O, SSRİ-yə üç dəfə səfər edib və sovetlər ölkəsində gördükləri, müşahidə etdikləri ilə bağlı “Rus gündəliyi” adlı kitabı və silsilə məqalələri dərc olunub. Amerika ədəbiyyatının nəhəngi adlandırılan Con Steynbek 1962-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Onun bu mükafata layiq görülməsi böyük mübahisə və müzakirələrə səbəb olub. Yazıçı ona qarşı olan fərqli münasibətlərə heç vaxt kəskin reaksiya verməyib. Steynbekə qarşı çıxanlara isə ən tutarlı cavabı “Nyu-York Tayms” verib:
Yenixeber.org: “...Con Steynbekin Nobel mükafatına ehtiyacı yox idi, Nobel Komitəsinin ona ehtiyacı var idi...”
Hələ İkinci dünya müharibəsindən əvvəl, 1937-ci ildə Moskvada olan Steynbekdə ikinci dəfə sovetlər ölkəsində olmaq arzusu müharibədən sonra, 1947-ci ildə baş qaldırıb. Həmin ərəfədə dünya mətbuatı SSRİ haqqında yazılarında daha çox Stalin, SSRİ-nin atom layihəsi, ordu quruculuğu haqqında məqalələrə yer verib və bu yazılarda antisovet təbliğat ana xətti təşkil edib. Steynbek üçün isə sıravi sovet vətəndaşının həyatı, sosial məişət durumu, nə geyindikləri, nə yedikləri, əyləncələri maraqlı görünüb və o, SSRİ-yə səfərində, səfər təəssüratlarında sovet hökuməti ilə sovet xalqını bir-birinə qatmayaraq ikinci mövzuya daha çox üstünlük verib. Yazıçının bununla bağlı maraqlı açıqlaması da olub:
“Biz bilmirdik ki, müharibədən sonra sovet adamları necə yaşayırlar, necə sevirlər, necə ailə həyatı qururlar. Onlarda gecə klubları varmı, sovet uşaqları bağçaya, məktəbə gedirlərmi, rusların rəqsləri necə olur və s. bu kimi sualların cavabları mənim üçün maraqlı idi...”
1947-ci ildə Steynbek yaxın dostluq münasibətində olduğu fotoqraf Robert Kapa ilə SSRİ-yə səfərləri ilə bağlı qərarlarını qətiləşdiriblər, səfərlə bağlı müvafiq qurumlarda prosedurlar bir neçə ay çəkib, nəhayət, amerikalıların planları reallaşıb.
Yazıçı və fotoqrafın iki həftə davam edən səfərləri maraqlı hadisələrlə zəngin olub və bu səfər təkcə Moskva ilə yekunlaşmayıb, amerikalılar Kiyev, Stalinqrad və Tbilisini gəzməyə də vaxt tapıblar.
Lenin mavzoleyi ilə yanaşı Steynbek Lenin muzeyini də ziyarət edib. O, muzey haqqında təəssüratlarını belə bölüşüb:
“Mən bir məsələni anlamadım ki, nəyə görə bu günə qədər Leninin kiçik qeydlərini, gündəliyini, qalstuklarını, qələm və karandaşlarını saxlayırlar. Axı bunlar lazımsız əşyalardır. Deyəsən, Lenin istifadə etdikləri, lazım olduğu və olmadığı şeylərin heç birini atmayıb...”
Amerikalı qonaqlar SSRİ-nin Hərbi Hava Qüvvələrinin ildönümü münasibətilə keçirilən hərbi paradda da iştirak ediblər. Sovet pilotlarının səmadakı uçuş manevrləri Steynbeki heyrətləndirib.
Kiyevdə olarkən Steynbeki sirkə dəvət ediblər. Klounların yaratdığı çikaqolu milyonçuların səhnəsi isə heç də amerikalı yazıçının xətrinə dəyməyib. Digər tamaşaçılar Steynbekin reaksiyasını görmək üçün ona yaxınlaşıblar. Yazıçı isə hər şey əladır deyə səhnəni bəyəndiyini bildirib.
Yazıçı və fotoqraf Ukraynada kənd həyatı ilə də tanış olublar. Bütün günü sahələrdə işləyən insanların axşam saatlarında kənd klubuna yığışıb əylənməkləri amerikalıları heyrətləndirib.
Tbilisidə Steynbeki böyük təntənə ilə qarşılayıblar. Qonaqlara 80 nəfərin iştirakı ilə ziyafət də təşkil edilib. Gürcülərin zəngin süfrəsi, uzun-uzadı tostlar, Qafqaz rəqsləri, çoxçeşidli içkilər Steynbekin təəccübünə səbəb olub.
Gürcüstanda olarkən yazıçı Stalinin Qoridəki evini də ziyarət edib. Burada isə onun diqqətini çəkən yerli əhalinin Stalinin evinə ibadət evi kimi baxmaqları olub.
Stalinqrad səfəri isə Steynbekin yaddaşında ən ağır mənzərələrlə yadda qalıb. Müharibə zamanı bu şəhərin dağıntıları, şəhər uğrunda gedən döyüşlərdə sovet vətəndaşlarının şücaətini yazıçı sözün əsl mənasında böyük qəhrəmanlıq kimi dəyərləndirib.
Steynbek iki həftəlik səfəri ilə bağlı “Rus gündəliyi” kitabını yazıb. Kitab qısa müddətdə böyük oxucu auditoriyası toplayıb. Bu kitab yalnız 1980-ci illərin sonunda rus dilinə tərcümə edilib.
Steynbek növbəti dəfə SSRİ-yə artıq Nobel mükafatını aldıqdan sonra səfər edib. 1963-cü ildəki səfərində də yazıçı sıravi vətəndaşların həyatı ilə bağlı təəssüratlarını qeyd edib. Yazıçı univermaqları, mağazaları, kinoteatrları, tələbə yataqxanalarını gəzib, Xruşşov dövrünün SSRİ-si ilə tanış olub. Bu səfərdə o, maraqlı bir sürprizlə də qarşılaşıb. Steynbek başına gələn hadisəni aşağıdakı kimi qələmə alıb:
“Mağazların birinə girib hansı ərzaqların satılması ilə maraqlanırdım. Bir dövrə vurduqdan sonra vitrinlərin birinin qarşısında dayandım. Elə bu məqamda bir nəfər yaxınlaşdı və rus dilində nə isə deməyə başladı. Mən heç nə başa düşmürdüm. Rus dilində cəmisi bir neçə söz bilirdim. Nəhayət, həmin adam barmağını göstərərək mənə başa saldı ki, 1 rubl lazımdır. Mən sakitcə ona istədiyi pulu verdim. Təxminən bir iki dəqiqədən sonra o, mənə yenidən yaxınlaşdı və arxasınca gəlməyimi başa saldı. Sözsüz ki, bu adamın nə etmək istədiyi məndə maraq yaratmışdı. Mən onun arxasına düşüb mağazadan çıxdım. 30-40 metr gedib yaşayış binasının blokuna daxil olduq.
Orada bizi bir nəfər də gözləyirdi. Həmin adam gödəkçəsinin altında gizlətdiyi araq şüşəsini çıxarıb çox böyük “peşəkarlıqla” açdı, cibindən çıxartdığı stəkana elə süzdü ki, bir damcısı belə kənara düşmədi. Arağı əvvəlcə bizi gözləyən adam içdi, sonra növbə mənə çatdı, imtina etmədən başıma çəkdim, daha sonra isə özü içdi. Düşündüm ki, “ziyafət” bununla bitdi. Amma yox. Həmin adam yenə də barmağı ilə bir işarəsini göstərərək yenidən məndən bir rubl istədi. Mən yenə də onun xahişini yerinə yetirdim. Üçüncü şəxs də bir rubl verdi. 3-4 dəqiqə keçməmiş ikinci araq şüşəsi açıldı və hər şey yenidən təkrar olundu. Mən blokdan çölə çıxanda özümü narahat hiss edirdim. Əlbəttə ki, sərxoş idim. Özümə gəlmək üçün yolun kənarında əyləşdim. Yerimi təzəcə rahatlamışdım ki, polislər (milislər) başımın üstünü aldılar. Mən bilmirdim ki, SSRİ-də yol qırağında oturmaq qadağandır. Polislərə çətinliklə başa saldım ki, mən Amerika yazıçısıyam. Bunu anladıqdan sonra onlardan biri saqqalıma diqqətlə baxdı, məni qucaqlayaraq qışqırdı: Heminquey!!! Mən onda anladım ki, SSRİ yeganə ölkədir ki, bu ölkədə polislər Heminqueyi tanıyırlar...”
Amerikalı Nobel laureatı SSRİ ilə bağlı yazılarında bu ölkəyə qarşı heç vaxt mənfi təəssüratda olmayıb. Amma sovetlər haqqındakı yazılarında özünəməxsus yumor hisslərini də əsirgəməyib.
Qeyd edək ki, Con Steynbek 1968-ci ildə, 66 yaşında Nyu-Yorkda ürək çatışmazlığından vəfat edib.
İlham Cəmiloğlu