AZƏRBAYCAN ÇİNLƏ NİYƏ YAXINLAŞIR? –Bakı mütləq uğur qazanacaq...
Hazırda Avrasiya məkanında nəhəng güclərin geostrateji maraqlar uğrundakı mücadiləsini müşahidə edirik. Rusiyanın Ukraynada apardığı müharibə bunun bariz nümunəsidir və digər oyunçular hələlik yalnız arxa planda iştirak edirlər. Əslində, bu qarşıdurma xeyli müddətdir gedir, lakin qızğın fazaya yenicə keçilib. Azərbaycan sözügedən mübarizənin çoxcəhətli xarakterini və ziddiyyətli tərəflərini nəzərə almaq şərti ilə siyasət yürütdüyü üçün ərazi bütövlüyünü bərpa etməyə müvəffəq oldu.
Yenixeber.org: Əlbəttə, işğal altındakı torpaqlarımızın separatçılardan təmizlənməsi üçün təkcə diplomatik üsullar kifayət etməzdi və ona görə də siyasətin ayrılmaz hissəsi olan hərbi gücün lazımı məqamda və səmərəli tətbiqi öz bəhrəsini verdi. Sözsüz ki, ölkə Prezidentinin ardıcıl siyasəti, qətiyyətli addımı və mövcud vəziyyəti düzgün dəyərləndirmə bacarığı qələbəmizdə böyük və həlledici rol oynadı.
Azərbaycan qarşısında dayandığı strateji planları mərhələli və ardıcıl şəkildə həyata keçirməkdə davam edir. Bundan sonrakı dövrdə önümüzdə duran ən vacib məsələ gələcək inkişafımız üçün xüsusi önəm daşıyan kommunikasiya yollarının açılması, təhlükəsizliyimizi təhdid edə biləcək bütün risklərin aradan qaldırılması və ölkəmizin əlverişli coğrafi imkanlarından yararlanmaqdır. Bütün bunların həyata keçirilməsi regional faktorlarla yanaşı, dünyadakı proseslərin dinamikasından da asılıdır. Qlobal güclər arasında gedən çəkişmələrin nəylə nəticələnəcəyini düzgün proqnozlaşdırmaq və bizim maraqlarımıza sərf edən mövqedə qərar tutmağımız vacibdir.
Kommunkasiya xətləri dedikdə, əlbəttə, ilk növbədə Zəngəzur dəhlizi nəzərdə tutulur. Bu gün dünya iqtiadiyyatı, xüsusən də Avrasiya məkanı bütün qapalı yolların açılmasını tələb edir. Digər yandan, Azərbaycan yeni birliklər çərçivəsində kollektiv və ikitərəfli təhlükəsizlik və iqtisadi əməkdaşlıq münasibətləri qurur ki, bu da öz növbəsində qarşımızda yeni geosiyası perspektivlər açır. Ancaq beynəlxalq arenada öz mövqelərimizi möhkəmləndirmək üçün ilk növbədə ümumi proseslərin xarakterinə baxmalıyıq. Dünyada gedən prosesləri diqqətlə nəzərdən keçirdikdə qarşımıza çıxan ilk mənzərə Qərb və Rusiya gərginliyi olacaq. Bu da tamamilə təbiidir, çünki Rusiya Ukraynada müharibə aparır və ABŞ başda olmaqla Qərb ölkələri Kiyevi dəstəkləyirlər. Qərb dünyası tamamilə yekcins olmasa da, onların strateji proqramlarında ABŞ və Avropa arasında son məqamda həmişə uzlaşma olur. Beləliklə, bizim şimal qonşumuz qlobal geostrateji burulğanın episetrindədir. Ona görə də Rusiya ilə əlaqədar baş verən hadisələr respublikamız üçün xüsusi önəm daşıyır. Rusiya coğrafi baxımdan böyük bir məkan tutur və onun gələcəyi sözsüz ki, qlobal təsirə malik olacaq.
Əslində, Rusiya Qərbə qarşı mübarizədə heç də tək deyil. Onu aktiv şəkildə İran və Şimalı Koreya dəstəkləyir. Əlbəttə, Rusiyanın müdafiəçiləri sırasında ən güclü mövqeyə malik dövlət Çindir. Lakin Çin Rusiya naminə Qərblə açıq savaş mövqeyində durmaqdan çəkinir, çünki onun ABŞ və Avropa ilə ticarəti bundan böyük ziyan görə bilər. Çin siyasətini səbrlə davam etdirəcək və tədricən Avrasiyadakı digər dövlətlərlə münasibətlərini yeni müstəvidə inkişaf etdirməyə çalışacaq. Çin fövqəldövlət olmaq və qlobal səviyyəli siyasi, iqtisadi, maliyyə və texnoloji gücə çevrilmək istəsə də, bunu Qərblə münaqişə və qarşıdurma üzərindən həyata keçirmək niyyətində deyil. Bu səbəbdən də bizim Çin və Rusiya ilə münasibətlərimiz günümüzün reallığına uyğun şəkildə qurulur. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyyannamənin qəbul edilməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir.
Avrasiya uğrunda mübarizədə Avropanın Rusiya, Çin və Türkiyə ilə maraqları toqquşur ki, buna da təbii baxmaq lazımdır, çünki siyasi güclərin rəqabəti bütün tarix boyu qaçılmaz olub. Azərbaycan da öz coğrafi mövqeyinə görə həmin maraqların kəsişdiyi məkanda yerləşir və ona görə də bizim siyasi iradəmiz bir çox məqamlarda həlledicidir. Avropanın siyasi maraqlarının ifadəçisi kimi çıxış etməyə cəhd göstərən Fransa regionda özünə xüsusi mövqe əldə etməyə çalışır. Amma onlar strateji planda yalnış istiqamət tutublar və “sındırılmış” Ermənistandan alət kimi istifadəyə girişiblər. Ermənistanın yenidən təxribata çəkilməsi onların qəti sonlarını gətirəcək. Deyəsən, İrəvan da vəziyyətin fərqindədir, lakin buna baxmayaraq, konkret sərbəst iradə göstərmək əvəzinə lüzumsuz manevrlər etməklə məğluldur. Bəlkə də hiyləgər Paşinyan gələcək geostrateji konfiqurasiyada Türkiyə və Azərbaycandan özləri üçün xüsusi imtiyaz əldə etmək niyyətindədir. Ancaq əgər ermənilər sülh sazişi istəyirlərsə, bizim şərtlərimizi qəbul etmək məcburiyyətindədirlər. Qlobal geostrateji perspektiv baxımından Azərbaycan ön cərgədə dayanır və bu belə də davam edəcək. Ermənistanın arxalandığı İran dünyadakı qüvvələr nisbətini və dəyişən dinamikanı dərk etməmiş deyil və İrəvanın bu kontekstdəki düşüncələri xam xəyaldır.
Hindistanın Ermənistana silah verməsinə gəlincə, bu, konkret olaraq, onun siyasi rəqibi Pakistanın bizimlə strateji əməkdaşlığından qaynaqlanır. Müstəqilliyimizin ilk günlərindən Pakistan mövqeyimizi birmənalı dəstəkləyib və Ermənistanı təcavükar siyasətinə görə bir dövlət kimi tanımayıb. Azərbaycan Hindistandakı Cammu və Kəşmir problemində haqlı olaraq Pakistanı dəstəkləyir. Pakistanda səfərdə olan Prezident İlham Əliyev bu məsələyə münasibətini belə bildirib: “Biz İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləriyik. Biz Cammu və Kəşmir əhalisinin hüquqlarını qətiyyətlə dəstəkləyirik və əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyirik. Beləliklə, haqq sizin tərəfinizdədir, ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədir. Azərbaycan öz mövqeyini birmənalı şəkildə ifadə edən və öz mövqeyini müdafiə edən ölkələrdən biridir.”
Ermənistanın Hindistan tərəfindən dəstəklənməsi mənasız və əhəmiyyətsiz siyasi gedişdir və həm də müvəqqətidir. Ermənistanın təxribatçı davranışları Avrasiyanın böyük gücləri olan Çin, Pakistan, Türkiyə, yeri gələndə İran və Rusiya üçün əlverişli sayıla bilməz. Belə ki, Ermənistanın siyasi fəlsəfəsinin köhnə ağlla davam etdirilməsi Avrasiyanın şərq hissəsinin bütöv bir iqtisadi-siyasi əməkdaşlıq məkanına çevrilməsinə maneə törədir.
Deməli, məntiqi baxımdan bu törəmə və süni qurumun ərazisi nəinki Türk dünyası, eləcə də böyük yenilənmələr üçün də əngəldir. Dünya tarixində heç nə daima eyni tempdə axmır, hər şey kimi maraqlar da dəyişir. İndi birqütblü dünyanın yerini çoxqütblü və ya iki qütblü dünyanın tutması yeni reallıq kimi qəbul olunur. Yeni reallığın da müvafiq surətdə öz şərtləri olur və Azərbaycan bu şərtlərə uyğun praqmatik və rasional siyasət yeritdiyi üçün təbii ki, mütləq uğur qazanacaq.(Azpolitika)
Vaqif Nəsibov