Rasim Musabəyov: “İrəvan məsuliyyəti üzərinə götürübsə, o zaman Bakıda keçiriləcək COP29 tədbirində nümayəndə ilə iştirak etməlidir”
Yenixeber.org: Ermənistanın Baş naziri Nikol Paşinyan avqustda mətbuat konfransı keçirməyə hazırlaşır və o, Ermənistanın noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin iqlim dəyişikliyi üzrə COP29 konfransında iştiraka dəvət məsələsinə toxunacaq. Bu barədə “Hraparak” qəzetinə hökumətin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
“Biz hökumətə yazılı sorğu göndərmişik ki, erməni tərəfi dəvəti alanda bizə məlumat versinlər. Biz Ermənistanın Baş nazirinin Bakıya səfər edib COP29 konfransında iştirak edib-etmədiyini soruşduq”, - deyə Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Baş nazirin məzuniyyətdən sonra avqustda mətbuat konfransı zamanı bu məsələyə toxunacağını vurğulayıb.
Buraxılmış Milli Məclisin deputatı Rasim Musabəyov mövzu ilə bağlı suallarımızı cavablandırarkən deyib ki, məntiqlə Paşinyan Bakıya gəlməlidir, Ermənistanın nümayəndə heyəti tədbirə qoşulmalıdır:
- Çünki birincisi, COP29-un Bakıda keçirilməsi müqabilində Azərbaycan razılıq verdi ki, Ermənistan İqlim Sammitini idarə edən büroda Şərqi Avropanı təmsil etsin. İrəvan bu məsuliyyəti üzərinə götürübsə, o zaman Bakıda keçiriləcək COP29 tədbirində nümayəndə ilə iştirak etməlidir.
İkincisi, əgər Ermənistan COP29-a nümayəndə göndərərsə, bu, Ermənistan nümayəndə heyətinin Bakıya ilk gəlişi və tədbirdə iştirakı olmayacaq. Hələ 1997-ci ildə Azərbaycanda Prezident Heydər Əliyev idi, Ermənistanda Levon Ter-Petrosyan idi, müharibə davam edirdi, sadəcə dondurulmuşdu, amma erməni nümayəndələr Bakıda tədbirə gəldilər, iştirak etdilər. Söhbət Avropa ilə Çini birləşdirən TRASECA nəqliyyat sammitindən gedir. O zaman Ermənistanın Baş naziri nümayəndə heyəti ilə Bakıya gəlmişdi. Ona görə də, hesab edirəm ki, Paşinyan Bakıda tədbirə gəlmək istəsə, çox rahat şəkildə sammitə qoşula bilər.
- Ola bilərmi ki, Paşinyan Bakıya gəlmək istəsin, amma ona havadarlıq edən güclər, konkret desək, Fransa buna icazə verməsin?
- Təbii ki, ola bilər. Yəni sülhü istəməyən qüvvələr buna mane ola bilərlər. Amma rəsmi İrəvan anlamalıdır ki, sülh Ermənistana daha çox lazımdır. Ermənistanın sülhdən boyun qaçırması Azərbaycanda elə də böyük narahatlıq yaratmır. Azərbaycan Ermənistanla 30 ilə yaxın dondurulmuş müharibə şəraitində yaşayıb. Lazım gələrsə, bundan sonra 20 ildə sülh sazişi olmadan, müharibəsiz vəziyyətdə yaşaya bilərik. Bundan kim itirəcək, təbii ki, Ermənistan. Ermənistan sülh olmadan bütün regional layihələrdən təcrid olunur, kommunikasiya xətləri bağlı qalır. Bununla Ermənistan iqtisadiyyatı itirir, tənəzzül yaşayır. Demək istəyirəm ki, özləri bilərlər. Ağılları varsa, sülhü istəməyən qüvvələrin sözünə baxmasınlar, öz xeyirlərinə olan addımları atsınlar.
- Mümkündürmü ki, noyabradək, COP29 tədbirinədək sülh sazişi imzalansın?
- Yox, real deyil. Sülh müqaviləsinin COP29-dək imzalanması gözlənilən deyil. Sadəcə olaraq, Azərbaycan Prezidenti bildirmişdi ki, sülh sazişi mətninin xeyli hissəsi razılaşdırılıb və COP29-dək sazişinin imzalanması yaxşı olardı. Diplomatiyada belə bir üsul var: razılaşdırılmış mətn paraflanır. Razılaşmanı itirməmək naminə tərəflər imzalayırlar. Amma bu heç də o demək deyil ki, sənəd təsdiq üçün göndərilir. Tərəflər sülh danışıqlarını davam etdirirlər.
- Demək istəyirsiniz ki, sülhə bərabər olmasa da, hansısa sənəd imzalana bilər...
- Təbii ki, mümkündür. Daha doğrusu, razılaşdırılmış məsələləri paraflamaq mümkündür. Hər halda bu deməkdir ki, aparılan danışıqlar mənasız deyil, irəliləyiş əldə olunub.
- Ermənistan cəmiyyətində belə fikirlər var ki, noyabradək saziş imzalanmasa, yeni müharibə ola bilər. Bu, nə qədər doğru ehtimaldır?
- Düşünmürəm ki, üçüncü müharibə baş versin. Çünki Azərbaycanı və Ermənistanı müharibəyə sövq edəcək amil yoxdur. Tərəflərdən heç biri bir-birinə qarşı nə böyük ərazi iddiasındadır, nə də hansısa müharibə tələb edən istəklər var. Ona görə də, düşünmürəm ki, müharibə olsun.
Əgər Ermənistan tərəfindən hərbi təxribatlar törədilərsə, Azərbaycan Ordusu bunun aradan qaldırılması istiqamətində addımlar ata bilər. Amma bu, müharibə yox, Azərbaycanın Ermənistana şilləsi olacaq. Məsələn, bu günlərdə Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərinə atəş açdı, cavabını da aldı. Belə hadisələrin genişmiqyaslı hərbi əməliyyatlara çevrilməsi ehtimalı yoxdur.
- Paşinyan sülh bəyanatları verir və ümidlər artır. Amma real addımlara gəlincə, İrəvan geri çəkilir. Bunun səbəbi nədir?
- Paşinyan hər zaman ziddiyyətli bəyanatlar verir. Xatırlayırsınızsa, vaxtilə dedi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Azərbaycanın şapalağını yedikdən sonra çıxıb dedi ki, “Qarabağ Azərbaycandır”. Ermənistanın Baş naziri populist siyasətçidir, onun sözlərinə bel bağlamaq mümkün deyil. Eyni zamanda, Paşinyan 10 noyabr Üçtərəfli Birgə Bəyanata imza atsa da, tələbləri yerinə yetirmədi, imzasına hörmət qoymadı. Sonda isə Azərbaycan Bəyanatın müddəalarını özü icra etdi. İndi də sülh bəyanatları verir, amma danışıqlardan yayınır, real addımlar atmır. Bir də görəcəyik ki, Azərbaycan bu məsələni də həyata keçirsin.(AYNA)