Yenixeber.org: Rusiya prezidenti Vladimir Putin Çinə səfər etməyə hazırlaşır. Doğrudur, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Putin Rusiyadan kənara çıxmamağa çalışır, avqust ayında tərəfdaş adlandırdığı Türkiyəyə səfərdən də imtina etdi. Ancaq Türkiyədən fərqli olaraq Çin Rusiyanın strateji tərəfdaşıdır, Moskvada bu dövləti müttəfiq adlandıranlar da var. Digər tərəfdən Çin lideri Tsi Cinpin bir müddət əvvəl Rusiyaya səfər edib Putinlə görüşmüşdü. Həmin görüşdə Cinpin Putini Çinə dəvət etmişdi. Kreml sahibi səfərdən imtina etsəydi, bu, onun dostu Cinpinə qarşı hörmətsizliyi kimi başa düşülə bilərdi. Ukraynaya qarşı işğalçı müharibəyə görə Rusiyanın dost və tərəfdaşı onsuz da azdır. Putinin Çinin dəstəyinə ehtiyacı var. Vladimir Putin Pekində “Bir kəmər, bir yol” forumunda da iştirak edəcək.
Rusiya xəbər agentliklərinin məlumatına görə, Putinin Çinə səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi mövzuları müzakirə ediləcək. Bunu Çinin Rusiyadakı səfiri Çjan Xanxey də təsdiqləyib. Səfir Pekindəki müzakirələrdə iki ölkənin beynəlxalq aləmdə əməkdaşlığın davamı mövzuları ilə bağlı fikir mübadiləsinin aparılacağını bildirib. Moskva və Pekin Qərbin təzyiqlərinə və sanksiyalarına qarşı birgə mübarizəni davam etdirməkdə maraqlıdırlar.
Rusiyada Çinin iqtisadi modelinə də maraq var. Ancaq Rusiya bu modeldən faydalana bilmir. Bunun səbəbini Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabibullina belə izah edib: “Çinin inkişaf modeli Rusiyaya yaramır, iki ölkənin iqtisadiyyatlarında fərqliliklər çoxdur. Misal üçün Çin kapitalın və maliyyə bazarlarının liberallaşdırılmasına yeni keçib. Rusiya isə bu yolu çoxdan keçib. Ona görə də bizə geri qayıtmağa ehtiyac yoxdur”. Rusiya Mərkəzi Bankı rublun gücləndirilməsi üçün Çin modelinin təhlükəli olduğu qənaətindədir. Buna baxmayaraq, rusiyalı iqtisadçıların bir qismi rublun möhkəmləndirilməsi üçün Çin modelindən istifadəni faydalı hesab edirlər.
Rusiya Mərkəzi Bankının Çin modelindən faydalanmasının başqa səbəbi də var. Çində 2023-cü ildə iqtisadi inkişaf tempi azalıb. “Bloomberg” agentliyinin analizinə görə, Çində illik artım cəmi 5 faiz olub. Bu illərdir böyüyən Çin iqtisadiyyatı üçün kiçik rəqəmdir. Çinin daşınmaz əmlak bazarında durğunluq hökm sürür. Bundan başqa Çinin ixracı azalıb. Bu isə yerli istehsalın məhsuldarlığına mənfi təsir edir.
Vladimir Putin üçün hazırda önəmli olan siyasi əlaqələrdir. Ancaq Çin iqtisadiyyatındakı problemlərin Rusiya iqtisadiyyatına da mənfi təsiri var. Rusiya Avropaya sata bilmədiyi qazın tamamını Çinə satmağa çalışır. Ancaq əgər Çinin valyuta gəlirləri azalırsa, bu ölkənin Rusiyanın qazının əsas hissəsini almasında da problemlər yaranacaq.
“Atlas” Araşdırmalar Mərkəzi