Aydar Amrebayev: “Ölkəmizin təhlükəsizliyə Qərb dövlətləri, Çin və Türkiyədən təminatlar var”
Yenixeber.org: Sanksiyalardan yan keçərək Rusiyaya elektronika və yüksək texnologiyalı malların tədarükü üçün əsas mərkəzlərdən biri fəaliyyətini dayandırır. Rusiyanın postsovet məkanında ən böyük ticarət tərəfdaşlarından biri və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Qazaxıstan Rusiya Federasiyasına 106 əmtəə məhsulunun ixracına qadağa qoyub.
Bu barədə ötən həftə Qazaxıstan ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev açıqlama verib. Onun sözlərinə görə, Ukraynada müharibə başlayandan sonra Qərb ölkələrinin tətbiq etdiyi ixrac nəzarəti müharibə zamanı istifadə oluna biləcək çiplərə, eləcə də elektronikaya təsir edəcək.
“Göstərilən 106 adda mal Qazaxıstanda istehsal olunmasa da, əvvəllər Qazaxıstan ərazisindən reeksport edilib. Qazaxıstana idxal həyata keçirilir, ixrac isə yox. Onlar təkcə Qərbdə deyil, başqa ölkələrdə də istehsal olunur”, - deyə Torebayev bildirib.
Ümumilikdə, Qazaxıstan və digər paralel idxal mərkəzləri vasitəsilə Rusiya 2023-cü ilin birinci yarısında təkcə Avropa İttifaqından (Aİ) 14,1 milyard dollar dəyərində mal idxal edib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə belə idxalın həcmi demək olar ki, 60% və ya 5,2 milyard dollar artıb və onun əsas məhsulları telekommunikasiya avadanlığı, mikroelektronika, elektrik avadanlıqları, nəqliyyat avadanlığı, kompüterlər, serverlər, sərt disklər (hard disc) və smartfonlar olub.
Qonşu dövlətlər vasitəsilə Rusiya Federasiyasına sanksiya tətbiq edilən malların axını Qərb rəsmilərinin narahatlığına səbəb olub, onlar ixrac məhdudiyyətlərindən yan keçməyə kömək edənləri ikinci dərəcəli sanksiyalarla hədələyiblər. Sentyabr ayında ABŞ Xəzinədarlığı hərbi pilotsuz təyyarələrin və qanadlı raketlərin istehsalı ilə bağlı Rusiya strukturlarını təchiz etdiyi aşkarlanan 150 hüquqi və fiziki şəxsi, o cümlədən Türkiyə və Finlandiya şirkətlərini “qara siyahı”ya salıb.
Qazaxıstanın tədbirləri Almaniya kansleri Olaf Şoltsun Astanaya səfərindən bir neçə həftə sonra məlum olub. Onunla danışıqlardan sonra respublika Prezidenti Qasım-Jomart Tokayev Rusiyaya qarşı sanksiyalara əməl etmək niyyətini təsdiqləyib: “Bizim sanksiya rejiminə riayət etmək üçün müvafiq təşkilatlarla əlaqəmiz var və mənə elə gəlir ki, Almaniya tərəfində sanksiyalar rejimindən yayınmağa yönəlmiş mümkün hərəkətlərlə bağlı hər hansı narahatlıq olmamalıdır”.
Qazaxıstan tərəfdən belə bir qərar, təbii ki, çox cəsarətli və qətiyyətli addımdır. Bunu necə qiymətləndirmək olar? Rəsmi Astana düzgün hərəkət etdi? Bu, Rusiya-Qazaxıstan münasibətlərində hansı nəticələrə gətirib çıxara bilər?
Qazaxıstanıə politoloq Aydar Amrebayev mövzuya dair açıqlamasında deyib ki, dövlət özünü dünya birliyinin suveren və sivil üzvü, beynəlxalq hüquq normalarını rəhbər tutan dövlət kimi elan edirsə, bu addım məntiqlidir: “Mən müstəqil dövlətlərin beynəlxalq hüquqi müqavilə və sazişlərlə təsdiq edilmiş ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipinin təsdiqini nəzərdə tuturam. Rusiya hələ 2014-cü ildə Ukraynanın suveren ərazisi olan Krımı ilhaq etməklə, daha sonra 2022-ci ilin fevralında bu ölkəyə hərbi təcavüz etməklə bu prinsipləri pozmuşdu. Bu hərəkətlərinə görə o, Qərbin sanksiyalarına məruz qalıb. Bir çox başqa ölkələr də Rusiya Federasiyasının bu hərəkətlərini və beləliklə ələ keçirilən qonşu ölkənin ərazilərini tanımırdı”.
Müsahibimiz bildirib ki, Qazaxıstan, Çin kimi dövlətlər bu gün Rusiyanın protektoratı altında olan, Rusiya Federasiyası və onun ali rəhbərliyi və ya Dövlət Dumasının qərarı ilə kortəbii olaraq onun tərkibinə daxil olan qondarma rejimləri tanımır: “Mövcud dünya nizamını və beynəlxalq hüququn bütün normalarını pozan siyasi və hüquqi münaqişə mövcuddur. Qazaxıstan BMT Nizamnaməsinə və onun bağladığı dövlətlərarası müqavilələrə ciddi şəkildə riayət edir. Qazaxıstanın Rusiya Federasiyası ilə dostluq və mehriban qonşuluq münasibətləri qurmasına və faktiki olaraq inkişaf etdirməsinə baxmayaraq, ölkəmiz qanunsuz əməlləri ilə əlaqədar ona qarşı tətbiq edilən sanksiyalardan yan keçə bilməz”.
“Necə deyərlər, “Platon mənim dostumdur, amma həqiqət daha əzizdir”. Bu, mənim ölkəmin rəhbərliyinin hərəkətlərini müəyyən edir. Və mən hesab edirəm ki, bu, bizim vətəndaşların əksəriyyətinin düşündüyü kimi düzgündür”, - deyə Amrebayev vurğulayıb.
“Bu, Rusiya Federasiyası ilə münasibətlərinizdə hansı nəticələrə səbəb ola bilər?” sualına ekspert belə cavab verib: “Əlbəttə, bu, ciddi çağırışdır ki, biz onun arxasında dayanmalıyıq! Əgər praqmatik olmaq istəyiriksə, yadda saxlamalıyıq ki, bu gün Qazaxıstanın əsas ticarət və iqtisadi tərəfdaşları Qərb ölkələri və Çindir. Yəni bu, ölkənin həyat təminatına təsir etməyəcək. Təhlükəsizliyə və ərazi bütövlüyünə təminat baxımından Qazaxıstanın bir çox böyük dövlətlərdən, o cümlədən eyni Qərb dövlətləri, Çin və Türkiyə Respublikasından təminatları var. Ona görə də biz nəyin bahasına olursa olsun, dünya nizamına, BMT Nizamnaməsinə və beynəlxalq hüquqa ciddi riayət olunmasının tərəfindəyik”.
“Ölkə Prezidenti bu münaqişənin bütün iştirakçıları ilə Rusiya Federasiyası, Qərb dövlətləri, Çin və ən yaxın qardaşlarımız Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə yorulmadan danışıqlar apararaq əlini gündəmin nəbzində saxlayır. Bizim vəziyyətlə bağlı ümumi anlayışımız və inkişaf etmiş hərəkətlər alqoritmi var, o cümlədən Rusiyaya qarşı sanksiyalar rejimi ilə bağlı”, - deyə analitik fikrini yekunlaşdırıb.(AYNA)