir mexanizm var: ya şah xalqla aristokratiyaya qarşıdır, ya da aristokratiya xalqa qarşıdır. Bizdə isə mexanizm belədir: Serj Sərkisyan oliqarxiya ilə birgə xalqa qarşıdır. Əgər Sərksiyan baş nazir olsa (apreldə - red.), yeni bir oyun başlanacaq və bu, qan tökülməsi ilə də nəticələnə bilər”.
*****
Ermənistanın, onun böhran içində olan iqtisadiyyatının tək problemi əslində elə hakimiyyətdəki Sərkisyan rejimidir, “Qarabağ klanı”dır. Yada salaq ki, Sərkisyan 2008-ci il martın 1-də birinci müddətə prezidentliyinə nümayişçiləri gülləboran eləməklə (8 ölü) başlayıb. Yəni hakimiyyət maraqları naminə öz xalqının qanını tökmək ondan ötrü problem deyil.
Erməni xalqı, o cümlədən işğal altındakı Dağlıq Qarabağdakı ermənilər nəhayət ki, normal güzərana qovuşmaq istəyirsə, o zaman ilk növbədə bu barədə düşünməli, iqtidardakı “Qarabağ klanı”nın girovluğundan qurtulmalıdır. Əks halda, 2018 - onun üçün qat-qat ağır gələcək - həm fiziki (əsgər itkiləri), həm də maddi planda. Bahalaşma ilə bağlı verilən anons bunun yalnız xəbərçisidir.(müsavat)