Yenixeber.org: BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) üzv olmaq istəyən dövlətlərin sayı artıb. Misir BRIKS-ə daxil olmaq üçün rəsmi şəkildə təşkilata müraciət edib. Qahirənin müraciəti araşdırılacaq. Misirin ABŞ-la tərəfdaşlıq münasibətləri mövcud olsa da, ABŞ-a rəqib olan – Rusiya və Çinlə də yaxşı münasibətləri var. Rusiya və Çin Misir kimi bölgəsinin lider ölkələrini BRİKS-də görməkdən şad olardılar.
Bu arada, Parisdən də oxşar təklif gəlib. Fransa prezidenti Emmanuel Makron cənubi afrikalı həmkarı Siril Ramafosadan onu BRİKS sammitinə dəvət etməyi xahiş edib. Fransa bu təşkilatın üzvü deyil. Buna baxmayaraq, Makron təşkilatın Cənubu Afrika Respublikasında avqust ayında keçirilməsi planlaşdırılan zirvə toplantısında iştirak etmək istəyir.
Moskva və Pekin Makronun zirvə toplantısında iştirak etmək istəyinin arxasındakı səbəbləri araşdırmağa çalışırlar. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu mövzuyla bağlı ona verilən suala belə cavab verib: “Yaxşı olardı ki, Fransa prezidenti BRİKS tioplantısında niyə iştirak etmək istəyini izah edərdi. Paris bununla nəyə nail olmaq istəyir? Bu Fransanın artan fəallığı ilə əlaqəlidir, yoxsa Parsini gizli planı mövcuddur?”.
Fransa prezidentinin BRİKS toplantısında iştirakının bir neçə səbəbi ola bilər.
Birincisi, Afrika ölkələrinin bir qismi keçmiş illərdə Fransanın müstəmləkələri olub və Parisə elə gəlir ki, bu qitədə keçirilən görüş və müzakirələrdən xəbərdar olmalıdır. Makron BRİKS-in Cənubi Afrika Respublikasındakı toplantısında iştiraka çalışmaqla ölkəsinin Afrika qitəsindəki marağının azalmadığına eyham vurmaq istəyir.
İkincisi, Emmanuel Makron Ukrayna müharibəsinə görə Rusiyaya qarşı sanksiyalara qoşulsa da, Fransa prezidenti ölkəsinin ABŞ-dan asılı siyasət yürütmədiyini göstərməyə çalışır. Paris bu məqsədlə Amerikanın rəqibləriylə də dialoq imkanlarını nəzarətdə saxlamaq istəyir. Ukrayna müharibəsinə görə Parisin Moskva ilə dialoqunda çətinliklə mövcud olsa da, Pekinlə dialoq genişlənib. Fransa prezidenti bir müddət əvvəl Çinə səfər etmişdi. Makron Avropanın Çinlə qarşıdurmasının əleyhinədir. Makronun fikrincə, Tayvan adası ətrafında gərginlik artarsa, Avropa İttifaqı Çinə qarşı ABŞ-la eyni koalisiyada yer almamalıdır. Makron bu səbəbdən də BRİKS toplantısında iştirak arzulaya bilər. Ancaq Moskva və Pekin Makronun səmimiyyətinə inanmırlar. Ona görə də Fransa prezidentinin BRİKS-in avqust toplantısında iştirakı problematikdir.
“Atlas” Araşdırmalar Mərkəzi