AMERİKANIN HƏLLEDİCİ İRADƏSİ –Ukrayna – Rusiya müharibəsinin taleyi Vaşinqtonda həll olunacaq
ABŞ, nəhayət, altı aylıq fasilədən sonra Ukraynaya yenidən hərbi yardım yollamağa başlayıb. Amerikanın indiyədək Ukraynaya göndərdiyi silahların döyüş xarakterinə və sayına baxsaq, Vaşinqtonun müharibəni öz nəzarətində saxlmaq üçün taktiki gedişlər etdiyi qənaətinə gəlmək olar.
Bəs “nəzarətdə saxlamaq” hansı anlam daşıyır?
Yenixeber.org: ABŞ Ukraynanı lazımı səviyyədə və vaxtında silahlandırsa, o, qalib gələr. Amma onlar bunu hələlik etmirlər, Ukraynaya yalnız “lazımı dozada” yardım göstərməklə tərəflər arasındakı qüvvələr nisbətini tənzimləyirlər. Beynəlxalq KİV-lərin və tanınmış ekspertlərin iki il ərzindəki təhlilərinə və çıxardıqları nəticələrə yaxından diqqət etsək, görərik ki, onlar demək olar ki, qlobal geostrateji mahiyyətə dərindən varmırlar, sadəcə mövcud hadisələrin dinamikasına uyğun şərhlər və izahlar verirlər. Ona görə də hər şey konyuktura çərçivəsində ilişib qalır və Rusiya-Ukrayna müharibəsinin ABŞ-nin nəzarəti altında olması fikri barədə heç bir şey söylənilmir. Əlbəttə, ola bilər ki, bilərəkdən bu xəttdən kənara çıxmırlar. Hamını düşündürən məsələ Rusiyanın əsl həqiqətdə nəyə nail olmaq istəməsidir. Doğurdanmı, Vladimir Putin Ukraynanı ələ keçirməklə Rusiyanı yenidən imperiya etmək niyyətindədir? Həm də, axı o, bunu hansı resurslarla, potensialla reallaşdıracağını düşünür? Məgər o, görmürmü ki, ABŞ Ukraynaya məhdud sayda olsa da, hər halda yardım göstərir və göndərilən silahlar rus qoşunlarının qarşısını alır və onun çoxsaylı canlı qüvvəsini məhv edir? O, həmçinin öz ordusunun gerçək vəziyyətini anlamırmı? Yəni Putin bilmirmi ki, Rusiya Müdafiə Nazirliyindəki korrupsiya ölkənin bütün strukturlarında tüğyan edir? Bəlkə, Putin Rusiya ordusunun anoloqu olmayan silahları haqqındakı multfilmlərə valeh olub?
Bəli, bunlar düşündürücü suallardır. Amma bir gerçək var ki, Rusiya bütün tarixi boyu həmişə belə olub və o, keyfiyyət sayəsində yox, kəmiyyət hesabına üstünlük əldə edib. İndi də məhz bu cür etməyə çalışırlar.
Hər halda Rusiya Prezidenti Ukraynanı zəbt etmək planı üzərində xeyli öncədən çalışıbmış. Ordudakı silahlanmadan tutmuş, ictimai şüurun “zəhərlənməsi”nə qədər hər şey bu işğalın başladılmasına zəmin hazırlayırdı.
Ümumiyyətlə, geniş miqyaslı strateji planda ən azından 10-15 il irəlidəki bütün mühüm nüanslar hesablanmalıdır. Əgər Rusiya kimi böyük dövlət tarix qarşısında öz üzərinə nəhəng öhdəlik götürürsə, onda bunun bütün aspektlərini diqqətlə nəzərdən keçirməliydi. 2005-ci ildən neftin qiyməti yüksəldiyindən Rusiyaya böyük pullar axmağa başladı və heç şübhəsiz ki, bu, Kreml rəhbərliyini yeni üfüqlər axtarmağa şirnikləndirdi. 2007-ci ildə Vladimir Putinin Münhen Təhlükəsizlik Konfransındakı çıxışı Rusiya təcavüzkarlığının yeni tarixi dönüş nöqtəsi kimi götürülə bilər. Putinin bu çıxışı Qərbi ittiham etməklə yanaşı, Rusiyanın iddiasının siqnalıydı. Deməli, ehtimal etmək olar ki, məhz həmin tarixdən Rusiyanın işğal planının strateji fundamentinin bünövrəsi qoyulub. Belə görünür ki, Vladimir Putin Rusiyanı yenidən böyük imperiyaya çevrimək fikrindədir. Ona görə də Qərblə geostrateji qarşıdurmaya girişib. Rusiyanın geostrateji maraqları naminə Ukraynaya soxulmasının hansı nəticələrlə yekunlaşacağını yaxın tarix göstərəcək. Kreml ABŞ və Avropa arasındakı ziddiyyətdən istifadə etmək niyyətində olub. Ehtimal etmək olar ki, Putin hər halda hakimiyyətə gəldiyi ilk gündən Rusiyanı dünya gücləri ilə bir sırada görmək istəyib, amma həmin dövrdə ölkənin potensialının buna cavab vermədiyini düşünərək səssiz davranıb.
Ruslar qısa müddətə qalib gələcəklərinə tam əmin idilər, lakin sarsıdıcı zərbələrdən sonra gözlədikləri blitskriqin baş tutmadığını anlayıb, uznunmüddətli müharibəyə keçmək məcburiyyətində qaldılar. Hazırda Rusiyanın bütün resursları müharibəyə yönəldilir. İrəlidə sosial həyatı əhatə edən bütün sferalar üzrə büdcədən ayrılan vəsaitin ciddi şəkildə kəsilməsi və hərbləşdirməyə istiqamətlənməsinin şahidi olacağıq. Aparılan rəsmi təbliğatdan da bəlli olur ki, Kreml bu müharibədə nəyin bahasına olursa-olsun, qalib gəlmək niyyətindədir.
Vladimir Putin indiki vəziyyətə uyğun şəkildə müharibəni bir neçə il uzada biləcəyini və əvvəl-axır Ukraynanın tam taqətdən düşəcəyini zənn edir. Rusiya bütün gücü ilə müharibə aparır. Bundan o tərəfi yalnız nüvə silahından istifadədir. Rusiya müharibədə öz hərbi potensialından və ən müasir silahlarından total şəkildə istifadə edir. Müharibənin gedişində ballistik “İskəndər”, hipersəs ”Kinjal” (ruslar bunu hipersəs adlndırırlar), dənizdən atılan qanadlı ”Kalibr”, ”Çirkon”, ”Onix” və “X-101”, ”X-59” raketlərindən var gücü ilə istifadə edib. Yəni Rusiya demək olar ki, öz arsenalınadakı bütün raketləri Ukraynanın üzərinə yağdırıb. O, ”Tu-95”, ”İl-22 M” strateji bombardmançıları, ”Miq-31” təyyarələri vasitəsilə çoxsaylı raket atəşləri və bombalama həyata keçirib. Artıq son altı aydır sovet dönəmindən qalmış 500, 1000 və 1500 kiloqram ağırlığındakı aviasiya bombalarını da işə salıblar. Bunun üçün ən qabaqcıl hesab etdikləri “Su-34”, ”Su-35” təyyarələrini havaya qaldırırlar. Hələlik ruslar beşinci nəsil adlandırdıqları “Su-57” təyyarəsini və “Tu-160” qitələrarası strateji bombardmaçılarını uçurtmayıblar. Hava Hücumundan Müdafiə sisteminin öncülü sayılan “S-400 Triumf” Zenit Raket Kompleksi çoxdandır ki, dövriyyədədir. Yeri gəmişkən, bu sistem nəinki ona həvalə edilmiş obyektləri, hətta “ATACMS” Operativ Taktiki Raketi qarşısında özünü belə qoruya bilməyib. Bu yaxınlarda Krımdakı “S-400” sistemi məhz “ATACMS” tərəfindən sıradan çıxarılıb. Rusiya ordusunun Ukraynaya qarşı istifadə etdiyi silah arsenalının qısa xülasəsi belədir.
Ukrayna - Rusiya müharibəsində Amerikanın iradəsi və mövqeyi həlledicidir. Şübhəsiz ki, Rusiya ilə bağlı ABŞ-nin müəyyən strateji planı var, ancaq təbii ki, o bunu elan etməyəcək. Bütün parametrləri üzrə Rusiya ilə Qərb dünyası arasındakı qüvvələr nisbəti böyük ölçüdə Qərbin lehinədir.
Amerika Ukraynanı qələbə qazana biləcəyi səviyyədən qat-qat az silahlandırıb. Müqayisə üçün deyək ki, ABŞ Rusiyanı durdurmaq üçün Ukraynaya öz potensial imkanlarının heç 10 faizi qədər kömək etməyib. Bundan sonra nə ola bilər? Artıq hər şey Vaşinqtondan asılıdır. Şübhəsiz ki, 61 milyard dollar az məbləğ deyil, lakin müharibədə qalib gəlmək üçün yetərli sayıla bilməz. Hansı silahların və nə qədər sayda verilməsi böyük əhəmiyyət daşıyır. Məsələn, ”ATACMS” raketlərinin verilməsi ilə bağlı müsbət məlumatlar gəlsə də, ukraynalılar keçmişdəki açı təcrübələrini unutmayıblar. Çünki bu müddət ərzində ABŞ çox az miqdarda effektiv silah yollayıb. Rusiya ordusunu birdəfəlik iflic etməkdən ötrü aşağıdakı kompleks tədbirlər həyata keçirilməlidir:
Birincisi, Ukraynanın hava məkanı yaxşı qorunmalıdır. Bunun üçün Ukrayna kifayət sayda “Patriot”, ”NASAMS”, ”IRİS-T”, ”SAMP-T” və s. Hava Hücumundan Müdafiə sistemləri ilə tam təchiz edilməlidir.
İkincisi, Ukrayna Rusiya infrastruktruna dron hücumlarını davam etdirməlidir. Görünür, Ağ Ev administrasiyası hansı səbəblərə görə isə buna doğrudan da mane olmaq istəyir. Rusiyanın Neft Emalı Zavodlarına vurulan zərbələr çox funksiyalı tapşırıq həyata keçirir. Halbuki, bu zərbələr Rusiya Hava Hücumundan Müdafiə sistemlərinin yüklənməsinə də səbəb olur.
Üçüncüsü, Rusiya ordusunun bütün cəbhə boyu yerləşdirilmiş dislokasiya, kommunikasiya və təchizat mərkəzləri məhv edilməlidir. Bunun üçün Amerika “dozalaşdırılmış” tədarükdən əl çəkməli, Ukrayna Silahlı Qüvvələrini lazımı sayda “ATACMS” ilə təchiz etməlidir. Dağıdıcı zərbə güclü olmalıdır ki, ruslar nokauta düşsünlər.
Dördüncüsü, bir çox ekspertlərin nə danışmasından asılı olmayaraq, “F-16” qırıcıları bu müharibənin müqəddəratında həlledici rol oynamaq gücündədir. “F-16”-nın bir neçə modifikasiyası var və sovet təyyarələrindən fərqli olaraq onların avionikası mütəmadi yenilənib, bu səbəbdən də köhnə model olmasına baxmayaraq, gövdəsində ən modern raketlər və bombalar daşımaq özəlliyinə sahibdir. Yaxşı olardı ki, Ukraynaya nisbətən yeni modifikasiyalar verilsin. Sözsüz ki, yenə də say xüsusi önəm daşıyır. Hava hücumuna tələskənliklə hazırlaşmaq yanlışdır.
Beşincisi, tarix boyu bütün müharibələrdə ən başlıca faktor maliyyədir. Ukrayna üçün problem Rusiyanın Hərbi Sənaye Kompleksinin mövcudluğu və işləməsidir. Qərb Rusiyanın sanksiyalardan yayınmasına göz yumduğu və onun neft-qaz satışını əngəlləmədiyi müddətəcən Kreml müharibəni maliyyələşdirə biləcək. Əgər ABŞ və Avropa Rusiyanın pul qazanmaq yolu olan neft və qaz satışına imkan verməzsə və xüsusən də sanksiyalarıb pozulmasına göz yummazsa, onda Rusiya müharibəyə pul tapmayacaq, gerisi isə artıq məlumdur.(Azpolitika)
Vaqif NƏSİBOV