Bir neçə sualda Fransa seçkilərinə baxış: Azərbaycan-Qərb münasibətlərində qırılmalar daha da böyüyə bilər
Fransada növbədənkənar parlament seçkilərinin ilk turu geridə qaldı. Gələn həftənin bazar günü (7 iyul) son tur keçiriləcək və Fransanın yeni hökumətini formalaşdıracaq heyət bəlli olacaq.
İlk turun nəticələri:
Ultra-sağçı “Milli Birlik” partiyası ilk turda səslərin 34 faizini toplayıb və yarışı birinciliklə bitirib;
Solçu və ekoloji partiyaların yaratdığı Yeni Xalq Cəbhəsi Alyansı 28 faizlə ikinci yerdə qərarlaşıb;
Prezident Emmanuel Makronun "Respublika üçün birlikdə" alyansı təxminən 20 faiz səslə üçüncü yerdədir;
Mərkəz sağçı Respublikaçılar partiyası və müttəfiqləri təxminən 10 faiz səs toplayıb.
Seçkilərdə iştirak nisbəti 67,5 faiz təşkil edib.
Bəs, Fransada seçkilər niyə iki turda keçirilir?
Fransa qanunvericiliyinə görə, xalqdan mandat almaq istəyən deputatlar seçicilərin ən azı 50%+1 hissəsinin səsini toplamalıdır. Əgər namizədlərdən heç biri bu limiti keçə bilməsələr, seçkilər ikinci tura qalır. İlk tura 12.5% səs toplaya bilən namizədlər qatılır və deputatlar bu namizədlər arasından seçilir. Fransada proporsional seçki sistemi mövcuddur və partiyalar hər dairədən bir namizəd irəli sürürlər. II tur isə bütün seçki dairələrində deyil, yalnız öz təmsilçisini müəyyənləşdirə bilməyən dairələr üzrə aparılır.
Bu seçkilər Makron hakimiyyətinə son qoyacaqmı? Ümumiyyətlə, yeni Fransa hökuməti kimlərdən təşəkkül tapa bilər?
Sözsüz ki, bu sualın əsl cavabı bir həftədən sonra ortaya çıxacaq. Hələlik, o aydındır ki, Makronun partiyası olan “İntibah” seçkiləri 3-cü yerdə tamamlayıb. Böyük ehtimalla, bu günün hakim partiyası 1 həftədən sonra ən yaxşı halda hökumət koalisiyasının kiçik ortağı ola biləcək. O da ultra-solçu sayılan “Milli Birlik” partiyası hakimiyyəti təkbaşına götürməyəcəyi təqdirdə.
Bəs, “Milli Birlik” partiyası II turdan sonra hakimiyyəti təkbaşına götürə bilərmi?
Bəli, bu ehtimal mümkündür. Yadınızdadırsa, bir ay əvvəl “Milli Birlik” partiyası Avropa Parlamentinə seçkilərdə seçicilərin 31 faizinin səsini toplamışdı. Makron da bu səbəbdən erkən seçki qərarı almışdı. Dünənki seçkilərdə “Milli Birlik” seçicilərin 34%-nin səsini topladı. Bu, sözügedən partiyanın bir ay ərzində öz reytinqini 3% artırması deməkdir. Bir çox namizədlərin ələnəcəyi II turda ultra-sağçıların qazandığı səs nisbətini bir az da artırması istisna deyil. Amma o da mümkündür ki, mərkəz sol təmayüllü “Yeni Xalq Cəbhəsi Alyansı” ilə bəzi sövdələşmələrə gedən hakim “İntibah” partiyası II turda ya özünün, ya da potensial müttəfiqinin səsinə səs qatsın. Artıq bu istiqamətdə müəyyən addımlar da atılır. Məlumata görə, “Yeni Xalq Cəbhəsi Alyansı” ilk turda 3-cü yerdə tamamladığı dairələrdə öz namizədlərini “İntibah” partiyasının lehinə geri çəkəcək. Alyansın bu birtərəfli qərarı əslində II turdan sonra hakim partiya ilə koalisiya quracağına işarədir. Nəyin bahasına olursa-olsun, hakimiyyəti ultra-sağçılara buraxmamaq anlamına gələn bu planın nə dərəcədə işləyib-işləməməsi isə məlum deyil. Çünki partiya və alyansların aldığı qərar bəzən seçicilər tərəfindən dəstəklənməyə də bilər. Üstəlik, sol partiyalar ilə indiki hakim partiyanın ittifaqa getməsinin digər sağ mərkəzçi siyasi təşkilatları, o cümlədən “Respublikçıları” “Milli Birliyə” yaxınlaşdırma ehtimalı da var. Bu ehtimal baş tutarsa vəziyyət tamamilə Marine La Penin xeyrinə dəyişilə bilər.
Yeri gəlmişkən qeyd edim ki, Fransa parlamenti 577 deputatdan formalaşır. Yeni hökumət qurmaq üçün 50%+1 deputat sayına ehtiyac var. Başqa sözlə, 289 deputatın səsi lazımdır. “Milli Birliy”in artıq bu limitə yaxınlaşdığı iddia olunur. Fransanın BFM televiziyasının araşdırmalarına görə, “Milli Birlik” bu seçkilərdə təkbaşına hökümət qurmaq üçün tələb olunan 289 yeri nəinki qazana, hətta onu keçə bilər.
Fransada hakimiyyət dəyişikliyi dünya siyasətinə nə kimi təsir göstərə bilər? Bu dəyişiklikdən Cənub Qafqaz, o cümlədən Azərbaycan necə təsirlənəcək?
Fransada keçirilən parlament seçkiləri nəticəsində ultra-sağçıların hakimiyyətə gəlməsi təkcə bu ölkənin deyil, bütün dünyanın geosiyasi həyatından təsirsiz ötüşməyəcək. İlk təsir təbii ki, Avropada özünü büruzə verəcək. Məlumdur ki, ultra-sağa meyllənmə Fransadan qabaq Avropanın müxtəlif ölkələrində ortaya çıxmışdı. İtaliya, Niderland, Belçika, Slovakiya, Macarıstan və s. kimi ölkələrdə hakimiyyətlər artıq lideral dəyərlərdən ayrılıb. Fransanın ultra-sağ cizgiyə sürüşməsi isə ona görə daha böyük əhəmiyyət kəsb edir ki, bu ölkə Avropanın ən böyük hərbi qüdrəti və Almaniyadan sonra ikinci iqtisadi gücüdür. 70 milyonluq əhali və buna müvafiq təmsilçilik haqqı ilə Avropanın seçkili orqanlarında ciddi təsir gücünə malikdir. Dünyanın ABŞ-dan sonra ikinci dənizaşırı ölkəsidir. Nüvə silahlarına sahib yeganə Avropa ölkəsi kimi tanınır. BMT TŞ-da bir növ Avropanı təmsil edir. Dolayısıyla, bu ölkənin ultra-sağçılığa meyllənməsi istər-istəməz Avropanın digər ölkələrinin də eyni xəttə yuvarlanmasını sürətləndirəcək. Nəzərə alsaq ki, bir neçə aydan sonra ABŞ-da keçiriləcək president seçkilərində də Trampın hakimiyyətə gəlməsi ehtimalı var, bütün Qərb ölkələri boyunca yayılan ultra-sağçılıq hakim mövqe qazanacaq və dünya yenidən bir neçə qütbə bölünəcək. Belə bir vəziyyətdə Avropanın içinə qapanması bir güc mərkəzi kimi ortadan qalxmasının başlanğıcı ola bilər.
İkinci ciddi təsir təbii ki, Fransanın özünə olacaq. Sirr deyil ki, əsrlər boyu səlib yürüşlərinin lokomotivi kimi tanınan Fransa əhalisinin şüur altında keçmiş xatirələr yaşayır. Baxmayaraq ki, fransızların az qala 60%-i ateistdir, bununla belə, katolik mədəniyyət sahəsinə daxildirlər. Bir sıra məsələlərə şüuraltındakı xatirələri ilə yanaşırlar. Belə bir ölkədə bu gün 6 milyondan çox müsəlman yaşayır. Və onların böyük əksəriyyəti Fransanın müstəmləkəçilik siyasəti nəticəsində yurd-yuvalarından qaçıb bu ölkəyə sığınıblar. Fransada ultra-sağçılığın rəvac qazanması istər-istəməz müsəlmanlara qarşı nifrətin daha da artması ilə nəticələnəcək. Bu da ölkədə iş savaşların körüklənməsinə yol açacaq. Beləcə, Fransanın təsiri altında olan ölkələrdə də ciddi dalğalanmalara gətirib çıxaracaq. Sirr deyil ki, bu gün Frankofoniya adlanan ölkələr qrupuna 80-ə yaxın dövlət daxildir. Onların əksəriyyətində fransız müstəmləkəçiliyə qarşı onsuz da böyük nifrət mövcuddur. Fransada aşırı millətçiliyin yüksəlməsi, xüsusilə miqrantlara qarşı siyasətlər bu nifrət hissini daha da artıracaq.
Ultra-sağçıların hakimiyyəti dövründə Ukraynaya verilən hərbi yardımların xeyli azalması gözlənilir ki, bu da Rusiya və Ukrayna cəbhəsinə də öz təsirini göstərəcək, Kremlin post-sovet ölkələrinə iştahını qabaracaq. Biz də bir post sovet ölkəsi kimi bu tendensiyadan öz nəsibimizi ala bilərik.
Aşırı sağçıların hakimiyyətə gəlməsi ilə Parisin Azərbaycan - Ermənistan gərginliyinə daha çox burun soxması ilə də üzləşə bilərik. Bununla belə, Fransanın bu müdaxilələrinin ölkəmizə birbaşa təsiri olacağını düşünmürəm. Təsir dolayı yolla olacaq. Sözsüz ki, Fransanın bu siyasəti cavabsız qalmayacaq. Azərbaycan da öz tərəfdaşları ilə birlikdə ona cavablar verəcək. Nəticədə onsuz da xeyli həssa durumda olan Azərbaycan-Qərb münasibətlərində qırılmalar daha da böyüyəcək.(ovqat)