“Gerasimov doktrinası” –Müharibə öncəsi yoxlama?
Rusiya var qüvvəsi ilə NATO ölkələrinin hərbi cavab reaksiyasını öyrənməyə başlayıb
Yenixeber.org: Bir müddət öncə – sentyabrın 9-dan 10-na keçən gecə Rusiya ilk dəfə NATO üzvü olan ölkəyə – Polşaya kütləvi dron hücumu həyata keçirdi. Moskvanın ciddi təsir dairəsində olan Belarus ərazisindən Polşaya 20-dən çox pilotsuz uçuş aparatı daxil oldu. Dronların qalıqları hələ də axtarılır.
Sentyabrın 19-da isə Rusiyaya məxsus üç “MiQ-31” qırıcısı Estoniyanın hava məkanını pozdu. Onlar Vayndloo adası yaxınlığında Finlandiya körfəzi üzərindən Estoniyanın hava məkanına daxil olaraq təxminən 12 dəqiqə orada qalıblar. Rusiya hərbi təyyarələri təxminən 5 dəniz mili qədər NATO ərazisinə daxil olub və onların qarşısını “Baltic Air Policing” missiyası çərçivəsində Emari bazasında yerləşdirilən İtaliya Hərbi Hava Qüvvələrinin “F-35” qırıcıları alıb.
Estoniya rəsmiləri bildirilər ki, təyyarələr uçuş planı olmadan, transponderləri söndürülmüş halda uçublar və dispetçer xidməti ilə əlaqə qurmayıblar. Bu da onların Estoniya hava məkanına təsadüfən deyil, məqsədli şəkildə daxil olduğunu göstərir.
Sentyabrın 21-də isə Almaniya Hərbi Hava Qüvvələrinin komandanlığı Baltik dənizi üzərində Rusiyanın “İl-20M” kəşfiyyat təyyarəsinin peyda olması səbəbindən iki “Eurofighter” qırıcısını havaya qaldırıb. “Die Zeit”-in məlumatına görə, bu təyyarə də uçuş planı və radioəlaqə olmadan uçub. Bu da Almaniyanın şimalındakı Laqe aviabazasından qırıcıların təcili şəkildə havaya qaldırılmasına səbəb olub. Qırıcılar həmin naməlum obyektin Rusiyanın “İl-20M” təyyarəsi olduğunu müəyyənləşdirdilər.

Ekspertlərin fikrincə, Rusiya NATO-nun təhlükəsizlik təhdidlərinə necə reaksiya verə biləcəyi ilə bağlı hazırlığını yoxlayır. Xatırladaq ki, bundan bir neçə gün əvvəl nüvə silahının tətbiqi məşqini də əhatə edən birgə Rusiya–Belarus təlimləri başa çatıb. Polşa bu təlimləri aqressiv adlandıraraq Belarusla sərhədini tam bağlayıb, hətta yükdaşımaları da dayandırıb.
Baş verən zəncirvari hadisələri necə xarakterizə etmək olar? Kreml müharibəni genişləndirməyə hazırlaşır? Təcavüzün növbəti hədəfi NATO üzvü olan Şərqi Avropa ölkələridir?
Pressklub.az-ın suallarını tanınmış ukraynalı analitik, Kiyevdəki “Strategiya XXI” Mərkəzinin hərbi ekspert Pavlo Lakiyçuk cavab verib.
Onun sözlərinə görə, son günlər Baltikyanı ölkələr və Polşa üzərində baş verənləri (buraya Rumıniyanı da əlavə etmək olar – sentyabrın 13-də iki rumın “F-16” qırıcısı ölkənin hava məkanını pozan rus zərbə dronunu ələ keçirmək üçün havaya qalxmışdı, pilotsuz aparat təxminən 50 dəqiqə Rumıniya hava məkanında qalmış və təqribən 10 km dərinliyə daxil olmuşdu) həm siyasi, həm də hərbi baxımdan qiymətləndirmək olar.
“Əgər hərbi-siyasi qiymətləndirmə baş verənlərə müxtəlif versiyalar və baxışlara imkan verirsə, hərbi qiymətləndirmə birmənalıdır – Rusiya Federasiyası Şimal-Qərb istiqamətində keçirilən “Qərb-2025” strateji komanda-qərargah təlimləri zamanı “şərti düşmənin” “döyüşə yaxın şəraitdə” hava hücumundan müdafiə vasitələri və qoşun qruplaşmasını aşkar etmək üçün operativ tədbirlər həyata keçirib.
Əslində, rus dronları NATO-nun şimal-şərq cinahında radioelektron vəziyyəti aşkar etmək üçün “hədəf” rolunu oynadı: “hava hücumunun” dəf olunmasına müttəfiqlərin əsasən passiv rejimdə olan bütün HHM vasitələri cəlb edildi. Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, onların “Patriot” sistemləri hücumun dəf edilməsində tətbiq edilməsə də, radarlar hədəflərin hərəkətini izləyib. Polşaya dron hücumunun və Baltikyanı ölkələr üzərində aviasiya provokasiyasının dəf edilməsinin əsas elementlərindən biri İtaliyanın uzaq məsafəli “Gulfstream G550 CAEW” radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi olub. Bu təyyarə Estoniyanın Emari bazasından fəaliyyət göstərən NATO-nun “Baltic Eagle III” operativ qrupuna daxildir. Məhz həmin təyyarə insident baş verən ərazidə müttəfiq qüvvələrini operativ məlumatla təmin edib”, – ekspert bildirib.
O, əlavə edib ki, insidentlər zamanı Polşa və Baltikyanı ölkələr üzərində hava məkanı “yeni il yolkası kimi parıldayıb” – müttəfiqlərin əlində nə varsa, hamısı üzə işləyib. “Bunu isə Rusiya Federasiyasının Kalininqrad anklavındakı Radioelektron kəşfiyyat (REK) və Radiotexniki kəşfiyyat (RTK) qüvvə və vasitələri diqqətlə izləyirdi – Zelenoqradskda Hərbi Dəniz Qüvvələrinin 1-ci xüsusi radio dəstəsi, Yantarnıda Radioelektron mübarizə (REM), Baltiyskdə Hərbi Dəniz Bazasında RTK və s. işləyirdi. Buna Belarus ərazisində strateji komanda-qərargah təlimləri çərçivəsində yerləşdirilən Rusiya quru qoşunlarının REK qüvvə və vasitələrini də əlavə edin – bütün bu radiotexniki rotalar və bölmələr Belarusun Polşa və Baltikyanı ölkələrlə sərhədləri boyunca bilərəkdən yerləşdirilmişdi. Ümumilikdə, ruslar müşahidə vasitələri və hava hücumunun dəf olunması idarəetmə təşkilatı ilə bağlı tam “radiolokasiya mənzərəsi” əldə etdilər. “Qərb-2025” təlimlərini elə təkcə bunun üçün həyata keçirməyə dəyərdi.
NATO bu cür “hədəf” əməliyyatlarını yaxşı bilir – özü dəfələrlə bunu təşkil edib (məsələn, 2020–2021-ci illərdə Qara dənizdə işğal olunmuş Krımla həmsərhəd rayonlarda kəşfiyyat uçuşları). Lakin Alyans heç vaxt “qırmızı xətləri” aşmayıb, hətta “ən incə sərhədə” yaxınlaşsa da, yalnız beynəlxalq hüquq çərçivəsində, “qırmızı xətti” keçmədən oynayıb. Ruslar isə əksinə davranırlar. Hər dəfə beynəlxalq hüququ “azacıq” pozurlar. Və hər növbəti dəfə bu “azacıq” əvvəlkindən bir az çox olur… “Gerasimov doktrinası” belə işləyir: siz həmişə “əsl müharibənin” başlayacağını qorxu ilə gözləyirsiniz. Amma o başlayanda elə vəziyyət yaranır ki, siz artıq onu uduzmusunuz… Rusiyanın NATO-nun müharibəyə hazırlığını test etdiyini deyən ekspertlər haqlıdırlar. Sadəcə, ola bilsin ki, Rusiya artıq yoxlamır, artıq hərəkətə keçib...”, – deyə Lakiyçuk ehtimal edib.
Rauf Orucov