“Akademik” ayrıseçkilik-ADBTİA-da tələbələr belə fərqləndirilir
Soçi şəhərində keçirilən 19-cu dünya tələbə-gənclər festivalında iştirakçı olan tələbələr hansı prinsiplərlə seçilir?
Yenixeber.org: Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olmaqdadır. Bu məlumatlarda da akademiya rəhbərliyinin yeni ayrıseçkiliklərindən bəhs olunur. “Yeni” ona görə yazırıq ki, hörmətli rektor Fuad Hacıyevin fəaliyyətinin ilk günlərindən pedaqoji kollektivdə başlatdığı ayrıseçkiliklə bağlı mediada çox yazılıb. Elə ötən həftə biz də “yenixeber-org”-da yer alan “Bədən tərbiyəsi və idmanın tədrisində “bir kabus dolanır”-şərabçı rektor müəmması” sərlövhəli yazıda bu kimi faktlara toxunmuşduq:
Rektorun digər “yeniliy”i kollektivdə maaşların müəyyənləşməsindəki ayrseçkiliyidir. Məlumata görə “Fuad Hacıyevin kadrı” sayılanlarla “köhnələr”in əməkhaqqında iki dəfədən çox fərq var. Təbii ki, “Fuad Hacıyevin kadrları”nın xeyrinə. Hörmətli rektorun bu “yenilik”ləri necə əsaslandırması hələ ki, bizə məlum deyil.
Hələlik məlum olan bu “yenilik”lər səbəbindən meydana çıxan narazılıqlardır. Hansı ki, sabah bunun açıq və kütləvi olmayacağı da mümkünsüz deyil...
Tələbələrin seçilməsində qohumbazlıq prinsipi
ADBTİA-dan “yenixeber.org”a daxil olan məlumatlara görə akademiya rəhbərliyinin ayrıseçkiliyi pedaqoji kollektivlə bərabər tələbələr arasındada müşahidə olunmaqdadır. Həm də kifayət qədər açıq şəkildə...
Belə ki, hazırda Soçi şəhərində keçirilən19-cu dünya tələbə-gənclər festivalında iştirakçı olan ADBTİA tələbələrinin sırasına bir nəzər yetirmək yetər ki, növbəti ayrıseçkiliyin şahidi olaq. Bəs bu festivalda iştirakçı olan tələbələr sırasında kimlər yer alır? Diqqət edin: Elmi katib Bəxtiyar Rüstəmovun oğlu Rüstəm, prorektor Təhminə Tağızadənin qohumu İlkin Həsənov, digər prorektor Rizvan Əliyevin oğlu Cəmil və s. Elə bil digər tələbələrin bu akademiyaya heç bir aidiyyatı yoxdur. Başqa sözlə, akademiya qohumbazlığın girovuna çevrilmiş kimi görünür...
Akademiyada kadr dəyişiklikləri də davam etməkdədir. Olsun, ilk baxışdan qeyri-adi bir nəsnə yoxdur. Amma,... nədənsə hörmətli rektor bu istiqamətdə də məlum prinsipləri “unudur”. Məsələn, Tibbi Biologiya fakultəsinə elmi dərəcəsi olmayan Qədir Əzizov dekan müavini təyin olunub. Baxmayaraq ki, fakultədə bu posta layiqli, elmi dərəcəli kadrlar illərdir ki, fəlaiyyətdədir. Yeri gəlmişkən, dekan müavini olmasına baxmayaraq Qədir müəllimin özünü de-fakto dekan statusunda apardığı da verilən məlumatlar sırasındadır. Hətta kafedra müdiri professor Xəlil Qasımovun fəaliyyətinə nəzarətin də dekan müavininə həvalə olunduğu deyilir(?)
Çox təəssüf ki, bu və digər məlumatlarla bağlı bir daha qarşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.
Qarşıdakı günlərdə prorektor Rizvan Əliyevin bu posta qədərki fəaliyyətindən, Hafiz Hacıyevin rektorla bağlı məlum açıqlamasından və əldə etdiyimiz digər məlumatlarla bağlı geniş yazmağa çalışacağıq.
Fərhad