Hindistanın “dəmir ledisi”-Siyasətə bələkdə başlayan, KQB-dən "şuba" və 10 milyon dollarlıq hədiyyə alan İndira Qandi...
Yenixeber.org: Şöhrəti vətəni Hindistandan çox-çox uzaqlara yayılan məşhur siyasi xadim İndira Qandinin dünyaya gəldiyi gündən 100 il ötür. Hindistan Milli Konqresinin açar fiquru olan Qandi ölkəsindəki yeganə qadın baş nazir idi (1966-1977-ci və 1980-1984-cü illərdə). BBC-nin 99-cu ildə keçirdiyi sorğunun nəticələrinə görə, İndira Qandi "Minilliyin qadını" seçilmişdi. İndira öz əzmiylə bütün dünyanı onunla hesablaşmağa məcbur etmişdi. Tarixdə "dəmir ledi" ifadəsi britaniyalı siyasətçi Marqaret Tetçerin adı ilə bağlı olsa da, deyilənlərə görə, bu ad İndira Qandini daha çox xarakterizə edirdi. Bu heyrətamiz qadın bütün şüurlu həyatını doğma vətəninə həsr etmişdi.
Bioqrafiya
Cavaxarlal Neru və İndira
Qandi 1917-ci il noyabrın 19-da İlahabad şəhərində siyasətçi ailəsində anadan olub. Atası Cavaxarlal Neru milli azadlıq hərəkatının fəallarından idi. Və Hindistan müstəqilliyini qazanandan sonra – 1947-ci ildə ölkənin ilk baş naziri olmuşdu. Onun milli azadlıq uğrunda mübarizə apardığı illərdə xalqın yarısı yoxsulluqdan əziyyət çəkirdi.
İndiranın anası Kamala da siyasi diskussiyalardan kənarda qalmırdı. Onların evinə mütəmadi olaraq siyasi xadimlər toplaşırdı.
İndiranın babası Motilal Neru da xalq arasında məşhur idi. Partiyanın veteranlarından olan Motilal iki dəfə sədr postunu tutmuşdu.
Bir sözlə, ailənin fəal siyasətin mərkəzində olması İndiranın gələcək həyatında böyük rol oynamışdı. Hələ iki yaşındaykən o, "Millət atası" Mahatma Qandi ilə tanış olmuşdu. 8 yaşında isə onun tövsiyəsi ilə yaşadığı şəhərdə toxuculuğun inkişafı üzrə uşaq birliyini qurmuşdu.
İndira hələ bələkdəykən nümayişlərdə iştirak edirdi. Balaca qızcığaz dəfələrlə hərəkatçılar üçün "kuryerlik" etmişdi.
Bir dəfə içərisində hərəkatçıların fəaliyyət planı olan avtomobili polis saxlayır. Və indira məktəbə tələsdiyini deyərək polislərdən maşında axtarış aparmamalarını xahiş edir. Beləliklə gizli sənəd olduğu kimi ünvana çatır. Elə o vaxtlardan yaxınları başa düşürlər ki, İndira sıradan biri olmayacaq və həyatda öz yerini tapacaq.
Hind xalqının "dəmir ledisi" bacardığı qədər babası və atasının yolunu davam etdirirdi. Hələ uşaqkən natiqlik sənətilə maraqlanır, həmyaşıdları qarşısında çıxışlar edirdi.
Atasının məhbəsdən yazdığı məktublar da Qandinin üzərində böyük iz buraxmışdı. Həmin məktublarda atası keçirdiyi iztirablarından, ideoloji baxışlarından, ölkənin işıqlı gələcəyinə olan ümidlərindən bəhs edirdi.
17 yaşına çatanda İndira tanınmış hind şair Rabindranat Taqorun qurduğu Dövlət Universitetinə daxil olur. Lakin iki il sonra – anasının vəfatı ilə əlaqədar təhsilini yarımçıq saxlayaraq Avropaya gedir.
1937-ci ildə İngiltərədə Oksford kollecinə daxil olur. İkinci dünya müharibəsi başlayanda İndira vətənə qayıtmalı olur. O, çətin, ağrılı günlərdə xalqının yanında olmaq istəyir.
İndira vətənə Cənubi Afrikadan keçməklə qayıdır. Elə ilk siyasi çıxışını da orada səsləndirir. Həmin vaxt Cənubi Afrikada xeyli sayda hindli məskunlaşmışdı
1942-ci ildə İndira uşaqlıq dostu Feroz Qandi ilə evlənir. Ferozla Mahatma Qandinin qohumluq əlaqəsi yox idi. Sadəcə eyni soyadı daşıyırdılar.
İxtisasca jurnalist olan Feroz İndiraya qoca anasına baxmaq məsələsində belə, dəstək olurdu.
İndiranın atası Neru bu izdivacın əleyhinə idi. Səbəb idi ki, kürəkənindən fərqli olaraq imtiyazlı "brahmanlar" kastasına daxil idi.
Lakin İndira seçimində israrlı olur və Ferozaya ərə gedərək onun soyadını qəbul edir.
1942-c ilin sentyabrında İndiranı həbs edirlər. O, türmədə 43-cü ilin mayına qədər qalır. 44-cü ildə onun ilk oğlu Raciv, iki il sonra ikinci oğlu Sancay dünyaya gəlir.
1947-ci ilin 15 avqustu təkcə İndiranın yox, bütün Hindistanın həyatında əhəmiyyətli tarixə çevrilir. Həmin gün Hindistan müstəqilliyini elan edir. Və ilk milli hökumət formalaşdırılır.
Sədr, deputat, baş nazir…
Cavaxarlal Neru ölkənin baş naziri, qızı İndira isə onun şəxsi katibəsi olur. İndira bütün vacib xarici səfərlərdə atasını müşayiət edirdi. İş və siyasət ailə üçün böyük təhdid yaradır. İndira evi və uşaqlarına vaxt ayıra bilmirdi. O, paytaxta atasının yanına köçəndə Feroz uşaqları ilə tək qalmalı olur. Bir neçə il sonra Feroz da paytaxta gəlir, lakin həyat yoldaşı və qayınatası ilə birlikdə yaşamaqdan imtina edir.
1955-ci ildə İndira atası ilə birliklə Sovet İttifaqına səfər edir, Yekaterinburqu ziyarət edir. 1955-ci ildə İndira Qandi Hindistan Milli Konqresi İşçi Komitəsinin və partiyanın Mərkəzi Seçki Komissiyasının üzvü olur.
Eyni zamanda partiyanın Qadınlar Təşkilatına sədr seçilir. 60-cı ildə Qandi partiyanın sədri olur. Həmin il əri dünyasını dəyişir, dörd il sonra isə atasını itirir.
İndira parlamentin aşağı palatasına deputat seçilir, sonradan isə baş nazir Bahadur Şastri ona Nazirlər Kabinetinə daxil olmağı təklif edir.
1966-cı ildə – Şastrinin ölümündən sonra Paktistanla sülh danışıqları zamanı İndira partiyasının lideri olur və Hindistanın baş nazir postunu tutur.
Həmin vaxt Qandinin 39 yaşı var idi. O, Hindistanda ilk, dünyada isə Sirimavo Bandaranaikedən sonra baş nazir postunu tutan ikinci qadın idi.
İlk vaxtlar təzyiqlərlə üzləşsə də, Qandi bunun öhdəsindən gələ bilirdi. Hindistan qanunlarına görə, Nazirlər Kabineti baş nazir tərəfindən formalaşdırılır və
İndira bu hüquqdan məharətlə istifadə edirdi. O, zəif və "dişsiz" şəxsləri ard-arda bir neçə dəfə nazir təyin etmişdi ki, hakimiyyətinə təhdid yaratmağa heç kimin cürəti çatmasın.
1969-cu ildə Qandi hökuməti ölkənin 14 nəhəng bankını milliləşdirəndə Hindistan Milli Konqresinin mühafizəkar liderləri onu partiyadan kənarlaşdırmaq istədilər. Nəticədə sağçıların fraksiyası Konqresdən çıxdı ki, bu da partiyanın parçalanmasına səbəb oldu.
Bunun ardınca Qandi Konqresin, yaranandan bir müddət sonra Hindistan Mərkəzi Seçki Komissiyası tərəfindən rəsmən tanınan müstəqil partiyasının başına keçir.
Partiyanın parçalanmasına həm də, Qandinin sosial ağırlıqlı siyasətə üstünlük verməsi və SSRİ ilə əlaqələri bərpa etmək cəhdləri səbəb olmuşdu.
1971-ci ildə Qandi parlament seçkilərində qələbə qazanır. Onun seçkidəki əsas şüarı yoxsulluğa qarşı mübarizə idi.
Həmin il növbəti Hindistan-Pakistan savaşı başlayır. Və Banqladeş Respublikasının yarandığı elan edilir. SSRİ bu münaqişədə Hindistanı dəstəkləyirdi ki, bu da iki ölkə arasında münasibətləri bir az da yaxınlaşdırmışdı. Bunun nəticəsi olaraq SSRİ ilə sülh, dostluq və əməkdaşlıq sazişi imzalanmışdı.
KQB-nin hədəfində olan ledi…
Keçmiş KQB əməkdaşı Vasili Mitroxin və britaniyalı tarixçi Kristofer Endryunun kitabında yazılanlardan belə məlum olur ki, KQB hələ 50-ci illərdə İndira ilə yaxından maraqlanırdı. Onlar İndiranın Cavaxarlala Neruya təsir etmək imkanlarına sahib olduğunu bilirdilər.
1955-ci ildə KQB Qandiyə "şuba" hədiyyə edir. Ardından da partiyasına və anti-Amerika təbliğatına dəstək məqsədilə Qandiyə 10 milyon dollardan çox vəsait ayırır.
Sonradan hədiyyələr daha gözəgəlimli olmağa başlayır. 60-cı illərdə sovet kəşfiyyatı Hindistanın hakim partiyasının bir neçə aparıcı liderinin seçkiöncəsi kampaniyasını maliyyələşdirir. Partiya parçalanandan sonra dəstəyi Qandinin fraksiyasına yönəldir. Bununla da sovetlərin Qandiyə təsiri total xarakter alır.
Bəzi tarixçilər isə sovet kəşfiyyatının Qandiyə təsirinin olması fikrini qəbul etmirlər.
Hakimiyyətdən uzaqlaşdırılma və qayıdış…
Qandinin hakimiyyəti illərində sənaye sürətlə inkişaf edir, ilk Atom Elektrik Stansiyası qurulur. Kənd təsərrüfatında "yaşıl inqilab" baş verir ki, bunun sayəsində Hindistan uzun illərdən sonra ilk dəfə olaraq idxaldan asılılığını aradan qaldırır. Məsələn, 81-82-ci illərdə ölkədə əvvəlki illərlə müqayisədə 3,5 milyon ton daha çox buğda yetişdirilir.
Torpaqsız kəndlilərə sahələr verilir, fermer təsərrüfatında effektivlik artır. Lakin Pakistanla savaşın nəticələri təsirsiz ötüşmür. İqtisadi vəziyyət pisləşir, daxildə gərginlik artır…
1975-ci ildə Ali Məhkəmə İndira Qandini 71-ci ildəki seçkilər zamanı seçki qanunvericiliyini pozmaqda təqsirli bilir və ondan hakimiyyətdən getmək, 6 il siyasi fəaliyyətdən uzaq durmaq tələb olunur.
Buna cavab olaraq Qandi Konstitusiyanın 352-ci bəndini rəhbər tutaraq ölkədə fövqəladə vəziyyət elan edir.
Fövqəladə vəziyyət rejimində iqtisadiyyatda uğurlara nail olunur, dinlərarası münaqişələrə demək olar ki, son qoyulur. Lakin bütün siyasi azadlıqlar məhdudlaşdırılır, müxalifət qəzetləri qapadılır.
1977-ci ildə Qandi parlament seçkiləri təyin edir və seçkini uduzur. Onu və ailəsini iki dəfə həbs edir, korrupsiyada ittiham edirlər. 1978-ci ildə Qandi yenidən parlamentə seçilir və 80-ci il seçkilərində baş nazir postuna qayıdır.
Az sonra Qandi böyük faciəylə üzləşir və kiçik oğlu Sancay avtoqəzada həyatını itirir. Sancay Qandinin həm də əsas siyasi müşaviri idi.
Qətl günü…
Qandinin ikinci müddəti sinqh separatçıları ilə münaqişə ilə yadda qalır. Hindistan hökuməti Pəncab ştatında sinqh separatçılarının problemi ilə üzləşmişdi. Radikal ekstremistlər Pəncabda müstəqil Xalistan dövlətinin yaradılmasını tələb edirdilər.
83-cü ilin 31 oktyabrında Qandi sinqh mühafizəçiləri tərəfindən qətlə yetirilir. Həmin gün Qandi ingilis yazıçı-drammaturq Piter Ustinə müsahibə verməli idi. Nə gyeinəcəyi barədə götür-qoy edən Qandi sonda zirehli gödəkçədən imtina edib. Və gödəkçənin onu kök göstərdiyini deyib.
Sinqh mühafizəçiləri Beant Sinqh və Satvant Sinqh Qandiyə bir neçə dəfə atəş açıblar. Yaralı İndira xəstəxanaya aparılsa da, həyatın xilas etmək mümkün olmur. Belə ki, 8 güllə Qandinin həyatı əhəmiyyətli orqanlarını dəlib keçmişdi.
Qandinin ölümü ilə əlaqədar ölkədə 12 günlük matəm elan olunur. «Tin Murti haus»da Qandi ilə vida mərasiminə milyonlarla insan gəlir.
Qandi vəsiyyətində babasının "Xoşbəxtlik yurdu" adlanan, uzun illər hind millətçilərinin qərargahı olan evini Cavaxarlala Nerunun xatirəsini əbədiləşdirən fonda keçirdiyini yazır. Müəllif hüquqlarını, kitablarını, fermasını, evini isə nəvələri Raxul və Priyanka vəsiyyət edir.
Qandinin ölümündən sonra partiyaya və hökumətə onun böyük oğlu Raciv rəhbərlik edir. O, 5 il – 89-cu ilədək hökuməti idarə edir.
İki illik fasilədən sonra yenidən hökumətin başına gəlməyi hədəfləyən Raciv 91-ci ildə "Azadlıq pələngləri" terrorçu təşkilatının üzvləri tərəfindən qətlə yetirilir. Terrorçular bu qətli 80-ci illərin ortalarında hind qoşunlarının Şri-Lankaya göndərilməsinə cavab olaraq törətmişdilər.
Racivin ölümündən sonra həyat yoldaşı uzun müddət siyasətə qarışmaq istəmir. Lakin sonradan Hindistan Milli Konqresinin başına keçir və quruma sədriliyi bugünədək davam etdirir.(strateq)