Redaktor seçimi
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Günün xəbəri

Nəhənglərin döyüşü:ruslar kömək istəyir, sultan ordusu mühasirədə...

news content

 II YAZI
Osmanlı hökuməti “London protokolu”ndan niyə imtina etdi?

Yenixeber.org: Krım müharibəsində məğlubiyyət Rusiyanın böyük dövlət imicini sarsıtdı: həm Avropada, həm də Osmanlı təbəəsi xristian xalqlar arasında. Çarizm bu imic itkisini kompensasiya etmək üçün fürsət axtarırdı və həmin fürsət Krım müharibəsindən 20 il sonra yarandı. Əvvəlcə Bosniya və Herseqovinada, sonra Bolqarıstanda baş verən üsyanların Osmanlı ordusu tərəfindən amansızlıqla yatırılması, sultan hakimiyyətinin bu ərazilərə muxtariyyət verməkdən imtina etməsi II Aleksandra müdaxilə bəhanəsi verdi. “Radio Svoboda”nın 1877-1878-ci illər rus-türk müharibəsi haqda məqaləsini təqdim edirik. 

Əvvəli: Burada

Diplomatik manevrlər

Rusiya imperiyası özünün Balkan layihələrində uğurlu olması üçün Avstriya-Macarıstan ilə də dil tapmalı idi. Almaniya imperiyası isə, imperator II Aleksandrın fikrincə, Rusiya qarşısında borclu idi: 1870-1871-ci illər savaşında Prussiya Fransanı darmadağın edəndə və Almaniya birləşəndə tutduğu dostyana mövqeyə görə. 1876-cı il iyulun 8-də II Aleksandr Bohemiyadakı Reyxştadt qəsrində imperator Frans İosiflə görüşdü. Danışıqlardan sonra imzalanan məxfi razılığa görə, Rusiya Avstriyanın Bosniya və Herseqovinanı işğal etməsinə, Avstriya da Rusiyanın cənub-qərbi Bessarabiyanın qaytarmasına və Qara dəniz sahilindəki Batumu özünə qatmasına razı olacaqdı. Balkanlarda Bolqarıstan minimum muxtariyyət, bəlkə də müstəqillik qazanacaqdı. Tərəflər razılaşdılar ki, Balkan slavyanları heç bir halda bir böyük dövlət yaratmamalıdırlar. 

Atəşkəs müddəti bitəndən sonra bərpa edilən Osmanlı-Serbiya müharibəsinin taleyini türklərin 1876-cı il oktyabrın 29-da Cunisə hücumu həll etdi. Zəif müdafiə olunan Cunis yarım günə alındı. Rus əsgər və zabitlər duruş gətirdilər, hazırlıqsız serb ordusu isə Morava çayı üzərindəki körpülərlə tələsik geri çəkildi. Çernyayev çara məktub göndərdi: “Bütün ruslar həlak oldu, bütün serblər qaçdı”. Ertəsi gün serb knyazı Milan və hökumət Çernyayevin savaşı dayandırmaq təklifini qəbul etdilər. II Aleksandra teleqram vuraraq yalvardılar ki, Serbiyanı fəlakətdən xilas etsin. Oktyabrın 31-də Konstantinopoldakı rus səfiri çarın adından Osmanlı imperiyasına ultimatum verərək, 48 saat ərzində Serbiya və Çernoqoriya ilə atəşkəs imzalamağı tələb etdi. Əks halda, 200 minlik rus qoşunu Osmanlı sərhədini keçəcəkdi. Bab-i Ali ertəsi gün ultimatumu qəbul etdi və iki aylıq atəşkəsə razılaşdı. Serblərin uğursuzluğundan sonra Bosniya və Herseqovinadakı üsyan zəiflədi, amma regionda partizan hərəkatı davam etdi.  

1876-cı il dekabrın 11-də Konstantinopolda Rusiyanın təşəbbüsü ilə çağırılan konfrans başladı. Qəbul edilən kompromis qərar layihəsinə görə, Bolqarıstana, Bosniya və Herseqovinaya böyük dövlətlərin nəzarəti altında muxtariyyət verilməli idi. Amma dekabrın 23-də sultan hökuməti konstitusiya qəbul etdiyini açıqladı və bildirdi ki, indi bütün azlıqlar müsəlmanlarla hüquq bərabərliyi əldə edirlər və daha muxtariyyətə ehtiyac yoxdur.

Konstantinopol konfransı 1877-ci il yanvarın 20-də nəticəsiz yekunlaşdı. Bab-i Alinin tutduğu mövqe Rusiyaya sərf edirdi, çünki Osmanlı qərb müttəfiqlərini və 1856-cı il Paris sülhünün şərtlərindən doğan himayəni itirirdi. O, təklikdə qalırdı. Rusiya hələ yanvarın 15-də Avstriya-Macarıstanla yazılı razılaşma imzaladı: Vyana Bosniya və Herseqovinanı işğal etmək hüququ müqabilində müharibədə bitərəf qalacaqdı. 

Fevralda isə, nəhayət, Böyük Britaniya ilə anlaşma əldə olundu. London protokolu Osmanlı imperiyasına Konstantinopol konfransının təkliflərinin məhdud şəkildə qəbul etməyi tövsiyə etdi. Layihə Bosniya və Herseqovinada vahid idarəçiliyi olan muxtar vilayət yaratmağı nəzərdə tuturdu. Türklər Bolqarıstanda iki muxtar vilayət yaratmalı idilər: mərkəzi Tırnovo olan Şərqi Bolqarıstan və mərkəzi Sofiya olan Qərbi Bolqarıstan. Hər iki vilayətin valisi böyük dövlətlərin razılığı ilə sultan tərəfindən 5 illik müddətə təyin ediləcəkdi. Hər vilayətin hökuməti seçəcək qanunverici məclisi olacaqdı, gəlirlərin 70 faizi özlərinə çatacaqdı. Yerli milis yaradılır, amma şəhər və qalalarda türklərin nizami ordu hissələri qalırdı.

London protokolu 1877-ci il martın 31-də Avropanın altı böyük dövləti tərəfindən imzalandı. Lakin aprelin 12-də Osmanlı imperiyası layihəni daxili işlərinə müdaxilə kimi qiymətləndirərək, rədd etdi. Konfrans iştirakçıları Konstantinopoldakı səfirlərini geri çağırdılar. Türklərin mövqeyi Rusiyaya Osmanlı ilə müharibədə Avropa dövlətlərinin bitərəfliyini təmin etməyə imkan verdi. Osmanlı imperiyasının imtinası Şərq məsələsini dinc yolla həll etmək cəhdlərinə son qoydu və Rusiyaya savaşa başlamaq üçün dəstavüz verdi. 

İmperiya zərbə endirir

1877-ci il aprelin 24-də Rusiya Türkiyəyə müharibə elan etdi. Səfərbər edilmiş rus ordusu böyük knyaz Nikolay Nikolayeviçin komandanlığı altında 1877-ci ilin mayında Rumıniya ərazisinə girdi və Dunay istiqamətində irəlilədi. Tərəflərin cəbhədəki qüvvələri əvvəlcə bərabər idi: hər biri 200 min. Kampaniya, plana görə, qısamüddətli olmalı idi ki, Osmanlının mümkün müttəfiqləri kömək edə bilməsinlər. Rus matroslar mina katerləri vasitəsilə Dunaydakı türk gəmilərini neytrallaşdıra bildilər. Rusiya ordusunun əsas hissələri iyunun 27-dən iyulun 3-nə kimi Zimnitsa rayonunda Dunayı keçdilər. Türk artilleriyasının atəşi nəticəsində min nəfər itki verildi. İmperator II Aleksandr da hərəkət edən ordunun içində idi. 

Sol cinahdakı Ruşşuk dəstəsi eyni adlı şəhərin mühasirəsinə hazırlaşırdı. Sağ cinah iyulun 12-də Nikopola çatdı və dörd gün sonra şəhəri tutdu. Osmanlı hissələri Plevnaya çəkildilər. Rusiya-Türkiyə müharibəsinin əsas döyüşləri məhz burada cərəyan etdi. Türklər şəhər ətrafında xeyli qüvvə toplamışdılar və Plevnanı dərhal tutmaq mümkün olmadı. Rusların iyulun 20-də ilk hücumu uğursuz oldu, hərçənd, əvvəlcə hər şey qaydasında gedirdi. Onlar üç səngər xəttini keçdilər və şəhərə daxil oldular. Türklər şiddətli əks-hücumlarla rusları vurub Plevnadan çıxardılar. Həmin gün türklər təxminən 5000, ruslar 2800 itki verdilər. 

Rusların Cənub dəstəsi iyulun 19-da Şipka aşırımını tutdu. Onlar və qeyri-nizami bolqar dəstələri burada Süleyman paşanın 20 minlik dəstəsi ilə toqquşdular və aşırımlara çəkildilər. Şipkadakı mövqe uğursuz idi, çünki ətrafdakı yüksəkliklərdən çarpaz atəşə tutulurdu, nə təbii daldalanacaq vardı, nə hücuma keçmək üçün şərait. Amma Süleyman paşa ordusunun şimali Bolqarıstana yolunu bağlamaq üçün bu keçidi nəyin bahasına olursa olsun, saxlamaq lazım idi. 

Əvvəlcə 6 minlik rus qüvvələri 25 minlik türklərdən müdafiə olunurdular. Üstün qüvvələrin 9-12 avqustda zərbələrinə baxmayaraq, ruslar ehtiyat qüvvələr gələnə qədər Şipkanı saxladılar. Sentyabrın 5-də növbəti cəhd zamanı Qartal yuvasını tutan türklər qələbəyə yaxın idilər, amma ruslar əlbəyaxa döyüşlə onları geri oturtdular. Bundan sonra 1877-ci ilin axırlarına qədər Şipkada “sakitlik” idi, daim atışma baş verirdi, hər iki tərəf təkcə güllələrdən deyil, güclü qar və şaxtalar üzündən böyük itkilər verirdilər. “Şipka oturumu” yalnız Plevna mühasirəsi yekunlaşandan sonra bitdi.

Plevnada isə ruslar iyulun 30-da ikinci dəfə şəhəri almağa cəhd etdilər. Onların 30 min canlı qüvvəsi və 140 topu vardı. Möhkəmləndirilmiş şəhəri 57 topa malik 20 mindən çox türk müdafiə edirdi. Ruslar artilleriya bombardmanından sonra hücuma keçdilər. Onlar böyük itkilərlə iki səngər, üç istehkam tutdular və redut qarşısında durduruldular. Sol cinahda general Mixail Skobelevin dəstəsinin hücumu dəf edildi, əks-hücuma keçən türklər tüfəng atəşi ilə rusları geri oturtdular. Günün sonunda general Kridener tutulan mövqelərdən çəkilməyi əmr etdi və ikinci hücum cəhdi bununla yekunlaşdı. Ölü olaraq türklər 3 min, ruslar min nəfər itirdilər. Yüzlərlə yaralı rus əsgəri əsir düşdü. Bu hücumdan sonra Rusiya imperatoru Rumıniya hakimiyyətinə müraciət edərək, mühasirədə iştirak üçün qoşun göndərilməsini xahiş etdi. Osman Nuri paşanın avqustun 31-də Plevnadan əks-zərbə cəhdi vəziyyəti dəyişmədi. Həmin gün Skobelevin dəstəsi hücuma başladı və sentyabrın 4-də Loveç şəhərini tutdu. Plevnaya gedən mühüm yollardan biri bağlandı, mühasirə sərtləşdi. 

(Davamı olacaq)

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam