Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

PUTİN AZƏRBAYCANA “HÜCUM” ƏMRİ VERİB? -Marina Axmedova “kimin dili ilə” danışır?

PUTİN AZƏRBAYCANA “HÜCUM” ƏMRİ VERİB? - Marina Axmedova “kimin dili ilə” danışır?

Bu gün - yanvarın 20-də Baş prokuror Kamran Əliyev bildirdi ki, Azərbaycan AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Qazaxıstan və Rusiya ilə birgə araşdırma aparır. Onun sözlərinə görə, hər üç ölkədə cinayət işi açılıb: “Hər üç dövlət onlara aid sübutlar toplayır, bunların hamısı öyrəniləcək”.

Yenixeber.org: Aktau qəzasının səbəblərinin şəffaf şəkildə açıqlanmasını gözləməyimizə rəğmən, gedişat onu göstərir ki, nəinki buna şahid olacağıq, əksinə sübutların ört-basdır edilməsi üçün cəhdlər dayanmayacaq. Çünki hazırda suçlu tərəf etiraf yerinə, dünya ictimaiyyətini çaşdırmaq, korun qaranlıqda belə görə biləcəyi faktları təhrif etmək xəttini tutub.

Dünya da bilir ki, bu ölkədən dürüst mövqe ummaq ən azı sadəlövhlükdür. Əlbəttə, söhbət Rusiyadan gedir. Bu bəs deyilmiş kimi, “qara məni basınca qoy qaranı mən basım” məntiqiylə hərəkət edən Kreml siyasi etikadan kənar tövrləri ilə ikrah doğuran mahiyyətini gözəl biruzə verir. Məsələn, “Baza” rus telegram kanalı bu günlərdə Bakı-Qroznı təyyarəsi ekipajının danışıqlarının tam stenoqramını dərc edib. Buradan belə absurd nəticə çıxır ki, pilotlar Qroznıya enməmək qərarına “özbaşına” gəliblər. Elə Aktauya enmək qərarına da onlar “özləri” gəliblər və artıq Rostov-Don dispetçerləri ilə əlaqə saxlayıblar. Müəllif iddia edir ki, guya, “göyərtəsində quşlarla toqquşma və partlayan qaz balonu” ilə bağlı versiya dispetçerlərlə danışıqlarda təyyarənin heyəti tərəfindən səsləndirilib. Təyyarədə xarici təsir olsa da, pilot fövqəladə vəziyyət elan etməyib. Teleqram kanalı tənbəllik etməyib, Qroznı hava limanının dispetçerləri ilə “Azərbaycan Hava Yolları”nın reysinin heyəti arasında danışıqları da dərc edib.

Bundan əlavə, Rusiya mediasında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin təyyarəsinin pilotları ilə aviadispetçerlər arasında danışıqların stenoqramı da mətbuatda dərc olunub. Təbii ki, Kremlə sərf edən prizmadan. Rusiyanın rakursuna görə, danışıqların dərc olunmuş mətnindən belə çıxır ki:

- Qroznıya enməmək, Mahaçqalaya uçmamaq, sonra yenidən Bakıya və nəticədə Aktauya getmək qərarı Azərbaycan Hava Yollarının ekipajı tərəfindən müstəqil olaraq qəbul edilib;

- Dispetçerlər Qroznıya, daha sonra Mahaçqalaya eniş etməyi təklif edib və heyətə Rusiyanın digər hava limanları haqqında məlumat veriblər, lakin ekipaj bundan imtina edib;

Göyərtədə “quşlarla toqquşma və partlamış qaz balonu” ilə bağlı versiya dispetçerlərlə danışıqlarda təyyarənin heyəti tərəfindən səsləndirilib;

- Təyyarədə xarici təsir olub, lakin pilot təyyarədə fövqəladə vəziyyət elan etməyib.

Bundan əvvəl Rusiya XİN başçısı Sergey Lavrov da bəyan etmişdi ki, qara qutulardakı məlumatlar medianın qəzanın səbəbləri ilə bağlı gəldiyi qənaətləri təsdiq etmir.

“Saqqızı suya düşən” Kreml əlaltılarına göstəriş verib ki, elə bir ictimai rəy formalaşdırsınlar ki, guya “Putin üzərinə düşən üzrxahlığı etdikdən sonra rəsmi Bakı tərəfindən haqsızlığa məruz qalıb və mənəvi zərərə uğrayıb, indi isə ona dəyən mənəvi zərərin təzminatını gözləyir və buna haqqı da var”.

Rusiyanın digər ölkələrlə hər zamankı qeyri-korrekt siyasi rəftarının bariz nümunələrindən biri də Rusiya Federasiyasının Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Marina Axmedovanın diliylə səsləndirilib. Marina Axmedova bildirirb ki, Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsinin qara qutularının yazılarından bunlar məlum olub: partlayan qaz balonu və quşlar versiyası haqqında təyyarə ekipajı özü danışıb. Bu fikirlərinin ardınca isə Axmedova deyir:

         “Beləliklə, bir neçə gün keçdi və həddən artıq emosional Azərbaycan Prezidenti Əliyev susur, Rusiya tərəfindən üzr istəmir”.

Qəzanın ilk günlərində “tupik” vəziyyətinə düşmüş Rusiya tərəfinin günlər keçdikcə “dili açılıb”, hətta o qədər ki, insan hüquqlarından əsər-əlamət olmayan ölkədə Prezident yanında İnsan Hüquqları Şurasının üzvü Marina Axmedovanın diliylə qabalıq edir. Bu, ən azı “siyasi zırramalıq”dır ki, onu da Rusiyadan gözləmək olardı.

Kreml kolunadası təyyarə qəzasına görə günahı partlayan qaz balonunun və quşların üstünə atmaqla qalmır, özündə Azərbaycanın quru sərhədlərinin bağlı qalmasına görə hesabat tələb edəcək qədər cəsarət tapır. “Ondan soruşmağa dəyər ki, niyə pandemiyadan bəri Azərbaycanın quru sərhədləri bağlanıb və əvvəllər Cənubi Dağıstan vasitəsilə Azərbaycana gedib-gələn insanlar indi niyə təyyarələrlə uçmağa məcburdurlar? Bu, aviaşirkətlər üçün sərfəlidir, amma Əliyevin bu qədər maraqlandığı insanlar üçün rahat deyil", deyən Axmedovanın sözləri başqa ölkənin işlərinə qarışmağı öz siyasətinə çevirmiş Rusiyanın mövqeyini əks etdirir. Amma məsələnin məğzi odur ki, törətdiyi əmələ görə məsuliyyət daşımaq kimi dövlətçilik ənənənəsi olmayan Rusiya bu terror aktının yükündən qarşı tərəfi suçlayaraq, qurtulmaq fikrindədir. Üstəlik, maddi təzminat məsələsi də var. Hansı ki, Kremlin etdiyi bu gedişatla arxa plana keçəcək. 

Amma nədənsə qonşuları ilə siyasi konstruktivlik müstəvisində çalışan rəsmi Bakıya qarşı kin qusan bəzi rus media resursları “ayıblarına kor olmaqdansa” yanvarın 17-də Bakıya gələn Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə keçirilən görüşü də “Azərbaycan tərəfinin Rusiyanı başqa necə bezdirəcəyi haqda müzakirələrin” aparılması kimi qələmə verirlər. “Yeri gəlmişkən, bu, “Gürcü Arzusu” liderinin ilk xarici səfəridir, ona görə də, eyni zamanda, “rusiyapərəst” adlanan partiyanın hara yönələcəyini başa düşə bilərik. Bizə yox, Türkiyə və Azərbaycana”, deyə bəzi rus media resursları bildirir.

Digər tərəfdən isə, rus düşüncəsinin necə işlədiyini görmək üçün rus teleqram kanallarında yazılanlara baxmaq köməkçi olar. Yazı müəlifləri həlak olanların içində rus vətəndaşlarının da olduğunu, üstəlik, pilotların da milliyyətcə rus olduğunu, təhqiqat bitmədən Azərbaycanın artıq günahkarın Rusiya olduğunu müəyyən etdiyini, qəzanın Ukrayna dronlarının hücumu nəticəsində baş verə biləcəyini, buna baxmayaraq Prezident Əliyevin Ukraynaya heç bir irad bildirmədiyini irəli sürülər. Üstəlik, Prezident Əliyevin haqlı olaraq Rusiyadan üzr və təzminat tələb etməsini həzm edə bilmədiklərini göstərməklə yanaşı, həm də Zəngəzur dəhlizi də daxil olmaqla, ciddi geosiyasi güzəştlər tələb etdiyini ortaya atırlar. Yəni, yazı müəlliflərinin fikrincə, Azərbaycan qəzanı əlində alətə çevirərək, Rusiyanın Zəngəzur dəhlizi üçün Ermənistana təzyiq etməsini istəyir.

Bu düşüncənin özü belə, ən azı siyasi tərbiyəsizlikdir. Azərbaycan milli-etnik kimliyindən asılı olmayaraq təyyarə ekipajın dəyərləndirdi, onları ucaltdı, maddi təzminat verdi və s. Bununla göstərdi ki, insana yanaşma dövlət səviyyəsində necə olur... Bu da bizim dövlətçilik münasibətimizin rus düşüncəsindən nə qədər fərqli olduğunu ortaya qoyur.

Bu arada, “The New York Times” nəşri də Əliyevlə Putin arasında telefon danışığının təfərrüatlarına toxunaraq, Rusiya prezidentinin dekabrın 28-də Əliyevlə telefon danışığında təyyarənin qəzaya uğramasında quşları, qaz balonunu və Ukraynaya məxsus PUA-ları günahlandırmasını, lakin Prezident Əliyevin ona etimad etmədiyini, ertəsi gün Putinin Prezident Əliyevi Moskvada qəzanın araşdırılmasına razılıq verməyə çağırmasını, Əliyevin təyyarənin qara qutularının Braziliyada yoxlanılmasını israrla tələb etdiyini vurğulayaraq, bunların Rusiya liderinə inamsızlığın bariz nümunəsi olduğunu yazdı. Nəşrin yazdığına görə, Putin Prezident Əliyevi təyyarənin qəzaya uğrama səbəbləri barədə susmağa məcbur etməyə çalışıb. Lakin Prezident Əliyev təkid edib ki, Rusiya Federasiyası öz günahını açıq şəkildə etiraf etsin. “The New York Times”a adının çəkilməsini istəməyən yüksək səviyyəli məxfi diplomat qəzadan sonra baş verənləri Azərbaycanın özünü idarə etmək qabiliyyətinin “konseptual sübutu” kimi qiymətləndirib.

Əlbəttə, bütün mənfi tərəfləri ilə yanaşı, Aktau qəzası Azərbaycanın öz ayaqları üstündə durduğunu göstərdi, özünü müstəqil dövlət kimi təsdiqlədiyini, öz mövqeyi uğrunda yeri gələndə bölgənin can verməkdə olan yaralı ayısı Rusiyaya meydan oxuduğunu sübut etdi.  

Digər bir nüans isə bəlli etdi ki, Qazaxıstan Rusiyanın qəzəbindən yayınmağa çalışır. İlk olaraq, Qazaxıstanın təyyarənin qara qutusunu Braziliyaya göndərməsi səbəsiz deyildi. Bu, Rusiyanın qara qutunun rus ekspertlər tərəfindən araşdırılması təklifi qarşısında özünü sığortalamaq üçün gedişi idi. Və ağıllı gediş idi. Aydındır ki, qara qutu Braziliyaya getməsəydi, Rusiya qutunun nə Qazaxıstanda, nə Azərbaycanda açılmasının qarşısını almaq üçün heç bir təxribatdan çəkinməyəcəkdi. Braziliyaya gedən qara qutudan Rusiyanın müdaxiləsi olmadan hadisənin təfərrüatları öyrənilib, geniş ictimaiyyətə açıqlanıb-açıqlanmayacağına dair tərəddüdlər olsa belə, Azərbaycan məsələnin nə yerdə olduğunu bilir. Amma heç bir şey rus ayısının ağlını başına yığıb konstuktiv mövqe tutması üçün Kremli razı sala bilməzdi. Çünki Rusiya heç vaxt bu təfəkkürün sahibi olmayıb.

Bəs hadisədən ötən vaxt nəyi dəyişəcək? Təyyarənin Rusiya tərəfindən vurulması bəlli olsa da, Kreml nə vaxta qədər dirəniş göstərəcək? Bir daha xatırladaq ki, rus teleqram kanallarında bu qəzanın “Ukrayna dronlarının müdaxiləsi” nəticəsində baş verdiyi iddia olunur. Və proses hüquqi müstəvidə əksini tapmasa, Rusiya maddi təzminatdan qaçacaq. Bu isə Azərbaycana qarşı əsl şovinist münasibətdir. Aydındır ki, imperiya təfəkkürlü Rusiyanın həm Qazaxıstana, həm bizə yanaşması dəyişməz qalacaq.

Haşiyə çıxaraq qeyd edək ki, “The New York Times” Bakıda sağ qalan üç nəfərlə müsahibə də təşkil edib. Onlar bildiriblər ki, havada ən azı iki partlayış baş verəndən sonra bəzi sərnişinlər hücuma məruz qalıblar.

“İkinci partlayışdan sonra təyyarənin arxasından partlayışın külək dalğası əsib və digər sərnişinlərdən "bizi vurdular" deyə qışqırıqlar olub. Həmçinin, ikinci partlayışdan sonra bir qız qışqırmağa başlayıb. 28 yaşlı Leyla Ömərova pəncərədəki oturacağından o biri tərəfə baxanda həmin qızın qoltuqlarının qana bulaşdığını görüb.Təyyarə Xəzər dənizinə 100 fut məsafədə yellənərkən, sərnişin Siracov fikirləşib ki, ən azı onun və həyat yoldaşının kimin birinci öləcəyinə dair mübahisələri nəhayət həll olunacaq: Onlar birlikdə öləcəklər. Lakin təyyarənin ön hissəsi zərbədən parçalandıqdan sonra quyruq hissəsi qopub, çevrilib və qumlu torpağın arasından yüzlərlə metr sürüşüb. "Yaşayan varmı?" soruşan Siracov xatırlayır ki, təhlükəsizlik kəmərindən başıaşağı sallanan zaman qəfil sükutda qışqırırmış”, deyə “The New York Times” yazır.

“Ötən həftə Azərbaycan rəsmiləri və hökumətə yaxın adamlarla müsahibələr göstərdi ki, dekabrın 25-də göyərtəsində 67 nəfərin olduğu Embraer 190 təyyarəsinin qəzaya uğraması keçmiş Sovet İttifaqı üçün necə geosiyasi hadisəyə çevrilib. Cənab Putinə faciə ilə bağlı öz cavabını diktə etməyə imkan verməkdənsə, cənab Əliyev Rusiyanın məsuliyyəti öz üzərinə götürməməsi ilə bağlı dəfələrlə tənqid atəşinə tutub”, “The New York Times” davam edir.

Nəşrin yazdığına görə, uçuş məlumatları göstərir ki, Xəzər dənizini keçdikdən, yəni pilotlar quş vurması barədə məlumat verdikdən bir saatdan çox vaxt keçdikdən sonra, təyyarə Aktau hava limanında ikinci eniş cəhdi zamanı qəzaya uğrayıb. Təhqiqata yaxın bir şəxsin sözlərinə görə, sağ qalanların hamısı təyyarənin təxminən arxa üçdə birində oturubmuş.

Sonda isə bir daha xatırladaq ki, Putinin Ukraynaya təcavüz əmrindən sonra Avropa öz hava məkanını Rusiya üçün bağladı. Bunun üçün Qərbə uçan bir çox ruslar indi Rusiya və İran arasında sıxışdırılmış neft və qazla zəngin keçmiş sovet respublikası olan 10 milyonluq Azərbaycandan keçib gedirlər. Rusiya həmçinin Azərbaycanı cənubdan İran, Hindistan və Fars körfəzinə uzanan genişləndirilmiş ticarət yolunda əsas halqa kimi görür. Bu mənada Azərbaycana möhtac olan Rusiya öz mənafeyi üçün rəsmi Bakı ilə münasibətləri normallaşdırmağın yolunu tapmalı, “daldadakı bostan” düşüncəsindən hörmət və siyasi konstruktivlik yoluna gəlməlidir. Putin anlamalıdır ki, siyasi etikadan məhrum məmurlarının ağzına yal atıb, onlar Azərbaycan dövlətinə və Prezidentinə qarşı söz hücumuna keçirməkdənsə, öz yanlışlıqlarını gözdən keçirmək, korrektə etmək daha doğru və faydalı olar. Əks halda ölkəsinin çöküş sürəcini daha da tezləşdirmiş olar...  

Ülviyyə ŞÜKÜROVA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam