Deputat: “Rusiyada qanunsuz yaşayan vətəndaşlarımızın sayı məhduddur, onları qəbul etmək Azərbaycan üçün elə də problem deyil”
Yenixeber.org: Ötən il dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-ın sərnişin təyyarəsinin raketlə vurulmasından sonra qəzaya uğraması hadisəsi Azərbaycan-Rusiya münasibətlərində soyuqluq yaradıb. Təyyarə insidenti ilə bağlı Azərbaycan tərəfi Rusiya qarşısında üç şərt qoyub: təyyarənin vurulmasına görə üzr istənilməsi, cinayətkarların cəzalandırılması və kompensasiya ödənilməsi. Rusiya tərəfi isə hər vəchlə təyyarənin raketlə vurulmasını boynuna götürmür, eyni zamanda, Bakının tələblərindən ikisini – günahkarların cəzalandırılmasını və kompensasiya tələbini yerinə yetirmir. Əvəzində Rusiya mediasında anti-Azərbaycan təbliğatı geniş vüsət alıb. Bu isə münasibətlərdə gərginliyi bir az da artırıb.
Bu gərginlik fonunda tərəflər bir-biri ilə bağlı addımlar atmaqdadırlar. Məsələn, fevralın 3-də Azərbaycan Rusiyaya Bakıda fəaliyyət göstərən “Rus Evi” barədə nota göndərib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Rusiyanın “Rossotrudniçestvo” agentliyinin Azərbaycan ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuatın sualına cavabında deyib ki, “Azərbaycan Respublikası ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir”.
““Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib. Bununla, Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir”, - XİN rəsmisi əlavə edib.
Rusiya tərəfi isə bu ölkədə yaşayan azərbaycanlı miqrantların qovulması ilə hədələyir. Rus mediasında azərbaycanlıların qovulmasına çağırışlar edilməkdədir. Əldə etdiyimiz məlumatlara görə, fevralın 5-dən etibarən Rusiyada işləyən azərbaycanlıların sənədlərinin yoxlanılması, miqrasiya sənədləri qaydasında olsa da, onlara qarşı xəbərdarlıqlar edilməsi, təzyiqlər göstərilməsi geniş vüsət alıb.
Proseslərlə bağlı suallarımızı cavablandıran Milli Məclisin deputatı Rasim Musabəyov təyyarə qəzası ilə bağlı Rusiyanın lazımi addımlar atmaması münasibətləri gərginləşdirən faktordur:
- Hesab edirəm ki, Azərbaycan da, qarşı tərəf də hər şey barədə məlumatlıdır. Sadəcə Moskvanın şəraitə adekvat davranmaq əvəzinə, Azərbaycana yuxarıdan-aşağı baxmaq, faktları ört-basdır eləmək, etirafdan boyun qaçırmaq cəhdləri, təbii ki, ikitərəfli münasibətlərə mənfi təsir göstərməyə bilməzdi. Açığını deyim ki, “Rus Evi” ətrafında baş verənlər təyyarə qəzası ilə bilavasitə bağlı deyil. Bir müddət əvvəl oxşar problemlə bizim Moskvadakı Ümumrusiya Azərbaycanlıları Konqresi üzləşmişdi. O zaman müxtəlif bəhanələrlə Konqresin qeydiyyatı ləğv edilmiş, Bakının rəsmi müraciətlərinə müsbət cavab verilməmişdi. Bunun müqabilində Azərbaycan da həmin “Rus Evi”ni qeydiyyata almadı. Sadəcə onun fəaliyyətinə əngəl törədilmir, bir növ göz yumulurdu.
Müqayisə üçün onu da deyim ki, Moskvadakı Azərbaycan Mədəniyyət Mərkəzinin cəmi iki əməkdaşı var. Amma “Rus Evi”ndə 20-dən çox insan çalışır və onlar müxtəlif fəaliyyətlə məşğul olurlar. Bu isə Azərbaycanın xüsusi xidmət orqanlarında müəyyən şübhələrin yaranmasına rəvac verdi. Azərbaycanda Rus Dram Teatrı, rusdilli media, telekanal var, 300-dən çox orta məktəbdə rus dili tədris olunur. O cümlədən Rusiyanın bir çox universitetlərinin filialları, özümüzün Slavyan Universiteti fəaliyyət göstərir. Yəni ki, burada rus mədəniyyətini təmsil edəcək hansısa “evə”, mərkəzə ehtiyac yoxdur.
- Yəni “Rus Evi”nin bağlanmasını doğru qərar sayırsınız...
- Əlbəttə, Azərbaycan hökumətinin “Rus Evi”nin fəaliyyətini dayandırması barədə qərarı tamamilə doğrudur. Əgər rəsmi Bakı milyardlarla büdcəyə malik USAİD-in fəaliyyətini dayandırırsa, “Rus Evi” də bu qəbildəndir.
Bilirsiniz, Azərbaycan Rusiya ilə münasibətlərini süni şəkildə korlamaqda maraqlı deyil. Əksinə, Rusiyada ölkəmizlə münasibətlərin normal məcrada davam etməsinə marağı olan dairələr mövcuddur. Onlar Azərbaycanla enerji daşıyıcıları sahəsində əməkdaşlığa ciddi əhəmiyyət verirlər. Bu əməkdaşlıq qarşılıqlı hörmət əsasında qurulmalıdır. Ümid edirəm ki, Kreml rəsmiləri baş verən son hadisələri götür-qoy edəcək və Azərbaycanla ikitərəfli münasibətlərə dürüst, obyektiv yanaşacaqlar.
- Amma Rusiyada azərbaycanlı miqrantların qovulması gündəmə gətirilib...
- Məsələ burasındadır ki, keçmiş postsovet ölkələri arasında Azərbaycan Rusiyaya heç zaman borclu qalmayıb. Hər şeyin haqqı ödənilib: silahdan tutmuş digər məhsullara görə. Əvvəllər Rusiyaya şəxsiyyət vəsiqəsi ilə gedilirdi. Moskva xarici pasport tələb edəndə birinci bu tələbi yerinə yetirdik. Demək istədiyim odur ki, azərbaycanlılar Rusiyanın qaydalarına əməl ediblər, bu gün də əməl edilir. Azərbaycan və azərbaycanlılar hər zaman Rusiyanın təzyiqlərinə hazır olub, indi də hazırdır. İndi miqrasiya ilə bağlı qanunları sərtləşdiriblər və bunu hər kəsə şamil edirlər. Ola bilsin ki, azərbaycanlılara qarşı münasibətdə bir qədər də sərt davranılır. Qanunsuz miqrantları ölkədən çıxaracaqlar, çıxarsınlar. Onsuz da Rusiyada azərbaycanlıların sayı digər ölkələrdən gedən miqrantların sayından çox deyil. Təxminən 600 min azərbaycanlının Rusiya vətəndaşlığı var ki, onlar bu dövlətin vətəndaşlarıdırlar, qanun sərtləşməsi onlara şamil olunmur. Rəsmi rəqəmlərə əsasən 500 min Azərbaycan vətəndaşı Rusiyada işləyir, miqrant kimi yaşayır. Bu say o qədər də çox deyil. Rusiyada qanunsuz yaşayan vətəndaşlarımızın sayı məhduddur, onları qəbul etmək Azərbaycan üçün elə də problem deyil. Yəni qanunsuz miqrantlar məsələsində Rusiyanın təzyiq rıçaqı böyük deyil. Eyni zamanda, bu, Rusiyanın özünə də ziyandır. Azərbaycanlılar da, elə digər ölkələrdən gedən miqrantlar da Rusiyanın əmək bazarında önəmli rol oynayır. Rusiya əmək bazarında problemlər yaratmaq niyyətindədirsə, buyursun. Miqrantlarla bağlı nə qanun qəbul edirlərsə, sərt tədbirlər görürlərsə, buna hüquqi baxımdan nəsə deyə bilmərik. Sadəcə yəqin ki, Azərbaycan da müəyyən addımları atacaq.(AYNA)