Sirlər açılır: Nyuton, cazibə qanunu və uydurma alma nağılı -Oxuduqlarımız və eşitdiklərimiz yalan imiş?

Bizə məktəb illərindən bəri deyirlər ki, cazibə qüvvəsini ingilis fizik, riyaziyyatçı, mexanik və astronom İsaak Nyuton – kəşf edib. Bəs siz bilsəniz ki, Nyutonun başına heç bir alma düşməyib, cazibə qüvvəsini o kəşf etməyib və o, heç vaxt evlənməyib, görünür, ömrünün sonuna qədər bakir qalıb – bu, danılmaz faktdır – nə deyərdiniz?
Yenixeber.org: Axı məhz bu bəkarət ona yaradıcılıqda kömək edib.
Alma əhvalatı
Bir çoxumuz hələ ibtidai məktəbdə Nyutonun ümumdünya cazibə qanununu necə kəşf etməsi ilə bağlı bir əhvalat eşitmişik. Alim evinin yanında bitən alma ağacının altında oturubmuş və almalardan biri onun başına düşüb. Nyuton dərhal anlayır ki, meyvəni aşağı çəkən bir qüvvə var. Dərhal düşüncələrini inkişaf etdirir, Aya qədər uzanan və yəqin ki, onun orbitinə də təsir edən qüvvə haqqında fikirləşməyə başlayır.
Britaniya kral cəmiyyəti 1752-ci ilə aid olan bir əlyazmanın fotokopiyasını öz saytında yerləşdirib. Bu sənəd Nyutonun dostu və bioqrafı Uilyam Stakliyə məxsusdur və ümumdünya cazibə qanununun kəşfinin başlanğıcı olan əfsanəvi alma haqda bütün həqiqəti açır.
Əslində necə olub
Alma hadisəsi 1666-cı ildə baş verib. Həmin dövrdə İngiltərədə vəba epidemiyası tüğyan edirdi. Xəstəlik təkcə Londonda əhalinin beşdə birinin həyatına son qoydu. Böyük alim o zaman Linlkolnşirdəki ata evinə qayıtmağa məcbur oldu və burada yalnız özünü xəstəlikdən qorumadı, həm də bir çox qanunlar kəşf etdi.
O, ilk dəfə cazibə qüvvəsi haqqında düşünəndə həqiqətən də alma ağacının altında oturmuşdu. Bəli, alma düşmüşdü, amma Nyutonun başına yox, yanına. İdeya anidən gəlmədi: düşən alma sadəcə onu düşünməyə vadar etdi. Alimin bütün fikirlərini cəmləməsi isə təxminən 20 il çəkdi!

Staklinin əlyazmasında bu haqda belə deyilir: “Günorta yeməyindən sonra hava isti idi, bağa çıxdıq və alma ağaclarının kölgəsində çay içdik... o mənə dedi ki, cazibə ideyası ilk dəfə elə həmin vəziyyətdə ağlına gəlib... Bunu onun fikrə daldığı anda almanın düşməsi oyatmışdı. Niyə alma həmişə yerə perpendikulyar düşür? Niyə yana getmir və ya yuxarı uçmur? Niyə həmişə Yerin mərkəzinə doğru düşür? Aydındır ki, Yer onu özünə çəkir. Deməli, cazibə qüvvəsi var”.
Staklinin sözlərinə görə, bu suallar Nyutonun “başında dolaşırmış” və o, “həmin andan bu ümumi qüvvənin materiyada xarakterini, qanunlarını araşdırır, onu göy cisimlərinin hərəkətinə, materiyanın cazibəsinə tətbiq edir və kainatın gerçək quruluşunu anlamağa çalışır”.
Əslində isə Nyuton o düşən alma haqqında nağılı sevimli bacısı qızı Ketrin Konduit üçün uydurmuşdu – özünü məşhurlaşdıran qanunun mahiyyətini sadə dildə başa salmaq üçün.
Amma gəlin, sona qədər dürüst olaq: cazibə qanununu Nyuton kəşf etməyib
Həmin illərdə fiziki ağırlıq nəzəriyyəsi üzərində bir çox alimlər düşünürdülər və cazibə qüvvəsinin mövcudluğunu dərk edən birinci adam Nyuton deyildi. Leonardo da Vinçi özündən sonra çoxlu sayda əlyazma buraxıb ki, onlar hələ də tədqiqatçılar tərəfindən öyrənilir.
Kaliforniya Texnologiya İnstitutunun professoru Mori Qarib 2017-ci ildə da Vinçinin əlyazmalarını araşdırırdı. Səhifələrin birində küp və ondan tökülən hissəciklər təsvir edilmiş maraqlı rəsm tapdı. Professor belə qənaətə gəldi ki, bu rəsmdə cazibə qanununun izahına aparan təcrübə təsvir olunub! Nyutonun bu haqda düşünməsindən bir əsr əvvəl!
Leonardo təbiəti diqqətlə müşahidə edəndən sonra onu kətana köçürürdü. Əvvəlcə quşların uçuş zamanı küləyə necə müqavimət göstərdiklərinə fikir vermişdi. O, müşahidə etdi ki, quşların bir “ağırlıq mərkəzi” var və onlar uçuşlarını tənzimləmək üçün bədənlərini həmin mərkəzin ətrafında bururlar. Bu haqda düşünərkən Leonardo əlyazmanın kənarında bir küp şəkli çəkdi – içindən su tökülürdü.

Su düz yox, əyri bir xətt üzrə axırdı. Alim qeyd etdi ki, su və ya qum hissəcikləri sabit sürətlə yox, sürətlənərək düşür. Da Vinçi bu sürətlənməni riyazi olaraq təsvir etməyə çalışdı. Lakin tədqiqat müəlliflərinin fikrincə, məhz burada hədəfi tam dəqiqliklə vurmadı. Leonardo da Vinçinin düşüncəsi çox uzağa getdi, ancaq ümumdünya cazibə qanununu ifadə edə bilmədi – XVII əsrin ortalarında Qaliley hər şeyə yenidən başlamağa məcbur oldu. İsaak Nyutona isə sadəcə bütün bilikləri bir yerə toplamaq qalırdı. Çox güman ki, cazibə qüvvəsinin kəşfi onun adı ilə bağlı qalacaq. Amma bu istiqamətdə ilk addımları Leonardo da Vinçi atmışdı.
Leonardo da Vinçi həm də otuzdan çox cəsədi yarıb
1508–1513-cü illər arasında Leonardo fırçanı kənara qoydu və əlinə skalpel götürdü: öz rəsmlərində maksimum realist olmaqdan ötür. Onun əlindən müxtəlif yaşlı otuzdan çox kişi və qadın cəsədi keçdi. O, ürəyə, beyinə və daha başqa yerlərə çatanda skalpeli fırça kimi məharətlə işlədirdi! Leonardo təkcə bədən əzalarının və əzələ qruplarının eskizlərini çəkməklə kifayətlənmirdi, onları kəsik şəkildə göstərir və hər birini rəsmi zəruri qeydlərlə müşayiət edirdi. Bu qeydləri sol əli ilə, xırda hərflərlə və sağdan sola yazırdı. Amma bu da yetərli deyildi – o, hərfləri güzgü görüntüsündə tərsinə çevirirdi.
Onurğanın S şəklli formasını ilk dəfə Leonardo təsvir etdi. Ürək qapaqlarını öyrənmək üçün şüşə modeli məhz o icad etdi. Kişi cinsi orqanının ereksiyasının əvvəllər güman edildiyi kimi havadan yox, qandan qaynaqlandığını ilk sübut edən də da Vinçi olmuşdu. Bunu dar ağacında edamlara tamaşa edərkən aşkarladı. Asılan kişilərdə tez-tez ereksiya və boşalma müşahidə olunur.

O, “hamiləlik möcüzəsi”nə maraq göstərərək, dölün ana bətnindəki vəziyyətini təsvir edən ilk insanlardan biri olmuşdu. Onun eskizləri bu gün ultrasəs görüntüləri ilə demək olar ki, tam üst-üstə düşür.
Leonardo həmçinin ateroskleroz və arterioskleroz kimi xəstəlikləri də kəşf etdi. Onun çəkdiyi diaqram əsasında bir britaniyalı kardiocərrah 2005-ci ildə ürək xəstəliklərinin yeni müalicə üsulunu işləyib hazırladı. Da Vinçinin bu əsərləri yalnız dörd yüz ildən sonra üzə çıxdı. Məhz buna görə də, çox az adam “Leonardo-anatom” obrazı ilə tanışdır.(pressklub)
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada