Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Əsəddən sonrakı Suriya:“Yeni və daha mürəkkəb dövr başlayır”

Asif Nərimanlı: “Əsədin devrilməsində maraqlı tərəflər olan ABŞ, İsrail və Türkiyə yeni mərhələdə üz-üzə duran tərəfə çevrilə bilərlər”

Yenixeber.org: Suriyada 50 ildən artıq hakimiyyətdə olan Əsəd rejimi devrildi. Suriya silahlı müxalifətinin artıq sabiq Prezident olan Bəşər Əsəd hökumətinin mövqelərinə hücum etməsindən, şəhərləri bir-bir ələ keçirməsindən sonra çevriliş baş verib. Silahlı müxaliflərin paytaxt Dəməşqi nəzarətə götürməsindən sonra Bəşər Əsəd əvvəl Dəməşqi, sonra ölkəni tərk edib. Beləliklə Suriya paytaxtı silahlı qrupların nəzarətinə keçib. Hökumət qüvvələrinin mövqelərinə qarşı həyata keçirilən genişmiqyaslı hücumlar paytaxtda nəzarətin itirilməsinə səbəb olub.

Müxalifət qüvvələrinin irəliləməsi fonunda Suriya ordusunun bölmələri paytaxt Dəməşqin mərkəzini də tərk ediblər.

Suriya Baş naziri Məhəmməd Qazi əl-Cəlali bildirib ki, xalqın seçdiyi hər hansı rəhbərliklə əməkdaşlığa hazırdır və hakimiyyəti sülh yolu ilə təhvil verəcək. Baş nazir Dəməşqi tərk etmək fikrində olmadığını və müxalifətlə əməkdaşlığa hazır olduğunu bəyan edib.

"Biz suriyalıların seçdiyi istənilən hökumətlə əməkdaşlığa hazırıq", - deyə o qeyd edib.

Baş nazir dövlət qurumlarının fəaliyyətini təmin etmək istədiyini də bildirib: "Hər kəsi rasional düşünməyə və ölkə haqqında düşünməyə çağırıram. Bu ölkəyə mənsub olan heç kəsə pislik etməyəcəklərini deyən müxalifətə əlimizi uzadırıq".

Dəməşqi ələ keçirən suriyalı silahlı müxalif qruplar isə paytaxtda komendant saatı tətbiq etdiklərini elan ediblər. Məlumata görə, komendant saatı yerli vaxtla saat 16:00-dan səhər saat 5:00-dək qüvvədə olacaq.

“Suriyada hakimiyyətin ötürülməsi problemsiz olacaq”. Bu sözləri isə ölkənin ədliyyə naziri Əhməd Səid deyib. Onun fikrincə, “ölkədə vətəndaş müharibəsi olmayacaq”.

Nazir etiraf edib ki, o və Nazirlər Kabinetindəki həmkarları respublikada hadisələrin bu qədər sürətlə inkişaf edəcəyini gözləmirmişlər.

Suriyanın Müxalif və İnqilabçı Qüvvələrin Milli Koalisiyası ölkədə inklüziv keçid hökuməti yaratmaq niyyətini açıqlayıb: "Koalisiya istisnasız olaraq bütün milli qüvvələrin iştirakı ilə keçid hökumətinin formalaşdırılması üzərində işlədiyini təsdiq edir. Hökumətə tam icra səlahiyyətləri veriləcək”.

Dünəndən etibarən Suriyanı tərk edən Əsədin isə harada olduğu bilinmirdi. Amma artıq rus rəsmi mediasının yazdığına görə, Rusiya Əsədə sığınacaq verib. TASS Kremldəki mənbəyə istinadən məlumat yayıb ki, Əsəd ailəsi ilə birlikdə Moskvaya yerləşib.

Qeyd olunub ki, Suriya silahlı müxalifətinin liderləri Rusiya hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət veriblər.

Ekspertlər Suriyada noyabrın 26-28-də başlayan hadisələrin dekabrın 8-də Prezident Əsədin devrilməsi və ölkədən qaçmasını məntiqi nəticə sayırlar. Analitiklərin qənaətincə, silahlı müxalifətin qısa zaman kəsiyində hökumətin əlində olan şəhərlərə hücum etməsi və nəzarətinə götürməsi belə nəticənin əldə olunacağı ehtimalını artırırdı.

Suriyadakı proseslərin bundan sonrakı mərhələsi ilə bağlı suallarımızı cavablandıran siyasi şərhçi Asif Nərimanlı deyib ki, Əsədin devrilməsi ilə Suriyada yeni və daha mürəkkəb dövr başlayır:

- Çünki qüvvələr nisbəti dəyişdi. Belə ki, Suriyada döyüşən silahlı 4 qruplaşmadan biri – Əsəd hökumətinin ordusu sıradan çıxdı. İndi üç qüvvə - ASO, PYD/YPG, “Təhrir əş-Şam” (HTŞ) qalıb. Ona görə də, Əsədin devrilməsində maraqlı tərəflər olan ABŞ, İsrail və Türkiyə yeni mərhələdə üz-üzə duran tərəfə çevrilə bilərlər. Bu baxımdan, Əsəd məsələsində Türkiyə ilə toqquşan Rusiya və İran bundan sonra Ankara ilə eyni cəbhədə dayanmağa çalışacaq.

Ölkənin hakimiyyətlə bağlı taleyinə gəlincə, HTŞ-nin qisasdan imtina etməsi, hakimiyyəti Baş nazirdən təhvil almaq gedişi, qaçqınlara geri qayıtmaq çağırışı idarəçiliyi ələ ala biləcəyi gözləntisini yaradır. Bundan sonra Suriyada de-fakto mövcud olan ölkələr – ABŞ, İsrail, Türkiyə, Rusiya və İran yəqin ki, HTŞ ilə anlaşmaq xəttini izləyəcək və hər şey qruplaşmanın bu qüvvələr arasındakı seçimindən asılı olacaq.

- Sizcə, əsas silahlı qüvvə olan və hökuməti nəzarətinə götürən HTŞ-nin seçimi nə olacaq?

- Qərbdən HTŞ-yə verilən dəstək, eləcə də HTŞ-nin lideri Əbu Məhəmməd əl-Colani əvvəldən verdiyi açıqlamalar fonunda qruplaşmanın Rusiya və İranı ölkədən çıxarmaq xəttini tutacağı gözləniləndir. Moskva və Tehran Suriyada faktiki həlledici gücə çevrilən Ankaranın dəstəyini əldə etməyə çalışacaq. Lakin bu, HTŞ-nin PYD/YPG terrorçularına qarşı sərgiləyəcəyi mövqeyindən asılı olacaq. Qruplaşma PYD məsələsində Ankaranın mövqeyini nəzərə almasa, bu, Suriyada “çoxcəbhəli toqquşma” ssenarisini yenidən aktuallaşdırır. Və Türkiyəni Rusiya ilə İranla yaxınlaşdıra bilər. İran və Rusiyanı bölgədən çıxarmaq istəyən ABŞ-İsrail cəbhəsi PYD/YPG kartından imtina etmək istəməsə belə, yenə də Türkiyə ilə anlaşmalıdır.

İstisna deyil ki, Türkiyə Suriyada hakimiyyətin təhvil verilməsi və yenidən qurulması prosesinin getdiyi vaxt PYD\YPG mövqelərini sıxışdırmaq istiqamətində addımlarını intenssivləşdirsin. Bu, həm ABŞ-ın yeni Prezidenti Donald Trampın Ağ Evdə fəaliyyətə başlamasına, həm də Suriyada gələcək danışıqlara qədər əlini maksimum gücləndirmək baxımından əhəmiyyətlidir. Məlumatlara görə, ASO PYD/YPG terrorçularının əlindəki Deyr əz-Zora daxil olub.

Hazırda Suriyada bütün tərəflər üçün həlledici ölkə Türkiyədir. Bundan sonrakı dövrdə hadisələrin inkişafının ilk növbədə HTŞ-nin PYD/YPG-yə qarşı mövqeyindən, daha sonra Türkiyənin mövqeyindən asılı olacağı görünür.

- Suriyanı tərk edən Bəşər Əsədin yeri məlum oldu. Əsədə və ailəsinə Rusiya sığınacaq verib. Sizcə, niyə Əsəd daha yaxın müttəfiqi olan İranı yox, məhz digər müttəfiqi Rusiyanı seçib?

- Bəşər Əsədə İranın yox, Rusiyanın sığınacaq verməsinin arxasında konkret səbəblərin dayandığı görünür. Əsədin Qərblə İranı Suriyadan çıxarmaq əvəzində hakimiyyətini qorumaq məsələsində danışıqlara getməsi onun Tehranla münasibətlərində soyuqluq yaratmışdı. Müxaliflərin qələbəsindən sonra İran mediasında yayılan məlumatlar da bu səpkidədir. Bununla yanaşı, HƏMAS liderinin Tehranda öldürülməsindən sonra Əsədin İrana getməsi və orada sığınacaq tapması həyatı və təhlükəsizlik baxımından riskli ola bilərdi. İstisna deyil ki, Suriyada yeni hakimiyyətlə dil tapmağa çalışan İran Əsədə sığınacaq verməklə perspektivlərini çətinləşdirmək istəməyib. Bunun əksinə, Rusiyanın Əsədə sığınacaq verməsinin Suriya siyasətinə hesablandığı görünür. Xüsusilə müxaliflər danışıqlarda maraqlarının təmin edilməsi üçün “Əsəd kartı”ndan istifadə edə bilərlər. Bu kontekstdə hakimiyyəti götürən müxaliflərin “Rusiya ilə münasibətləri saxlamaqda maraqlıyıq” açıqlaması diqqət çəkir.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam