XARKOV HÜCUMU – BLEF, YOXSA REAL TƏHLÜKƏ? - “Rusiya Ukraynanın gedişlərini kopyalayır”
Rusiya Ukrayna cəbhəsində heç bir ciddi strateji uğur qazana bilmədiyindən Ukraynaya qarşı informasiya müharibəsini daha da şiddətləndirməklə nələrəsə nail olmağa çalışır. Mayın 10-da Xarkova “genişmiqyaslı hücum” barədə yayılan informasiyalar və bunun ətrafında yaradılan hay-küy də həmin informasiya müharibəsinin tərkib hissəsi kimi dəyərləndirilə bilər.
Yenixeber.org: İlk olaraq qeyd edək ki, müstəqil hərbi ekspertlərin dediyi kimi, Xarkov kimi bir neçə milyon əhalisi olan şəhərə ciddi nəticələr verə biləcək hücum təşkil etmək üçün minimum 150 min nəfərlik hərbi qruplaşma lazımdır və bu qruplaşma hər cür hərbi texnika və silah-sursatla təmin olunmalıdır. Bu şəhəri mühasirəyə almaq və tam ələ keçirmək üçün isə 300 min nəfərlik, yenə hər cür silahla təmin olunmuş qüvvələr lazımdır ki, bu da Rusiyanın ümumilikdə Ukrayna ərazisindəki işğalçı qüvvələrinin təxminən yarısı deməkdir. Hazırkı mərhələdə Rusiya Xarkov istiqamətində bu qədər qüvvə toplaya bilməyib və müxtəlif mənbələrin məlumatına görə, həmin istiqamətdəki bir neçə yüz kilometrlik sərhədə görə cavabdeh olan cəmi 50-55 minlik Rusiya qruplaşması var. Hətta bu qruplaşmanın özünü belə bir istiqamətdə döyüşə atmaq risklidir, çünki bu halda sərhədin digər hissələri müdafiəsiz qala, Ukrayna tərəfi də bundan istifadə edə bilər.
Xarkov istiqamətindən gələn məlumatlara görə, ötən gün Rusiyanın başlatdığı “irimiqyaslı” hücumda təxminən 4-5 batalyondan və bir neçə tank və PDM-dən istifadə olunub. Həmin tankların da 3-nün vurulduğuna dair görüntülər var. 4-5 batalyon isə təxminən 2000 nəfər deməkdir və əlbəttə ki, hərbi ekspertlərin də dediyi kimi, bu qüvvənin Xarkov üçün “dəhşətli təhlükə” hesab etmək doğru deyil. Bu, yalnız Ukrayna qüvvələrinin həmin istiqamətdəki müdafiə xəttində zəif nöqtələrin tapılmasına və əsas gücün həmin nöqtələrə yönəldilməsinə şərait yarada bilər. Ona görə də əksər müşahidəçilər Rusiyanın bu hücumunun Xarkovu ələ keçirmək, mühasirəyə almaq və s. yox, Ukrayna qüvvələrinin bir hissəsini bu istiqamətə cəlb etmək və əgər hərbi əməliyyatlar uğurlu olarsa, Putinin də dediyi kimi, “bufer zonası” yaratmağa xidmət etdiyi qənaətindədir. Rusiya üçün ideal variant “bufer zonası”nı elə məsafəyə qədər genişləndirməkdir ki, oradan Xarkov şəhərini artilleriya atəşinə tutmaq mümkün olsun. Lakin bütün bu planlar Ukrayna hərbi-siyasi rəhbərliyinə də bir neçə ay bundan əvvəl məlum idi. Ona görə də hücum başlayandan dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, “Ukrayna Rusiya qüvvələrinin əhatə dairəsini başa düşür və onun niyyətlərini görür...”
Rəsmi məlumatlarda deyilir ki, mayın 10-da səhər saatlarında Rusiya işğalçı qoşunları Xarkov vilayətində Ukrayna ordusunun müdafiə xəttini yarmağa cəhd ediblər. Rusiya qüvvələri müharibəyə qədər 17 min əhalinin yaşadığı və son aylarda əhalisinin böyük hissəsinin evakuasiya edildiyi Volçansk istiqamətində idarə olunan bombalardan istifadə etməklə hava zərbələri endirib. Rusiya qoşunları hazırda bölgədə iki məhdud əməliyyata başlayıb: biri Xarkovdan şimalda Liptsı istiqamətində, digəri isə Xarkovdan şimal-şərqdə ki, Volçansk yaxınlığında. Ukrayna Müdafiə Nazirliyi Rusiyanın zirehli hücum qruplarının Volçansk yaxınlığında Ukrayna müdafiəsini yarıb keçməyə cəhd etdiyini bildirib. Streleçya, Krasnoye, Pılnaya və Borisovka kəndləri yaxınlığında şiddətli döyüşlər getdiyi barədə məlumatlar var.
“Reuters” isə yüksək rütbəli Ukrayna hərbi mənbələrinə istinadla xəbər verir ki, rus qoşunları Volçansk yaxınlığında ən azı bir kilometr içəriyə doğru irəliləyib. Ukraynalı hərbi jurnalist Yuri Butusov isə Rusiyanın bu istiqamətdə təxminən 10 kilometr enində və 5 kilometrə yaxın uzunluğunda ərazidə nəzarəti ələ almağa çalışdığını və buna qismən nail olduğunu yazıb. Lakin onun da qeyd etdiyi kimi, Rusiya ilə sərhəddəki həmin ərazi zatən “boz zona” idi və tərəflərin heç birinin nəzarətində deyildi. Ukraynanın həmin yerdə möhkəmləndirilmiş istehkamları və müdafiə xətləri olmayıb və Rusiya qoşunları sadəcə, boş əraziyə daxil olub. Lakin bu zaman şiddətli artilleriya zərbələrinə məruz qalaraq, əhəmiyyətli itkilər verib. Hətta batalyonlardan birinin hücuma keçməkdən imtina etdiyi barədə məlumatlar verilir.
Məşhur ABŞ Müharibə Araşdırmaları İnstitutu(ISW) isə “Xarkov hücumu” ilə bağlı hesabatında yazır ki, Rusiya Ukrayna qüvvələrini bu istiqamətə cəlb etmək və özünün Ukraynanın şərqindəki digər ərazilərə irəliləməsinə imkan yaratmaq üçün Xarkov vilayətinin sərhədi boyunca hücum əməliyyatlarına başlayıb. Amerikalı mütəxəssislərin bildirdiyinə görə, işğalçılar çox güman ki, Xarkov vilayətinin şimalında məhdud əməliyyat məqsədləri olan, lakin strateji effekt əldə etməyə - qoşunların və texnikanın Ukraynanın şərqindəki cəbhənin digər kritik sektorlarından yayındırılmasına yönəlmiş hücum əməliyyatının ilkin mərhələsini keçirirlər. lakin ISW yaxın ərazidə hərbi əməliyyatların uğurlu olduğunu iddia etmək üçün kifayət qədər dəlil görməyib.
Analitiklərin proqnozlarına görə, rus qoşunları yaxın günlərdə Xarkov vilayətinin şimalında öz taktiki dayaqlarından istifadə edərək, hücum əməliyyatlarını intensivləşdirəcək və hücum hərəkətlərinin ilkin mərhələsini həyata keçirəcəklər. Onların fikrincə, məqsəd Ukraynanın Belqorod ərazisini atəşə tutmasının qarşısını almaq öz artilleriyasını isə Xarkovu vura bilcək məsafəyə qədər irəli aparmaq ola bilər: “Lakin Rusiya qüvvələrinin hazırda istifadə etdiyi məhdud səylər onların Xarkovu mühasirəyə almaq və ələ keçirmək üçün genişmiqyaslı hücum əməliyyatı keçirdiklərini göstərmir”.
Bu arada daha bir tanınmış ukraynalı hərbi ekspert Aleksandr Kovalenko öz paylaşımında bildirib ki, Rusiyanın Xarkova “kütləvi hücum” görüntüsü daha çox hərbi yox, informasiya yüklü əməliyyatdır. Kovalenko bu əməliyyatı bir neçə ay əvvəl Ukrayna tərəfində döyüşən Rusiya könüllü birləşmələrinin Belqorod və digər sərhədyanı Rusiya vilayətləri ərazisində keçirdikləri diversiya hücumları ilə eyniləşdirib və qeyd edib ki, Rusiya həmişəki kimi özü yeni heç nə düşünə bilmədiyindən, Ukrayna tərəfinin gedişlərini “kopyalamaqla” məşğuldur.(Azpolitika)
C.Məmmədov