Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kimə inanasan:bizdə 494, onlarda 541 dollar

Azərbaycanda orta aylıq əmək haqqı Ermənistandan aşağıdır?

Yenixeber.org: “Ceoworld Magazine” jurnalının məlumatına görə, ümumi orta aylıq əmək haqqına görə ölkələrin reytinqində Azərbaycan çox aşağı yerdədir. Dünyada ən yüksək əmək haqqı, reytinqə əsasən, İsveçrədə müşahidə olunub: ayda 8,1 min dollar. İlk üçlüyə Lüksemburq və ABŞ da daxil olub. Təəssüf ki, Azərbaycanı onlarla müqayisə etmək olmaz. Ən aşağı əmək haqqı Lesoto (24 dollar), Anqola (27 dollar) və Malavidə (31 dollar) müşahidə olunub.

Ancaq keçmiş Sovet İttifaqı ölkələri ilə müqayisə yerində düşür. Beləliklə, məlum olub ki, postsovet məkanında ən yüksək orta əmək haqqı Rusiyadadır - ayda 2,2 min dollar. Bu, hələ ABŞ və Avropa İttifaqının sərt sanksiyaları kontekstində belədir.

Bəli, başa düşürəm ki, ölkədə orta əmək haqqını qiymətləndirmək palatada orta temperaturu ölçməyə bənzəyir. Söz oyununu davam etdirsək, birimiz ət, digərimiz üzüm yarpağı yeyirsə, orta hesabla ikimiz də dolma yeyirik. Bununla belə, ABŞ və Aİ-nin Ukraynaya qarşı müharibəyə görə ona haqlı təzyiqlərini nəzərə alsaq, Rusiyada orta əmək haqqının göstəricisi təəccüb doğurur. Daha pis ola bilərdi.

Qazaxıstan ikinci yerdədir. “Ceoworld Magazine”-ə görə, bu ölkədə orta aylıq əmək haqqı ayda 673 dollardır. Bu, dünyada ikinci ən böyük uran, xrom, qurğuşun və sink ehtiyatları; üçüncü ən böyük manqan ehtiyatları; beşinci ən böyük mis ehtiyatları və kömür, dəmir və qızıl ehtiyatlarına görə ilk onluqda yer alan, həmçinin almaz ixracatçısı olan, eyni zamanda məlum neft və təbii qaz ehtiyatlarına görə 11-ci yeri tutan ölkə üçün çox az deyilmi? Qoy bu suala qazax iqtisadçıları cavab versinlər.

Siyahını davam edək. Belə ki, Türkmənistanda orta aylıq əmək haqqı 654 dollar, Belarusda 621 dollar, Ermənistanda 541 dollar, Moldovada 508 dollar, Azərbaycanda 494 dollar, Ukraynada 430 dollar, Özbəkistanda 351 dollar, Qırğızıstanda 228 dollar, Tacikistanda 169 dollardır.

Bunlar “Ceoworld Magazine”-nin rəqəmləridir. Dərhal qeyd etmək istərdim ki, Ukrayna üzrə statistikaya yenidən baxmaq lazımdır, çünki müharibə şəraitində rəsmi və qeyri-rəsmi məşğul olanların sayını, habelə onların real əmək haqqını hesablamaq obyektiv cəhətdən çətindir.

Ölkəmizə gəlincə, qeyd edim ki, yuxarıda göstərilən rəqəm Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (DSK) verdiyi rəqəmlərdən fərqlənir. Qurumun məlumatına görə, bu ilin yanvar-aprel aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz artaraq 1007,5 manat təşkil edib. Bu, indiki məzənnə ilə 592 dollardır. Yəni, DSK-ya inansanız belə, Azərbaycanda orta aylıq əmək haqqı Rusiya, Qazaxıstan, Türkmənistan və Belarusdan aşağıdır.

Eyni zamanda, postsovet ölkələrinin hər birinin öz DSK-sı var və o qurumlar da “Ceoworld Magazine” jurnalının verdiyi rəqəmlərdən fərqli rəqəmlər çıxarır. Belə ki, Ermənistan DSK-nın məlumatına görə, bu ölkədə orta aylıq əmək haqqı 273 243 dramdır ki, bu da 702 dollar edir. Yəni, Azərbaycan və Ermənistanın DSK-larına inansaq, o zaman bizdə orta aylıq əmək haqqı Ermənistandan 110 dollara qədər aşağıdır. Fikrimcə, Azərbaycanda orta aylıq əmək haqqının hansı rəqəmlərə - 110 və ya 47 dollar az olmasına inandığınızdan asılı olaraq, Ermənistandakından aşağı olmasının real səbəbləri yoxdur. Çünki Azərbaycan və Ermənistanın təbii sərvətləri, ölkələrimizin iqtisadi potensialı, nəqliyyat və digər imkanları müqayisəedilməzdir.

Ona görə də biz tamamilə qəbuledilməz bir vəziyyətlə üzləşirik. Bütün iqtisadi və sosial bloklar üzrə məsul şəxslər, nazirlər Azərbaycanda orta aylıq əmək haqqının Ermənistandakından aşağı olmasının səbəbləri ilə bağlı suala mətbuatda cavab versəydilər, daha düzgün olardı. Və təbii ki, bu biabırçı vəziyyətin dəyişməsini təmin etmək üçün atılmalı olan konkret addımları atmaları daha yaxşı olardı. Bu addımların nəticələrini nə vaxt gözləyəcəyinin aydın göstəricisi ilə.

Mövzu ilə bağlı bizə danışan Azərbaycan Milli Məclisinin üzvü, iqtisadçı ekspert Rüfət Quliyev belə şərh verib: “Yalanların üç növü olduğuna dair məlum bir ifadə var: yalan, açıq-aşkar yalan və statistika. Bu ifadəyə əsaslanaraq, heç bir statistik məlumata, o cümlədən beynəlxalq təşkilatların təqdim etdiyi məlumatlara kor-koranə etibar etmək düzgün olmazdı. Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının və BVF-nin məlumatlarının dünyanın müxtəlif ölkələrinin alıcılıq qabiliyyəti pariteti də daxil olmaqla, nə qədər fərqli olduğunu xatırlamaq bəs edir”.

Bununla yanaşı, həmsöhbətimizin fikrincə, dünyanın bir çox ölkələrindən, o cümlədən iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdən fərqli olaraq Azərbaycanda pauperizm, yəni kütləvi yoxsulluq kimi bir fenomen qətiyyən yoxdur: “İndi iqtisadi sıçrayışı haqqında çox danışılan Hindistanda bu fenomen baş verir. Və bu, gözlə görülə bilən şeydir. Mən “Ceoworld Magazine” jurnalının məlumat verdiyi ölkələrdə - Qazaxıstanda, Belarusda, Rusiyada, Türkmənistanda, Tacikistanda dəfələrlə olmuşam. Elə Ukraynada da. Amma bu ölkədəki vəziyyəti indi qiymətləndirmək düzgün deyil. Orada müharibə gedir, buna görə də bütün məsuliyyətimlə deyə bilərəm ki, Azərbaycanda rifahın səviyyəsi Qazaxıstan və Türkmənistandan daha yüksəkdir. Rusiyaya gəldikdə isə onu ayırmaq lazımdır - bir tərəfdən Moskva və Sankt-Peterburqda, digər tərəfdən isə Rusiya Federasiyasının qalan hissəsində rifah səviyyəsi və orta əmək haqqı fərqlidir, “Ceoworld Magazine”-nin hesabatında deyildiyi kimi deyil”.

Deputat Azərbaycan ilə Ermənistanın makroiqtisadi göstəricilərinə diqqət yetirməyə çağırıb və onları müqayisəgəlməz adlandırıb: “Azərbaycan manatı son illərdə postsovet məkanında ən sabit, dayanqlı valyuta olub. Hansı ki, bu, həm də dövlətin iqtisadi sabitliyinin və vətəndaşlarımızın iqtisadi rifahının göstəricisidir. Onu da qeyd etmək istərdim ki, son illərdə Azərbaycan iqtisadiyyatına sərmayələr şəklində 300 milyard dollardan çox sərmayə qoyulub xarici borcu artmaqda olan və Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən heç bir regional, hətta beynəlxalq, nəqliyyat və enerji layihələrində iştirak etməyən Ermənistandan daha aşağı orta əmək haqqı ola bilməz. Azərbaycan yaşayış səviyyəsi müxtəlif olan digər ölkələrin, o cümlədən qardaş Türkiyənin iqtisadiyyatının müxtəlif sahələrinə milyardlarla dollar sərmayə qoyan əsas investordur, bir daha deyirəm, bu və ya digər statistik məlumatlara hər zaman kor-koranə etibar etmək olmaz”.

Quliyevin sözlərinə görə, dünya ölkələrinin iqtisadi rifahının qiymətləndirilməsi, o cümlədən orta əmək haqqının müəyyən edilməsi üçün çoxlu müxtəlif metodologiyalar mövcuddur: “Bazarda ikili hesablamalar, nominal və real qiymətlər, alıcılıq qabiliyyəti pariteti kimi anlayışlar mövcuddur. Bütün bunlar dünyada müəyyən bir ölkə vətəndaşlarının real rifah səviyyəsi, o cümlədən onların orta əmək haqqı səviyyəsi haqqında dəqiq danışmaq üçün təminat verilə biləcək hər hansı vahid metodologiyanın olmamasından xəbər verir”.(AYNA)

Əkbər Həsənov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam