Redaktor seçimi
Günün xəbəri

Cəbhə xəttindən Sülh dördbucağına qədər -Cənubi Qafqaz ABŞ-dan necə görünə bilər?

news content

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına dair beynəlxalq təşəbbüslər nəticəsiz qaldığı kimi, yeni ABŞ hökumətinin də Cənubi Qafqaz siyasətində prioritetləri barədə hələlik dəqiq bilgi yoxdur. Bu isə dayanıqlı sülhün bərqərar olunmasına yönəlmiş diplomatik proseslərdə atılacaq gələcək addımlarla bağlı qeyri-müəyyənliklər yaradır. 

Yenixeber.org: Donald Trampın ilk prezidentliyini Azərbaycanda yaxşı xatırlayırlar. Amma ən çox xatırlananı və ona münasibətdə əsas arqument budur ki, Tramp 2020-ci il müharibəsinə müdaxilə etmədi.

İkinci Qarabağ müharibəsi başlayanda o hələ hakimiyyətdə idi və Baydenlə ikinci prezidentlik müddəti uğrunda mübarizəsinin həlledici mərhələsinə qədəm qoymuşdu. 

Müharibənin əvvəlindən Tramp demişdi ki, vəziyyətə “çox ciddi baxır”: “Bizim bu sahədə xeyli yaxşı əlaqələrimiz var, görək, gərginliyi dayandıra biləcəyikmi”. Müharibənin 27-ci günündə, artıq Azərbaycan ordusu Laçın dəhlizinin 10 kilometrliyində olanda isə o bildirmişdi ki, “Azərbaycanla Ermənistan arasında vasitəçilik edir” və “gerçəkdən yaxşı irəliləyişə” nail olub.

Qarabağ mövzusuna Tramp bir də düz dörd il sonra, növbəti prezident seçkisi ərəfəsində, 2024-cü il oktyabr ayının 24-də qayıtdı. O, Azərbaycan ordusunun 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyi əməliyyata işarə edərək, Bayden administrasiyasını buna yol verməkdə günahlandırdı.  

“120000 erməni xristianı dəhşətli təqiblərə məruz qalanda və zorla Artsaxdan çıxarılanda Kamala Harris heç nə etmədi. Kamala Harris Birləşmiş Ştatlar Prezidenti olacaqsa, bütün dünyanın xristianları özlərini təhlükəsizlikdə hiss etməyəcəklər. Mən Prezident olsam, təqib olunan xristianları qoruyacağam, zorakılığı və etnik təmizləmələri dayandırmaq üçün işləyəcəyəm və biz Ermənistanla Azərbaycan arasında SÜLHÜ bərpa edəcəyik”, - deyə Tramp Truth Social şəbəkəsində yazmışdı. Amma bu postun altındakı qeydlərdə ermənilər Trampın sözlərinə şübhə ilə yanaşır, 2020-ci il müharibəsində atəşkəs yaradılması üçün onun özünün heç nə etmədiyini xatırladırdılar.  

Beləliklə, müharibə bilavasitə Trampın prezidentliyi dövründə alovlanmışdısa,  Azərbaycanın növbəti hərbi uğurları kimi qiymətləndirilən 2022-ci il sərhəd qarşıdurması və 2023-cü il anti-terror əməliyyatı Bayden administrasiyası dövrünə təsadüf etmişdi. Bu fonda sabiq prezident Baydenin zamanında Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması üçün ABŞ-da keçirilmiş görüşlər və atılmış digər addımlar da gözlənilən nəticəni verməmişdi. 

                            Cənubi Qafqazdakı siyasi reallıq

Təbii ki, qısa müddət ərzində iki dövlətin sülh sazişi imzalayacağını proqnozlaşdırmaq sadəlövhlük olardı. Amma görüşlərin Vaşinqton-Brüssel və Moskva kimi fərqli formatlarda keçirilməsində birinciyə üstünlük verildiyi nəzərə çarpmaqdadır. ABŞ 30 ilə yaxın müddətdə Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədri olub. Bu illər ərzində münaqişənin həlli istiqamətində ciddi nəticələr qeydə alınmayıb. Yəni, ABŞ da digərləri kimi Cənubi Qafqazda sülhün, sabitliyin təminatçısı olmayıb, ya ola bilməyib. 

Tramp Qəzzada atəşkəsin əldə olunmasını öz hesabına yazır. Onun Yaxın Şərq siyasətinin dəyişəcəyini gözləmək real deyil. Çünki bu regionda “iki xalq üçün iki dövlət” prinsipinə Tramp administrasiyasının yanaşması hələ də birmənalı deyil.

Yeni administrasiya Ukraynada da atəşkəsə nail olmaq istəyir və Trampın Putinlə hansı şərtlər altında razılaşacağı məchuldur. Bütün hallarda, 2025-ci ildə Rusiya-Ukrayna müharibəsində atəşkəsin olacağı proqnozlaşdırılandır. Tramp prezidentlik kampaniyası dövründə müharibənin dayandırılmasına çağırışlar etsə də, işğal olunmuş Ukrayna torpaqlarının geri qaytarılması barədə tələb səsləndirməyib. Qəzza məsələsində olduğu kimi, burada da onun ən böyük qazancı atəşkəs olacaq.

Ermənistan-Azərbaycan münasibətlərində isə məsələ fərqlidir. Burada proses Trampsız da gedir. Çox yavaş, çəkilmə-qabarmalarla gedir, amma “ölü nöqtə”də dayanmır. Hətta iki dövlət arasında sərhədlərin delimitasiya və demakrasiyası hissə-hissə gerçəkləşdirilir. Tərəflər arasında başqa mürəkkəb məsələlərdə müəyyən razılığın yarandığı görünür. 

Bununla belə, perspektivdə yeni ciddi mübahisə predmetinin ortaya çıxmayacağına təminat yoxdur. Belə ki, münaqişə tərəflərindən heç birində məsələ ilə bağlı pozitiv əhval-ruhiyyə hakim deyil. Yəni, sülh danışıqları ətrafında gedən proseslər, bəzi ərazilərin geri qaytarılması, sərhəd dirəklərinin basdırılması kimi məsələlər Ermənistanda heç də hər kəsi xoşbəxt etmir. Eləcə də Azərbaycanda anklavlarla bağlı problemin həllinə yanaşmada çeviklik hiss olunmur. Ancaq yeni müharibə üçün real təhdid yoxdur, bu da, bölgədə ABŞ-ın fövqəladə diplomatik təşəbbüslərinə ehtiyacı azaldır. Hərçənd, prosesin beynəlxalq hüquqa əsaslanan və hər iki tərəf üçün məqbul çərçivədə tamamlanması zəruridir. 

                                                    Rusiya və İran 

Digər nəzərə alınmalı məsələ regionda müxtəlif dövlətlərin geosiyasi maraqlarıdır. Burada Rusiya və İran faktorunu gözardı etmək olmaz. Yerevan Moskvadan nə qədər qurtulmağa çalışsa da, onun üzərində Rusiyanın iqtisadi-siyasi təsiri hələ güclüdür. Ermənistan hələ də KTMT-nin və Avrasiya İttifaqının üzvüdür, Gümrüdə Rusiyanın 102-ci hərbi bazası qalmaqdadır, “Qazprom” Ermənistanı qazla təmin etməkdə və onun qaz xətlərinə nəzarəti əlində saxlamaqdadır və s. və i.a. Digər tərəfdən, Azərbaycan və Türkiyə ilə sərhədləri qapalı qalan Ermənistan hələ də bölgədə “yarımtəcrid” vəziyyətindədir və bu vəziyyətdən onu qurtaran İrandır. İran da Ermənistanla münasibətlərini korlamaq niyyətində deyil, çünki Cənubi Qafqazda hansısa formada öz mövcudluğunu mühafizə etməlidir. 

Hər iki ölkə (Rusiya və İran) Şimal-Cənub nəqliyyat dəhlizi barədə razılaşmanı imzalayıb və ratifikasiya edib. Ermənistan da özünü bu nəqliyyat dəhlizinin tam hüquqlu üzvü kimi gördüyünü bəyan edib. Onun Rusiya və İrandan asılılığını minimizə etmək üçün Türkiyə ilə münasibətlərin normallaşması prioritet rol oynaya bilər. 

                                  Türkiyə və ya Sülh dördbucağı

Vaşinqton və Ankaranın maraqları Yaxın Şərqdə toqquşsa da, Cənubi Qafqazda tərəflərin ciddi qarşıdurmaya gedəcəyi mümkün görünmür: burada Türkiyənin rolu daha üstündür. Rusiya və İran ilə müqayisədə Tramp administrasiyasının Ərdoğanla anlaşması daha real görünür. 

Son 4 ildə bu bölgədə hansı istiqamətdə dəyişikliklər baş verdiyini ABŞ-da yaxşı anlayırlar. Qarşıdakı mərhələdə xarici siyasət, ehtimal ki, buna uyğun qurulacaqdır. Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi, Rusiya ilə İranın neytrallaşdırılması üçün Ermənistanla siyasi və iqtisadi münasibətlər qurması hazırkı dövrdə ən səmərəli yoldur. 

Cənubi Qafqazda ən kiçik iqtisadiyyat Ermənistan iqtisadiyyatıdır. Ancaq əhalisinin xeyli az olmasına baxmayaraq, burada qazın illik istehlakı Gürcüstandakı qədərdir. Çünki Ermənistanda avtomobil nəqliyyatı parkının 70 faizindən çoxu qazla çalışır. Təkcə bu amil yuxarıda qeyd olunduğu kimi, Rusiya və İran asılılığını şəffaf şəkildə göz önünə gətirir. Ermənistan son 30 ildə regionda gerçəkləşdirilmiş, Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edən beynəlxalq layihələrdən kənarda qaldı. Azərbaycanı Türkiyə və Qərblə Qara dəniz limanları vasitəsilə birləşdirən infrastruktur Gürcüstan üzərindən yaradıldı. Ümumiyyətlə, Qarabağ münaqişəsi dövründə Azərbaycanla Gürcüstanın iqtisadiyyatları arasında inteqrasiya bugünədək artan sürətlə davam edir. 

Beləliklə, Tramp administrasiyasının rəsmi Bakı və Yerevanla münasibətlərdə atacağı addımlar hələlik bəlli deyil və mütəxəssislər bu barədə fikir yürütməkdə ehtiyatlı tərpənirlər. Dəqiq olan budur ki, ikili münasibətlərin forması bütünlükdə regional siyasətə təsirsiz ötüşməyəcək.(pressklub) 

 Seymur Kazımov  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam