Yenixeber.org: Rusiya xarici işlər naziri Sergey Lavrov son açıqlamalarının birində deyib ki, BMT Təlükəsizlik Şurasında islahatlara ehtiyac var. Lavrov Rusiyanın BMT Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılmasına tərəfdar olduğunu bildirib. Lavrov Moskvanın Asiya, Afrika və Latın Amerikası ölkələrinin hesabına Təhlükəsizlik Şurası üzvlərinin sayının artırılmasını dəstəklədiyini vurğulayıb.
Sergey Lavrov Təhlükəsizlik Şurasının 15 üzvündən 6-nın Avropaya məxsus olmasını ədalətsizlik kimi qiymətləndirib. BMT baş katibi Antoniu Quterriş də ötən ilin sonunda BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasıyla bağlı imkanların öyrənildiyini bildirib.
Kremlin istəyi aydındır. Rusiya Ukrayna müharibəsi fonunda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında ancaq Çinin dəstəyinə ümid edir, digər üzvlər – ABŞ, Fransa və Böyük Britaniya isə Kremlə qarşı sərt mövqedən çıxış edirlər. Moskva Hindistan və Braziliyanın Təhlükəsizlik Şurasının üzvlüyünə dəstək verir. Halbuki, Türkiyə də Təhlükəsizlik Şurasının üzvlüyünə iddialıdır. Moskva Ankara ilə tərəfdaşlıq münasibətlərinə malik olsa da, Rusiyanın Türkiyənin Təhlükəsizlik Şurasının üzvlüyünə dəstəyi barədə məlumat yoxdur. Təhlükəsizlik Şurasının üzvlüyünə böyük iqtisadi potensialları olan Almaniya və Yaponiya da iddialıdır. Ancaq Kreml bu iki dövlətin Təhlükəsizlik Şurasının daimi üzvü olmasına imkan verməyəcək. Çünki həm Almaniya, həm də Yaponiya ABŞ-ın müttəfiqləridir və BMT-dəki müzakirələrdə və səsvermələrdə Vaşinqtonun mövqeyini dəstəkləyəcəklər.
Pekin BMT Təhlükəsizlik Şurasının sayının artırılmasının əleyhinə deyil. Ancaq Pekun yeni üzvlərin konsensus əsasında müəyyənləşməsini istəyir. Bu o deməkdir ki, Pekin Moskvadan fərqli olaraq Hindistanın Təhlükəsizlik Şurasının daimi üzvlüyünə razı deyil. Halbuki, Hindistan əhalinin sayına görə lider ölkədir. Pekin ancaq o ölkələrin Təhlükəsizlik Şurasına üzvlüyünü dəstəkləyəcək ki, onlar birincisi, Amerika Birləşmiş Ştatlarının müttəfiqləri deyillər, ikincisi də Çinin xarici və təhlükəsizlik siyasətini tənqid etmirlər. Misal üçün Çin Brazliyanın və ya Misirin Təhlükəsizlik Şurasının üzvlüyünə etiraz etməz. Ancaq Pekin Moskva kimi Yaponiyanın da üzvlüyünə dəstək verməyəcək. Pekin Türkiyənin də üzvlüyünə müsbət yanaşmaz. Çünki Çində uyğurların üzləşdikləri problemlər Türkiyə cəmiyyətinin narahatlığına səbəb olub.
“Atlas” Araşdırmalar Mərkəzi